• cümə, 29 Mart, 16:07
  • Baku Bakı 14°C

Azərbaycan və Səudiyyə Ərəbistanı arasında əlaqələr genişlənir

15.05.15 16:30 1387
Azərbaycan və Səudiyyə Ərəbistanı arasında əlaqələr genişlənir
Bu gün İqtisadiyyat və Sənaye naziri, Azərbaycan və Səudiyyə Ərəbistanı Krallığı Hökumətləri arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclik sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiyanın həmsədri Şahin Mustafayev ölkəmizdə səfərdə olan Səudiyyə Ərəbistanı Krallığının ticarət və sənaye naziri Tofiq Fəvzan Əl-Rəbiənin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə Ş.Mustafayev Azərbaycan və Səudiyyə Ərəbistanı arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, mehriban dostluq və tərəfdaşlıq prinsiplərinə əsaslandığını vurğulayıb. Əlaqələrimizin inkişafında qarşılıqlı rəsmi səfərlərin əhəmiyyəti qeyd olunub, Azərbaycan Prezidenti İlham Əliyevin Səudiyyə Ərəbistanı Krallığına səfərlərinin, əldə edilmiş razılaşmaların, imzalanmış sənədlərin əməkdaşlığımızın inkişafına təkan verdiyi diqqətə çatdırılıb. Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində də sıx əməkdaşlıq edir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair ölkəmizin ədalətli mövqeyini qonaqların diqqətinə çatdıran Ş.Mustafayev Səudiyyə Ərəbistanının münaqişə ilə bağlı Azərbaycanın beynəlxalq hüquq normalarına əsaslanan ədalətli mövqeyini daim dəstəklədiyini bildirib. İndiyədək müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinə dair iki ölkə arasında 18 sənəd imzalanıb. Azərbaycanda bir sıra Səudiyyə Ərəbistanı kapitallı şirkətlər uğurla fəaliyyət göstərir, investisiya qoyuluşu həyata keçirilir. Müştərək Komissiyanın fəaliyyəti də iki ölkə arasında əlaqələrin inkişafına öz müsbət töhfəsini verir. Səudiyyə İnkişaf Fondunun kredit vəsaitləri hesabına Azərbaycanda bir sıra layihələr reallaşdırılıb, bir sıra layihələr isə davam etdirilir.
Azərbaycan-Səudiyyə Ərəbistanı arasında əməkdaşlığın genişləndirilməsi perspektivlərinə gəlincə, Ş.Mustafayev qeyd edib ki, bunun üçün hüquqi bazanın genişləndirilməsi, ticarət əlaqələrinin daha da inkişaf etdirilməsi istiqamətində tədbirlər davam etdiriləcək. Bundan başqa, iş adamları arasında əməkdaşlığın genişləndirilməsi üçün birgə biznes forumlar və təqdimatlar əhəmiyyətlidir.
Görüşdə Ş.Mustafayev Azərbaycan iqtisadiyyatı barədə də məlumat verib. Diqqətə çatdırılıb ki, Azərbaycan iqtisadiyyatı davamlı inkişaf edir, ölkəmiz iri enerji və nəqliyyat layihələrinin fəal iştirakçısıdır. Azərbaycanın təşəbbüskarı olduğu transmilli layihələr Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Transanadolu və Transadriatik Qaz Kəmərləri isə enerji əməkdaşlığımızı genişləndirərək Azərbaycanın Avropanın qaz təchizatında rolunu artıracaqdır.
Səudiyyə Ərəbistanı Krallığının ticarət və sənaye naziri Tofiq Fəvzan Əl-Rəbiə ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıb. Bildirilib ki, Səudiyyə Ərəbistan nümayəndə heyətinin Azərbaycana geniştərkibli səfəri ölkələrimiz arasında əlaqələrin inkişafına verilən önəmin göstəricisidir. Ölkəmizdəki iqtisadi inkişafın onda böyük təəssürat yaratdığını bildirən Tofiq Fəvzan Əl-Rəbiə Azərbaycanla əməkdaşlıq üçün geniş imkanların olduğunu qeyd edib, ölkəmizdəki böyük turizm potensialının Səudiyyə Ərəbistanından olan turistlərin diqqətini cəlb etdiyini vurğulayıb. Tofiq Fəvzan Əl-Rəbiə Səudiyyə Ərəbistanı iqtisadiyyatına dair məlumat verib, Azərbaycanla iqtisadi əməkdaşlığın genişləndirilməsi perspektivlərinə dair fikirlərini bölüşüb.
Həmin gün Heydər Əliyev Mərkəzində İSN-in dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə II Azərbaycan - Səudiyyə Ərəbistanı biznes forumu keçirilib. Tədbirdə hər iki ölkədən rəsmi şəxslərlə yanaşı, kənd təsərrüfatı, sənaye, tikinti, maliyyə, İKT, logistika, turizm, konsaltinq, neft- kimya, səhiyyə və s. sahələrdə fəaliyyət göstərən 300-dən çox iş adamı iştirak edib.
Biznes forumda çıxış edən İqtisadiyyat və Sənaye naziri Ş.Mustafayev Azərbaycan və Səudiyyə Ərəbistanı Krallığı arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, iqtisadi əlaqələrimizin müxtəlif sahələrdə uğurla davam etdiyini vurğulayıb. Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin aprel ayında Səudiyyə Ərəbistanına səfəri ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olmasının göstəricisidir. Biznes forumun iş adamları arasında maraqla qarşılandığını qeyd edən Ş.Mustafayev belə tədbirlərin biznes təşəbbüslərinin stimullaşdırılmasına, yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsinə və ikitərəfli ticarət-iqtisadi əlaqələrin genişləndirilməsinə töhfə verəcəyini bildirib. Qeyd olunub ki, növbəti biznes forum noyabr ayında Səudiyyə Ərəbistanında keçiriləcək. İnvestisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında Saziş, ikiqat vergitutmanın aradan qaldırılması haqqında konvensiya və digər sənədlər iqtisadi sahədə əlaqələrin inkişafında əhəmiyyətlidir. İkitərəfli ticarət əlaqələrinin iqtisadi əməkdaşlığın əsas istiqamətlərindən olduğunu qeyd edən Ş.Mustafayev ticarət əlaqələrinin daha da genişləndirilməsi üçün geniş imkanların olduğunu bildirib, sənaye, kənd təsərrüfatı, investisiya, İKT sahələrində əməkdaşlıq perspektivlərini diqqətə çatdırıb.
Azərbaycan iqtisadiyyatı barədə məlumat verən Ş.Mustafayev ölkəmizin siyasi və makroiqtisadi baxımdan sabit ölkə, regionun iqtisadi və mədəni mərkəzi, böyük transmilli layihələrin təşəbbüskarı və aparıcı iştirakçısı, etibarlı tərəfdaş olduğunu vurğulayıb.
Səudiyyə Ərəbistanı Krallığının ticarət və sənaye naziri Tofiq Fəvzan Əl-Rəbiə Azərbaycana səfərindən məmnunluğunu ifadə edib, səfər zamanı ölkəmizdəki sosial-iqtisadi inkişafın şahidi olduğunu vurğulayıb. Azərbaycan Prezidentinin 2015-ci ildə Səudiyyə Ərəbistanına səfərinin ölkələrimiz arasında əlaqələrin genişlənməsinə böyük töhfə verdiyi bildirilib. Qeyd olunub ki, hər iki ölkə müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə əlaqələrin genişləndirilməsində maraqlıdır. Azərbaycan və Səudiyyə Ərəbistanı arasında ticarət əlaqələrinin inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu qeyd edən Tofiq Fəvzan Əl-Rəbiə iş adamlarını fəal əməkdaşlığa dəvət edib.
Sonra AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanın investisiya mühiti və biznes imkanlarına, Səudiyyə Ərəbistanı Palatalar Şurasının sədri Abdul Rahman Al-Zamil, Sənaye qruplarının təkmilləşdirilməsi haqqında Səudiyyə Ərəbistanı Milli Sənaye Qrupunun vitse-prezidenti Abdulmajeed Al Maymoon ölkəsinin iqtisadiyyatına, investisiya imkanlarına, Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktoru Rövşən Nəcəf qurumun fəaliyyətinə, “Saudi Export” təşkilatının biznes inkişafı üzrə direktoru Bassam Alauja təşkilatın fəaliyyətinə, Sumqayıt Kimya Sənaye Parkının direktor müavini Zaur Məmmədov parkın fəaliyyətinə, Səudiyyə İnkişaf Fondunun nümayəndəsi Saleh Abdullah Aladdad fondun işinə, Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının Avropa və MDB ölkələri üzrə baş direktoru Samir Tağıyev korporasiyanın fəaliyyətinə dair çıxışlar ediblər.
Biznes forum iş adamları arasında ikitərəfli görüşlərlə davam edib.
Səudiyyə Ərəbistanı Krallığının ticarət və sənaye naziri Tofiq Fəvzan Əl-Rəbiənin rəhbərlik etdiyi rəsmi şəxslərdən və iş adamlarından ibarətət nümayəndə heyəti səfər çərçivəsində “Bakı Ağ Şəhər”də olub, burada görüşlmüş işlərlə, tikilmiş bina və obyektlərlə tanış olublar. Səudiyyə Ərəbistanından olan qonaqlara “Bakı Ağ Şəhər” layihəsi barədə ətraflı məlumat verlilib. Qonaqlar həmçinin, Füzuli küçəsində ən müasir texnologiyaların tətbiqi ilə sürüşdürülməklə yeri dəyişdirilmiş memarlıq binası ilə tanış olublar.
Səudiyyə Ərəbistanı nümayəndə heyətinə daxil olan iş adamları Sumqayıt Kimya Sənaye Parkı və “Greentech” İstixana Kompleksində olacaqlar.
Kaspi.az

banner

Oxşar Xəbərlər