• şənbə, 20 Aprel, 02:56
  • Baku Bakı 15°C

Azərbaycan və Türkmənistan yeni nəqliyyat dəhlizi yaradacaq

12.03.20 20:04 3899
Azərbaycan və Türkmənistan yeni nəqliyyat dəhlizi yaradacaq
Uzunluğu min kilometrlərlə ölçülən yeni nəqliyyat dəhlizi ölkələrimizin daha da inkişaf etməsi üçün əlverişli şərait yaradacaq, regional əməkdaşlığı möhkəmləndirəcək

Azərbaycan-Türkmənistan münasibətlərinin qədim tarixi var. Eyni kökə, mədəniyyətə, qədim tarixi münasibətlərə, ənənələrə malik olan azərbaycanlılar və türkmənləri dil, din eyniliyi də birləşdirir. Orta Asiya xalqları içərisində milli mənsubiyyəti baxımından Azərbaycan xalqına ən yaxın olan məhz türkmənlər hesab olunur. Çünki, hər iki xalq türklərin oğuz boyundandır. Hər iki ölkəSSRİ-nin tərkibində müttəfiq respublika olub. Elə həmin dövrdə bu ölkələr arasında iqtisadi və mədəni əlaqələr formalaşıb. SSRİ dağıldıqdan, postsovet məkanında müstəqil dövlətlər yarandıqdan sonra bu münasibətlər daha da inkişaf etməyə başlayıb və 1992-ci il iyun ayının 9-da diplomatik əlaqələrqurulub. 1993-cü ili dekabrın 23-24-də Aşqabadda keçirilən MDB-yə üzv ölkələrin başçılarının Zirvə toplantısında iştirak edən Azərbaycan Prezidenti, ulu öndər Heydər Əliyevlə Türkmənistan dövlət başçısı Saparmurad Niyazov arasında keçirilmiş görüş iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi, maraq doğuran regional və beynəlxalq məsələlər barəsində fikir mübadiləsi aparılması baxımından mühüm əhəmiyyət kəsb edir. Məhz bu tarixi görüşdən sonra ölkələrimiz arasında münasibətlər yaxşılaşıb. 1999-cu il iyunun 8-də Türkmənistanın Azərbaycanda, 2002-ci ilin avqust ayında Azərbaycanın Aşqabadda səfirliyi fəaliyyətə başlayıb. Bununla da qarşılıqlı əlaqələr bir qədər də inkişaf etdirilib.

Operativ əlaqələndirmə mexanizmlərinin yaradılması
Hazırda Azərbaycan və Türkmənistan arasında əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır. Azərbaycanla Türkmənistan arasında quru, dəniz və dəmir-yol nəqliyyat daşımaları sahəsində əlaqələrin inkişaf etdirilməsi mühüm əhəmiyyət daşıyır. Bu əlaqələr iki ölkənin maraqlarına, regionda və bütöv Avrasiya qitəsi boyunca Şərq-Qərb nəqliyyat dəhlizinin hərtərəfli inkişafına xidmət edir. Azərbaycanda və Türkmənistanda paralel surətdə multi-modal nəqliyyat sistemləri, dəniz limanları, yol-nəqliyyat infrastrukturu yaradılıb. İndiyə qədər Türkmənistan və Azərbaycan dövlət başçılarının, hökumət üzvlərinin çoxsaylı qarşılıqlı səfərləri reallaşıb. 2018-ci ilin 21-22 noyabr tarixində Prezident İlham Əliyev Türkmənistanda növbəti dəfə səfərdə olub. Səfər çərçivəsində dövlət başçısının Türkmənistan prezidenti ilə təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli görüşü olub. Keçirilən görüşlərdə Azərbaycan və Türkmənistan arasında siyasi, iqtisadi, ticarət, energetika, nəqliyyat-logistika və mədəni-humanitar sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Həmin səfər zamanı müxtəlif sahələrdə əməkdaşlığa dair 20 müqavilə imzalanıb. Bu səfər iki ölkənin nəqliyyat sistemlərinin inteqrasiyası və harmonizasiya edilməsi, nəqliyyat və digər sahələrdə əməkdaşlığın müqavilə-hüquq bazasının və hökumət səviyyəsində operativ əlaqələndirmə mexanizmlərinin yaradılmasına əsaslı təkan verib.

