• cümə, 29 Mart, 03:56
  • Baku Bakı 7°C

Azərbaycan XİN argentinalı musiqiçinin adını "qara siyahı"dan çıxarıb

14.02.18 11:10 783
Azərbaycan XİN argentinalı musiqiçinin adını "qara siyahı"dan çıxarıb
Argentina vətəndaşı, "Sülh naminə musiqi” layihəsinin üzvü, musiqiçi Xuan Manuyel DomingezXarici İşlər Nazirliyinə (XİN) məktubla müraciət edərək, adının "Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”ndan çıxarılmasını xahiş edib.
XİN-dən APA-ya verilən məlumata görə, məktubunda Xuan Manuyel Domingez 2015-ci ildə "Sülh naminə musiqi” layihəsi çərçivəsində Dağlıq Qarabağa səfər etdiyini, Azərbaycanın razılığı olmadan həmin əraziyə səfərin qadağan olunduğu və doğuracağı nəticələr barədə məlumatlı olmadığını yazıb. O, bu səfərin Azərbaycanı Respublikasına və xalqına qarşı heç bir halda hörmətsizlik anlamı daşımadığını vurğulayıb.
Xuan Manuyel Domingez Azərbaycan Respublikasının qanunlarına hörmət etdiyini qeyd edərək, sözügedən səfərlə əlaqədar Azərbaycan hökuməti və xalqından üzr istədiyini qeyd edib.
O, münaqişə nəticəsində bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü, 20.000-dən artıq insanın həlak olduğunu qeyd edib.
Xuan Manuyel Domingez həmçinin, "Sülh naminə musiqi” layihəsinin Bakıya, xüsusilə, Cocuq Mərcanlı kəndinə səfər edərək azərbaycanlı qaçqın və məcburi köçkünlər üçün ustad dərslər təşkil etmək və xeyriyyə konserti proqramları ilə çıxış etmək arzusunda olduğunu ifadə edib.
Xuan Manuyel Domingezin müraciəti müvafiq qaydada nəzərdən keçirilib və onun adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul edilib.
banner

Oxşar Xəbərlər