• cümə axşamı, 25 aprel, 10:54
  • Baku Bakı 14°C

Azərbaycan xalqına və dövlətçiliyə şərəfli xidmət - Fotolar

21.02.19 19:13 1191
Azərbaycan xalqına və dövlətçiliyə şərəfli xidmət - Fotolar
Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini, birinci xanım Mehriban Əliyeva ölkəmizin ictimai-siyasi, mədəni həyatında daim mühüm və fəal rol oynayıb. Ümummilli lider Heydər Əliyevin zəngin irsinin öyrənilməsi, onun milli dövlətçilik ideyalarının yeni nəsillərə aşılanması məqsədi ilə 2004-cü ildə yaradılmış Heydər Əliyev Fondu məhz Mehriban xanımın rəhbərliyi altında Azərbaycanın, eləcə də regionun ən böyük ictimai təşkilatına çevrilib.

Ulu öndərin adını daşıyan Fond milli-mənəvi dəyərlərin qorunması və Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması ilə bağlı işlərin aparılmasına xüsusilə köməklik göstərib. Bununla yanaşı, əhalinin rifahının yüksəldilməsinə yönəldilmiş müxtəlif proqram və tədbirlər, elm, təhsil, mədəniyyət, səhiyyə və idmanın inkişafını təmin edən layihələr Heydər Əliyev Fondu tərəfindən daim dəstəklənib. Mehriban xanımın rəhbərlik etdiyi Fond uşaq və gənclərin sağlam, milli-mənəvi dəyərlərə sadiq, hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi, Azərbaycanın beynəlxalq nüfuzunun artırılması ilə bağlı tədbirlərin reallaşdırılması istiqamətində də mühüm tədbirlər həyata keçirib. Ona görə də Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti Azərbaycan xalqı tərəfindən daim yüksək qiymətləndirilib.

Mehriban xanım vaxtilə Mili Məclisin deputatı kimi də geniş fəaliyyəti ilə diqqət çəkib. O, təmsil etdiyi dairənin sosial-ictimai problemlərinin həllində böyük addımlar atıb, fəal deputat kimi seçiciləri ilə daim təmasda olub. Mehriban Əliyevanın Milli Məclisin deputatı kimi fəaliyyətində yaddaqalan məqamlardan biri də onun ədalət, humanizm və insanpərvərlik ideallarını rəhbər tutaraq genişmiqyaslıamnistiya aktlarının qəbul edilməsi təşəbbüsü ilə çıxış etməsidir. Bu təşəbbüslərin dövlət başçısı İlham Əliyev tərəfindən dəstəklənməsi sayəsində 20 minə yaxın məhbus azadlığa qovuşub.

UNESCO və İSESCO-nun xoşməramlı səfiri kimi ölkə daxilində və xaricində mühüm layihələrə imza atan Mehriban Əliyeva Azərbaycanın birinci xanım statusunu da şərəflə daşıyıb. Ölkənin birinci xanımı Prezidentin ən yaxın silahdaşına çevrilməklə, sosial sahəyə xüsusi diqqətlə yanaşıb, öz müsahibələrinin birində etiraf etdiyi kimi, insanların rifahı naminə humanitar proqramların səmərəliliyinin gücləndirilməsinə yönəldilmiş bütün mümkün imkanlardan istifadə etməyə çalışıb. 2017-ci il fevral ayının 21-də Prezident İlham Əliyevin imzaladığı sərəncamla Azərbaycanın Birinci vitse-prezidenti təyin olunan Mehriban Əliyeva mətbuata verdiyi ilk müsahibəsində bundan sonrakı fəaliyyətini sosial məsələlərin, əhalinin aztəminatlı hissəsinin problemlərinin həlli üzərində qurmaq niyyətində olduğunu bəyan edib. O, mərhəmətsizlik və laqeydliyin qorxulu anlayışlar olduğunu diqqətə çatdıraraq, istər ictimai xadim, istərsə də dövlət məmuru üçün humanizmi qorumağın vacib olduğunu vurğulayıb.
Qətiyyətlə deyə bilərik ki, Mehriban xanım Əliyeva Birinci vitse-prezident təyin olunandan indiyə qədər ötən iki il ərzində dövlət başçısı İlham Əliyevin və ona ümid bəsləyən insanların etimadını layiqincə doğruldub. O, verdiyi vədlərə sadiq qalaraq, əsas diqqətini sosial problemlərin, əhalinin aztəminatlı təbəqələrinin problemlərinin həlli üzərində cəmləşdirib. Mehriban xanım Birinci vitse-prezident kimi ilk müşavirəsini Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr edib. Çox keçmədən Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün 1026 mənzildən ibarət müasir yaşayış kompleksinin təməli qoyulub. Daha sonra qəzalı vəziyyətdə olan binalarda məskunlaşmış məcburi köçkün ailələrinin yeni mənzillərlə təmin olunması layihəsinin icrası çərçivəsində onlara Abşeron rayonunun Masazır və Mehdiabad qəsəbələrində yeni mənzillər verilib. İş adamlarının yardımı ilə 214 ailə yeni inşa olunmuş və tam təmirli mənzillərə köçürülüb. Bir qədər sonra Masazır, Ramana qəsəbələrində və Xətai rayonunda yeni binaların istifadəyə verilməsi ilə daha 725 məcburi köçkün ailəsinin mənzil şəraiti yaxşılaşdırılıb.

Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu dövlətin təhsillə bağlı strategiyasının həyata keçirilməsində yaxından iştirak edir. Fondun bu sahədə gördüyü işlər sırasında "Yeniləşən Azərbaycana yeni məktəb” proqramının müstəsna əhəmiyyəti var. 2003-cü ildən indiyədək ölkədə 3 mindən çox məktəb tikilib və ya yenidən qurulub, geniş bazaya malik təhsil infrastrukturu yaradılıb. Beləliklə, ölkədə təhsilə qayğı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi işi ümummilli səviyyəyə qaldırılıb. Həyatının mənasını Vətənə, xalqa və insanlara xidmətdə görən Mehriban xanımın təşəbbüsü, dəstəyi ilə ümumilikdə Azərbaycanda çoxsaylı və irimiqyaslı layihələr həyata keçirilib. Təhsil, səhiyyə, mədəniyyət sahəsində müxtəlif layihələrin reallaşdırılması bu sahələrin inkişafına misilsiz töhfələr verir. Ötən müddətdə onun dəstəyi ilə yüzlərlə xəstəxana tikilib. Saysız-hesabsız xeyriyyəçilik tədbirləri onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunu şəfqət və mərhəmət ünvanına çevirib.

Fondun mədəniyyətimiz, incəsənətimizlə bağlı layihələri isə mənəvi, tarixi, mədəni irsimizin qorunması işində müstəsna rola malikdir. Azərbaycanın birinci xanımı ölkəmizdəki qədim tarixi abidə və ziyarətgahların, məscid və ibadətgahların, dini abidələrimizin bərpası və yenidən qurulması, abadlaşdırılması istiqamətində misilsiz xidmət göstərir. Müstəqillik tariximizin əlamətdar hadisələrinin, ölkəmizin böyük uğurla ev sahibliyi etdiyi birinci Avropa Oyunları, eləcə də IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat komitələrinin sədri kimi fədakar fəaliyyəti Mehriban Əliyevanı xalqının gözündə bir daha ucaldıb.

Birinci vitse-prezident Mehriban Əliyevanın 2016-cı il Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun yaralanmış bir qrup əsgər və zabiti ilə görüşü, döyüşlərdə yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi barədə tapşırıq verməsi də daim minnətdarlıq hissi ilə xatırlanan hadisədir. Bu, bir daha göstərib ki, onun Vətənə xidmət fəlsəfəsinin təməlində, fəaliyyətinin əsasında mənsub olduğu xalqa, millətə sevgi dayanır. O, əzmkar fəaliyyətini həm də sivil dünyada sülhün, sabitliyin, sivilizasiyalararası dialoqun, bir sözlə, insanlığın tərəqqisinə yönələn ali ideyaların reallaşdırılmasına, bu sahələrdə səylərin birləşdirilməsinə yönəldib.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın humanitar layihələri sərhəd tanımır, xeyriyyəçilik tədbirləri bir sıra ölkələri, qitələri əhatə edir. Pakistanda qızlar üçün yeni məktəbin tikintisi, İslamabadda, eləcə də Pakistanın digər əyalətlərində silsilə humanitar aksiyalar bu sıradandır. Versal sarayının bir hissəsinin və Strasburqda orta əsrlərə aid kilsənin, Luvr muzeyi qalereyasından birinin, Roma katakombalarının bərpası, Həştərxanda Azərbaycan-Rusiya dostluq körpüsünün tikilməsi, Müqəddəs Mələksima Knyaz Vladimirə Rusiyada ilk abidə ucaldılması və digər layihələr Heydər Əliyev Fondunun xeyriyyəçilik işlərinin heç də tam olmayan siyahısıdır. Onun rəhbəri olduğu Fond uzun illərdir ki, Azərbaycanın humanitar və mədəni diplomatiyasının səlahiyyətli nümayəndəsinə çevrilib və bu fəaliyyət hər şeydən əvvəl dünyada Azərbaycanın təqdimatı və Azərbaycanın təbliğidir.

Təsadüfi deyil ki, beynəlxalq ictimaiyyət Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı Cənubi Qafqazın ən nüfuzlu xanımı kimi səciyyələndirir, onun Şərq ölkələrində siyasətin yalnız kişi işi olması barədə stereotipi dağıtdığını etiraf edirlər. Təltif olunduğu çoxsaylı nüfuzlu beynəlxalq mükafatlar - Fransanın "Şərəf legionu” ordeni, UNESCO-nun "Qızıl Motsart” medalı, Rusiyanın Yüzillik Messenatları Beynəlxalq Xeyriyyə Fondunun "Yaqut xaç” ordeni, II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordeni onun dünyadakı nüfuzunun göstəricisidir. Bu təltiflərin hər birinin arxasında bilik, ağıl və iradə, peşəkarlıq və təcrübə, prinsipiallıq və xeyirxahlıq, ən əsası, xalqına, dövlətinə, insanlığa, bəşəriyyətə sevgi dayanır. Onun ən böyük mükafatı isə Azərbaycan xalqının rəğbəti və sevgisidir.

Sonda bir daha qeyd etmək yerinə düşər ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva siyasi karyerası və ictimai fəaliyyəti dövründə başladığı bütün işlərin öhdəsindən böyük məharətlə və ustalıqla gəlir, Prezident İlham Əliyevin islahatlar kursuna böyük dəstək verir. "Ayrı-ayrı insanların problemlərinə heç vaxt biganə qalmamışıq. İnsanlarla ünsiyyətdə olmaq, onları dinləmək, köməyə ehtiyacı olanlara kömək etmək, mənəvi dəstək vermək ümdə vəzifəmizdir”, - deyən Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan xalqına və onun dövlətçiliyinə şərəflə xidmət edir.
Alpər TURAN
banner

Oxşar Xəbərlər