• çərşənbə axşamı, 16 aprel, 17:45
  • Baku Bakı 19°C

“Azərbaycan və Türkiyə Avropanı böyük fəlakətdən qurtarmaq istiqamətində çox ciddi addım atıb”

23.09.14 12:15 1599
“Azərbaycan və Türkiyə Avropanı böyük fəlakətdən qurtarmaq istiqamətində çox ciddi addım atıb”
Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars enerji və nəqliyyat layihələrinin ardınca “Əsrin müqaviləsi”nin 20 illiyində Bakıda əsrin ən iri miqyaslı layihəsinin - Cənub Qaz Dəhlizinin (CQD) təməlqoyma mərasimi keçirildi. Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı, Bolqarıstan prezidenti Rosen Plevneliev, Yunanıstanın baş naziri Antonis Samaras, Gürcüstanın baş naziri İrakli Qaribaşvili, Monteneqronun baş naziri Milo Cukanoviç, Türkiyənin enerji və təbii qaynaqlar naziri Taner Yıldız, İtaliyanın iqtisadi inkişaf nazirinin müavini Klaudio Deviçenti, BP şirkətinin icraçı direktoru Robert Dadli və digər rəsmi şəxslər, şirkət nümayəndələri də iştirak etdilər. “Əsrin müqaviləsi”, onun reallaşmasının ölkəmiz üçün əhəmiyyəti, CQD, əsrin layihəsinin bölgədə və dünyada iqtisadi-siyasi proseslərə təsiri və digər məsələlərlə bağlı “Kaspi”nin suallarını Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı cavablandırır.
- İyirmi il öncə ümummilli lider Heydər Əliyevin iştirakı ilə “Əsrin müqaviləsi” imzalandı və bununla da yeni neft strategiyasının əsası qoyuldu. Partiya sədri olaraq həmin illəri, müqavilənin imzalandığı tarixi necə xatırlayırsınız?
- İyirmi il bundan öncə - Azərbaycan çox çətin bir duruma düşdüyü məqamda ulu öndər Heydər Əliyev çox böyük uzaqgörənlik nümayiş etdirərək, dünyanı heyrətləndirə biləcək bir layihəyə imza atdı. O, “Əsrin müqaviləsi”ni dünyanın aparıcı dövlətlərinin və transmilli şirkətlərinin iştirakı ilə arzudan gerçəkliyə çevirə bildi. Baxmayaraq ki, 1994-cü ilin 20 sentyabr ərəfəsi Azərbaycanda siyasi böhranın ciddi xarakter daşıdığı vaxtlar idi. Ermənistanın təcavüzkar siyasəti nəticəsində ölkənin 20 faizdən artıq ərazisi işğal altına alınmış, 1 milyona yaxın əhali qaçqın və məcburi köçkünə çevrilmişdi. Ölkədə ağır iqtisadi durum yaşanmaqdaydı. 1993-cü ildə xalqın təkidli tələbi ilə təkrar siyasi hakimiyyətə gətirilən ulu öndər Heydər Əliyev Azərbaycanı bu bəlalardan, iqtisadi tənəzzüldən xilas etmənin yollarını aramaqdaydı. Məhz belə bir vaxtlarda o ümummilli lider çox cəsarətli addım ataraq, “Əsrin müqaviləsi”ni imzaladı və sonralar heç kimin gözləmədiyi möcüzə baş verdi. Azərbaycanın karbohidrogen ehtiyatlarının birgə istehsalı, Avropaya nəqli ilə bağlı layihə reallaşdı. Azərbaycanda sosial-iqtisadi, siyasi böhranın, ölkənin parçalanması, dövlətin məhv olma təhlükəsinin yaşandığı bir ərəfədə belə cəsarətli addım atmaq, olduqca böyük iradə tələb edirdi. Çünki həmin illərdə vəziyyəti bir qədər də ağırlaşdıran İran və Rusiya tərəfindən ölkəmizə olan basqılar idi. Rəsmi Moskva çox açıq şəkildə belə bir müqavilənin imzalanmasına qarşı çıxır, Azərbaycanla hədələyici tonda danışır, təhdid xarakterli mesajlar verirdi. İran tərəfi də gizlində bu müqavilənin bağlanmaması üçün bütün imkanlarını səfərbər etmişdi. Lakin Heydər Əliyev böyük diplomatik məharətlə bütün vasitələrdən yararlandı, müdriklik göstərib bu müqavilənin imzalanmasına müvəffəq oldu. Bundan sonrakı mərhələlərdə Xəzər dənizinin Azərbaycan sektorunda daha dərin qatlardan neftin istehsalına, kəşfiyyat işlərinin aparılmasına, buruqların qazılıb işlədilməsinə başlandı. İstehsal olunan neftin xaricə çıxarılması üçün isə “Əsrin müqaviləsi”nin tərkib hissəsi olan Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin inşasına başlanıldı. Beləliklə də 20 il ərzində çoxlarının xülya hesab etdiyi layihə Azərbaycanda uğurla həyata keçirildi, ölkəmiz öz neftini Ceyhan vasitəsilə dünya bazarına çıxara bildi.
