Azərbaycan xalqının seçimi
Fevralın 8-də Yeni
Azərbaycan Partiyasının (YAP) VI qurultayı keçirilib. Qurultayda 2018-ci il
aprelin 11-də keçiriləcək prezident seçkilərində partiyanın sədri, Azərbaycan
Prezidenti İlham Əliyevin namizədliyinin irəli sürülməsi barədə qərar qəbul
edilib. Qərar yekdilliklə qəbul olunub.
Bu qərarla bağlı
fikirlərini "Kaspi”yə bölüşən millət
vəkili Hikmət Babaoğlu YAP-ın ümumxalq partiyası olduğunu diqqətə
çatdıraraq, siyasi təşkilatın namizədinin 700 mindən çox olan üzvün namizədi
olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu, əslində Azərbaycan xalqı
deməkdir: "Yeni Azərbaycan Partiyası aprel ayının 11-də keçiriləcək prezident
seçkilərinə öz namizədini irəli sürdü. Bu, partiyanın sədri, cənab İlham
Əliyevdir. Partiyanın bu seçimi bütövlükdə Azərbaycan xalqının seçimidir və
xalqın irəli sürdüyü namizəddir. Prezident İlham Əliyev bəyan edib ki, "mənim
həyata keçirdiyim siyasətin mərkəzində Azərbaycan vətəndaşının, xalqının rifahı
durur”. Doğurdan da nəzər yetirsək görəcəyik ki, prezident hakimiyyətdə olduğu
15 il müddətində "mən hər bir azərbaycanlının Prezidenti olacam” siyasi
fəlsəfəsinə sadiq olaraq, hər bir Azərbaycan vətəndaşının rifahı, onun
inkişafı, gələcəyi üçün əlindən gələn hər şeyi edib”.
H.Babaoğlu deyib ki, ötən
müddət ərzində Prezident İ.Əliyev öncə Azərbaycanda ictimai-siyasi sabitliyi
yaradıb, milli maraqlarımızı qoruya bilib, mürəkkəb tarixi bir mərhələdə
ətrafımızda terror hadisələrinin, müharibələrin, xaosun baş verdiyi bir
vəziyyətdə ölkəmizi sabitlik adası kimi qoruyub saxlaya bilib: "Hələ üstəlik
onu inkişaf etdirib və ölkəmizdə işsizliyin, yoxsulluğun səviyyəsi azalıb. Bu
müddətdə Azərbaycanın bölgələri inkişaf edib, dövlətimiz region, dünya ölkələri
içərisində çox mühüm bir tərəfdaşa çevrilib. Buna paralel olaraq Prezident
ilham Əliyev Azərbaycan ordusunu gücləndirib. Ölkə başçısı Ali Baş Komandan
kimi 2016-cı ilin aprel döyüşlərinə imza atıb. Bununla da Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsinin həllində ciddi hərbi-siyasi dönüşə nail olub.
Sadalayacağımız çoxsaylı bu kimi uğurlar əlbəttə ki, 11 aprel seçkilərində
Azərbaycan xalqının seçimini müəyyənləşdirəcək. Düşünürəm ki, bu seçim partiyamızın
irəli sürdüyü namizəd - İlham Əliyev olacaq”.
Millət
vəkili, siyasi şərhçi Sahib Alıyev bildirib ki, Prezident İlham
Əliyevin növbəti 7 ildə də Azərbaycana rəhbərlik etməsi təkcə partiyadaşlarının
deyil, dövlətini, ölkəsini sevən, torpaqlarının işğal altında qalması ilə
barışmayan, xalqımızı daha güclü, qüdrətli görmək istəyən, dörd bir yanımızda
nələrin baş verdiyini, niyə baş verdiyinin səbəbini az-çox anlayan hər bir
vətəndaşın istəyidir. O qeyd edib ki, Azərbaycan xalqı son 14 ildə İlham Əliyevin
timsalında sözübütöv, populizmdən uzaq, dərin təfəkkürü, böyük dünyagörüşü,
geniş ürəyi, gözəl zövqü, dəmir iradəsi, qibtə doğuran səbri və ləyaqəti olan
qurucu bir lider görüb. Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyev
Azərbaycan vətəndaşlarına çoxlarının həsədlə baxdığı, regionda lider və sözün
hər anlamında müstəqil ölkənin vətəndaşı olmanın qürurunu yaşatdı və yaşadır:
"Nəinki bir sıra transmilli enerji layihələrini, həm də Bakı-Tiflis-Qars dəmir
yolunun çəkilməsi kimi əksər böyük oyunçuların maraqlarına o qədər də cavab
verməyən bir reallığı ortaya qoymaqla, üstəlik onları da belə demək mümkünsə,
dəhlizdaş etməklə təkcə necə bir strateq olduğunu yox, həm də strateqin nə
demək olduğunu göstərdi”.
S.Aliyev bildirib ki, Prezident
İlham Əliyev beynəlxalq konyukturadan qaynaqlanan 2008 və 2015-ci illərin
böhranı zamanı əleyhimizə işləyən reallığı ölkənin xeyrinə yönəltməklə, eyni
zamanda çevik və bacarıqlı bir krizis menecerliyi sərgiləyib: "2016-cı ilin
aprelindəki döyüşlərdə biz onun qorxmaz, bütün hay havadar və himayədarlarının
əleyhinə çıxmasına baxmayaraq, əldə olunanı qorumağı, onlara həzm etdirməyi
bacaran necə bir mətin sərkərdə olduğunu gördük. Bu gün biz Qarabağımıza deyil,
eləcə də özünün dəfələrlə adını çəkdiyi hay tapdağı altındakı digər
torpaqlarımıza qayıdacağımızın əminliyini yaşayırıq. Bu əminliyi bizə yaşadan
məhz odur. Ona görə də İlham Əliyev təkcə Yeni Azərbaycan Partiyasının deyil,
Azərbaycanın durmadan yenilənməsini, onun gələcəyinin proqnozlaşdırılan və daha
da parlaq olmasını, əldə edilən uğurların davamlı artmasını və dayanıqlı
xarakter almasını istəyən hər kəsin seçimidir. Son 14 ildə cənab prezident o
qədər böyük işlər görüb ki, bütün bu dediklərim ancaq aysberqin görünən
tərəfidir. Ancaq o da həqiqətdir ki, təhsildə, səhiyyədə, iqtisadiyyatda, bir
sözlə, həyatımızın bütün sahələrində həllini gözləyən problem xarakterli
məsələlər də az deyil. Bütün bu məsələləri ardıcıl, səbrlə, lazımsız
gərginliklərə yol vermədən, çalxantı və çaxnaşmasız, amma qətiyyətlə həll edə
biləcək lider də yenə cənab İlham Əliyevdir”.
Milli
Məclisin deputatı, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai
Birliyinin İdarə Heyətinin üzvü Elman Məmmədov da vurğulayıb ki, İlham Əliyev
təkcə YAP-ın deyil, bütün Azərbaycan xalqının prezidentliyə namizəd gördüyü
yeganə şəxsdir. Onun sözlərinə görə, İlham Əliyev bütün Azərbaycan xalqı
adından prezidentliyi bəyənilən və namizədliyi irəli sürülən ən ləyaqətli, ən
yüksək səviyyəli, etimadı doğruldan namizəddir: "Prezident İlham Əliyevin
qarşısına qoyduğu ən əsas məqsəd Dağlıq Qarabağ probleminin həlli,
torpaqlarımızın işğaldan azad olunması, ərazi bütövlüyümüzün təmin edilməsidir.
O, bunu Yeni Azərbaycan Partiyasının qurultayında çıxışı zamanı tribunadan bir
daha bəyan etdi. Heç kimə sirr deyil ki, Azərbaycanda məcburi köçkünlərə
göstərilən diqqət dünyanın heç bir ölkəsində yoxdur. 500 milyon əhalisi olan
Avropa 150-200 min nəfər qaçqının əlində qalıb, onların problemlərini həll edə
bilmir. Azərbaycan isə 1993-cü ildən başlayaraq məcburi köçkünlərin həyat
şəraitinin yaxşılaşdırılması istiqamətində işlər görməyə başlayıb və öz gücünə
bu işlərin öhdəsindən gəlib. Dövlət başçısı prezidentliyinin ilk günündə bəyan
etmişdi ki, Azərbaycanda çadır şəhərciyi qalmayacaq və bu gün biz bunun
şahidiyik. Mən, məcburi köçkün bölgəsinin millət vəkili kimi deyə bilərəm ki,
Prezident İlham Əliyev Azərbaycan vətəndaşlarının sosial rifahının, mənzil
şəraitinin yaxşılaşdırılması üçün əvəzsiz işlər görüb və bu missiyanı davam
etdirir”.
Milli Məclisin deputatı,
YAP Gəncə Şəhər Təşkilatının sədri Naqif Həmzəyev qeyd edib
ki, bu gün dünyada sabitlik diyarı kimi tanınan Azərbaycan öz uğurları ilə
beynəlxalq aləmin diqqətini cəlb edir. Onun fikrincə, ölkənin güclü və qüdrətli
iqtisadiyyatı sayəsində yaxın keçmişdə bizim üçün əlçatmaz görünən arzular
reallığa çevrilir, Azərbaycan müasir dünyanın tələblərinə cavab verən yüksək
inkişaf etmiş bir dövlət kimi tanınır. Millət vəkili deyib ki, bütün bunlar
Prezident İlham Əliyevin uğurlu siyasi xəttinin nəticəsidir: "Dünyanın siyasi
çəkisində nüfuz sahibi olan ölkələrin Azərbaycana artan marağı fonunda
Prezident İlham Əliyevin adı ətrafında dünyamiqyaslı siyasətçi imicinin
formalaşması artıq sübuta ehtiyacı olmayan bir aksiomdur. Azərbaycanın Cənubi
Qafqazın qüdrətli dövləti kimi mövqelərini daha da möhkəmləndirməsi, Prezident
İlham Əliyevin adı ilə birbaşa bağlı olan və ölkəmizin inkişafına xidmət edən
bütün nailiyyətlər Gəncə sakinlərində də böyük qürur hissi yaradır”.
Millət vəkili N.Həmzəyev
qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələrinin daha da modernləşməsi
istiqamətində aparılan işlər, demokratik dəyərlərin cəmiyyətdə öz yerini
möhkəmləndirməsi, respublikamızın mədəni yüksəlişi də Prezident İlham Əliyevin
ölkəyə layiqli rəhbərliyinin nümunəsidir.
Rufik
İSMAYILOV