AZE | RUS | ENG |


Azərbaycan vətəndaşları sabaha inamla baxır - Fotolar

Azərbaycan vətəndaşları sabaha inamla baxır - Fotolar
2017-ci ildə davam edən ölkə iqtisadiyyatının inkişafı, xalq-iqtidar birliyi bu inamı hər ötən gün daha da gücləndirir

Davamlı sabitlik, xalq-iqtidar birliyi, iqtisadi tərəqqi, xalqımızın tolerantlıq, multikulturalizm ənənələrini yaşatması Azərbaycanı beynəlxalq əhəmiyyətli tədbirlərin keçirildiyi məkana çevirib. Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla icra edilən regional inkişaf proqramları sayəsində 2004-cü ildən başlayaraq, ölkə iqtisadiyyatı 3 dəfədən çox artıb. Həmin vaxtdan indiyə qədər Azərbaycanda 2 milyona yaxın iş yeri açılıb. Nəticədə, ölkəmizdə işsizlik dünyada ən aşağı səviyyəyə - cəmi 5 faizə enib. Halbuki, 2003-cü ildə bu göstərici 49 faizə bərabər olub. 
 
 

Əgər 2004-cü ildə yoxsulluğun səviyyəsi 40 faizdən artıq idisə, hazırda bu, cəmi 5-6 faizdir. Nağd valyuta ehtiyatlarımız ölkənin Ümumi Daxili Məhsuluna (ÜDM) bərabərdir. Xarici dövlət borcu ÜDM-in 20 faizindən azdır. Bu göstəricilər, uğurlar, bütün sahələr üzrə qazanılan nailiyyətlər sadəcə yerli analitiklər tərəfindən deyil, beynəlxalq təşkilatlar vasitəsilə də dilə gətirilir, etiraf olunur. Buna misal olaraq, 2009-cu ildə Dünya Bankının "Doing Business” hesabatında Azərbaycanın "Dünyanın aparıcı islahatçı ölkəsi” kimi qiymətləndirilməsini göstərmək olar. 2015-ci ildə Azərbaycan Minilliyin İnkişaf Məqsədlərinin icrasında əldə etdiyi böyük nailiyyətinə görə həmin ilin "Cənub-Cənub” mükafatını alıb və 2010-cu ildən etibarən yüksək insan inkişafı kateqoriyalı ölkələr sırasına daxil edilib. Davos Dünya İqtisadi Forumunun "2016-2017-ci illər üzrə qlobal rəqabətə davamlılıq hesabatında” Azərbaycan 138 ölkə sırasında 37-ci yer tutub. Son olaraq isə Ümumdünya Davos İqtisadi Forumu Azərbaycanı ölkələrin iqtisadiyyatlarının rəqabətqabiliyyətliliyinə görə 35-ci yerə layiq görüb.

Təbii ki, bütün bu uğurlar Azərbaycan vətəndaşları, həmçinin dünya azərbaycanlıları tərəfindən də müşahidə edilir. Elə bunun nəticəsidir ki, reallıqları düzgün qiymətləndirməyi bacaran azərbaycanlılar ümummilli lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı İlham Əliyevi dəstəkləyirlər. Azərbaycanda keçirilən seçkilərdə məhz bu siyasi kurs qalib gəlib. Bu gün də ölkədə xalq-iqtidar birliyi hökm sürməkdədir. Bu ayın əvvəlində Hollandiyanın ING maliyyə holdinqi analitiklərinin Azərbaycan barədə hazırladıqları məruzədə də ölkəmizin əldə etdiyi uğurlar, əhalinin dövlət başçısına etimadı və mövcud iqtisadi inkişaf təfsilatlı şəkildə öz əksini tapıb. Azərbaycanla bağlı araşdırmaları bu holdinqin tərəfdaşı olan ACT LLC humanitar tərəfdaşlıq təşkilatı Avropa İttifaqının "Şərq Tərəfdaşlığı” proqramının sifarişi əsasında aparıb. Bu məruzəyə görə, Azərbaycan vətəndaşlarının 81 faizi hökumətə etibar edir. Siyasi partiyalar rəyi soruşulanların 45 faizinin, Milli Məclis 65 faizinin etibarını doğruldur. Vətəndaşların 80 faizə qədəri ölkənin gələcəyini nikbin qiymətləndirir, şəxsi gələcəyinə isə rəyi soruşulanların 83 faizə yaxını nikbinliklə baxır. Araşdırma zamanı, həmçinin Azərbaycanda iqtisadi vəziyyət də təhlil olunub. 2018-ci il üçün inflyasiyanın səviyyəsi 6,9 faiz proqnozlaşdırılıb. Qeyd edilib ki, 2018-ci ildə manatın dollara nisbətində orta illik məzənnənin 1,59 (hazırda 1,7) təşkil edəcəyi gözlənilir. 2018-ci ildə neftin bir barrelinin qiymətinin 51 dollar olacağı proqnozlaşdırılıb. Analitiklər daxili tələbatın daha da sabitləşəcəyini bildiriblər. Həmçinin qeyd olunub ki, ötən il pərakəndə satışların artımı 2 faiz ətrafında dəyişib, əməkhaqqı və gəlirlərin artması istiqamətində ilk dönüş əlamətləri qeydə alınıb.
 
 

Göründüyü kimi, Hollandiyaya məxsus maliyyə təşkilatının məruzəsində yer alan bu məlumatlar son illərdə Azərbaycanda yeni iqtisadi şəraitə uyğun olaraq aparılan islahatlar və görülən işlərin məntiqi nəticəsidir. Burada diqqət çəkən başlıca məqamlardan biri də Azərbaycan vətəndaşlarının böyük qisminin gələcəyə nikbin baxmasıdır. Sorğunun bu nəticəsi təsadüfən yaranmayıb. Təkcə son bir ildə Azərbaycan iqtisadiyyatında, xüsusən də qeyri-neft sektorunda müşahidə olunan inkişaf insanların yaşayışına müsbət təsir edib. Kənd təsərrüfatında olan canlanmanı da bura daxil etmək olar. Bu mənada bölgələrin inkişafı istiqamətində görülən işlər də təqdirəlayiq hal kimi dəyərləndirilməlidir. İlin ən əlamətdar hadisələri sayılan "Azəri-Çıraq-Günəşli” yataqları üzrə yeni sazişin – "Yeni Əsrin Müqaviləsi”nin imzalanması və Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasiminin keçirilməsi də ölkəmizin iqtisadi inkişafında, vətəndaşlarımızın sosial rifahının yaxşılaşdırılmasında mühüm rol oynayır. Azərbaycanın gələcək inkişafı, maliyyə imkanlarının genişləndirilməsi üçün "Yeni Əsrin Müqaviləsi”nin çox böyük əhəmiyyəti var. Avropa ilə Asiyanı birləşdirən və dünyanın 100 böyük layihəsi siyahısına daxil olan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin inşası da xüsusi strateji əhəmiyyət daşıyır. Çünki bu xəttin işə düşməsi Azərbaycanın dövlət müstəqilliyinin daha da gücləndirilməsində, iqtisadi qüdrətinin artırılmasında mühüm strateji amildir. Tam əminliklə qeyd etmək olar ki, 2017-ci ildə reallaşan nəhəng enerji layihələri, o cümlədən 40 milyard dollar dəyəri olan "Cənub Qaz Dəhlizi” də ölkəmizin uzunmüddətli uğurlu, dayanıqlı inkişafını dəstəkləyəcək.

Əlbəttə ki, sadalanan bu faktlar Azərbaycan vətəndaşlarının sabaha inamını daha da artırır, onların öz gələcəklərinə nikbinliklə yanaşmasına səbəb olur. Bundan irəli gələrək, xalq iqtidarın siyasətini, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatları dəstəkləyir. Xalq-iqtidar birliyi, böyük uzaqgörənliklə reallaşdırılan siyasət isə Azərbaycanın regionun lider dövləti statusunu qoruyub saxlaması ilə nəticələnir.
 
Alpər TURAN


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0041
GEL 1 Gürcü larisi 0.6703
GBP 1 İngilis funt sterlinqi 2.3571
TRY 1 Türk lirəsi 0.4447
KWD 1 Küveyt dinarı 5.6549
SEK 1 İsveç kronu 0.2113
EUR 1 Avro 2.0780
CHF 1 İsveçrə frankı 1.7651
USD 1 ABŞ dolları 1.7001