• çərşənbə axşamı, 23 aprel, 09:30
  • Baku Bakı 20°C

“Azərbaycan və BƏƏ arasında siyasi əlaqələr yüksək səviyyədədir”

18.11.14 13:35 1508
“Azərbaycan və BƏƏ arasında siyasi əlaqələr yüksək səviyyədədir”
İqtisadiyyat və sənaye naziri, Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın həmsədri Şahin Mustafayev ölkəmizdə səfərdə olan Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat naziri, Hökumətlərarası Komissiyanın həmsədri Sultan Bin Səid Əl Mansoori ilə görüşüb. İSN mətbuat xidmətindən “Kaspi”yə bildirilib ki, görüşdə nazir Ş.Mustafayev Azərbaycan və BƏƏ arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, qarşılıqlı dostluq və hörmət prinsiplərinə əsaslandığını, qarşılıqlı səfərlərin əməkdaşlığın genişlənməsində xüsusi əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, kənd təsərrüfatı, yüksək texnologiyalar, enerji, təhsil, investisiya qoyuluşu və sair sahələrdə əlaqələr uğurla davam edir. Dubay Ticarət və Sənaye Palatasının xaricdə ilk nümayəndəliyinin məhz Bakıda açılması ölkələrimiz arasında əməkdaşlığa verilən böyük önəmin göstəricisidir. Nazir Ş.Mustafayev mövcud imkanlardan səmərəli istifadə etməklə əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğunu diqqətə çatdırıb, müxtəlif sahələr üzrə əlaqələrin genişlənməsi məsələlərinin Hökumətlərarası Komissiyanın bu gün keçiriləcək iclasında əsas müzakirə mövzusu olacağını vurğulayıb.
Görüşdə “Ağ şəhər” layihəsi barədə məlumat verilib, bu sahəyə investisiya qoyuluşu imkanları diqqətə çatdırılıb. Həmçinin görüşdə Azərbaycanın kənd təsərrüfatı sahəsində geniş potensiala malik olduğu, fermerlər üçün müxtəlif güzəştlərin tətbiq edildiyi, bu yaxınlarda Şəmkirdə aqroparkın təməlinin qoyulması barədə məlumat verilib, kənd təsərrüfatı sahəsində əməkdaşlığın inkişafı perspektivləri vurğulanıb. Tərəflər arasında turizm, İKT, maliyyə, hava nəqliyyatı və s. sahələrdə əməkdaşlıq imkanları barədə də fikir mübadiləsi aparılıb.
BƏƏ-nin iqtisadiyyat naziri, Hökumətlərarası Komissiyanın həmsədri Sultan Bin Səid Əl Mansoori səmimi qəbula görə təşəkkür edib, ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyini, bir sıra sahələrdə əməkdaşlığın inkişafının xüsusilə diqqəti cəlb etdiyini bildirib. Azərbaycana geniş tərkibli nümayəndə heyəti ilə səfər etdiyini vurğulayan Sultan Bin Səid Əl Mansoori səfər çərçivəsində Azərbaycan Prezidenti tərəfindən qəbul edildiyini və dövlət başçısı ilə görüşün BƏƏ nümayəndə heyətində böyük təəssürat yaratdığını vurğulayıb. BƏƏ-nin ölkəmizlə əlaqələrin genişləndirilməsində maraqlı olduğunu qeyd edən qonaq müxtəlif sahələrdə əməkdaşlıq imkanlarına dair fikirlərini bildirib.
Sonra Azərbaycan və BƏƏ hökumətlərii arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 5-ci iclası keçirilib.
Azərbaycan tərəfindən iqtisadiyyat və sənaye naziri Ş.Mustafayevin rəhbərlik etdiyi Hökumətlərarası Komissiyaya müvafiq dövlət qurumlarının yüksək vəzifəli rəsmiləri daxildir. BƏƏ isə iclasda bu ölkənin iqtisadiyyat naziri Sultan Bin Səid Əl Mansoorinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub.
