• cümə, 19 Aprel, 18:45
  • Baku Bakı 24°C

Azərbaycan vətəndaşları neftin ucuzlaşmasını hiss etməyəcəklər

18.12.14 09:33 919
Azərbaycan vətəndaşları neftin ucuzlaşmasını hiss etməyəcəklər
Hazırda dünya gündəmini zəbt edən əsas məsələlərdən biri də neftin sürətlə ucuzlaşmasıdır. Bu tendensiya iqtisadiyyatı neftdən asılı olan dövlətləri xüsusilə narahat etməkdədir. Ucuzlaşmanın davamlı olması, bunun nəticəsində Rusiyada yaşanan proseslər təbii ki, neft və qaz ölkəsi olan Azərbaycanda da hamını narahat edir. İnsanların bu prosesin onlara da ziyan vuracağından ehtiyat edirlər.
Amma Azərbaycan dövlətinin gücü respublikamızın bu sınaqdan da üzü ağ çıxacağını deməyə əsas verir. Dekabrın 16-da Sabirabadda, Heydər Əliyev Mərkəzində ASAN Könüllülərinin I Ümumrespublika Forumundakı çıxışında prezident İlham Əliyevin bununla bağlı önəmli açıqlamalar verib. Prezident neftin qiymətinin düşməsinin Azərbaycana təsirindən danışıb: “İndi neftin qiyməti çox aşağı düşüb. Azərbaycanda bir adam bunu hiss edibmi? Xeyr, hiss etməyəcək. Çünki bizim çox güclü iqtisadi dayaqlarımız var. Manatın məzənnəsi sabitdir və bu, onu deməyə əsas verir ki, həm iqtisadi gücümüz, düşünülmüş siyasətimiz, eyni zamanda, sosial siyasətimiz var. İndi manatın məzənnəsinin sabit olması bəlkə də bizim ixrac potensialımız üçün o qədər də müsbət hal deyil. Ancaq bu, sosial məsələdir. Belə də olmalıdır”.
Prezident deyib ki, Azərbaycan nadir inkişaf modelini ortaya qoyur və öz təcrübəsini bölüşməyə hazırdır: “Ona görə hər bir gənc haqlı olaraq fəxr edir və fəxr etməlidir ki, Azərbaycan vətəndaşıdır. Hər bir gənc çalışmalıdır ki, ölkəmiz daha da möhkəmlənsin, daha da güclü olsun, bizim təsir imkanlarımız artsın. Hər bir gənc milli köklərə, milli ənənələrə, bizim adət-ənənələrə bağlı olmalıdır. Xarici təsirdən azad olmalıdır. Biz dünyanın müsbət təcrübəsini onsuz da Azərbaycanda tətbiq edirik, nə lazımdırsa onu edirik. Mən çox istəyirəm və əminəm ki, belə də olacaq, çünki bugünkü reallıq da belədir”.
Prezidenti qeyd edib ki, Azərbaycan öz yolu, müstəqillik yolu ilə gedir: «Biz əsrlər boyu başqa ölkələrin, imperiyaların tərkibində olmuşuq. Azad, müstəqil olmamışıq. Nə üçün bizim xalqımız azad, müstəqil yaşaya bilməz? Biz 23 ildir ki, müstəqilik. Bu, böyük xoşbəxtlikdir. Bu, ən böyük sərvətimizdir. Ancaq bu müstəqillik, eyni zamanda, siyasi müstəqilliklə də tamamlanmalıdır və bu gün bu, Azərbaycanda var. Biz müstəqil siyasət aparırıq. Heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməz. Biz heç kimin diktəsi ilə oturub durmuruq və oturub durmayacağıq. Öz sözümüzü daim açıq deyəcəyik və prinsipial mövqeyimizi nümayiş etdirəcəyik. Həmişə də belə olmalıdır. Siz də bu ruhda böyüməlisiniz, tərbiyə almalısınız ki, heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməsin və Azərbaycan inkişaf, azadlıq, müstəqillik yolu ilə getsin”.
