• şənbə, 20 Aprel, 02:03
  • Baku Bakı 15°C

Azərbaycan xalqının seçimi

10.02.18 10:00 2192
Azərbaycan xalqının seçimi
Fevralın 8-də Yeni Azərbaycan Partiyasının (YAP) VI qurultayı keçirilib. Qurultayda 2018-ci il aprelin 11-də keçiriləcək prezident seçkilərində partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyevin namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edilib. Qərar yekdilliklə qəbul olunub.

Bu qərarla bağlı fikirlərini "Kaspi”yə bölüşən millət vəkili Hikmət Babaoğlu YAP-ın ümumxalq partiyası olduğunu diqqətə çatdıraraq, siyasi təşkilatın namizədinin 700 mindən çox olan üzvün namizədi olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu, əslində Azərbaycan xalqı deməkdir: "Yeni Azərbaycan Partiyası aprel ayının 11-də keçiriləcək prezident seçkilərinə öz namizədini irəli sürdü. Bu, partiyanın sədri, cənab İlham Əliyevdir. Partiyanın bu seçimi bütövlükdə Azərbaycan xalqının seçimidir və xalqın irəli sürdüyü namizəddir. Prezident İlham Əliyev bəyan edib ki, "mənim həyata keçirdiyim siyasətin mərkəzində Azərbaycan vətəndaşının, xalqının rifahı durur”. Doğurdan da nəzər yetirsək görəcəyik ki, prezident hakimiyyətdə olduğu 15 il müddətində "mən hər bir azərbaycanlının Prezidenti olacam” siyasi fəlsəfəsinə sadiq olaraq, hər bir Azərbaycan vətəndaşının rifahı, onun inkişafı, gələcəyi üçün əlindən gələn hər şeyi edib”.

H.Babaoğlu deyib ki, ötən müddət ərzində Prezident İ.Əliyev öncə Azərbaycanda ictimai-siyasi sabitliyi yaradıb, milli maraqlarımızı qoruya bilib, mürəkkəb tarixi bir mərhələdə ətrafımızda terror hadisələrinin, müharibələrin, xaosun baş verdiyi bir vəziyyətdə ölkəmizi sabitlik adası kimi qoruyub saxlaya bilib: "Hələ üstəlik onu inkişaf etdirib və ölkəmizdə işsizliyin, yoxsulluğun səviyyəsi azalıb. Bu müddətdə Azərbaycanın bölgələri inkişaf edib, dövlətimiz region, dünya ölkələri içərisində çox mühüm bir tərəfdaşa çevrilib. Buna paralel olaraq Prezident ilham Əliyev Azərbaycan ordusunu gücləndirib. Ölkə başçısı Ali Baş Komandan kimi 2016-cı ilin aprel döyüşlərinə imza atıb. Bununla da Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində ciddi hərbi-siyasi dönüşə nail olub. Sadalayacağımız çoxsaylı bu kimi uğurlar əlbəttə ki, 11 aprel seçkilərində Azərbaycan xalqının seçimini müəyyənləşdirəcək. Düşünürəm ki, bu seçim partiyamızın irəli sürdüyü namizəd - İlham Əliyev olacaq”.

Millət vəkili, siyasi şərhçi Sahib Alıyev bildirib ki, Prezident İlham Əliyevin növbəti 7 ildə də Azərbaycana rəhbərlik etməsi təkcə partiyadaşlarının deyil, dövlətini, ölkəsini sevən, torpaqlarının işğal altında qalması ilə barışmayan, xalqımızı daha güclü, qüdrətli görmək istəyən, dörd bir yanımızda nələrin baş verdiyini, niyə baş verdiyinin səbəbini az-çox anlayan hər bir vətəndaşın istəyidir. O qeyd edib ki, Azərbaycan xalqı son 14 ildə İlham Əliyevin timsalında sözübütöv, populizmdən uzaq, dərin təfəkkürü, böyük dünyagörüşü, geniş ürəyi, gözəl zövqü, dəmir iradəsi, qibtə doğuran səbri və ləyaqəti olan qurucu bir lider görüb. Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyev Azərbaycan vətəndaşlarına çoxlarının həsədlə baxdığı, regionda lider və sözün hər anlamında müstəqil ölkənin vətəndaşı olmanın qürurunu yaşatdı və yaşadır: "Nəinki bir sıra transmilli enerji layihələrini, həm də Bakı-Tiflis-Qars dəmir yolunun çəkilməsi kimi əksər böyük oyunçuların maraqlarına o qədər də cavab verməyən bir reallığı ortaya qoymaqla, üstəlik onları da belə demək mümkünsə, dəhlizdaş etməklə təkcə necə bir strateq olduğunu yox, həm də strateqin nə demək olduğunu göstərdi”.

