• cümə, 29 Mart, 03:54
  • Baku Bakı 7°C

Azərbaycan və Türkiyənin sahibkar xanımlarının işgüzar görüşü

25.09.18 18:42 958
Azərbaycan və Türkiyənin sahibkar xanımlarının işgüzar görüşü
Sentyabrın 25-də "Pullman” otelində Azərbaycanda və Türkiyədə biznes həyatında fərqlənən və sahibkarlıq fəaliyyətinə yeni başlayan xanımların görüşü keçirilib. Görüş rəsmi olaraq "Business Women Summit 2018” adlanır. Tədbirdə millət vəkili Qənirə Paşayeva, Sona Əliyeva, "Azəri-Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin informasiya və analitik araşdırmalar şöbəsinin müdir müavini Aynur Veysəlova, Azərbaycanda və Türkiyədə biznes sahəsində fəaliyyət göstərən, öz biznesini quran sahibkar xanımlar iştirak edirdi. Tədbirin əsas təşkilatçısı və ideya müəllifi "TurkAz PR və Event” şirkətidir.
İlk olaraq tədbirin əsas təşkilatçısı "TurkAz PR və Event” şirkətinin nümayəndəsi Yeganə Quliyeva iştirakçıları salamlayaraq, hər kəsə təşəkkürünü çatdırdı: "Çox həyəcanlıyam, çünki bu gün həm mənim, həm də Azərbaycan və Türkiyə xanımları üçün çox vacib gündür. Bu qədər gözəl xanımla bir məclisdə olmaq həqiqətən qürurvericidir. Xanımlarımızın biznes sahəsində belə fəal olduğunu, tədbirimizə göstərdikləri marağı görəndə, sevinməmək əldə deyil. Əslində məqsədimiz xanımların bizimlə birgə bu yolda irəliləməsini təmin etmək, onları bir araya toplamaqdır. Şirkət olaraq əsas məqsədimiz öyrəndiklərimizi sizinlə bölüşməkdir. Bu gün iş dünyasında fəal olan xanımlarla bu sahədəki problemləri, onların həlli yollarını müzakirə etməyə çalışacağıq. Hər bir xanım təkbaşına ayaqları üzərində durmağı bacarmalı və gələcək nəsillərə də örnək olmalıdır”.
Daha sonra çıxış edən millət vəkili Qənirə Paşayeva bildirdi ki, bu kimi tədbirlərin keçirilməsini yüksək qiymətləndirir. Millət vəkili təklif etdi ki, təkcə Bakı şəhəri ilə kifayətlənməyib, regionlardakı xanımlarımız üçün də belə görüşlər keçirilsin: "Əvvəlcə, qardaş ölkə Türkiyədən gələn qonaqlarımızı salamlayıram və bu tədbirdə iştirak etdikləri üçün təşəkkür edirəm. Qeyd edim ki, siz çox önəmli bir tarixdə ölkəmizə gəlibsiniz. Belə ki, tam yüz il əvvəl Şərqdə ilk dəfə Cümhuriyyət qurduq və ilk dəfə xanımlarımıza seçmək hüququ verdik. Bu işıqlı yolun açılmasında həmin xanımlarımızın rolu böyükdür. Bəli, bu gün xanımlarımız kişilərdən geri qalmadan, sahibkarlıq fəaliyyəti ilə məşğul olurlar. Bu, əslində alqışlanası bir təşəbbüsdür. Bu tədbirdə əməyi keçən hər kəsə təşəkkür edirəm. Çox istərdim ki, belə gözəl, stimullaşdırıcı tədbirlər bizim regionlarımızda da keçirilsin. Oradakı gənc xanımlarımızla görüşüb, onları sahibkarlıq fəaliyyəti ilə məlumatlandırmaq, öz işlərini qurmaları üçün motivasiya etmək lazımdır. Qadın böyük qüvvədir. Əgər qadın istəyərsə, qarşısına qoyduğu bütün məqsədlərə nail ola bilər. Təhsilli, hərtərəfli şəkildə inkişaf etmiş xanım gələcək savadlı nəslin təminatçısıdır. Bu kimi işlərin təbliğatının aparılmasında sosial medianın rolu böyükdür. Sammitdən təkcə şəkillərin yox, qısa fikirlərin, hətta canlı yayımların paylaşılmağı, tədbirimizdə iştirak etməyənlərin məlumatlanmağı üçün əhəmiyyətli olar”.
Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin informasiya və analitik araşdırmalar şöbəsinin müdir müavini Aynur Veysəlova qeyd etdi ki, qadınların biznes sahəsində yer alması, sahibkarlıq fəaliyyəti ilə məşğul olması sevindirici haldır, çünki hər bir qadının inkişafı, özünü cəmiyyətdə təsdiq etməsi bütövlükdə cəmiyyətin inkişafına gətirib çıxaran məsələdir: "Hüquqlarını bilən, özünü ifadə etmək bacarığı olan qadının tərbiyə etdiyi uşaqlar da böyük nailiyyətlər əldə edir. Ümid edirəm ki, Azərbaycan Türkiyə İş Qadınları dərnəyinin təşkil etdiyi bu görüş qadın sahibkarlarımızın iş həyatına öz töhfəsini verəcək. Həmçinin qeyd edim ki, ölkəmizdə qadın sahibkarların inkişafına xüsusi yanaşma var. Bu yanaşmanın əsas mahiyyəti isə ölkəmizin iqtisadi inkişafının genişləndirilməsidir. Bir neçə gün sonra daha böyük bir tədbir keçiriləcək. Həmin tədbir isə Azərbaycan və Rusiya qadınlarının sahibkarlıq fəaliyyəti ilə bağlı olacaq. Bir neçə ay əvvəl isə Rusiyanın Həştərxan vilayətinin işgüzar qadınları ilə görüş baş tutmuşdu. O tədbirdə sahibkar qadın təşkilatları arasında bir memorandum imzalandı. Bir-birinin ardınca həyata keçirilən bu tədbirlər onun göstəricisidir ki, ölkəmizdə dövlət-qadın siyasəti çox ardıcıl və güclü şəkildə aparılır. Keçirilən tədbirlər hökumət, ölkə başçısı, xüsusilə birinci vitse-prezident Mehriban xanım tərəfindən hər zaman dəstəklənir. Ümid edirəm ki, bu sammitdə çox mühüm məsələlərə toxunulacaq, Azərbaycan və Türkiyənin sahibkar qadınlarının əməkdaşlığının daha da gücləndirilməsi və şəbəkələrinin yaradılması ilə bağlı təkliflər irəli sürüləcək. Bütün sahibkar xanımlarımıza uğurlar arzulayıram”.
Tədbirdə "Vəfa collection” sərgi-satış mərkəzinin rəhbəri, Azərbaycan-Türkiyə İş Qadınları dərnəyinin rəhbəri Vəfa Muradzadə də iştirak edirdi. Onunla da həmsöhbət olduq. Həmsöhbətimiz bildirir ki, tədbirin həyata keçirilməsi üçün baş sponsorluğu öz üzərilərinə götürüblər: "Tədbirin əsas təşkilatçısı və ideya müəllifi "TukrAz” şirkətidir, biz isə baş sponsorluq edirik. Sponsor olmaqda əsas məqsəd, təbii ki, dərnəyimizin daha geniş kütlə arasında yaxından tanınması idi. Tədbirimizin mahiyyəti tam olaraq aydındır. Burada məqsəd ölkəmizdə sahibkarıq fəaliyyəti ilə məşğul olan xanımlarımızla birlikdə müzakirələr keçirməkdir. Biz çalışırıq ki, yeni işə başlayan xanımlarımıza da dəstək olaq. Buradan evdar xanımlarımıza da səslənirəm. Onlar da bizim dərnəyimizə öz biznes layihələri ilə müraciət edə bilərlər. Mən şəxsən öz adımdan deyirəm ki, əlimdən gələn köməkliyi etməyə hazıram. Düşünürəm ki, tədbirimizdən sonra xanımlarımız, bu sahəyə maraq göstərib, özlərini biznes sahəsində sınamağa cəhd göstərəcəklər. Əslində, bunun üçün elə də böyük büdcəyə ehtiyac yoxdur. Hətta evlərində oturduqları halda belə, öz bizneslərini qura bilərlər. Bunun üçün sadəcə, istək və bacarıq kifayətdir.”
"TurkAz PR&Event” şirkətinin Azərbaycanda rəsmi partnyoru olan "ProAktiv” şirkətinin direktoru Şəhanə Sarı bildirdi ki, bu istiqamətdə bir sıra layihələrin həyata keçirilməsi təklif olunsa da, bu sammitin layihəsini daha çox bəyənib: "Məncə, ölkəmizdə fəaliyyət göstərən iş qadınları ilə bağlı belə bir tədbirin keçirilməsi çox önəmlidir. Belə görüşlərin keçirilməsi həm onların bizneslərinin inkişafına, həm də dostluq münasibətlərinin genişlənməsinə əhəmiyyətli təsir göstərər. Layihə gözlədiyimizdən də böyük maraqla qarşılandı. Belə ki, sosial mediada bu tədbir haqqında paylaşım edərkən 150 nəfərin iştirakını nəzərdə tutmuşduq. Ancaq zamanla gördük ki, 1000-dən artıq müraciət gəlir. Onu da qeyd edim ki, dekabr ayında Dünya Azərbaycanlıları İş Qadınlarının biznes forumunu keçirməyi planlaşdırırıq. Bununla bağlı da hazırda müəyyən hazırlıq işləri görülür. Bu kimi tədbirlərin keçirilməsində məqsəd, işgüzar xanımlar arasında səmimi münasibətin qurulması və bizneslərinin inkişaf etdirilməsidir”.
Sammitdə əl işlərindən ibarət sərgi də təşkil edilib.
Tədbir digər sahibkar xanımların çıxışları davam etdi.

Günel Azadə





banner

Oxşar Xəbərlər