• cümə, 29 Mart, 03:30
  • Baku Bakı 7°C

Azərbaycan və Türkiyə saxtakarlıqlar sistemini birgə ifşa etməlidir

30.01.15 12:51 1409
Azərbaycan və Türkiyə saxtakarlıqlar sistemini birgə ifşa etməlidir
Azərbaycan və Türkiyə ermənilərin türklərə və azərbaycanlılara qarşı törətdikləri cinayətlər və qondarma “1915-ci il soyqırımı” ilə bağlı bugünkü iddialar üçün əsas rolunu oynayan saxtakarlıqlar sistemini birgə ifşa etməlidir. Bu barədə Prezident Administrasiyasının sektor müdiri Fuad Axundovun yanvarın 28-də Strasburqda Avropa İnsan Haqları Məhkəməsində “Doğu Perinçek İsveçrəyə qarşı” işi üzrə Ermənistan tərəfinin apellyasiya şikayətinə baxılması ərəfəsində məhkəmə iştirakçıları arasında yaydığı bəyanatda deyilir. Xatırladaq ki, 2013-cü ilin dekabr ayında Türkiyə İşçi Partiyasının sədri Doğu Perinçek Avropa İnsan Haqları Məhkəməsində “erməni soyqırımı”nın inkar edilməsinə görə cinayət məsuliyyətinə cəlb edilmənin əsassız olmasına dair məhkəmə işini udub. Faktiki olaraq bununla AİHM erməni iddialarını təkzib edib və “erməni soyqırımı”nın inkarına görə insanların cəzalandırılmasını antidemokratik və qanuna zidd cəhdlər adlandırıb. Həmçinin AİHM 1915-ci ildə Osmanlı imperiyasında baş verən hadisələrin “erməni soyqırımı” kimi ifadə olunmasını düzgün hesab etməyib. Bunun ardınca Ermənistan tərəfi AİHM-ə apelyasiya şikayəti verib. Ermənistan tərəfinin apelyasiya şikayətinə baxılmazdan öncə F.Axundovun Strasburqda verdiyi bəyanatın mətnini diqqətinizə çatdırırıq:
Ermənistanın danışılmayan, naməlum tarixi
Türkiyə və Ermənistanın yerləşdiyi region əhalinin etnik tərkibi nöqteyi-nəzərindən ən zəngin regionlardan biridir. Burada hətta sakinlərinin müxtəlif dillərdə danışdığı qonşu kəndləri görmək çətin deyil. Bu polietnik palitrada yeganə ağ ləkə monoetnik Ermənistandır. Görünür, Ermənistanın bu cür monoetnik olması təbii təkamül proseslərinin nəticəsi ola bilməz. Əlbəttə, dünyada tərkibinə görə əhalisinin oxşar olduğu ölkələr var, misal üçün Yaponiya və İslandiya. Lakin burada prinsipial fərq var. Yaponiya və İslandiyanın monoetnik olması təbii təkamül proseslərinin nəticəsidir. Çünki adada yerləşən bu ölkələr tarixən həmişə əsas miqrasiya proseslərindən kənarda olublar və hər tərəfdən su ilə əhatə olunublar. Ermənistanın ərazisi isə hər zaman miqrasiya proseslərinin mərkəzində olub və hər tərəfdən dörd çoxmillətli dövlətlə - Türkiyə, Azərbaycan, Gürcüstan və İranla əhatə olunub. Bu mənada monoetnik Ermənistanın demoqrafiyası açıq şəkildə bütün qonşular - Azərbaycan, Türkiyə, Gürcüstan və İranla münaqişə aparır. Müvafiq olaraq Ermənistan istorioqrafiyası nəinki qonşu ölkələrin, həm də dünyanın bütün dövlətlərinin istorioqrafiyası ilə münaqişə edir. Gərək öz erməni xalqına nə qədər hörmət etməyəsən ki, onu dünya istorioqrafiyası, dünyanın elm-informasiya məkanından kənarda saxlayasan? İş o yerə çatıb ki, dünyanın müxtəlif ölkələrinin erməni mənşəli alimləri Ermənistanda xalq düşməni adlandırılırlar. Səbəb budur ki, onların elmi tədqiqatları İrəvanda uydurulan tarixlə ziddiyyət təşkil edir. Belə ki, erməni mənşəli amerikalı alim Robert Hyusen xatırlayırdı: “İrəvanda məni hətta bir qədər səbirsizliklə inandırırdılar ki, biz Qərbdə tədqiqatlar aparmaqla özümüzü yormamalıyıq və Ermənistan Elmlər Akademiyasının hazırladıqlarını digər dillərdə nəşr etməklə Ermənistana daha yaxşı xidmət edəcəyik”. Bu siyasətin məqsədi aydındır. Bu cür elmə zidd olan istorioqrafiya Ermənistanın qeyri- təbii monoetnikliyinin əsas səbəbini – ermənilərin 19-cu əsrin əvvəllərindən, yəni Cənubi Qafqaza köçdükləri dövrdən etibarən həyata keçirdikləri məqsədyönlü soyqırım siyasətini gizlətməyə xidmət edir. Bu siyasətə bunlar daxil idi: 1. yerli Azərbaycan əhalisinin məhv edilməsi və qovulması; 2. Azərbaycan müsəlman memarlığının dağıdılması; 3. Azərbaycan toponimləri və hidronimlərinin erməniləşdirilməsi; 4. alban kilsələri və memarlığının erməniləşdirilməsi.
Digər millət və mədəniyyətlərlə bağlı məqsədyönlü soyqırım siyasəti ona gətirib çıxarıb ki, Ermənistanın bugünkü görünüşü ona əhatə edən ölkələrin zahiri görünüşü ilə də ziddiyyət təşkil edir. Məsələn, əgər bu gün Türkiyə, Azərbaycan, Gürcüstan və İranda erməni kilsələri varsa, burada erməni əhalisi yaşayırsa, Ermənistan ərazisində bu gün qeyri-erməni heç nə yoxdur: bütün məscid və qalalar, digər mədəniyyət nümunələri və sadəcə azərbaycanlıların izləri məhv edilib, burada ermənilərdən başqa heç kim yaşamır. Türkiyədə isə erməni kilsələri nəinki dağıdılmayıb, hətta bərpa olunur. Beləliklə, hətta Ermənistanın bugünkü monoetnik, sırf xristian görünüşü bütün türk mənşəli hər şeyə qarşı soyqırımın törədilməsinə dəlalət edir. Bu gün sırf monoetnik xristian görünüşlü Ermənistanın polietnik əhalisi olan və hətta sadəcə xarici görünüşə malik Türkiyəni soyqırımda ittiham etməsi cəfəngiyyatdır. Belə olduğu halda soyqırım haqqında kim danışmalıdır? Beləliklə, ümumi qloballaşma dövründə bu gün Ermənistan açıq səma altında yerli xalqların soyqırım muzeyi olaraq qalır. Cənubi Qafqazda köçəri xalq olan ermənilər digər xalqlara və onların irsinə qarşı soyqırım törədərək, digərlərini soyqırımda ittiham etməyə cürət edirlər, bununla yanaşı, qonşu Azərbaycan, Türkiyə və Gürcüstana qarşı ərazi iddiaları ilə çıxış edirlər. Türkiyə hökuməti ermənilərin “soyqırım”ın törədilməsi ittihamlarına cavab olaraq 1915-ci ildə baş verən hadisələr barədə həqiqəti bilmək istəyən hər kəs üçün öz arxivlərini açıb. Ermənilər isə bunu etmirlər, öz siyasətlərindən əl çəkməyərək, ilk növbədə öz vətəndaşlarını regionun keçmişi barədə məlumatsız saxlamağa davam edirlər. Onlar hətta bu düşüncə ilə öz alimlərini dünya elminin incilərinə, xüsusilə türk arxivlərinə çıxışlarının qarşısını alırlar. Erməni millətçilərinin cinayətkar məntiqi aydındır: əgər həqiqəti bilmək istəyən alimlər Türkiyənin arxivlərinə çıxış əldə etsələr, bu, indiki Ermənistanın bütün ideologiyasını parçalaycaq. Bu səbəbdən İrəvanın məqsədi çox sadədir: xalqının xarici istorioqrafiyaya, indi isə xarici arxivlərə çıxışının qarşısını almaq. Gözübağlı, real tarixi bilmədən ermənilərin qondarma “1915-ci il soyqırımı”nın inkar edilməsinə görə cinayət məsuliyyətinə cəlb etmə cəhdlərini dəstəkləyənlər bütün bunları nəzərə almalıdırlar. Bu gün İrəvanda həvəslə uydurulan tarixi qəbul edən, tarixi hadisələrin alternativ, əslində isə əsl versiyasını dinləməkdən imtina edən hər kəs bunu bilməlidir.
Avropalılar tərəfindən cidd-cəhdlə müdafiə olunan fundamental söz və fikir azadlığı hüquqları ilə erməni saxtakarlarının versiyasına zidd olan fikirlərə görə cinayət məsuliyyətinə cəlb etmə qərarı necə əlaqələndirilir? Niyə 1,5 milyard müsəlmanın hisslərinin təhqir edilməsi söz azadlığının təzahürü hesab edilir, amma 100 illik tarixə malik mübahisəli hadisələri soyqırım kimi tanımaqdan imtinanı isə ciddi cinayət kimi qələmə verməyə cəhd edirlər? Əsrlərlə Türkiyə və Azərbaycan ərazisində regionun yerli xalqı olan “türklərə” qarşı soyqırım törədən millətin həmin türkləri soyqırım törətməkdə ittiham etməyə ümumiyyətlə mənəvi haqqı varmı? Buna görə də bizim məqsədimiz Ermənistanın danışılmayan, erməni və dünya ictimaiyyətindən gizlədilən tarixini təqdim etmək, erməni ictimaiyyətinin ölkə rəhbərliyi tərəfindən salındığı elmi-informasiya blokadasından çıxmasını dəstəkləmək, ermənilərin türklərə və azərbaycanlılara qarşı törətdikləri cinayətlər və bu gün türklərin qondarma soyqırımda ittiham edilməsi üçün əsas kimi xidmət edən saxtakarlıqlar sistemini dağıtmaqdan ibarətdir.
banner

Oxşar Xəbərlər