• cümə axşamı, 28 mart, 13:31
  • Baku Bakı 16°C

Azərbaycan xalqının tolerantlığının, multikultural dəyərlərinin zirvə nöqtəsi

20.03.21 10:30 983
Azərbaycan xalqının tolerantlığının, multikultural dəyərlərinin zirvə nöqtəsi
Bəhmən Əliyev: "Novruz adət-ənənələrinə ən çox Bakıda əməl olunur”
Novruz bayramı, adət-ənənələri ilə bağlı hər bir detal haqqında məlumatlı olduğumuzu düşünə bilərik, amma elə deyilmiş. Azərbaycan Milli Elmlər Akademiyasının aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, etnoqraf Bəhmən Əliyev deyir ki, son 30 ildə bu istiqamətdə tədqiqatlar genişlənsə də, yenə də bildiklərimiz hamısı deyil. Hər dövrdə yeni məsələlər, məqamlar, yanaşmalar ortaya çıxır.Yəqin ki elə hər dövr də bayrama öz payını qatır, dəyişikliyini gətirir. Bu dövrün necə təsir etdiyini zaman göstərəcək, amma biz bu dəfə B.Əliyevlə uzaq tarixdən bu günə qədər olan Novruz bayramı haqqında danışdıq.
- Çərşənbələr yaz fəslinin gəlişinə hazırlıq, Novruz isə fəslin gəlişi ilə qeyd olunan adət-ənənələrlə bol bayramdır. Söhbətə çərşənbələrdən başlayaq. Düzdür, bu il üçün çərşənbələri geridə qoymuşuq. Bəs ümumilikdə, bayram öncəsi çərşənbədən-çərşənbəyə nə dəyişir?
- Novruz şimal yarımkürəsində astronomik baharın gəlişidir. Yəni astronomik bayramdır. Nə baş verir? Dekabrın 22-dən başlayaraq günəşin cənub yarımkürəsindən Şimal yarımkürəsinə - qoç bürcünə doğru hərəkəti başlayır. 40 gün müddətində günəş zodiakın ən dərin guşəsinə oğlaq bürcünə girir. Dekabrın 22-si başlayan bu dönəm təxminən yanvarın 30-a kimi davam edir. Bu müddətdə biz "Böyük çillə”ni qeyd edirik. Burda gün sayı 40 olmaya da bilər, yəni bir-iki gün fərq olur. Fevral 1-2-dən 20-sinə kimi "Kiçik çillə”dir. Bitdiyində, "Yalquzaq bayramı” baş verir. Sonrakı dövrdə isə "Boz ay” başlayır. "Boz ay” girəndən sonra artıq Novruza doğru proses sürətlənir. Bundan sonrakı 4 çərşənbədə günəşin hərəkəti daha çox hiss olunur, havada, təbiətdə baş verən dəyişikliyi hər kəs hiss edir. Hər çərşənbədən sonra coğrafiyada, iqlimdə mütləq dəyişiklik baş verir. Hava isinir, yaşıllıq çoxalır, buzlar əriyir və s. Dəyişiklik təkcə havanın isinməsində deyil, müxtəlif formalarda özünü göstərə bilir. Külək də əsə, yağış, qar da yağa bilər. Bütün hallarda dəyişiklik olur. Amma isinmə də özünü mütləq göstərir. Martın 20-21-də isə gecə-gündüz bərabərliyi günü - astronomik yazın başlanğıcı qeyd olunur. Bu, yaz bərabərliyi nöqtəsi də adlandırılır. Həmin andan başlayaraq yer kürəsinin şimal yarımkürəsində astronomik bahar başlayır və iyunun 21-nədək davam edir.
- Son 4 çərşənbəni vurğuladınız, amma yalançı, oğru adlandırdığımız bir çərşənbə də var.
- "Boz ay”ın gəlişi ilə qeyd etdiyimiz 4 doğru çərşənbə var. Bunlar indi bir adla - su, od, yel və torpaq çərşənbəsi olaraq adlandırılır. Ancaq "Boz ay”dan öncə "Böyük çillə”də bizim 1 deyil, 3 oğru çərşənbəmiz var. Ancaq bu çərşənbə indi qeyd olunmur, Novruz çərşənbələri haqqında danışanda, 4 çərşənbəni vurğulayırlar. Əslində isə 4 deyil, 7 çərşənbədir.
- Bu çərşənbələr əvvəllər xüsusi qeyd olunub?
- Yox, doğru çərşənbələr kimi qeyd edilməyib. Əkinçi və maldar əhali bununla bağlı geniş mərasimlər keçirməyib. Ancaq yalançı çərşənbələr olub və bunların da öz anlamı, yanaşması olub. Bu gün isə ümumiyyətlə, unudulub.
- Çərşənbələrin yalnız bir adla adlandırılması məsələsinə toxundunuz. Əvvəllər hər çərşənbənin bir neçə adı olub. Bu gün birini istifadə edirik. Bir çərşənbənin bir neçə cür adlandırılması bu prosesə nə qatır?
- Bu gün Azərbaycan ictimai rəyi, hətta elmi belə, çərşənbələri kütləvi informasiya vasitələrinin (KİV) sıralaması ilə qeyd edirlər. KİV-də isə adətən, hər çərşənbə bir adla təqdim olunur. Amma tarixi baxımından yanaşsaq görərik ki, bu çərşənbələrin adları indiki kimi yalnız su, od, yel və torpaq kimi olmayıb. Adlarda çoxvariantlılıq özünü göstərib. Məsələn, su çərşənbəsinin "Əzəl çərşənbə”, "Birinci çərşənbə”, "Gözəl çərşənbə”, "Sular Novruzu”, "Gül çərşənbə” kimi adları da məlumdur. Yaxud od çərşənbəsinə "Xəbərçi çərşənbə”, "İkinci çərşənbə”, "Üskü çərşənbə” də deyilib. Bəzən "Doğru çərşənbə” də deyirlər. İndu bu çoxvariantlılıq yaddan çıxıb. Axırıncı çərşənbə isə "İlaxır çərşənbə” kimi qeyd olunub. Torpaq çərşənbəsi adı olmayıb. Çoxvariantlılığa rəngarənglik kimi yanaşmaq lazımdır.
- Bəzi bölgələrdə axırıncı çərşənbə Novruz bayramının özündən də geniş qeyd edilir.
- İlaxır çərşənbə təmtərağı ilə digər çərşənbələrdən fərqlənir. Düzdür, əvvəlki çərşənbələrdə də "çərşənbə xonçası” tutulur, tonqal yandırılır və s. Amma İlaxır çərşənbənin növrağı xeyli zəngindir. Soyuqdan, şaxtadan olmazın əzab-əziyyət görmüş, məşəqqət çəkmiş insan qışı yola saldığına sevinir, şadlığını bayram səviyyəsinə qaldırır. Çərşənbə mərasimləri sübh tezdən bulağa, çaya getməklə başlayır. İnsanlar bulaq başına, çay kənarına gələr, oradan su götürər, suyun üstündən atlanar, dərdini, arzusunu suya danışar və sudan dilək diləyərlər.Axır çərşənbənin gecə mərasimləri də təntənəli keçirilir. Tonqallar çatılır, od üstündən tullanılır, uşaqlar qohum-qonşuya üz tutur, evlərə torba atılır, qız-gəlinlər qulaq falına çıxırlar. Axır çərşənbədə evlərdə şam yandırılır, xonça düzəldilir. El-obada camaatın gur yığışdığı və yaşadığı yerlərdə yumurta döyüşdürülür, digər xalq oyunları keçirilir. İnsanlar məişətdə və təsərrüfatlarda köklü yeniliklər edirlər.
- Novruz bayramının tarixi də həmişə müzakirə mövzusu olur, fərqli fikirlər səsləndirilir.
- Bu maldarlıq-əkinçilik, təsərrüfat bayramının tarixi çox qədimdir. Amma bayramın sistemləşdirilməsi, rəsmiləşdirilməsi İslam dininin geniş yayıldığı dövrdə, müsəlman dövlətində baş verib. Səlcuqlular dövründə Sultan Məlikşah Cəlalüdövlənin hakimiyyəti illərində, təxminən 1076-1083-cü illərdə Cəlaliyyə təqvim ("Təqvimi Cəlaliyyə”) islahatı həyata keçirilib, bu bayram məhz həmin illərdən Novruz adlanmağa başlanıb. Həmin təqvim islahat prosesində məşhur Səlcuqlu vəziri Nizamülmülk və bir sıra münəccimlər iştirak edib, əvvəllər Hut (Balıq) bürcündə qeyd olunan bayram Qoç bürcündə qeyd edilməyə başlanıb. Novruz Azərbaycan ərazisində mövcud olmuş dövlətlərdə - Səlcuqlular, Atabəylər, Hülakilər, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər dövründə daha da sistemləşib, dövlətçiliklə sıx bağlı olub. Davam edə-edə gəlib və müstəqil Azərbaycan da onu rəsmi bayram kimi qeyd edir.
- İndi "Filan saatda yaz ölkəmizə daxil olacaq” xəbərilə yazın gəlişi hər kəsə çatdırılır. Əvvəllər burda yanaşma necə idi?
- Orta əsrlərdə ilin təhvil olunması münasibətilə yaylım atəşi açardılar, nağaralar çalınır, şeypur, təbil səsləri yüksələrdi, atəşfəşanlıq olardı. 21 martı "Novruzun topu atılan gün” adlandırırdılar. İl təhvil olundu, Novruzun topu atılırdı.
- Uşaq vaxtı "Novruzda təzə paltar geyinərlər” cümləsini tez-tez eşidirdik. Hamı riayət edə bilmirdi, amma buna inanırdıq.
- Novruz hətta "Təzə paltar bayramı” da adlandırılıb. Fransız tacir və səyyahı Jan Batist Şardən 1673-cü ildə Çuxursəd bəylərbəyliyində Novruzun keçirilməsini izləyib. Sonra qeydlərində deyir ki, 21 martdan sonra 8 gün Novruz bayramı keçirilir. Bu bayrama "Sultan Novruz” və "Təzə paltar bayramı” da deyirdilər. Çünki həmin gün insanlar təzə paltar geyinirdilər.
- Bayramlaşma Novruzun önəmli tərəflərindəndir. Amma hazırda pandemiya dövrüdür, sosial məsafə saxlamaq, mümkün qədər yaxın təmaslardan qaçmaq məsləhət görülür. İndi daha çox sosial şəbəkə üzərindən bayramlaşma gedir. Əvvəlki illərdə də bu cür bayramlaşma var idi, amma indi daha da artdı. Sizcə, bu, bayramlaşmanın mahiyyətini dəyişə bilərmi?
- Jan Batist Şardən həm də qeydlərində bildirir ki, müşahidə etdiyi bayramda hökmdar 1-ci gün xalqını, 2-ci gün alimləri, 3-cü gün din xadimlərini, 4-cü gün məhkəmə üzvlərini, 5-ci gün əyalət hakimlərini, 6-cı gün öz valideynlərini, sonrakı 2 günü isə ailə üzvlərini təbrik edirdi. Yəni bu məsələdə xüsusi yanaşma olub. Bayramlaşma xalqların, xüsusilə şərq xalqlarının, Azərbaycan xalqının ən mühüm üstünlüklərindən biridir. Bayramlaşmaq insanların gələcəyə ümidlərini artırır. İndiki dövrdə bayramlaşmağa həm də sosiallaşma deyirlər. Bayramlaşma insanların bir-birinə lazım olduğunu, bir-biri üçün əhəmiyyətini göstərir.İndi pandemiya səbəbindən daha çox texniki imkanlardan istifadə edərək təbrikləşirik, bayramlaşırıq. Buna sadə məsələ kimi baxmıram. Onu etməyə də bilərlər. Bayramlaşma bugünkü dövrə uyğun yeni formada davam etdirilir. Buna görə nələrinsə unudulduğunu deyib narahat olmağa dəyməz. Pandemiya dövrü başa çatandan sonra insanlarımız bir-birilə ünsiyyətə can atacaqlar, bunun nə dərəcədə vacib olduğunu görəcəklər. Çünki bu müddətdə uzaq qalmaq o vacibliyi bizə daha çox aşılamış oldu.
- Bu bayramda həm də küsülülər barışardı. İndi sanki bu da unudulur. Buna ehtiyac qalmayıbmı?
- İndiki dövrdə ağsaqqal, ağbirçək sözünün nəzərə alınmadığı ilə bağlı fikirlər tez-tez səsləndirilir. Mən bu yanaşma ilə razı deyiləm. Küsülülərin barışması, uzaqların yaxınlaşması, yaxınların daha da mehriban olması üçün ağsaqqal-ağbirçək sözünə böyük ehtiyac var. Dərd bölüşdükcə azalır, sevinc bölüşdükcə çoxalır. İnsanların bu gün depressiyaya düşdüyü, hər hansı çətinliklər dövrü yaşadığını nəzərə alaraq bir-biriylə ünsiyyət qurması böyük sözü eşitməsi, bir-birinə mehribanlıq göstərməsinə böyük ehtiyac var. Novruz da buna bir vəsilə ola bilər.
- Bu gün Novruz ənənələri ən çox hansı bölgəmizdə yaşadılır?
- Əslində Azərbaycanda Novruz bayramı adət-ənənələrinə ən çox Bakıda əməl olunur. Amma Novruz bayramı müəyyən mənada mahiyyətcə kənd bayramıdır. Bugünkü dövrdə şəhərdə ocaq qalamaq, papaq atmaq kifayət qədər çətinlik törədir. Təhlükəsizlik məsələlərindən dolayı şəhər yerlərində buna riayət etmək də çətindir. Ancaq diqqət yetirsəniz görərsiniz ki, həyətlərdə adamlar bir-birlərinin evlərinə papaq atırlar, ocaq da qalayırlar.Ancaq Novruz bayramı Azərbaycanın qərb bölgəsində, Qarabağ zonasında daha təntənəli şəkildə keçirilir. Həmçinin Cənubi Azərbaycan ərazisində də geniş qeyd edilir.
- Novruz bayramı ilə bağlı tədqiqatlar nə yerdədir? Sizcə, bu bayramın bizə məlum olmayan tərəfləri çoxdurmu?
- Bəzən bizə elə gəlir ki, Novruz bayramı ilə bağlı bütün tədqiqatlar aparılıb və hamı hər şeyi bilir. Amma elə deyil. Bu bayramla bağlı 20-ci əsrdə ayrı-ayrı məqalələr yazılsa da, demək olar ki, tədqiqatlar aparılmayıb. 1970-ci illərdən sonra bununla bağlı tədqiqatlara başlanıb. Xüsusilə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra - son 30 ildə Novruz bayramı ilə bağlı tədqiqatlar genişlənib. Hər dövrdə yeni məsələlər, məqamlar, yanaşmalar ortaya çıxır.Novruz bayramı Azərbaycan xalqının tolerantlığının, multikultural dəyərlərinin zirvə nöqtəsidir. Novruz bayramını qeyd ediriksə, o demək deyil ki, hər şeyi unuduruq. Heç nəyi unutmuruq. Düşmən həmişə məhz Novruz bayramı günlərində bizə zərbə vurmağa çalışıb. Xocalı soyqırımı tarixinə baxaq, çərşənbə günü olub. Niyə bu günləri seçir? Çünki bilir ki, Novruz bayramı, bayramla bağlı mərasimlər, adət-ənənələr xalqı özünə döndərir, səfərbər edir, mübarizliyə, yaşamağa, yaratmağa, qurmağa inkişafa səsləyir. Xalqın fərd, ailə, dövlət, millət olaraq səfərbər olması isə, düşməni çox narahat edir. Novruz adətləri xalqımızın səfərbər olması, gələcəyə ümidlə baxması üçün çox böyük rola malikdir.
- Novruz ərəfəsində ölkəyə gələn turistlərin sayında böyük artım olurdu. Məsələyə ümumi yanaşsaq, biz bu bayramın turizm imkanlarından istifadə edə bilirikmi?
- Azərbaycan dünya miqyasında qeyd olunan bu bayramın rəsmən yaradıcılarından, müəlliflərindən biri olduğunu təsdiqləyib. Novruz bayramının adı 2009-cu ildə YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına salınıb. 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasında 21 mart Beynəlxalq Novruz günü elan edilib. Bu ideyanın təşəbbüskarı isə 6 dövlət olub. Azərbaycan, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Tacikistan və İran. Novruz bayramının qlobal mahiyyəti ortaya qoyulub. Biz Novruz bayramından, Novruz mərasimlərindən turizmin inkişafı müstəvisində geniş şəkildə istifadə etməliyik. Burada elm adamlarının, kütləvi informasiya vasitələrinin rolu ilə yanaşı, turizmlə məşğul olan insanların yaradıcı yanaşması da önəmlidir. Onlar Novruz adətlərinə dövrün reallıqları müstəvisində yaradıcı yanaşmaqla turizm sektorunun inkişafına mühüm töhfə verə bilərlər.
Aygün
banner

Oxşar Xəbərlər