- Ötən 20 ildə “Əsrin müqaviləsi” Azərbaycana nələri qazandırdı?
- Azərbaycan “Əsrin müqaviləsi” ilə dünyaya özünün ciddi tərəfdaş olduğunu nümayiş etdirdi, Avropaya inteqrasiya yolunda real, uğurlu addım atdı, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında üzərinə götürdüyü öhdəliyi müvəffəqiyyətlə yerinə yetirdi. Ən önəmlisi isə Azərbaycan dünya bazarına çıxarılan neftdən külli miqdarda gəlir əldə edərək, ölkənin bütün sahələrinin inkişaf etdirilməsinə nail oldu. Çox qısa zamanda iqtisadiyyatını gücləndirən Azərbaycan, eyni zamanda dünyanın nüfuzlu dövlətlərindən birinə də çevrilməyi bacardı. Azərbaycan hazırkı iqtisadi gücü, iqtisadi potensialının indiki durumu məhz “Əsrin müqaviləsi” ilə sıx bağlıdır. Əsas budur ki, biz neftdən əldə etdiyimiz gəlirlə ehtiyatla davranmağı bacardıq. Keçmişdə ayrı-ayrı ölkələrin bu istiqamətdə buraxmış olduqları səhvləri, ağır fəsadları diqqətlə öyrəndik, ayrıca Neft Fondu yaradaraq, onun vəsaitini Azərbaycanın son dərəcə zəruri olan problemlərinin həllinə, qeyri-neft sektorunun inkişafına yönəltdik. Bu, bizim dövlətimizin gücünün, ölkə başçımızın müdrikliyinin göstəricisi idi. Hazırkı Prezident İlham Əliyevin rəhbərliyi ilə 2003-cü ildən başlayaraq bu siyasət, bu idarəetmə indi də uğurla davam etdirilməkdədir. Ümumi götürdükdə, bu neft müqavilələrindən udan Azərbaycan, onun dövləti və vətəndaşları oldu. Əldə etdiyimiz bir çox uğurlarda “Əsrin müqaviləsi”nin müstəsna rolu var.
- “Əsrin müqaviləsi”nin imzalanmasının 20 illiyində Bakıda bir neçə dövlət rəsmisinin, şirkət təmsilçisinin iştirakı ilə CQD layihəsinin təməlqoyma mərasimi keçirildi. XXI əsrin layihəsi adını alan CQD-dən gözləntilər nədən ibarətdir?
