Azərbaycan və Latviya arasında Hökumətlərarası Komissiyanın 7-ci iclası keçirilib
Latviya Respublikasının Nəqliyyat Naziri cənab
Uldis Auqulisin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.
Səfərin məqsədi Azərbaycan Respublikası və Latviya Respublikasıarasında
iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 7-ci iclasında iştirak etməkdir.
20 iyun 2017-ci il tarixində Latviya
Respublikasının Nəqliyyat Naziri, Hökumətlərarası Komissiyanın həmsədri Uldis
Auqulisin başçılıq etdiyi nümayəndə heyəti Fəxri Xiyabanda Ümummilli Lider Heydər
Əliyevin məzarını ziyarət edib, sonra ölkəmizin müstəqilliyi uğrunda canlarını
qurban verən şəhidləri yad ediblər.
Daha sonra Azərbaycan Respublikası və Latviya Respublikası arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq
üzrə Hökumətlərarası Komissiyanın 7-ci
iclası keçirilib.
İclası giriş sözü ilə açan Ekologiya və Təbii Sərvətlər Naziri, Azərbaycan tərəfdən
Hökumətlərarası Komissiyanın həmsədri H.Bağırov ölkələrimiz
arasında əməkdaşlıq ilə bağlı məlumatları diqqətə çatdırıb, bu görüşün səmərəli olacağı, gələcəkdə əlaqələrin daha
da geniş inkişafına müsbət təsir göstərəcəyinə ümidvar olduğunu bildirib.
Öz növbəsində Latviya Respublikasının Nəqliyyat
Naziri cənab Uldis Auqulis çıxış edərək qeyd edib ki, bizim əməkdaşlığımızın
inkişafı, birgə layihələrin həyata keçirilməsi sahəsində böyük potensial
vardır. Əminəm ki, iqtisadi əməkdaşlıq getdikcə daha da möhkəmlənəcək və bu da
iki ölkə arasında ticarət dövriyyəsinin ildən-ilə artmasına gətirib
çıxaracaqdır.
Görüş zamanı Azərbaycan ilə Latviya arasında ətraf mühit və regional inkişaf, ikitərəfli
ticarətin və investisiyanın genişləndirilməsi, elm, təhsil, mədəniyyət, turizm,
səhiyyə, nəqliyyat, rabitə və kommunikasiya sahəsində əməkdaşlıq üzrə məsələlər müzakirə edilib.
Sonda Nazir H.Bağırov bildirib ki,
ölkələr arasında
mövcud olan dostluq münasibətləri, böyük iqtisadi potensial, yaradılmış hüquqi
baza, əlverişli investisiya mühiti əməkdaşlığın daha da genişləndirilməsinə və
bundan sonra keyfiyyətcə yeni mərhələyə qaldırılmasına zəmin yaradır.
İclasın sonunda Azərbaycan Respublikası və Latviya
Respublikası arasında Hökumətlərarası Komissiyanın 7-ci iclasının Protokolu imzalanıb.