Qarşılıqlı səfərlər mütəmadi xarakter alıb
Cari il martın 11-də Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfəri reallaşıb. Qarşılanma mərasimindən sonra Azərbaycan dövlət başçısı İlham Əliyev ilə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun təkbətək və nümayəndə heyətinin iştirakı ilə geniş tərkibdə görüşü olub. Görüşlərdə Azərbaycan ilə Türkmənistan arasında əlaqələrin strateji tərəfdaşlıq xarakteri daşıdığı, Azərbaycan və Türkmənistan prezidentlərinin qarşılıqlı səfərlərinin mütəmadi xarakter aldığı vurğulanıb. Enerji, kənd təsərrüfatı, elm-təhsil, turizm, mədəniyyət, idman və digər sahələrdə əməkdaşlığa dair ətraflı fikir mübadiləsi aparılıb. Prezident İlham Əliyev dünyada iqtisadi-maliyyə sahəsində boşluqların olduğu bir dövrdə hər iki ölkə arasında iqtisadi-ticari münasibətlərin inkişaf etdiyini, əmtəə dövriyyəsinin artdığını diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan və Türkmənistan Xəzər, Mərkəzi Asiya və Qafqaz regionunda çox mühüm məsələləri həll edir.

Tranzit-nəqliyyat potensialının gücləndirilməsi
Elə həmin gün Prezidentlər İlham Əliyevin və Qurbanqulu Berdiməhəmmədovun iştirakı ilə Azərbaycan-Türkmənistan sənədlərinin imzalanması mərasimi olub və ümumilikdə 20-yə yaxın sənəd imzalanıb. Bunun ardınca mətbuata bəyanatla çıxış edən Prezident İlham Əliyev imzalanmış sənədlərin ölkələrimiz arasında çox geniş olan müqavilə-hüquq bazasını tamamladığını dilə gətirib. Qeyd edib ki, bununla əməkdaşlığımızın strateji inkişafına sadiq qaldığımız bir daha təsdiq olunub. Ölkə rəhbəri deyib ki, keçirilən görüşlərdə nəqliyyat-logistika sahəsi haqqında ətraflı söhbət edilib, müvafiq dövlət strukturlarına bu istiqamətdə işin intensivləşdirilməsinə, ölkələrimizin tranzit-nəqliyyat potensialının möhkəmləndirilməsinə dair səylərin əlaqələndirilməsi barədə tapşırıqlar verilib. Prezident İlham Əliyev bildirib ki, həm Türkmənistanda, həm də Azərbaycanda nəqliyyat infrastrukturuna çox böyük diqqət yetirilir, qonşularla sıx qarşılıqlı əlaqə və xoş münasibətlər qorunub saxlanılır. Həmin dövlətlərdən daha çox yükgöndərənlərin cəlb olunması və digər işlər sayəsində Azərbaycan və Türkmənistan uzunluğu min kilometrlərlə ölçülən yeni nəqliyyat dəhlizi yaradacaq. Beləliklə, ölkələrimizin daha da inkişaf etməsi üçün əlverişli şərait yaranacaq, regional əməkdaşlıq möhkəmləndiriləcək. Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov da bəyanatla çıxış edərək, tranzit-nəqliyyat dəhlizinin inkişafına xüsusi önəm verildiyini, "Lyapis Lazuli” adlanan layihə barədə saziş qəbul edildiyini söyləyib. Deyib ki, bu dəhliz Əfqanıstandan başlanır, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyə ərazisindən keçərək Avropaya çıxır. Bununla da Azərbaycan və Türkmənistan Asiya ilə Avropanın birləşdirilməsində mühüm rol oynayır.

