• cümə axşamı, 28 mart, 14:42
  • Baku Bakı 16°C

Azərbaycan və Macarıstan strateji tərəfdaşlıq bəyannaməsi imzaladı

11.11.14 18:32 1153
Azərbaycan və Macarıstan strateji tərəfdaşlıq bəyannaməsi imzaladı
Noyabrın 11-də Budapeştdə Azərbaycan prezidenti İlham Əliyevin və Macarıstanın baş naziri Viktor Orbanın geniş tərkibdə görüşü olub. APA-nın məlumatına görə, Macarıstanın baş naziri Azərbaycan prezidentini parlament binasının önündə qarşılayıb. Macarıstan hökumətinin üzvləri prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə baş nazir Viktor Orbana təqdim olunub.
Geniş tərkibdə görüşdə çıxış edən V.Orban prezident İ.Əliyevin səfərinin əhəmiyyətini yüksək qiymətləndirib, ölkənin parlamentində və ümumiyyətlə siyasi həyatında Azərbaycana böyük marağın olduğunu vurğulayıb. “Bizim hər birimiz ölkənizdə əldə olunan tərəqqini böyük heyranlıqla izləyirik”, - deyən baş nazir Azərbaycanın iqtisadi tərəqqisinin, o cümlədən qeyri-neft sektorunun uğurlu inkişafının Macarıstanda maraqla izlənildiyini diqqətə çatdırıb. Macarıstanın baş naziri prezident İlham Əliyevlə dostluq münasibətlərinin ikitərəfli əməkdaşlığın inkişafında rolunu vurğulayıb, əlaqələrin daha da genişlənməsi üçün yaxşı potensialın olduğunu qeyd edib.
Sonra prezident İlham Əliyev çıxış edib. Azərbaycan prezidenti deyib ki, ölkələr arasında ikitərəfli münasibətlər uğurla inkişaf edir və əlaqələr qarşılıqlı etimada söykənir. Ölkələr arasında güclü siyasi əlaqələrin olduğunu deyən prezident İlham Əliyev iqtisadi sahədə də münasibətlərin uğurla inkişaf etdiyini, ticarət dövriyyəsinin artdığını və iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün böyük perspektivlərin mövcudluğunu vurğulayıb. İmzalanacaq sənədlərin əhəmiyyətindən danışan dövlət başçısı onların ikitərəfli əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün yaxşı hüquqi baza yaratdığını bildirib.
Söhbət zamanı əlaqələrin yeni imkanlarının nəzərdən keçirilməsinin önəmi vurğulanıb, birgə hökumətlərarası komissiyanın fəaliyyətinin bu baxımdan əhəmiyyəti qeyd edilib.
Azərbaycanla Macarıstan arasında enerji, təhsil, humanitar, əczaçılıq, investisiya qoyuluşu və digər sahələrdə əməkdaşlığın perspektivlərinin müəyyən edilməsinin vacibliyi diqqətə çatdırılıb. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, həmçinin Avropa İttifaqı çərçivəsində əməkdaşlıq, regional və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
Trend "Budapest Business Journal"a istinadən məlumat verir ki, dünən Azərbaycan və Macarıstan strateji tərəfdaşlıq üzrə bəyannamə imzalayıblar. Macarıstanın baş naziri Azərbaycanın dövlət başçısı ilə görüşdə deyib ki, Azərbaycan qazının tədarükü Macarıstan və bütün Avropanın marağındadır. Onun sözlərinə görə, mövcud müqavilələr Azərbaycan qazının Şərqi Avropaya tədarükünü təmin edir, lakin qazın Mərkəzi Avropaya nəqli üçün də şərait yaradıla bilər. Baş nazir Avropa İttifaqının üzv ölkələrini ilk addım kimi vahid enerji bazarını yaratmağa və ölkələrin qaz şəbəkəsini birləşdirməyə çağırıb.
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan Avropa üçün enerji resurslarının yeni tədarükçüsü olacaq, ölkə isə öz növbəsində, Avropa bazarına çıxacaq. Azərbaycan prezidenti Macarıstanın baş naziri ilə birgə mətbuat konfransında iki ölkə arasında ikitərəfli münasibətlərin sürətlə inkişaf etdiyini vurğulayıb. Dövlət başçısının sözlərinə görə, o, Azərbaycan bazarında, xüsusilə kənd təsərrüfatı, su resurslarının idarə edilməsi və infrastrukturun inkişafı sahələrində Macarıstan şirkətlərinin işini alqışlayır.
Ölkələr arasında strateji tərəfdaşlıq üzrə bəyannamənin imzalanmasına gəlincə, İlham Əliyev bildirib ki, bəyannamədə iki ölkənin ümumi məqsədləri qeyd edilib və sənəd Azərbaycan və Avropa İttifaqı arasında uğurlu əməkdaşlığı və əlaqələrin gələcək inkişafını təmin edəcək.
Prezident dialoqun davam etdirilməsi üçün Macarıstanın baş nazirini Bakıya səfərə dəvət edib.
banner

Oxşar Xəbərlər