S.Aliyev bildirib ki, Prezident İlham Əliyev beynəlxalq konyukturadan qaynaqlanan 2008 və 2015-ci illərin böhranı zamanı əleyhimizə işləyən reallığı ölkənin xeyrinə yönəltməklə, eyni zamanda çevik və bacarıqlı bir krizis menecerliyi sərgiləyib: "2016-cı ilin aprelindəki döyüşlərdə biz onun qorxmaz, bütün hay havadar və himayədarlarının əleyhinə çıxmasına baxmayaraq, əldə olunanı qorumağı, onlara həzm etdirməyi bacaran necə bir mətin sərkərdə olduğunu gördük. Bu gün biz Qarabağımıza deyil, eləcə də özünün dəfələrlə adını çəkdiyi hay tapdağı altındakı digər torpaqlarımıza qayıdacağımızın əminliyini yaşayırıq. Bu əminliyi bizə yaşadan məhz odur. Ona görə də İlham Əliyev təkcə Yeni Azərbaycan Partiyasının deyil, Azərbaycanın durmadan yenilənməsini, onun gələcəyinin proqnozlaşdırılan və daha da parlaq olmasını, əldə edilən uğurların davamlı artmasını və dayanıqlı xarakter almasını istəyən hər kəsin seçimidir. Son 14 ildə cənab prezident o qədər böyük işlər görüb ki, bütün bu dediklərim ancaq aysberqin görünən tərəfidir. Ancaq o da həqiqətdir ki, təhsildə, səhiyyədə, iqtisadiyyatda, bir sözlə, həyatımızın bütün sahələrində həllini gözləyən problem xarakterli məsələlər də az deyil. Bütün bu məsələləri ardıcıl, səbrlə, lazımsız gərginliklərə yol vermədən, çalxantı və çaxnaşmasız, amma qətiyyətlə həll edə biləcək lider də yenə cənab İlham Əliyevdir”.

Milli Məclisin deputatı, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin İdarə Heyətinin üzvü Elman Məmmədov da vurğulayıb ki, İlham Əliyev təkcə YAP-ın deyil, bütün Azərbaycan xalqının prezidentliyə namizəd gördüyü yeganə şəxsdir. Onun sözlərinə görə, İlham Əliyev bütün Azərbaycan xalqı adından prezidentliyi bəyənilən və namizədliyi irəli sürülən ən ləyaqətli, ən yüksək səviyyəli, etimadı doğruldan namizəddir: "Prezident İlham Əliyevin qarşısına qoyduğu ən əsas məqsəd Dağlıq Qarabağ probleminin həlli, torpaqlarımızın işğaldan azad olunması, ərazi bütövlüyümüzün təmin edilməsidir. O, bunu Yeni Azərbaycan Partiyasının qurultayında çıxışı zamanı tribunadan bir daha bəyan etdi. Heç kimə sirr deyil ki, Azərbaycanda məcburi köçkünlərə göstərilən diqqət dünyanın heç bir ölkəsində yoxdur. 500 milyon əhalisi olan Avropa 150-200 min nəfər qaçqının əlində qalıb, onların problemlərini həll edə bilmir. Azərbaycan isə 1993-cü ildən başlayaraq məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində işlər görməyə başlayıb və öz gücünə bu işlərin öhdəsindən gəlib. Dövlət başçısı prezidentliyinin ilk günündə bəyan etmişdi ki, Azərbaycanda çadır şəhərciyi qalmayacaq və bu gün biz bunun şahidiyik. Mən, məcburi köçkün bölgəsinin millət vəkili kimi deyə bilərəm ki, Prezident İlham Əliyev Azərbaycan vətəndaşlarının sosial rifahının, mənzil şəraitinin yaxşılaşdırılması üçün əvəzsiz işlər görüb və bu missiyanı davam etdirir”.

Milli Məclisin deputatı, YAP Gəncə Şəhər Təşkilatının sədri Naqif Həmzəyev qeyd edib ki, bu gün dünyada sabitlik diyarı kimi tanınan Azərbaycan öz uğurları ilə beynəlxalq aləmin diqqətini cəlb edir. Onun fikrincə, ölkənin güclü və qüdrətli iqtisadiyyatı sayəsində yaxın keçmişdə bizim üçün əlçatmaz görünən arzular reallığa çevrilir, Azərbaycan müasir dünyanın tələblərinə cavab verən yüksək inkişaf etmiş bir dövlət kimi tanınır. Millət vəkili deyib ki, bütün bunlar Prezident İlham Əliyevin uğurlu siyasi xəttinin nəticəsidir: "Dünyanın siyasi çəkisində nüfuz sahibi olan ölkələrin Azərbaycana artan marağı fonunda Prezident İlham Əliyevin adı ətrafında dünyamiqyaslı siyasətçi imicinin formalaşması artıq sübuta ehtiyacı olmayan bir aksiomdur. Azərbaycanın Cənubi Qafqazın qüdrətli dövləti kimi mövqelərini daha da möhkəmləndirməsi, Prezident İlham Əliyevin adı ilə birbaşa bağlı olan və ölkəmizin inkişafına xidmət edən bütün nailiyyətlər Gəncə sakinlərində də böyük qürur hissi yaradır”.

Millət vəkili N.Həmzəyev qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələrinin daha da modernləşməsi istiqamətində aparılan işlər, demokratik dəyərlərin cəmiyyətdə öz yerini möhkəmləndirməsi, respublikamızın mədəni yüksəlişi də Prezident İlham Əliyevin ölkəyə layiqli rəhbərliyinin nümunəsidir.
Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər