• cümə axşamı, 28 mart, 22:19
  • Baku Bakı 13°C

Azərbaycan və ABŞ müdafiə nazirləri görüşüblər - Fotosessiya

06.08.13 09:05 1311
Azərbaycan və ABŞ müdafiə nazirləri görüşüblər - Fotosessiya
ABŞ-ın müdafiə katibi Çak Heygelin dəvəti ilə Vaşinqtonda səfərdə olan Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev öncə “Arlinqton” xiyabanını ziyarət edərək Naməlum əsgərin məzarı önünə əklil qoyub. Sonra o, Pentaqona yola düşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, S. Əbiyev Pentaqonun giriş qapısında fəxri qarovul və ABŞ müdafiə katibi Çak Heygel tərəfindən təntənəli şəkildə qarşılanıb.
Azərbaycanla ABŞ arasında strateji tərəfdaşlıq münasibətlərinin müxtəlif aspektlərinə toxunan S. Əbiyev əlaqələrin qurulmasında və inkişaf etdirilməsində Azərbaycanın praktiki addımlarının xüsusi önəmi olduğunu qeyd edib. Nazir bildirib ki, ABŞ-la Azərbaycan arasında müdafiə sahəsində bir sıra proqramlar üzrə əməkdaşlığın davam etdirilməsi istiqamətində müsbət nəticələr əldə olunub. O, Azərbaycanın 2014-cü ildən sonra da Əfqanıstandakı əməliyyatlara töhfə verəcəyini vurğulayıb və artıq bu niyyətin NATO tərəfindən dəstəkləndiyini həmkarının diqqətinə çatdırıb. S. Əbiyev beynəlxalq terrorizmə qarşı mübarizədə səylərin birləşdirilməsinin və beynəlxalq koalisiya əməliyyatlarında birgə iştirakın verdiyi töhfələrin əməkdaşlığın möhkəmləndirilməsində böyük əhəmiyyət kəsb etdiyini də bildirib.
Avro-Atlantik təhlükəsizliyə töhfə kontekstində Azərbaycanın həyata keçirdiyi işləri qeyd edən S. Əbiyev bu sahədə enerji, nəqliyyat, rabitə və digər regional layihələrin də strateji əməkdaşlığın inkişaf etdirilməsində mühüm faktora çevrildiyini vurğulayıb.
Görüşdə Cənubi Qafqaz regionunda hərbi-siyasi vəziyyət barədə söhbət açan müdafiə naziri bildirib ki, Azərbaycan torpaqları 20 ildir, işğal altındadır: “ABŞ və beynəlxalq təşkilatlar Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsinə münasibətdə beynəlxalq hüquq normalarına əsaslanaraq təcavüzkarla işğala məruz qalan tərəfi fərqləndirmir. Ermənistanın işğalçı siyasəti nəticəsində Azərbaycanda 1 milyondan artıq insan öz doğma yurdundan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Çox təəssüf ki, bu günədək beynəlxalq təşkilatlar və aparıcı dövlətlər tərəfindən Ermənistanın işğalçı dövlət olduğu bəyan edilməyib”.
S. Əbiyev bu məsələdə 907-ci düzəlişin indiyədək aradan qaldırılmamasının yaratdığı problemləri və bunun ABŞ-ın xarici siyasəti ilə ziddiyyət təşkil etdiyini xüsusi vurğulayıb. Nazir Dağlıq Qarabağ münaqişəsinin həll edilmədiyi və Azərbaycan torpaqlarının işğaldan azad olunmadığı təqdirdə bütövlükdə regionda gərgin hərbi siyasi vəziyyətin davam edəcəyini amerikalı həmkarının diqqətinə çatdırıb.
ABŞ-ın müdafiə katibi Ç. Heygel S. Əbiyevin fikirləri ilə razılaşdığını bildirib və Azərbaycanın dostu olaraq bundan sonra da ölkələrarası strateji əməkdaşlığın inkişaf etdirilməsi və möhkəmləndirilməsinə səy göstərəcəyini vurğulayıb.
Daha sonra nazirlər ölkələr arasında hərbi-texniki əməkdaşlığın istiqamətləri barədə geniş fikir mübadiləsi aparıblar.
Ç. Heygel müdafiə nazirindən Azərbaycan prezidentinə salamlarını çatdırmasını xahiş edib.
Görüşün sonunda S. Əbiyev ABŞ müdafiə katibi Çak Heygelə Azərbaycana rəsmi səfərə dəvət məktubunu təqdim edib. Ç Heygel dəvəti məmnuniyyətlə qəbul etdiyini bildirib.
S. Əbiyevin həmin gün ABŞ Hərbi Dəniz Katibi Rey Mabusla da görüşü olub. Söhbət zamanı Xəzərin təhlükəsizliyi və hər iki ölkənin hərbi dəniz qüvvələri arasında əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri ətrafında müzakirələr aparılıb.
Hər iki görüşdə Azərbaycan Respublikasının ABŞ-dakı fövqəladə və səlahiyyəli səfiri Elin Süleymanov iştirak edib.

banner

Oxşar Xəbərlər