- Əsas təşkilatçısı Azərbaycan olan “Əsrin müqaviləsi”nin nəticələri göz qabağındadır. Cənub Qaz Dəhlizi layihəsinin də yaradıcısı və əsas təşkilatçısı Azərbaycandır. “Əsrin müqaviləsi”ndə iştirakçılar dünyada neft sənayesi sahəsində kifayət qədər tanınmış transmilli şirkətlər idi. Onlar ölkəmizdə istehsal olunan və xaricə göndərilən neftin əsas payçıları oldular. Cənub Qaz Dəhlizi layihəsində isə Azərbaycanla yanaşı, ayrı-ayrı dövlətlər, ölkə başçısı İlham Əliyevin də qeyd etdiyi kimi, böyük bir komanda iştirak edir. Bu, kifayət qədər keyfiyyət dəyişikliyidir, özünün statusuna görə daha böyük mövqeyə malikdir. Biz “Əsrin müqaviləsi” çərçivəsində istehsal olunan nefti payçılarla bərabər Ceyhan limanı vasitəsilə dünya bazarına çıxara, birjalarda satışına nail ola bildik. Artıq Cənub Qaz Dəhlizində fərqli mənzərə yaranacaq. Bu dəfə Azərbaycanda istehsal olunan qaz bu dəhliz vasitəsilə Türkiyəyə, oradan isə Avropanın mərkəzinə, o cümlədən Bolqarıstan, Yunanıstan, İtaliya, Xorvatiya və digər ölkələrə də çatdırılacaqdır. Bu layihə də Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında növbəti böyük bir işdir. Avropa bunu unutmalı deyil. Bu gün Avropanın bəzi dövlətlərinin Azərbaycanın – həqiqətlərin yanında olmaması, sadəcə olaraq böyük təəssüf doğurur. Onlar təcavüzkar Ermənistana işğalçılıq siyasətinə görə heç bir təpki göstərmir, sanksiya tətbiq etmirlər. Ermənistandan onlara hər hansı fayda da yoxdur. Amma bunun tam əksinə olaraq, fayda gördükləri Azərbaycana qarşı Avropa Parlamentində qərəzli qətnamələr qəbul edirlər. Biz Azərbaycanın yaradıcısı olduğu iqtisadi layihələrin ölkəmizin gücünə əlavə güc qatacağına, beynəlxalq aləmdə dövlət kimi nüfuzumuzu daha da artıracağına inanırıq. Bu vəziyyətin isə son nəticədə ölkəmizin problemlərinin həllinə müsbət töhfə verəcəyini gözləyirik.
- Ölkəmizin təşkilatçılığı ilə regionda iri iqtisadi layihələrin reallaşdırılması Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ probleminin ədalətli həllinə nə dərəcədə təsir edə bilər?
- İndiki vəziyyətdən çıxış edəndə mən buna nikbin yanaşmıram. BMT Təhlükəsizlik Şurasının, Avropa Şurasının, Avropa Parlamentinin, İslam Əməkdaşlıq Təşkilatının bu problemin həllini nəzərdə tutan qətnamələri var və həmin qətnamələr Ermənistan tərəfindən yerinə yetirilmir. Azərbaycana gələn bütün dövlət rəsmiləri də ölkəmizin ərazi bütövlüyünü tanıdıqlarını qəti şəkildə bəyan edirlər. Lakin bütün bunlara baxmayaraq, işğalçı Ermənistana hər hansı təzyiq göstərilmir, cəza verilmir, sanksiyalar tətbiq edilmir. Ən təəssüfedici məqam isə budur ki, bəzi hallarda ərazisi işğal olunan, təcavüzə məruz qalan Azərbaycanla işğalçı Ermənistan eyniləşdirilir. Bu da Avropanın bir yanaşmasıdır. Məsələyə bu cür yanaşma heç bir halda düzgün deyil. Belə yanaşma problemin qısa zamanda, sülh yolu ilə həllinə heç bir dəstək vermir. İşğal məsələsi ortaya gələndə xarici dövlət rəsmiləri dərhal deyirlər ki, biz bu problemin beynəlxalq hüquq və ATƏT-in Minsk Qrupu çərçivəsində, tərəflərin razılığı əsasında həllinə tərəfdarıq. Əgər tərəflərin razılığı ilə bu məsələ həll olunacaqsa, o zaman Minsk Qrupu, həmsədr ölkələr kənara çəkilsin, dünya erməniləri müdafiə etməsin, Ermənistanla Azərbaycan üz-üzə oturub bu məsələni həll etsin. Hesab edirəm ki, işğal olunmuş torpaqlarımızın düşməndən azad edilməsi dövlət olaraq Azərbaycanın gücünün, hərbi qüdrətinin, iqtisadi potensialının artmasından keçir. İşğal olunmuş torpaqlarımız hərbi yolla, Azərbaycan əsgərlərinin qəhrəmanlığı sayəsində düşməndən azad oluna bilər.
- Bu günə qədər regional layihələrdə Azərbaycan qardaş Türkiyə ilə bir mövqedən çıxış edib. CQD layihəsində də eyni hadisənin şahidi olmaqdayıq. Enerji sahəsində hər iki ölkənin birgə əməkdaşlığı bölgə və dünya üçün hansı əhəmiyyəti daşıyır?
- Bu, son dərəcə əhəmiyyətli yanaşmadır. Türkiyə ilə Azərbaycan strateji müttəfiqlikdən daha üstün münasibətlərə malikdirlər. “Əsrin müqaviləsi”nin imzalanması və ondan irəli gələn işlərin həyata keçirilməsində, o cümlədən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz boru kəmərlərinin inşasında ciddi əməkdaşlıq ortaya qoyulub. Türkiyənin neft və qaza olan tələbatının ödənməsində də Azərbaycanın rolu əvəzsizdir. Cənub Qaz Dəhlizində isə Türkiyə ciddi payçılardan biri kimi çıxış edir. Azərbaycanın karbohidrogen ehtiyatlarının istehsalında, daşınmasında və satışında bu ölkənin mövqeyi və imkanları getdikcə artır. Əlbəttə bütün bunlar ilk növbədə hər iki dövləti, onun vətəndaşlarını bir-birinə daha sıx bağlayır. Bununla yanaşı, həm Azərbaycanın haqlı mövqeyinin dünyaya çatdırılmasında, həm də Türkiyəyə qarşı erməni yalanlarının ifşasında hər iki dövlət yaxından əməkdaşlıq edir, beynəlxalq aləmdə bir-birinə dəstək olurlar. Azərbaycan və Türkiyə müstəqil dövlət kimi öz gələcəklərini birgə qurur, siyasi və iqtisadi maraqlarını birgə təmin edir, beynəlxalq əməkdaşlığa da öz töhfələrini verirlər. Əbəs yerə deyil ki, son layihəni Xəzər dənizindən, Qafqazdan Türkiyəyə, oradan da Balkanlara uzanan sülh layihəsi kimi də qiymətləndirirlər. Tək iqtisadi sahədə deyil, hərbi sahədə də hər iki dövlət güclü əməkdaşlıq edirlər. Türkiyə ilə Azərbaycan dünyanı heyrətləndirən, düşmənlərinin, xüsusən də Ermənistanın yuxusunu qaçıran geniş birgə hərbi təlimlər keçirirlər. İnanırıq ki, bu əməkdaşlıq XXI əsrin layihəsi adlandırılan Cənub Qaz Dəhlizinin reallaşması ilə daha da inkişaf edəcəkdir. Bu isə Azərbaycanın dünyadakı çəkisini, yerini və rolunu bir qədər də artıracaqdır. Ən əsası, bu layihələr, ölkələrimizin birgə əməkdaşlığı Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rol oynayacaq, Avropanın Rusiyanın təzyiqlərindən yaxa qurtarmasına da xeyli kömək edəcəkdir. Çünki Rusiyanın Çinlə bağladığı müqaviləni nəzərə alsaq, yaxın gələcəkdə rəsmi Moskva Avropaya ixrac etdiyi qazı əhəmiyyətli dərəcədə azaldacaq. Bu isə Avropanın soyuqdan donması deməkdir. Bütün bu hadisələr kontekstində Azərbaycan və Türkiyə Avropanı gələcəkdə çox böyük fəlakətdən qurtarmaq istiqamətində çox ciddi addım atıbdır.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər