• cümə axşamı, 28 mart, 22:23
  • Baku Bakı 13°C

Azərbaycan xalqının parlament idarəçiliyi səviyyəsinə yüksəldiyini dünyaya sübut edən Məclisi-Məbusan

21.09.18 09:06 1514
Azərbaycan  xalqının parlament idarəçiliyi səviyyəsinə yüksəldiyini dünyaya  sübut  edən Məclisi-Məbusan
Cümhuriyyət parlamentinin iclaslarında təhsil işinin təşkili və inkişafına dair müzakirəyə çıxarılmış və qəbul edilmiş qanunlara baxış
Azərbaycan Xalq Cümhuriyyəti - Müsəlman Şərqində yeganə parlamentli respublika kimi tarixə daxil olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti ( Məclisi- Məbusan) 7 dekabr 1918 ci ildən - 27 aprel 1920-ci ilədək olan müddətdə, cəmi on yeddi ay fəaliyyət göstərmiş və fəaliyyətdə olduğu müddət ərzində özünün işgüzarlıq qabiliyyətini nümayiş etdirərək Azərbaycan xalqının parlament idarəçiliyi səviyyəsinə yüksəldiyini dünyaya sübut etmişdir.
Müttəfiq Dövlətlərin Ali Şurası 1920-ci il yanvarın 11-də Azərbaycanın və Gürcüstanın müstəqilliyini de-fakto tanımışdır . Parlamentin bu tarixi hadisəyə həsr edilmiş 14 yanvar 1920-ci il tarixli iclasında Xarici İşlər Naziri F.X.Xoyski çıxış edərək qeyd etmişdir: "Möhtərəm məbuslar! 1918-ci il mayın 28-də Azərbaycan xalqı öz istiqlaliyyətini elan etdi. Lakin müstəqilliyini elan etmək az idi. Bizim sərbəst həyata layiq olduğumuzu bütün dünyaya sübut etmək lazım idi. Budur, azərbaycan xalqı il yarım ərzində Avropaya sübut etdi ki, o, sərbəst yaşamağa və sərbəst surətdə özünü idarə etməyi bacarır. Azərbaycan xalqının həyat qabiliyyətli olduğuna inanan Avropa, bizim müstəqilliyimizi tanımağı lazım bildi. Azərbaycanın ilk hökuməti yaradılanda mən ona başçılıq edirdim və indi bizim müstəqilliyimizin tanınması haqqında xəbəri sizə çatdırmağı mən özümə böyük xoşbəxtlik sayıram”.

Xalqımızın Zaqafqaziya Seymindən Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin yaranmasına qədər keçdiyi olduqca gərgin , məsuliyyətli və şərəfli tarixi yol, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəisi, tarix elmləri doktoru, professor Ataxan Paşayevin rəhbərliyi altında hazırlanmış və 2006-cı ildə çapdan çıxmış "Zaqafqaziya Seyminin Müsəlman fraksiyası və Azərbaycan Milli Şurası iclaslarının protokolları” sənədlər toplusunda ətraflı əks edilmişdir.

Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin açılışı 1918-ci il dekabrın 7-də Bakı şəhərində, Nikolayev ( indiki İstiqlaliyyət) küçəsində yerləşən H.Z.Tağıyevin qızlar məktəbinin binasında (indiki Əlyazmalar İnstitutunun binası) həyata keçirildi. Azərbaycan Parlamenti bütün müsəlman şərqində o dövrün ən demokratik prinsipləri əsasında formalaşdırılmış ilk Parlament kimi tarixdə iz qoydu . "Musavat” fraksiyasının təklifi ilə Ə.Topçubaşov Parlamentin sədri, H.Ağayev isə onun birinci müavini seçilmişdi. Lakin Ə.b.Topçubaşov Paris sülh konfransına yola düşdüyü üçün Parlamentin fəaliyyətinə H. Ağayev rəhbərlik edirdi. Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti 17 ay fəaliyyət göstərmiş və bu müddət ərzində onun 145 iclası - ilk iclas 1918-ci il dekabrın 7-də, son iclas isə 1920-ci il aprelin 27-də keçirilmişdir. Cəmi 17 ay fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti yüksək işgüzarlıq qabiliyyətini nümayiş etdirə bilmişdir. Azərbaycan Parlamentinin qəbul etdiyi qanun və qərarların hamısı müstəqil ölkənin ilk qanun və qərarları kimi çox əhəmiyyətli olmuşdur. Qeyd edirik ki, fəaliyyətdə olduğu müddət ərzində Azərbaycan Parlamentinin müzakirəsinə 270-dən yuxarı qanun layihəsi çıxarılmışdır ki, onlardan da 230-a yaxını təsdiq olunmuşdur. Parlamentdə müxtəlif komissiyalar: maliyyə-büdcə, qanunvericilik təklifləri, Müəssislər Məclisinə seçkilərin keçirilməsi üzrə mərkəzi komissiya, mandat, hərbi, aqrar məsələlər: sorğular üzrə, təsərrüfat-sərəncamverici, ölkənin istehsal qüvvələrindən istifadə üzərində nəzarət, redaksiya və fəhlə məsələləri üzrə komissiyalar fəaliyyət göstərirdi.

Azərbaycan Respublikasının Dövlət Arxivlərində saxlanan tarixi sənədlər təsdiq edir ki, Azərbaycan Hökuməti ilə yanaşı Azərbaycan Parlamenti də öz fəaliyyətində ölkədə təhsilin, maarifin inkişaf etdirilməsi məsələlərinə mühüm yer ayırmışdır. Respublikada xalq maarifi və təhsilin inkişafı, savadsızlığın və geriliyin aradan qaldırılmasına, eləcə də məktəb-təhsil işinin geniş surətdə yayılmasına nail olunması Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti və Hökumətinin qarşısında duran vacib məsələlərdən biri idi. Xalq Maarif Naziri Nəsib bəy Yusifbəylinin 1918-ci ilin dekabrında Bakı Qubernatoruna göndərdiyi məktubda qeyd edilirdi: "..1917-ci il çevrilişinədək Rusiya hökuməti özünün xüsusi siyasi niyyətlərini əldə rəhbər tutaraq, xalqın maariflənməsi işinə çox az qayğı göstərmişdi... Xalq maarifinin daşıyıcıları olan xalq müəllimləri çar hökuməti tərəfindən müxtəlif təhqir və təqiblərə məruz qalırdılar... Həmin hökumətin ucbatından hazırda Azərbaycanın bütün ərazisi boyu məktəblərə böyük ehtiyac duyulur və indi Nazirlik bütün qüvvəsini yeni məktəblərin, müəllim kurslarının və s. açılmasına yönəldərək mümkün qədər qısa müddətdə ölkədə maarif və təhsil işini lazımi səviyyədə qurmağa çalışır. Çünki, indiki zamanda yalnız savadlı xalqın sərbəst yaşamağa hüququ və imkanı vardır. Ölkənin gələcək taleyi bu işlərin müvəffəqiyyətindən çox asılıdır”.
Ölkədə təhsil və maarifə olan ehtiyacların ödənilməsi üçün bu sahəyə xüsusi diqqətin yetirilməsinin, zamanın tələbi olduğu həmin məktubda öz əksini tapmışdır. Qeyd edirik ki, Parlamentin müzakirəsinə çıxarılmış bir sıra qanun layihələri məhz təhsil və maarif quruculuğu işləri ilə bağlı idi. Ölkədə təhsil sisteminin inkişaf etdirilməsinə yönəlmiş qanun və qərarların qəbul edilməsi böyük əhəmiyyət kəsb etmişdir. Təhsil sisteminin dağılmasının qarşısının alınmasına, onun dəyişdirilərək milli mənafelərə uyğun yenidən qurulmasına, məktəb islahatlarının aparılmasına və tədris-tərbiyə işlərinin milli köklər üzərində yenidən qurulmasına yönəldilmiş tədbirlərin həyata keçirilməsi üçün Parlament və Hökumət tərəfindən qəbul edilmiş qanun və qərarların tarixi əhəmiyyəti danılmazdır.

Azərbaycan Parlamentinin 1918-ci il dekabrın 26-da keçirilmiş 5-ci iclasında F.X.Xoyskinin sədrliyi ilə yeni təşkil olunmuş Hökumətin bəyannaməsi elan edildi. Həmin bəyannamədə təhsil-maarif məsələlərinə xüsusi yer ayrılmışdır. Parlamentə daxil olmuş müxtəlif partiya və fraksiyaların bəyannamələrində də təhsil məsələlərinə xüsusi diqqət yetirilmişdir. Məsələn, Azərbaycan Parlamentinin 8 yanvar 1919-cu il tarixli 7-ci iclasında dövrünün tanınmış müəllim və pedaqoqu - Rəşid bəy Əfəndiyevin qardaşı, pedaqoji təhsilli Abdulla bəy Əfəndiyev "Əhrar” fraksiyasının bəyannaməsini səsləndirərkən, ölkədə təhsil-maarif işinin əhəmiyyətinə toxunaraq qeyd edirdi: "...Azərbaycan Cümhuriyyətinin maarifə olan ehtiyacı başqa ehtiyacının fövqündədir. Ümumfəlakətlərin birinci səbəbi maarif yoxluğudur, xalq təhsili işində icbari ümumi təhsil tətbiq edilməlidir. Məktəb seminariyaları, peşə və kommersiya məktəblərinin şəbəkəsi genişləndirilməlidir. Bu il Universitet də açılmalıdır. Məktəblər kifayət qədər müəllimlərlə təmin olunmalıdır. Məktəblər milliləşdirilməlidir. Geniş yayılmış bir sıra kitabçaların, jurnal, dərslik və təlimatların ucuz qiymətə nəşr edilməsi üçün tədbirlər görülməlidir. Dövlət təşkilatlarında bütün kargüzarlığın milli türk (Azərbaycan-R.S.) dilində aparılması üçün tədbirlər görülməlidir. Hökumət məmurlarının hazırlanması üzrə xüsusi məktəblər açılmalıdır”.

Parlamentin 14 aprel 1919-cu il tarixli 29-cu iclasında N.Yusifbəylinin sədrliyi ilə təşkil edilmiş yeni Hökumətin bəyannaməsində də xalq təhsili məsələlərinə xüsusi yer ayrılmışdır. Hökumətin bəyannaməsində qeyd edilirdi: "…Müstəqilliyimizin həyata keçirilməsi və möhkəmləndirilməsi işində xalq təhsilinin hansı rol oynadığı hamınıza bəllidir. Hökumət bunu nəzərə alaraq təcili surətdə icbari ümumi təhsil haqqında qanun layihəsinin hazırlanmasını və bizim sənaye ölkəmizdə peşə təhsilinə xüsusi diqqət yetirilməsini vacib hesab edir.

Həmin qanun layihəsinə uyğun olaraq, payıza qədər ölkəmizdə ibtidai məktəb şəbəkəsinin yaradılmasına ümid edir. Hökumət mövcud ibtidai və orta məktəblərin bir hissəsinin milliləşdirilməsi yolu ilə ölkəmizin sayca çoxluq təşkil edən türk (azərbaycanlı-R.S.) əhalisi üçün məktəblər yaratmaqla yanaşı, sayca azlıq təşkil edən millətlərin uşaqlarının da orta təhsil almasının qayğısına qalmasını vacib hesab edərək, onların ana dilində olan məktəblərin saxlanmasını, lazımi hallarda isə dövlət vəsaiti hesabına yeni məktəblərin açılmasını vacib sayır. Hökumət məktəblərin milliləşdirilməsi üçün müəllim və dərsliklərin çatışmadığını etiraf edərək, yeni açılan müəllim seminariyalarında müəllimlərin hazırlanmasına və yaxud xaricdən dəvət olunmasına, həmçinin xüsusi komissiyalar yaratmaqla yeni dərsliklərin tərtib edilməsinə və onların xarici dildən tərcümə edilməsinə qüvvəsini sərf edəcəkdir. Ümid edirik ki, bütün bu tədbirlərin həyata keçirilməsi sayəsində yeni tədris ilinin əvvəllərindən etibarən kifayət qədər yaxşı avadanlıqla təchiz edilmiş və tədrisi türk (Azərbaycan-R.S.) dilində aparılan məktəblərə malik olmağa imkan verəcəkdir. O ki, qaldı ölkədəki ali-təhsil müəssisəsinə, məlumdur ki, Bakıda Kənd Təsərrüfatı İnstitutunun açılması barədə qanun layihəsi baxılmaq üçün Parlamentə təqdim edilmiş və gələn tədris ilinin əvvəllərindən etibarən isə Zaqafqaziya Universitetinin Bakıya köçürülməsi haqqında danışıqlara başlanılmışdır. Hökumət bu məsələlərin ölkəmiz üçün faydalı həll edilməsinə dair tədbirlər görəcəkdir. Aydındır ki, bizim Universitetdə dilimizi, ədəbiyyatımızı və tariximizi öyrənmək üçün kafedralar açılacaqdır”.
Azərbaycan Parlamenti tərəfindən 1919-cu ilin martından 1920-ci ilin aprelinədək olan müddətdə qəbul edilmiş qanun və qərarların bir çoxunu qeyd edək:

- Bolşeviklər tərəfindən müsadirə edilmiş, sonralar isə hökumət mətbəəsinin mülkiyyətinə verilmiş mətbəə əmlakının sahibi Abuzər Orucova 468.380 rubl pul vəsaitinin verilməsi. /20 mart 1919/; Hərbi mükəlləfiyyətlər haqqında Nizamnamənin maddələrinə əlavələrin edilməsi. /17 aprel 1919/.

Qəbul edilmiş həmin qanuna görə, dəmiryolu məktəblərində təhsil alan və çağırış yaşına çatmış müsəlman gənclərin hərbi qulluğa çağırılması təxirə salınır, təhsillərini başa vurduqdan sonra isə dəmiryolu alaylarına həqiqi hərbi xidmətə çağırılırdılar.

- Aşağı ibtidai məktəblərin müəllim və qulluqçularının, onların nəzdindəki sənət və kənd təsərrüfatı şöbələrinin, əl işləri siniflərinin saxlanılması üzrə qulluqçuların məvacibləri haqqında müvəqqəti qanun /12 may 1919/;

- Qadın orta təhsil müəssisələrinin əsasnamələrinə əlavə və düzəlişlərin edilməsi /02 iyun 1919/; Qazax, Nuxa, Şuşa, Quba, Zaqatala, Salyan, Bakı və Gəncədə qısamüddətli (iki aylıq) pedaqoji kursların açılması /17 iyul 1919/;

Həmin qanuna əsasən qısamüddətli kursların saxlanılması üzrə xərclərin ödənilməsi üçün dövlət xəzinəsindən Xalq Maarif Nazirliyinin sərəncamına iki milyon 390 min rubl vəsait ayrılmışdır.

- Bakı Dövlət Universitetinin təsis edilməsi /01.sentyabr 1919/; Təhsil almaq məqsədi ilə xaricə göndərilmiş tələbələrə yol xərci və təqaüdlərin verilməsi üçün Xalq Maarif Nazirliyinin sərəncamına 7 milyon rubl məbləğində pul vəsaitinin ayrılması /01.09.1919/; Xalq məktəblərinin kitabxanalarına ana dilində yeni kitabların alınması üçün Xalq Təhsil Nazirliyinin sərəncamına 1 milyon rubl məbləğində pul vəsaitinin ayrılması /18.09.19/; Azərbaycan Respublikasında Dövlət qulluqçularının və mülki idarələrdə çalışan əməkdaşların əmək haqqları barədə /27.09.19/; Göyçayda realnı məktəbin açılması /03.11.19/;

- Kişi orta təhsil müəssisələrində olduğu kimi, qadın orta təhsil müəssisələrində də sinif rəhbərinin köməkçisinin vəzifəsinin təsis edilməsi /17.11.19/; Bakı sərbəst feldşer məktəbinin Xalq Səhiyyə Nazirliyinin tabeçiliyinə verilməsi / 11.12.19/; Xalq Maarif Nazirliyi nəzdində 1 yanvar 1920-ci ildən etibarən yeni beş xalq məktəbləri müfəttişləri vəzifələrinin təsis edilməsi /01.03.20/;

- Azərbaycan Milli Gimnaziyası nəzdində Uşaq bağçasının açılması /01.03.20/;
Ali-ibtidai və orta məktəblərdə müəllimlərin əvəz olunmasına görə əməyinin ödənilməsi /4 mart 1920/; Quba qəzasının Xuluq kəndində 01.10.1919-cu ildən etibarən ali-ibtidai məktəbin açılması /12.04.20/; Şuşa qəzasının Ağdam kəndində 01.10.1919-cu il tarixdən etibarən ali-ibtidai məktəbin açılması /12.04.20/ və b.
Beləliklə, Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti və Parlamentinin son dərəcə mürəkkəb ictimai-siyasi şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq, ölkədə təhsil və maarifin, bütövlükdə milli mədəniyyətin inkişaf etdirilməsi həmin qurumların daima diqqət mərkəzində olmuş, bu sahələrin inkişaf etdirilməsi üzrə son dərəcə mühüm əhəmiyyətli qanun və qərarlar qəbul edilmişdir.

Xalqımız yüzilliklər boyu arzusunda olduğu istiqlal nemətinə 1918-ci il mayın 28-də qovuşduqdan sonra ölkədə ümumtəhsil hərəkatı keyfiyyətcə yeni mərhələyə qədəm qoymuş, milli hökumət və Parlament səviyyəsində savadsızlığın ləğvi istiqamətində mühüm qanun və qərarlar qəbul edilmiş, sistemli tədbirlər görülmüşdür. Məhz bu dövrdə Azərbaycan dilinin dövlət dili qəbul edilməsi, məktəblərin milli köklər üzrə yenidən qurulması, Azərbaycan dilinin təhsil-tədris və təlim-tərbiyə dilinə çevrilməsi, ana dilli məktəblər şəbəkəsinin yaradılması, ümumi icbarı ibtidai təhsilə keçid, çoxsaylı pedaqoji kursların və müəllim seminariyalarının açılması, Azərbaycanda ilk müasir ali təhsil və elm ocağı olan Universitetin təsis edilməsi, dövlətin himayəsi altında ilk məktəbəqədər tərbiyə müəssisələrinin əsasının qoyulması, milli hərbi məktəblərin yaradılması, dövlət səviyyəsində azərbaycanlıların xaricdə təhsil almağa göndərilməsi, əlifba islahatı, ana dilində yeni dərslik və proqramların hazırlanması və digər istiqamətlərdə mühüm addımlar atılmışdır. Azərbaycanda ali təhsilin təşkili və inkişafı tarixi bilavasitə universitetin təşkili tarixi ilə başlanır. Lakin bununla yanaşı qeyd edirik ki, Cümhuriyyət dövründə respublikamızda ali təhsilin təşkili üzrə bir sıra əhəmiyyətli işlər görülmüşdür. Kənd Təsərrüfatı İnstitutu, Pedaqoji İnstitut, Dövlət Konservatoriyasının təşkili üzrə layihələr işlənib hazırlanmış, Dövlət İncəsənət İnstitutunun yaradılması üzrə layihənin işlənib hazırlanmasına dair müəyyən işlərin aparıldığı barədə məlumatlar arxiv sənədlərində öz əksini tapmışdır. Lakin məlum səbəblər ucbatından həmin dövrdə yuxarıda adları çəkilən ali məktəblərin təşkili üzrə başlanan işləri sona çatdırmaq mümkün olmamışdır. Azərbaycanda ali təhsilin təşkili və inkişafı tarixi bilavasitə universitetin təşkili tarixi ilə bağlıdır. Azərbaycanda ilk ali təhsil ocağı kimi Bakı Dövlət Universitetini təsis etmək mümkün olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti tərəfindən 1919-cu il sentyabrın 1-də "Bakı Dövlət Darülfünunu haqqında” qanun qəbul edilmiş, "Bakı Dövlət Darülfünunun Nizamnaməsi” isə sentyabrın 29-da təsdiq edilmişdir. Qanun qəbul edildikdən sonra Universitetin əməli olaraq yaradılmasının sürətləndirilməsində Zaqafqaziya Universitetinin Bakıya köçmüş tanınmış rus alimləri, professorları və müəllimləri - V.İ. Razumovski, N.A.Dubrovski, N.A.İşkov, A.A.Oşman başqalarının böyük xidmətləri olmuşdur.

Universitetin ilk rektoru, professor V.İ.Razumovskinin Parlamentdəki çıxışından: " Parlamanın hörmətə layıq üzvləri! Siz böyük və tarixi iş gördünüz. Mən çox şadam ki, Darülfünunun təsisinə bütün partiyaların vicdanlı münasibət bəslədiyinin şahidi oldum. Azərbaycanda, hətta müsəlman dünyasında bu böyük hadisə - Darülfünun təsisi mərasimi təntənəsini qeyd etməyə, nəinki Parlamanı, buraya toplaşan kütlələrin şəxsində ictimai fikri də gördüyümə hədsiz xoşbəxtəm...”

Parlamentin sentyabrın 1-də qəbul etdiyi 10 maddədən ibarət həmin qanunda üniversitetin 4 fakültəsi nəzərdə tutulurdu: Şərq şöbəsi olan tarix-filologiya, fizika-riyaziyyat, hüquq və tibb. Bakı Dövlət Universitetinin yaradılmasında M.Ə.Rəsulzadə, F.X.Xoyski, N.Yusifbəyli, R.Kaplanov, S.M.Qənizadə, H.Ağayev, H.Şahtaxtinski və onlarca digər tanınmış şəxslərin böyük rolu olmuşdur.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə təhsil, maarif və mədəni quruculuq sahələrində həyata keçirilmiş tədbirlər sonrakı dövrlərdə də respublikamızda təhsilin və xalq maarifinin inkişafında mühüm rol oynamışdır.

Azərbaycan Respublikasının Prezidenti, ümummilli lider H.Əliyevin 1998-ci il yanvarın 30-da imzaladığı "Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinin keçirilməsi haqqında” sərəncamda qeyd edilirdi: "Bu dövlətin qısa bir müddətdə həyata keçirdiyi tədbirlər xalqımızın tarixində böyük iz buraxmışdır. Milliyyətindən, siyasi və dini mənsubiyyətindən, cinsindən asılı olmayaraq, bütün vətəndaşlara bərabər hüquqlar verilməsi, dövlət sərhədlərinin müəyyən olunması, Azərbaycan dövlətçiliyi atributlarının qəbul edilməsi, ana dilinin dövlət dili elan olunması Azərbaycanın gələcək müstəqilliyi üçün möhkəm zəmin yaratmışdır. Demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi quruculuq sahələrində atılmış addımlar Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq fəaliyyətini əks etdirən əsas istiqamətlərdir”.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə təhsil, maarif və mədəni quruculuq sahələrində həyata keçirilmiş tədbirlər sonrakı dövrlərdə də respublikamızda təhsilin və xalq maarifinin inkişafında mühüm rol oynamışdır.
Qeyd:Fotolar Azərbaycan Respublikası Kino-Foto Sənədlər Arxivindəndir.
Rafiq Səfərov,
Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin sənədlərin nəşri şöbəsinin baş məsləhətçisi
.
.
.
.

banner

Oxşar Xəbərlər