• cümə axşamı, 25 aprel, 21:35
  • Baku Bakı 21°C

Azərbaycan və Niderland arasında iqtisadi əlaqələr genişlənir

23.04.14 18:23 1260
Azərbaycan və Niderland arasında iqtisadi əlaqələr genişlənir
Niderland Senatının üzvü Rene Van Der Lindenin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir. Rəsmi şəxslərdən və iş adamlarından ibarət olan Niderland nümayəndə heyəti ölkəmizə səfər çərçivəsində bir sıra görüşlər keçirib, müxtəlif tədbirlərdə iştirak ediblər. Bu gün iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Niderland Senatının üzvü Rene Van Der Lindenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Xarici işlər nazirinin müavini, ADA Universitetinin rektoru Hafiz Paşayev də görüşdə iştirak edib.
İSN mətbuat xidmətindən “Kaspi”yə bildirilib ki, görüşdə nazir Ş.Mustafayev iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin uğurla inkişaf etdiyini, Azərbaycan və Niderland arasında dostluq və əməkdaşlığın genişlənməsində senator Rene van der Lindenin xidmətlərini xüsusilə vurğulayıb. Təsadüfi deyildir ki, ölkələrimiz arasında əməkdaşlığın inkişafına böyük töhfəsinə görə cənab Van Der Linden Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Dostluq” ordeni ilə təltif edilib. Azərbaycan və Niderland arasında iqtisadi əlaqələrə dair fikir mübadiləsinin aparıldığı görüşdə müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə 10-a yaxın sənədin imzalandığı, sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında Saziş layihəsi üzrə işlərin yekunlaşmaqda olduğu diqqətə çatdırılıb. Sənaye, kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və qablaşdırılması, İKT, turizm, səhiyyə, ekologiya, eləcə də Azərbaycanda yaradılan sənaye parklarında Niderland şirkətləri ilə əməkdaşlıq üçün geniş imkanların olduğu vurğulanıb, iş adamları arasında əlaqələrin təşviqi üçün biznes forumların davam etdirilməsinin, sərgi və yarmarkaların təşkilinin əhəmiyyəti qeyd edilib.
Niderland Senatının üzvü Rene Van Der Linden Azərbaycana səfərindən məmnunluğunu ifadə edib, Azərbaycan və Niderland arasında əlaqələrin inkişaf etdirilməsi istiqamətində bundan sonra da səylərini əsirgəməyəcəyini bildirib.
Sonra İSN-in dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Niderland biznes forumu keçirilib. Tədbirdə rəsmi şəxslərlə yanaşı, kənd təsərrüfatı, tikinti, təhsil, logistika, İKT, su təsərrüfatı və digər sahələrdə fəaliyyət göstərən 170-dən çox iş adamı iştirak edib.
Biznes forumda çıxış edən iqtisadiyyat və sənaye naziri Ş.Mustafayev Azərbaycanın Avropa İttifaqı ölkələri ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini, Cənubi Qafqazda ölkəmizin Avropanın əsas ticarət tərəfdaşı olduğunu və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını qeyd edib. Bildirilib ki, son illərdə Azərbaycan ilə Niderland arasında müxtəlif sahələrdə əməkdaşlıq inkişaf edir və yüksək səviyyəli səfərlər, keçirilən görüşlər ikitərəfli iqtisadi münasibətlərin genişlənməsində xüsusi əhəmiyyət kəsb edir.
Hazırda Azərbaycanda maliyyə, sənaye, tikinti, xidmət, ticarət, kənd təsərrüfatı, nəqliyyat, ekologiya və sair sahələrdə 100-dən çox Niderland investisiyalı şirkət fəaliyyət göstərir. Niderland tərəfindən Azərbaycan iqtisadiyyatının qeyri-neft sektoruna indiyədək təqribən 670 mln. ABŞ dolları həcmində birbaşa investisiyalar yatırılıbdır. Niderland şirkətləri Azərbaycanda həyata keçirilən layihələrdə podratçı qismində də iştirak edirlər. Son zamanlar Azərbaycanda bir sıra ekoloji layihələrin həyata keçirildiyini qeyd edən Ş.Mustafayev Niderland şirkətləri ilə Abşeron göllərinin, o cümlədən Böyükşor gölünün bərpası sahəsində də əməkdaşlıq edildiyini bildirib. Azərbaycan və Niderland arasında ticarət dövriyyəsi 2013-cü ildə 24 faiz artıb və bu artım dinamikası bu ilin ötən dövrü ərzində də davam edib. Ş.Mustafayev Azərbaycan və Niderland arasında iqtisadi əlaqələrin genişlənməsi, yeni əməkdaşlığın qurulması baxımdan biznes forum və sərgilərin əhəmiyyətini qeyd edib, bu gün keçirilən biznes forumun da iş adamları arasında, xüsusilə Azərbaycan və Niderlandın regionlarında fəaliyyət göstərən sahibkarlar arasında əlaqələrin inkişafına, ikitərəfli ticarət əlaqələrinin genişlənməsinə töhfə verəcəyini vurğulayıb.
Çıxışında Azərbaycan iqtisadiyyatı barədə məlumat verən Ş.Mustafayev ölkəmizin Cənubi Qafqazın siyasi, iqtisadi və mədəni mərkəzi olduğunu, Azərbaycanda siyasi və makroiqtisadi sabitliyin təmin edildiyini qeyd edib, yaradılmış əlverişli biznes və investisiya mühiti nəticəsində ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcminin ildən-ilə artdığını, artan iqtisadi imkanlar nəticəsində ölkəmizin investisiya ixracatçısına çevrildiyini diqqətə çatdırıb. Azərbaycan iqtisadiyyatına dair bir sıra makroiqtisadi göstəriciləri qeyd edən Ş.Mustafayev ölkəmizdəki iqtisadi inkişafın beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirildiyini vurğulayıb.
Niderland Senatının üzvü Rene Van Der Linden Azərbaycanın sürətli iqtisadi inkişafından məmnunluğunu ifadə edib, ölkələrimizin böyük iqtisadi potensiala malik olduğunu və mövcud imkanlardan səmərəli istifadənin, eləcə də iş adamları arasında əməkdaşlığın genişləndirilməsinin Niderland və Azərbaycan arasında iqtisadi-ticarət əlaqələrinin inkişafında əhəmiyyətli olacağını qeyd edib.
Xarici işlər nazirinin müavini, ADA Universitetinin rektoru Hafiz Paşayev çıxışında iş adamlarının iştirakı ilə keçirilən belə tədbirlərin biznes dairələri arasında əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyətini qeyd edib. Azərbaycan və Niderland arasında əlaqələrin iqtisadiyyatın müxtəlif sahələri ilə yanaşı, təhsil sahəsini də əhatə etdiyini vurğulayan Hafiz Paşayev bu sahədə ADA Universiteti ilə Niderlandın Maastrixt İdarəetmə Mərkəzi arasında həyata keçirilən əməkdaşlıq barədə məlumat verib.
Tədbirdə AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanın biznes mühiti və investisiya imkanlarına, Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktoru Rövşən Nəcəf qurumun fəaliyyətinə və həyata keçirilən layihələrə, “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin icraçı direktorunun müavini Zaur Məmmədov sənaye parkında sahibkarlar üçün yaradılmış şəraitə, Niderland tərəfi isə bu ölkənin iqtisadiyyatının müxtəlif sahələrinə və investisiya qoyuluşu imkanlarına dair təqdimatlarla çıxış ediblər.
Biznes forum iş adamları arasında ikitərəfli görüşlərlə davam edib.
R.İSMAYILOV
banner

Oxşar Xəbərlər