• cümə, 29 Mart, 11:53
  • Baku Bakı 5°C

Azərbaycan vətəndaşlarını vaksinlə təmin edən ilk ölkələrdən biridir

01.04.21 20:15 967
Azərbaycan vətəndaşlarını vaksinlə təmin edən ilk ölkələrdən biridir
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2020-ci ilin fevralında koronavirusun geniş miqyasda yayılması səbəbindən bütün dünyada pandemiya elan etdi. Bir çox dövlətlər, eləcə də inkişaf etmiş Avropa ölkələrinin bəziləri pandemiyaya ciddi yanaşmadılar. Sonradan bu ölkələrdə hansı dəhşətlər yaşandığı hamımıza məlumdur. Çox sayda insan bu virusdan həyatını itirdi, ölkələrinin səhiyyə sistemləri demək olar ki, çökdü. Azərbaycan rəhbərliyi isə uzaqgörən siyasət yürüdərək qabaqlayıcı qərarlar qəbul etdi. Prezident İlham Əliyevin göstərişi ilə dərhal dövlət xəstəxanalarının bir qismi COVID xəstələrinin qəbulu üçün hazır vəziyyətə gətirildi. Tam yeni və müasir avadanlıqlarla təchiz olunmuş "Yeni klinika” sırf bu cür xəstələrin müalicəsi üçün vaxtından əvvəl istifadəyə verildi.
Azərbaycan Prezidentinin tapşırığına əsasən, qabaqlayıcı tədbirlər kimi bölgələr də daxil olmaqla, 10 ədəd modul tipli xəstəxana tikilərək istifadəyə verildi. Modul tipli xəstəxanaların bölgələrdə tikilməsi regionlarda virusa yoluxmuş vətəndaşlarımızın tez və effektli müalicəyə cəlb olunması üçün çox mühüm addım idi. Eyni zamanda, ölkəyə çox sayda laboratoriyalar gətirildi.
Görülən bu tədbirlər nəticəsində Azərbaycan virusun törədə biləcəyi təhlükəni nəzarətə almağı bacardı.
AZƏRTACxəbər verir ki, bu fikirləri Milli Məclisin səhiyyə komitəsinin üzvü Kamilə Əliyeva bildirib.
K.Əliyeva diqqətə çatdırıb ki, ÜST ölkəmizdə koronavirusla mübarizədə görülən tədbirləri çox yüksək qiymətləndərərək digər ölkələri də Azərbaycanın təcrübəsindən yararlanmağa çağırdı. Bir çox dövlətlər Azərbaycan təcrübəsindən istifadə etməklə bu sahədə irəliləyişə nail oldular. Azərbaycan beynəlxalq səviyyədə də köməyini əsirgəmədi. Dövlətimiz tərəfindən ÜST-ə 10 milyon dollar ianə edildi, 30-a yaxın ölkəyə yardım göndərildi. Bu, bir daha Azərbaycanın humanist ölkə, xalqımızın isə humanist xalq olduğunu sübut etdi.
Artıq dünyada virusla mübarizə çərçivəsində vaksinasiya prosesinə start verilib. Ölkəmizdə də vaksinasiya prosesi uğurla aparılır. Təəssüflər olsun ki, bu sahədə də ikili standartlar öz sözünü deməkdədir. Bir sıra böyük dövlətlər öz əhalisinin sayından artıq vaksin sifariş verib və alıb. Yoxsul və az inkişaf etmiş dövlətlərin əhalisi isə vaksin əldə edə bilmir, bununla da vətəndaşlarının sağlamlığı təhlükə altında qalır. Azərbaycan ilk vaxtlardan dünya dövlətlərini vaksinlə ədalətli şəkildə təmin olunmasını öz üzərinə götürən COVAX platforması ilə əməkdaşlıq edirdi. Çox təəssüf ki, COVAX üzərinə düşən öhdəlikləri yerinə yetirmədi və vəd olunan vaxtda Azərbaycanı vaksinlə təmin etmədi.
Deputat vurğulayıb ki, Azərbaycan vətəndaşlarını vaksinlə təmin edən ilk ölkələrdən biridir. Prezident İlham Əliyevin güclü və uzaqgörən siyasi xadim, eləcə də dövlət başçısı olması bir daha özünü göstərdi. Məhz dövlətimizin başçısının səyi və iradəsi sayəsində COVAX-la paralel vaksin istehsal edən digər ölkələrlə birbaşa əlaqə yaradıldı. Bu iş bu gün də davam etdirilir. Bu gün Azərbaycan MDB dövlətləri arasında peyvənd olunmuş əhalinin sayına görə faiz nisbəti ilə ilk yerdədir. Bu da Azərbaycanın istər iqtisadi, istərsə də siyasi cəhətdən güclü dövlət olduğunu sübut edir.
banner

Oxşar Xəbərlər