Azərbaycanın müstəqilliyinin qarantı
Milli Məclisin Azərbaycan-Türkmənistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, iqtisadçı Vahid Əhmədov bildirib ki, Azərbaycan-Türkmənistan münasibətləri yüksək səviyyədədir. Deputatın fikrincə, Azərbaycan regionda əsas dövlətlərdən birinə çevrildikdən sonra Türkmənistan ölkəmizlə münasibətləri daha da inkişaf etdirməyə çalışıb: "Azərbaycanın regiondakı nüfuzu, ölkəmizin xaricə çıxış imkanlarının genişlənməsi, uğurla həyata keçirilən neft-qaz, nəqliyyat dəhlizi layihələri qonşu dövlətlərə də sirayət edir, onlar qarşılıqlı münasibətlərin inkişafına maraq göstərirlər. Azərbaycan öz sərvətlərini – neftini və qazını sərbəst şəkildə Avropaya ixrac edir. Cənub Qaz Dəhlizi layihəsinin son hissəsinin – Trans-Adriatik Boru Kəməri (TAP) layihəsinin istifadəyə verilməsindən sonra il ərzində 31 milyard kubmetr qaz ixrac ediləcək. Bunun təxminən 10 milyard kubmetri Azərbaycan tərəfindən ixrac olunacaq. Bu kəmər vasitəsilə Avropa bazarına qaz ixrac etmək üçün digər dövlətlər maraq göstərirlər. Bu kontekstdə Türkmənistan dövləti də maraqlı tərəf kimi çıxış edir. Uzun müddət idi dövlət başçıları, şirkət rəhbərləri səviyyəsində danışıqlar gedirdi. Böyük ehtimalla müsbət qərar qəbul ediləcək və Türkmənistan da öz qazını perspektivdə bu kəmər vasitəsilə ixrac edəcək. Necə ki, 1994-cü ildə ulu öndər Heydər Əliyevin iştirakı ilə "Əsrin müqaviləsi” imzalandı, məhz onun təşəbbüsü və siyasi iradəsi sayəsində Bakı-Tbilisi-Ceyhan neft kəmərinin əsası qoyuldu, layihə uğurla həyata keçirildi, eləcə də Cənub Qaz Dəhlizi Prezident İlham Əliyevin siyasi iradəsi, təşəbbüsü sayəsində reallaşmaqdadır. Bu layihə də XXI əsrin layihəsidir. Bu layihənin həyata keçirilməsi Azərbaycanın müstəqilliyinin qarantıdır, böyük dövlətlər bu layihənin iştirakçısıdır. Azərbaycan dünyada siyasi və iqtisadi cəhətdən öz sözünü deyən dövlətdir. Ona görə də ölkəmizə maraq həddən artıq böyükdür. Bunun da başında Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən siyasi kurs dayanır”.

İkitərəfli əməkdaşlıq daha da genişlənəcək
Milli Məclisin Azərbaycan-Türkmənistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Ramin Məmmədovda hesab edir ki, Türkmənistan Prezidentinin Azərbaycana rəsmi səfəri və imzalanan sənədlər iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə mühüm töhfə verəcək. Deputat vurğulayıb ki, səfər zamanı dövlət başçıları təkbətək görüşlər keçirib, bir sıra mühüm sənədlər, o cümlədən hava yolları, media, miqrasiya, elm və təhsil, rabitə, informasiya-kommunikasiya texnologiyaları, investisiyaların təşviqi və digər sahələrdə əməkdaşlığın inkişafı istiqamətində anlaşma memorandumları imzalanıb:"Göründüyü kimi bu sənədlər iki ölkə arasında əlaqələrin daha da yüksəldilməsinə, siyasi, iqtisadi, mədəni sahələrdəki əlaqələrimizin yeni mərhələyə qədəm qoymasına böyük təkan verəcək. Azərbaycanla Türkmənistan arasında əlaqələrin dərin kökləri var. Hər iki ölkə xalqlarının eyni etnik kökə, mədəniyyətə və dinə mənsub olmaları, eyni zamanda əsrlər boyu dostluq və mehriban qonşuluq şəraitində yaşamaları əlaqələrin inkişafı üçün möhkəm zəmin yaradıb. Hesab edirəm ki, Türkmənistan dövlət başçısının ölkəmizə səfəri zamanı aparılmış müzakirələr və imzalanmış sənədlər ikitərəfli əməkdaşlığın daha da genişlənəcəyinə mühüm töhfə verəcək”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər