Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin xarici iqtisadi-ticarət əlaqələri
Müsəlman Şərqində
ilk demokratik dövlət quruluşunu yaratmış
Azərbaycan Xalq Cümhuriyyətinin ( 1918-1920) 100 illik yubileyi respublikamızda dövlət səviyyəsində geniş qeyd
ediləcəkdir. Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
Azərbaycan Xalq Cümhuriyyətinin
100 illik yubileyi haqqında 16 may
2017-ci il tarixdə imzaladığı sərəncamda milli dövlətçilik salnaməsini müstəsna dərəcədə
zənginləşdirmiş Azərbaycan Xalq
Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinə həsr olunmuş
tədbirlər planının hazırlanaraq
həyata keçirilməsi və yubileyin
respublikada dövlət səviyyəsində geniş
qeyd edilməsi müvafiq dövlət
qurumları qarşısında bir tapşırıq olaraq qoyulmuşdur.
1918-ci
il mayın 28-də Müsəlman Şərqində ilk demokratik və yeganə parlamentli
respublika olan Azərbaycan
Xalq Cümhuriyyəti yaradıldı. Keçmiş Rusiya imperiyasının dağıntıları içərisindən
yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti Avropa tərəfindən tanınmış yeganə türk
respublikası kimi tarixə daxil oldu. Cümhuriyyətin yaranması və onun fəaliyyəti
xalqımızın dövlətçilik ənənələrinin bərpasına və milli mənlik şüurunun
intişarına böyük təsir göstərmişdir. Həmin dövrdə ölkə həyatının bir çox sahələrində,
o cümlədən müstəqil demokratik dövlət, milli mədəniyyət, milli təhsil, ordu
quruculuğu, həmçinin ölkənin sosial-iqtisadi inkişafı və xarici iqtisadi-ticarət əlaqələrinin yaradılması
istiqamətlərində ilk mühüm müstəqil addımlar atılmışdır. Xalqımızın çoxəsrlik
tarixinin hər bir səhifəsinə, o cümlədən Azərbaycan
Xalq Cümhuriyyəti tarixinə böyük hörmət və ehtiramla yanaşaraq, həmin dövrdə ölkəmizdə milli iqtisadiyyatın və
xarici iqtisadi-ticarət əlaqələrinin
yaradılması istiqamətində atılmış ilk müstəqil addımlar haqqında arxiv sənəd
və materialları və digər tarixi mənbələr əsasında hazırladığım bu məqaləni hörmətli
oxucularımızın diqqətinə çatdırıram.
XIX-XX əsrin
əvvəllərində Azərbaycan Rusiya İmperiyasının tərkib hissəsi olduğundan onun
iqtisadi həyatı bilavasitə Rusiya
ilə sıx bağlı idi. Digər qonşu ölkələrdə
sənaye inkişaf etmədiyindən,
Azərbaycan ehtiyac duyduğu sənaye
və fabrik məmulatlarını əsasən
Rusiyadan əldə edirdi. Lakin həmin dövrdə çarizmin Rusiya imperiyası ərazisində yürütdüyü mürtəce hakim
millətçilik siyasətinin təsiri altında böyüməkdə olan rus sənaye kapitalı bütün Cənubi Qafqaza, o cümlədən Azərbaycana öz sənayesini yaymağa və inkişaf etdirməyə
ixtiyarı olmayan, Rusiyaya özünün müxtəlif
növ xammalını göndərərək, oradan fabrik məmulatlarını idxal etməyə möhtac qalan bir müstəmləkə kimi baxırdı. 1918-ci il mayın 28-də Azərbaycan Milli
Şurasının qəbul etdiyi İstiqlal Bəyannaməsi xalqımızın müstəqillik əzmini
nümayiş etdirdi. Cümhuriyyət
hökuməti dövrün çətinliklərinə baxmayaraq, ölkənin sosial-iqtisadi inkişafı və xarici-iqtisadi ticarət əlaqələri
yaradılması istiqamətində mühüm
addımlar atdı. Yeri gəlmişkən, qeyd edık
ki, XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycandan Rusiyaya əsasən neft və
neft məhsulları, həmçinin pambıq, balıq,
düyü, şərab, meyvə, xam ipək, gön-dəri,
xalça və s. göndərilir, oradan isə
taxıl, kartof, çay, qənd, bitki yağları,
manufaktura malları, dəmir, tikinti
materialları, sement, kimyəvi
mallar gətirilirdi. Rusiya ilə əmtəə
mübadiləsi başlıca olaraq Vladiqafqaz dəmir
yolu vasitəsilə həyata keçirilirdi. Neft və neft məhsulları isə əsasən dənizlə Həştərxana
daşınırdı. Məsələn, 1916-cı ildə
Bakı rayonundan aparılan və ümumi həcmi 408,8 mln.pud olan neft məhsullarının 366,4 mln. pudu Xəzər dənizi
vasitəsilə daşınmışdır ki, bu da Xəzər dənizi
vasitəsilə daşınan bütün əmtəə mallarının 89,6%-ni təşkil etmişdir. Azərbaycandan
Rusiyaya kənd təsərrüfatı məhsulları
da əsasən dənizlə və dəmir yolu vasitəsilə daşınırdı. Azərbaycanı
Rusiya və digər xarici
ölkələrlə əlaqələndirən əsas yol-nəqliyyat
xətləri, Qara və Xəzər dənizləri, Vladiqafqaz və
Zaqafqaziya dəmiryolları, eləcə də
Volqa çayının su-nəqliyyat
xətti olmuşdur. Qışda Volqa çayında
naviqasiya dayandırıldıqdan sonra isə
Volqa çayının su-nəqliyyat xəttini
Vladiqafqaz dəmir yolu xətti əvəz edirdi. Azərbaycan Rusiya və Qərbi Avropa ölkələri ilə əlaqəni Qara dəniz vasitəsilə (əsasən Batum və
Poti vasitəsilə) yarada bilirdi. Zaqafqaziya dəmiryolu xətti Qara və
Xəzər dənizlərini əlaqələndirməklə yanaşı,
Vladiqafqaz dəmir yolu ilə də qovuşaraq fasiləsiz dəmir yolu xətti
yaradırdı. Zaqafqaziya dəmiryolu xətti özünun
yolayrıcıları - Culfa-Təbriz
vasitəsilə İranla, Gümrü-Sarıqamış
vasitəsilə isə Türkiyə ilə əmtəə mübadiləsini
mümkün edirdi. Beləliklə, Azərbaycan
Şərqlə, eləcə də Şərqin Qərblə
ticarət əlaqələrində böyük
tranzit yolu rolunu oynayırdı. 1917-ci il oktyabrın 25-də Rusiyada mərkəzi
hakimiyyət bolşeviklər tərəfindən ələ keçirildikdən sonra bu ölkəni vətəndaş
müharibəsinin dəhşətli alovu bürüdü. Bəşəriyyət tarixində misli görünməmiş həmin
anarxiya keçmiş Rusiya imperiyasının bütün hissələrini əhatə etməyə
başladı. Hadisələrin bu cür inkişafı nəticəsində Rusiya imperiyasının tərkibinə daxil edilmiş milli regionlar öz
xalqlarını və ərazilərini hərc-mərclikdən
qorumaqdan ötrü bir-birinin ardınca öz müstəqilliyini elan etdilər. Bütün İmperiya ərazilərində cərəyan edən hadisələr
mərkəzlə ucqar regionlar arasındakı əlaqələrin pozulmasına və nəticə etibarilə
Rusiya imperiyasının dağılmasına gətirib
çıxartdı. 1917-ci ilin oktyabrında baş vermiş siyasi dəyişikliklərdən sonra isə
Rusiya ilə yeni əlaqələrin, o cümlədən
iqtisadi-ticarət əlaqələrinin yaradılmasında bir çox problemlər yarandı ki, onlardan da ən
başlıcası Rusiyanın heç bir guşəsində
vahid Rusiya hökuməti sayıla biləcək dövlət
qurumunun yoxluğu sayılırdı. Yaranmış son dərəcə mürəkkəb
siyasi vəziyyət yeni
iqtisadi əlaqələrin qurulmasını
mümkünsüz edirdi. Lakin müstəqillik yolunda ilk
addımlarını atmaqda olan Cümhuriyyət
hökuməti dövrün mürəkkəb problemləri
ilə əhatə olunmasına baxmayaraq, ölkədə iqtisadi vəziyyətin yaxşılaşdırılması istiqamətində lazımi tədbirlərin
həyata keçiriləcəyinə söz verərək,
müvafiq addımlar atmağa çalışırdı. Azərbaycan
Respublikası Ərzaq Nazirliyinin müvəkkili
V.Smirnov 19 yanvar 1919-cu il tarixli "Azərbaycan” qəzetində dərc olunmuş
müsahibəsində qeyd edirdi: ” Hazırkı mürəkkəb vəziyyətdən yeganə
çıxış yolu əmtəə mübadiləsi üçün normal şəraitin yaradılmasıdır. Ərzaq
Nazirliyi digər ölkə və vilayətlərdən ərzağın
alınması və tədarükü üçün öz nümayəndə və müvəkkillərini Ukraynaya və Kubana
göndərməyi qərara almışdır. Ərzaq Nazirliyinin müvəkkilləri yerli ərzaq təşkilatları,
kooperasiyalar ilə, həmçinin ayrı-ayrı şəxslərlə əmtəə mübadiləsinin
yaradılması haqqında danışıqların aparılması üçün Şimali Qafqaza, Qara dəniz
quberniyalarına və Kuban vilayətinə də
ezam edilmişdilər. Öz növbəsində, həmin vilayətlərin nümayəndələri də özlərinə lazım olan məhsulları
əldə etmək üçün Azərbaycana gəlirdilər. Həmin
ölkə və vilayətlərlə Azərbaycan arasında qənaətbəxş münasibətlərin yaradılması mümkün olmuşdur. Müstəqilliyin
ilk aylarından etibarən Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyinin qorunması, onun qonşu ölkə və vilayətlərlə həyata
keçirdiyi əmtəə mübadiləsini nizamlı surətdə
təşkil etmək üçün Cümhuriyyət hökuməti tərəfindən bir sıra mühüm qərarlar qəbul
edilmişdir. Belə ki, hökumətin 19 iyun 1918-ci il tarixli qərarı ilə Ərzaq
Nazirliyinə tapşırılırdı ki, gündəlik tələbat mallarının və mal-qaranın
ixracına qadağa qoyulması haqqında təcili olaraq qərar
dərc etsin. Hökumətin 22
iyun 1918-ci il
tarixli qərarı ilə
xarici ölkələrə şərab və digər ərzaq məhsullarının, 27 iyun 1918-ci il tarixli qərarla
ilə isə xaricə pambıq, ipək, yun, metal, mal-qara, çörək və digər məhsulların ixrac edilməsi qadağan olundu. Hökumətin 1918-ci il
iyunun 22-də qəbul etdiyi digər qərarla
xaricə ərzaq məhsullarının ixrac edilməsinin qarşısını
almaq məqsədilə, Poylu
stansiyasında sərhəd postu təsis edildi.
Xarici
ölkə və vilayətlərlə əmtəə mübadiləsini
nizamlı şəkildə həyata keçirməkdən ötrü müvafiq qurumun
yaradılmasına böyük ehtiyac duyulurdu.
Bu məqsədlə hökumətin 23 iyun 1918-ci il tarixli qərarı ilə əmtəə
mübadiləsi bürosunun təşkil edilməsi ticarət
və sənaye nazirinə tapşırıldı.
Beləliklə,
digər ölkə və regionlarla əmtəə mübadiləsinin təşkili, əmtəə mübadiləsinin norma və
qaydalarının müəyyən edilməsi üzrə müvafiq qərarların qəbul edilməsi üzrə Azərbaycan Respublikasının Ticarət və Sənaye Nazirliyi
nəzdində " Xarici dövlət və qonşu vilayətlərlə əmtəə mübadiləsi komitəsi”
təsis edildi. "Əmtəə Mübadiləsi Komitəsi” haqqında əsasnamə Hökumətin 12 fevral 1919-cu il tarixli qərarı
ilə təsdiq edildi. Həmin
Komitə idarələrarası məşvərətçi, ayrı-ayrı hallarda isə sərəncamverici orqan kimi yaradılmışdır. Azərbaycana lazım
olan malların xarici
ölkələrdən və qonşu vilayətlərdən idxal edilməsi, neft və
neft məhsullarının isə həmin ölkə
və vilayətlərə ixracına dair məsələlərlə ” Əmtəə mübadiləsi komitəsi” məşğul olurdu. Komitədə əmtəə mallarının Azərbaycandan ixracı və Azərbaycana idxalı ilə bağlı ərizələrə baxılır və müvafiq qərarlar qəbul
edilirdi. "Əmtəə mübadiləsi üzrə komitə”nin tərkibinə bir sıra hökumət və
ictimai təşkilatların nümayəndələri,
o cümlədən Ticarət, Sənaye və Ərzaq
Nazirliyi; Maliyyə Nazirliyi;
Əkinçilik və Dövlət
Əmlakı; Rabitə Yolları; Dövlət Nəzarəti Nazirliklərinin, eləcə də Neft Sənayeçilərinin Qurultay
Şurasının və Bakı Şəhər İdarəsinin nümayəndələri də daxil edilmişdir. Əmtəə mallarının
dəmiryolu vasitəsilə daşınması
haqqında məsələlər müzakirə
edilərkən, bu Komitənin iclasına
dəmiryolu daşınmaları bürosunun
sədri də dəvət
olunurdu. Arxiv sənədləri təsdiq edir ki, həmin dövrdə fəaliyyətdə olan
bir çox təşkilatlar Əmtəə Mübadiləsi
Komitəsinin yaradılmasını böyük
rəğbətlə qarşılamışdır.
Xarici
ölkələrə əmtəə mallarının ixrac edilməsi üzrə qaydalar işlənib
hazırlanaraq Azərbaycan Respublikasının
Ticarət və Sənaye Nazirliyinin 16
mart 1919-cu il tarixli qərarı ilə
təsdiq edilmişdir. Həmin qaydalara uyğun olaraq xaricə ixrac olunan
əmtəə malların siyahısı tərtib
edilmişdi. Siyahıda ixrac
olunan əmtəə malları üç
qrupa ayrılırdı. Birinci qrupa -
ixracına icazə verilməyən mallar və yaxud ixracına icazənin verilməsi Əmtəə Mübadiləsi Komitəsinin səlahiyyətinə
aid olmayan mallar daxil edilmişdir (məsələn,
çörək, taxıl, dənli bitkilər, müxtəlif
növ yarmalar, iri və kiçik
buynuzlu mal-qara, at, donuz, ev quşları, ət və ət məhsulları, etil
spirti, dava-dərman, kaustik soda, külçə və sikkə halında
olan qızıl və gümüş, sortluq dəmir
və dəmir məmulatları, soyuq
silah, yivli odlu silah, güllə, müxtəlif
barıt və mərmilər). İkinci
qrupa - ixracına Komitə tərəfindən
icazə verilən əmtəə malları daxil idi: (məsələn, düyü, düyü kraxmalı, makaron,
müxtəlif toxumlar, bostan toxumları,
müxtəlif tərəvəz məhsulları, kartof, noxud, paxla, tərəvəz konservləri, qoz, badam, püstə, şabalıd,
quru meyvələr və
meyvə konservləri; neft və
neft məhsulları; dəri və xəzlər
(aşılanmış və aşılanmamış); bitki və
lifli materiallar, o cümlədən pambıq, kənaf; yun və
yun məhsulları; barama toxumu, xam
ipək, brezent və kisələr, odlu
ov silahları). Yerdə qalan digər
mallar üçüncü qrupa aid edilmişdir ki, onların da sərbəst surətdə xarici ölkə
və vilayətlərə ixrac edilməsinə
icazə verilirdi.
Rafiq SƏFƏROV
Milli Arxiv İdarəsinin baş məsləhətçisi
Ardı növbəti sayımızda