• cümə axşamı, 28 mart, 19:28
  • Baku Bakı 13°C

Azərbaycan və Özbəkistan arasında mədəni körpü

04.01.19 12:37 708
Azərbaycan və Özbəkistan arasında mədəni körpü
2018-ci il Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi üçün uğurlu olub və il ərzində bir çox layihələrə imza atılıb. 20 Yanvar, Xocalı faciələri, 31 mart-Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Daşkənddə tədbirlər keçirilib. İl ərzində Daşkənddə Azərbaycan mədəniyyətinə, ədəbiyyatına həsr olunan silsilə tədbirlər təşkil edilib. Paytaxtdakı "Türküstan” sarayında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə bağlı dostluq konserti olub, Özbəkistanın gənclərdən ibarət Simfonik orkestri və Azərbaycanın Əməkdar artisti, 2017-ci il "Şərq təranələri” Beynəlxalq Musiqi Festivalının Qran-Pri mükafatının sahibi Sahib Paşazadə çıxış ediblər. Konsertdə Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Fikrət Əmirovun, Vasif Adıgözəlovun, Fərhad Bədəlbəylinin əsərləri ifa olunub.
Bu fikirləriAZƏRTAC-ın müxbirinə müsahibəsində Özbəkistandakı Azərbaycan səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) direktoru Samir Abbasov söyləyib.
Samir Abbasov deyib: "Özbəkistan prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə qardaş ölkədə ilk dəfə olaraq Beynəlxalq Muğam Festivalı keçirilib. Əmir Teymurun vətəni - qədim Şəxrisəbz şəhərində baş tutan beynəlxalq festivalın açılışında Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayev iştirak edib. Çox sevindirici haldır ki, müsabiqənin Qran-Pri mükafatı Azərbaycan musiqiçisinə verilib”.
S.Abbasov bildirib ki, AMM-nin layihəsi ilə noyabr ayında qardaş ölkədə "Azərbaycan mədəniyyəti və ədəbiyyatı həftəsi” təşkil edilib, həftə ərzində Daşkənddə müxtəlif tədbirlər baş tutub. Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetində keçirilən "Azərbaycan mədəniyyəti və ədəbiyyatı həftəsi”ndə "Qürurumuz - yüz illik Cümhuriyyətimiz” adlı foto, rəsm, kitab, əl işləri sərgisi, habelə milli mədəniyyətimizə dair suvenirlər, milli geyimlərimiz nümayiş etdirilib, Mədəniyyət Mərkəzinin layihəsi ilə hazırlanan "Əzəli dostluq riştələri” adlı sənədli film iştirakçılara təqdim olunub. Ötən ilin noyabr ayında Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetində "Hüseyn Cavid yaradıcılığı dünya dramaturgiyasının zirvəsidir” adlı Beynəlxalq Elmi Konfrans keçirilib. Universitetin, Özbəkistandakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin, Azərbaycanın "Kaspi” qəzeti və eyni adlı Təhsil Şirkətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə hər iki ölkə arasında ədəbi əlaqələr, Hüseyn Cavid yaradıcılığına dair onlarca məruzə dinlənilib və konfransın materialları artıq Daşkənddə çap olunub. Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Daşkənddə özbək dilində nəşr olunmuş "Hüseyn Cavid: Seçilmiş əsərləri” kitabının təqdimatı da təşkil olunub.
Mədəniyyət Mərkəzinin direktoru deyib: "2018-ci ildə özbək ədəbiyyatının tanınmış nümayəndəsi, tərcüməçi, pedaqoq, soydaşımız Maqsud Şeyxzadənin anadan olmasının 110 illiyi münasibətilə AMM tərəfindən silsilə tədbirlər və layihələr həyata keçirilib. Bu məqsədlə Daşkənddə və Bakıda Beynəlxalq elmi konfranslar, habelə Maqsud Şeyxzadəyə həsr olunmuş "İki xalqın iftixarı” adlı sənədli filmin və "Özbək şeir çələngi” adlı kitabın təqdimatı olub”.
Ötən il ərzində yerli mətbuatla sıx əməkdaşlıq edilib, Azərbaycanın Özbəkistandakı Səfirliyi, Mədəniyyət Nazirliyinin və "AZAL” Azərbaycan Hava Yolları şirkətinin dəstəyi ilə bir sıra aparıcı media qurumlarının təmsilçilərinin Azərbaycana "Mediatur”u təşkil olunub. "Mediatur”un əsas məqsədi Azərbaycan həqiqətlərinin, ölkəmizin əldə etdiyi nailiyyətlərin, habelə tariximiz, mədəniyyətimiz, turizm imkanlarımız haqqında qarşı tərəfi məlumatlandırmaq və onu Özbəkistan mediasında geniş təbliğ edilməsidir.
2019-cu ildə mədəniyyət mərkəzinin planları və layihələri haqqında danışan Samir Abbasov deyib: "Biz Özbəkistanda ölkəmizin təbliği, mədəniyyətimiz, ədəbiyyatımızla bağlı çoxsaylı layihələrin reallaşdırılmasını nəzərdə tutmuşuq. Keçən il başladığımız bir sıra maraqlı layihələrin bu il başa çatdırılmasını planlaşdırırıq. Tarixdə ilk dəfə olaraq Azərbaycan-Özbək, Özbək-Azərbaycan lüğətinin tərtibini həyata keçiririk. Azərbaycan və Özbəkistanın tanınmış dilçi alimlərinin iştirakı ilə xüsusi sözlüyün tərtibi artıq yekunlaşmaq üzrədir. Bildiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2019-cu ildə dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi ölkəmizdə və dünyada geniş qeyd olunacaq. Bu münasibətlə Özbəkistanda Azərbaycan və özbək alimlərinin, ədəbiyyatşünasların iştirakı ilə "Mən əbədiyyət üfüqlərində doğan еşq günəşiyəm” adlı beynəlxalq elmi konfransın keçirilməsi planlaşdırılır. İmadəddin Nəsiminin qəzəllərinin özbək dilinə tərcüməsi işinə artıq başlanıb və dahi şairin qəzəlləri Daşkənddə nəşr olunacaq. Bundan başqa Özbəkistan Universitetlərində "Məndə sığar iki cahan, mən bu cahana sığmazam” adlı şeir müsabiqəsinin keçirilməsini, habelə Nəsimi irsinə dair Özbəkistan Milli Elmlər Akademiyasının Biruni adına Şərqşünaslıq İnstitutunda saxlanılan əlyazmaların müəyyən edilməsi, onların surətlərinin qarşılıqlı əsaslarla Azərbaycana hədiyyə olunması üzərində çalışırıq. Azərbaycan xalq ədəbiyyatının nadir əsəri olan "Kitabi - Dədə Qorqud” dastanının özbək dilinə tərcümə və nəşri qarşımızda duran əsas işlərdəndir. Azərbaycan Prezident İlham Əliyevin məlum sərəncamlarına əsasən Azərbaycan dilinə, ədəbiyyatına qayğı və diqqətin artırılması bu sahədə layihələrin həyata keçirilməsini zəruri edir”.
Bildirib ki, bu ənənənin davamı olaraq 2019-cu ildə Özbəkistanın nüfuzlu elm ocaqlarından sayılan Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetində Füzuli adına Azərbaycan Mədəniyyət, Təhsil və Tədqiqatlar Mərkəzinin yaradılması nəzərdə tutulur. Mərkəzdə ölkəmizə dair kitabxana, muzey, kinozal fəaliyyət göstərəcək, Azərbaycan dili kursları, habelə ədəbiyyatımıza dair azərbaycanlı mütəxəssislərin iştirakı ilə mühazirələr, açıq dərslər, sərgi və seminarlar təşkil olunacaq. Növbəti il üçün Azərbaycanın tanınmış sənətçilərinin, musiqiçilərinin konsertlərinin, şair və yazıçılarla görüşlərin, kitab təqdimatlarının keçirilməsini nəzərdə tutmuşuq.
Diplomat Özbəkistanda yaşayıb-yaratmış tanınmış azərbaycanlıların irsinin təbliği istiqamətində də xeyli iş görüldüyünü, tanınmış rəssamlar Eynulla Əliyev, Yusif Hüseynovun, şair İxtiyar Rzanın yaşadıqları evlərinin üzərində barelyeflərinin açıldığını, şair-dramaturq Maqsud Şeyxzadəyə həsr olunmuş sənədli filmin çəkildiyini, pedaqoq-tərcüməçi Seyid Rza Əlizadənin adına Səmərqənd Dövlət Universitetində Dostluq Mərkəzinin yaradıldığını qeyd edib. O, layihənin növbəti ildə də davam etdiriləcəyini bildirib.
O vurğulayıb ki, Azərbaycanın təbliği və ölkəmiz haqqında dünya ictimaiyyətinin obyektiv, operativ informasiya təminatını həyata keçirmək məqsədilə AMM-də "Wikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən "Wikipedia.org" Beynəlxalq Elektron Ensiklopediyasında ölkəmizə dair özbək dilində onlarca bölmə yaradılıb. Bununla da mütəmadi olaraq internetdə özbək dilində "Azərbaycan” seqmenti üzrə informasiyalar xeyli artmaqdadır.
S. Abbasov sonda bildirib ki, Azərbaycan mədəniyyətini, incəsənətini, turizmini, habelə ölkəmizin əldə etdiyi nailiyyətləri daha geniş təbliğ etmək məqsədilə dünyanın ən çox izləyicisi olan məlumat-video portalı "Youtube”da Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin videokanalı yaradılıb və bölmə mütəmadi olaraq yenilənir. Portala milli mədəniyyətimizə dair videoçarxlar, məlumatlar, AMM-nin layihəsi ilə keçirilən tədbirlər, Azərbaycan və Özbəkistan telekanallarında nümayiş etdirilən verilişlər, Azərbaycanın əldə etdiyi nailiyyətlər, milli mədəni irsimiz, ölkəmizin turizm ehtiyatları, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair ekran əsərləri, milli rəqslərimiz, ölkəmiz üçün aktuallıq kəsb edən materialların videoyazıları daxil edilir. Artıq Mədəniyyət Mərkəzi tərəfindən hazırlanan sənədli filmlərin, özbək dilinə dublyaj olunan Azərbaycan bədii filmlərinin, cizgi filmlərinin, musiqi layihələrinin, kliplərin qeyd olunan kanala əlavə edilməsinə start verilib.
banner

Oxşar Xəbərlər