Azərbaycan və Ermənistan prezidentlərinin görüşü nə vəd edir?
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı prezidentlər
səviyyəsində görüş keçirilə bilər. Bir müddət əvvəl həmsədrlərin təşəbbüsü ilə
Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündən sonra
ATƏT-in Minsk qrupu həmsədrləri belə bir bəyanatla çıxış etmişdi. Beləliklə, bu
məqsədlə ATƏT-in Minsk qrupunun həmsədrləri regiona səfər edərək oktyabrın 6-da
Yerevanda, 7-də isə Bakıda görüşlər keçiriblər.
Həmsədrlər İqor Popov (Rusiya), Endryu Şofer (ABŞ) və Stefan Viskontinin
(Fransa) regiona səfərinin yekunlarına dair bəyanatda qeyd olunub ki, bu səfərin
məqsədi Azərbaycan və Ermənistan prezidentlərinin qarşıdakı görüşünə hazırlıq
və onun gündəliyinin hazırlanması olub: "Hər iki prezident münaqişənin sülh
yolu ilə həllinə nail olmaq üçün danışıqları bərpa etməyə hazır olduqlarını
təsdiq ediblər. Tərəflər prezidentlərin qarşıdakı görüşü barədə yaxın gələcəkdə
məlumat verəcəklər”.
Qeyd olunduğu kimi, həmsədrlər prezidentlərin görüşü üçün
hazırlıqlara başlayıb. Bu görüş baş tutacaqmı və ya prezidentlərin görüşü
substantiv danışıqlar üzrə olacaq, yoxsa yenə də görüş xatirinə görüş
keçiriləcək?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, politoloq Elman Nəsirov bildirdi ki, Azərbaycan
prezidenti İlham Əliyev Nazirlər Kabinetinin ilin 9 ayının sosial-iqtisadi
inkişafı yekunları və qarşıda dayanan vəzifələrlə bağlı iclasında bu məsələni
xüsusi diqqətdə saxladı: "Dövlət başçısı qeyd etdi ki, Ermənistan tərəfi ciddi-cəhdlə
prezidentlər səviyyəsində görüşün baş tutmamasına çalışırdı və buna görə də
şərtlər irəli sürürdü. Lakin biz öncədən söyləmişdik ki, Ermənistan məcbur
olacaq ki, danışıqlar masasına qayıtsın və məsələlər danışıqlar çərçivəsində
müzakirə olunsun. Prezident vurğuladı ki, Ermənistanın bütün ilkin şərtləri
bizim üçün qəbuledilməz idi və biz deyən oldu. Çıxışı zamanı dövlət başçısı
danışıqlar prosesində heç bir irəliləyişin olmadığını vurğuladı. Münaqişənin
həlli ilə bağlı Azərbaycanın mövqeyi də dəyişməzdir. Yəni, ərazi bütövlüyü
məsələsi heç bir zaman danışıqlar predmeti olmayıb və heç vaxt da olmayacaq. Ermənilər
bir dəfə öz müqəddəratını təyinetmə hüququndan istifadə edib Ermənistan
dövlətini yaradıblar, ikinci erməni dövləti yaradılmayacaq. Xüsusilə qeyd etmək
istərdim ki, Azərbaycan məhz məzmun üzrə danışıqların tərəfdarıdır. Əgər ölkə
prezidenti Ermənistanın dövlət başçısı ilə görüşəcəksə, deməli burada ancaq
substantiv danışıqlardan söhbət gedə bilər. Çünki substantiv danışıqlar olmayacağı
təqdirdə, görüşün keçirilməsinin bir mənası qalmır”.
E.Nəsirov qeyd etdi ki, aprel döyüşlərindən sonra Ermənistan
danışıqların davam etdirilməsi üçün ilkin şərtlər irəli sürmüşdü: "Bu şərtlər o
idi ki, təmas xəttində insidentlərin araşdırılması üzrə mexanizm tətbiq
edilsin, ünvanlı bəyanatlar olsun və sonuncusu isə, guya Azərbaycan Dağlıq
Qarabağda erməni əhalisinə qarşı təcavüz edib və bunun baş verməməsinə təminat
versin. Bunlar qərəzli, təhrif olunmuş şərtlərdir. Ermənilər özlərinin
etdikləri hərəkətləri bizim üstümüzə atmaq istəyirdilər. Təbii ki, bunlar
qəbuledilməz yanaşmalar idi. Prezident İlham Əliyevin mövqeyi o idi ki,
ermənilər bu mənasız və ağılsız təkliflərindən imtina etməyə məcbur olacaqlar,
danışıqlar masasına qayıdacaqlar. Bu gün həmin proses baş verməkdədir. Danışıqlardan
imtina Ermənistan üçün çox ciddi nəticələrə gətirib çıxara bilər. Prezident
vurğuladığı kimi, danışıqlar Ermənistan üçün lazımdır. Bu olmayacağı təqdirdə,
müharibə versiyası aktuallaşa bilər və Ermənistanın biabırçı məğlubiyyəti labüd
olacaq. Bu mənada güman edirik ki, prezidentlərin növbəti görüşü baş tutacağı
təqdirdə, müəyyən konstruktiv məcrada danışıqlar gedə bilər. Xüsusilə,
Azərbaycanın danışıqlar öncəsi diplomatik və hərbi üstünlüyü bu reallığı
şərtləndirə bilər”.
"Atlas” Araşdırmalar
Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirdi ki, prezidentlərin
növbəti görüşündə real nəticələr gözlənilmir: "Çünki Nazirlər Kabinetinin
sonuncu müşavirəsində Prezident İlham Əliyev vurğuladı ki, danışıqlar
prosesində heç bir irəliləyiş yoxdur. Faktiki olaraq, Ermənistanın siyasətində
heç nə dəyişməyib. Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasına dair
bir işarə belə yoxdur. Çox təəssüflər olsun ki, həmsədrlər danışıqları irəli
aparmaq və mərhələli həll planını Ermənistana qəbul etdirmək əvəzinə, neçə
aylardır prezidentləri görüşdürmək üçün qarşılarına məqsəd qoyublar. Yaxşı,
deyək ki, prezidentlər görüşdü. Axı, prezidentlərin görüşündən nəticə hasil
olmasa, cəbhə xəttində vəziyyət daha da gərginləşəcək. Həmsədrlər bunu da
anlamalıdır. Çünki hər dəfə belə olur, görüş keçirilir, Ermənistan tərəfi heç
bir addım atmır, cəbhədə vəziyyət gərginləşir, toqquşma ehtimalı da artır. Ona
görə də danışıqlarda hansısa yeni bir element tapılmadan, Qarabağ ətrafındakı
rayonların işğaldan azad olunmasına yönəlik bir işartı olmadan prezidentlərin
görüşündən real nəticə gözləmək mümkün deyil”.
E.Şahinoğlu əlavə etdi ki, indiyədək Azərbaycan və Ermənistan
prezidentlərinin onlarla görüşü baş tutub: "Ancaq Ermənistan prezidentinin mövqeyi
imkan verməyib ki, görüşdə nəticə əldə olunsun. Ona görə də həmsədrlər nəyə
ümidlidirlər, mənə o aydın deyil. Diqqət etsəniz görərsiniz ki, son illər
genişləndirilmiş Madrid prinsiplərindən danışan belə yoxdur. Halbuki, bu,
həmsədrlərin özlərinin hazırladığı plandır. Regiona gəlirlər, gedirlər, amma bu
plandan danışmırlar. Yeganə qeyd etdikləri məsələ prezidentlərin görüşü ilə
bağlıdır. Amma prezidentlərin məzmun olmadan görüşü vəziyyətin gərginləşmə
ehtimalını artırır. Dövlət başçısı İlham Əliyev müşavirədə də söylədi ki,
Ermənistan yenə də öz mövqeyində qalarsa, aprel hadisələri təkrarlana bilər. Bu
əslində real məsələdir. Çünki Ermənistan hakimiyyəti Qarabağ ətrafındakı
rayonları boşaltmaq istəmir və böyük dövlətlər işğalçıya təsir göstərmirlər.
Aprel hadisələrindən öncə də vəziyyət eyni idi və ondan sonra heç bir
dəyişiklik yoxdur. Ona görə də bu cür nəticəsiz danışıqlar, həmsədrlərin ikili
siyasəti aprel hadisələrinin təkrarlanma ehtimalını artırır”.
Bəxtiyar MƏMMƏDLİ