Xatırladaq ki, bir müddət öncə prezident İlham Əliyev «Rossiya-24» informasiya telekanalına müsahibəsində də neftin qiyməti 60 dollara düşərsə belə, Azərbaycan iqtisadiyyatının sabit inkişaf edəcəyini bildirib: «Yeganə mənfi hal budur ki, biz il ərzində görməyi planlaşdırdığımız işləri iki ilə görəcəyik. Sadəcə prioritet olmayan istiqamətlər, infrastruktur layihələri üzrə büdcə xərclərini azaldacağıq. Yaxşı ki, əvvəlki illərdə biz artıq həmin layihələri əsasən həyata keçirmişik».
Bu açıqlamalarla prezident bir növ vətəndaşların narahatlığına son qoyub. İnsanlar əmin olublar ki, dünya bazarlarında iqtisadi qanunauyğunluqlardan kənar baş verən proseslər onların ailə büdcələrinə ciddi təsir etməyəcək. Bütün itkilər dövlət hesabına kompensasiya ediləcək.
Kimsə düşünə bilər ki, Azərbaycan neft ölkəsidir, bu il də dövlət büdcəsində neftin bir barelinin qiyməti 90 dollar nəzərdə tutulub. Hazırda isə dünya bazarında neft təxminən 60 dollara satılır. Belə olan halda bu proseslərin Azərbaycana təsiri necə olmaya bilər. Prezident son açıqlamaları ilə bunun dəqiq cavabını verib. Birincisi, Azərbaycanın kifayət qədər valyuta ehtiyatları var. Lazım gələrsə, yaranmış kəsir həmin ehtiyatların hesabına bağlanacaq. İkincisi, əgər vəziyyət dəyişməzsə, neftin qiymətlərində artım qeydə alınmazsa, hökumətin alternativ planları var. Bu, ilk növbədə infrastruktur layihələrinə yönəldilən vəsaitlərin bir qədər azaldılmasıdır. Prezident İlham Əliyevin də dediyi kimi, sadəcə olaraq bir il ərzində görülməli olan işlər iki il ərzində görüləcək. Dövlətin əhali qarşısındakı sosial öhdəliklərinin icra olunmasında isə heç bir problem, axsama olmayacaq. Bu, həm də Azərbaycan dövlətinin, rəhbərliyinin öz vətəndaşlarına verdiyi dəyərin göstəricisi hesab oluna bilər.
Çox yaxşı haldır ki, müstəqillik illərində, xüsusilə də son 10 ildə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi istiqamətində xeyli işlər görülüb. Hazırda qeyri-neft sektorunun inkişaf sürəti neft sektorunu xeyli üstələyir. Bütün bunlar neftin qiymətinin ucuzlaşdığı bu günlərdə bizim xeyli köməyimizə çatacaq. Baş verənlər qeyri-neft sektoruna diqqətin daha da artmasına səbəb olacaq. Kənd təsərrüfatının daha da inkişaf etməsi, rentabelliyin artması istiqamətində işlər daha da sürətləndiriləcək.
Çox uzağa getmək lazım deyil, bir neçə il əvvəl dünyada müşahidə edilən qlobal maliyyə böhranı da Azərbaycana demək olar ki, təsirsiz ötüşdü. O, vaxt da milli valyutamız dayanıqlılığını tam qoruyub saxladı, dövlət sosial öhdəliklərini artıqlaması ilə yerinə yetirdi, vətəndaşlar böhranın təsirini öz yaşayışlarında hiss etmədilər. O vaxt da Azərbaycan rəsmiləri qlobal maliyyə böhranının Azərbaycana təsir etməyəcəyini deyəndə çoxları buna ağız büzürdü. Amma zaman göstərdi ki, deyilənlər quru söz yox, reallıq idi. Bu təcrübəyə əsaslanıb Azərbaycanın budəfəki çətinlikdən də uğurla çıxacağı, baş verənlərin vətəndaşların həyatında hiss olunmayacağı haqda bəyanatların da konkret əsaslara söykəndiyini iddia etmək olar.
İlham QULİYEV
banner

Oxşar Xəbərlər