İclasda çıxış edən iqtisadiyyat və sənaye naziri Ş.Mustafayev ölkələrimiz arasında yüksək səviyyəli siyasi əlaqələrin iqtisadi əməkdaşlığın inkişafına geniş imkanlar açdığını, Azərbaycan və BƏƏ arasında iqtisadi əlaqələrin uğurla inkişaf etdiyini diqqətə çatdırıb. Ölkələrimiz arasında əlaqələrin inkişafında qarşılıqlı səfərlərin, keçirilən görüşlərin, Hökumətlərarsı Komissiyanın fəaliyyətinin əhəmiyyəti vurğulanıb, zəruri müqavilə-hüquqi bazanın yaradıldığı qeyd edilib. Nazir Ş.Mustafayev BƏƏ nümayəndə heyəti ilə keçirilmiş görüşdə Bakı-Dubay və gələcəkdə Bakı-Abu-Dabi əməkdaşlıq qruplarının yaradılmasına və Azərbaycan-BƏƏ Birgə Biznes Şurasına dair müzakirələrin aparıldığını qeyd edib, bunun əlaqələrin inkişafı baxımından əhəmiyyətli olacağını bildirib. Azərbaycan-BƏƏ Hökumətlərarası Komissiyanın 4-cü iclasından ötən müddət ərzində görülmüş işlər barədə məlumat verən Ş.Mustafayev enerji, maliyyə, hava nəqliyyatı, kənd təsərrüfatı, rabitə və yüksək texnologiyalar, turizm, təhsil, mədəniyyət və s. sahələrdə əməkdaşlığın uğurla davam etdirildiyini, bununla belə əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb. İqtisadiyyat və sənaye naziri İKT, alternativ enerji, kənd təsərrüfatı, təhsil və s. sahələrdə əlaqələrin genişləndirilməsinin iki ölkə arasında əməkdaşlığın inkişafı baxımından səmərəli olacağını bildirib.
İclasda çıxış edən Hökumətlərarası Komissiyanın Birləşmiş Ərəb Əmirlikləri tərəfdən həmsədri, İqtisadiyyat naziri Sultan Bin Səid Əl Mansoori səmimi qəbula və qonaqpərvərliyə görə təşəkkür edib, əlaqələrimizin ikitərəfli və beynəlxalq təşkilatlar səviyyəsində uğurla davam etdiyini vurğulayıb. Səfər zamanı Azərbaycan Respublikasının Prezidenti tərəfindən qəbul edildiklərini xüsusi qeyd edən Sultan Bin Səid Əl Mansoori bu görüşün onlarda böyük təəssürat yaratdığını, paytaxt Bakıda həyata keçirilən quruculuq və abadlıq işlərindən məmnunluğunu bildirib. Ölkələrimiz arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanları barədə məlumat verən cənab Əl Mansoori BƏƏ-nin Azərbaycana müxtəlif malların ixracında marağını ifadə edib. Bildirilib ki, BƏƏ Azərbaycanın alternativ enerji və kənd təsərrüfatı sahəsində malik olduğu böyük təcrübədən istifadə etməkdə, eləcə də müxtəlif sahələrdə əlaqələri daha da inkişaf etdirməkdə maraqlıdır.
Sonra Azərbaycanın biznes və investisiya mühitinə, Sumqayıt Kimya Sənaye və Yüksək Texnologiyalar parklarına və göllərin ekoloji vəziyyətinin yaxşılaşdırılmasına dair təqdimatlar keçirilib.
Hökumətlərarası Komissiyanın iclasında Azərbaycan və BƏƏ arasında müxtəlif sahələrdə əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri geniş müzakirə olunub.
Sonda Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyasının 5-ci iclasının yekunlarına dair Protokol imzalanıb. Sənədi Hökumətlərarası Komissiyanın həmsədrləri - Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev və Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat naziri Sultan Bin Səid Əl Mansoori imzalayıblar. Sənəddə sənaye, energetika, kənd təsərrüfatı, rabitə və yüksək texnologiyalar, nəqliyyat, ticarət, investisiyalar, turizm, əqli mülkiyyət hüququ, mədəniyyət və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.
R.İSMAYILOV

banner

Oxşar Xəbərlər