• cümə axşamı, 28 mart, 23:01
  • Baku Bakı 13°C

Azərbaycan üzünün Avropaya doğru olduğunu göstərdi

03.12.13 10:07 1854
Azərbaycan üzünün Avropaya doğru olduğunu göstərdi
Avropa İttifaqının noyabrın 28-i və 29-da Vilnüsdə baş tutan “Şərq Tərəfdaşlığı” ölkələrinin III zirvə toplantısı yekunlaşdı. Sammitdən öncə yaranan siyasi ajiotajlar səbəbilə toplantının sonu maraqla gözlənirdi. Sammitdə sürpriz baş vermədi. Aşkar şəkildə Rusiyanın təzyiqi ilə üz-üzə qalan Ukrayna və Ermənistan nəzərdə tutulan sazişləri imzalamağa risk etmədi. Ukrayna prezidenti bu məqama diqqət çəkərək çıxışında Avropa İttifaqının onun ölkəsini qorumadığını söylədi. Bunun əksi olaraq, Gürcüstan və Moldova Avropa İttifaqı ilə Assosiasiya Sazişi və azad ticarət haqqında müqaviləyə imza atdılar. Rusiya ilə münasibətlərin pozulmasını gözə ala bilməyən Ukrayna və Ermənistandan fərqli olaraq, Azərbaycan öz siyasi iradəsini bütün dünyaya nümayiş etdirdi. Belə ki, Aİ ilə viza rejiminin sadələşdirilməsi haqda müqavilə imzalandı. Bu isə o deməkdir ki, sənədin ratifikasiyasından sonra vətəndaşlarımız asan şərtlər daxilində Avropaya səfər edə biləcəklər. Sammitin yekunları ilə bağlı “Kaspi”nin suallarını politoloq Qabil Hüseynli cavablandırır.
- Qabil bəy, sammitin yekunlarını necə qiymətləndirirsiniz?

- Sammitdə Azərbaycanın mövqeyini bütün dünya gördü. Biz əvvəlcədən üzərimizə heç bir öhdəlik götürməmişdik. Ukrayna və Ermənistandan fərqli olaraq Azərbaycanın Avrointeqrasiya proseslərində mövqeyi sabitdir. Belə ki, ölkəmizin istiqaməti qəti şəkildə Avroatlantik məkana inteqrasiya etməkdir. Bəzi məqamları nəzərə aldıqda bu sammitin yekunlarını qiymətləndirmək çətindir. Ukraynanın sazişə imza atmaması müəyyən neqativ məqamlar doğurdu. Beləliklə, sammitin içində bir məyusluq müşahidə olunurdu. Ermənistanın sazişə qol qoymayacağı da bəlli məsələ idi. Bütün bunlara baxmayaraq, iki respublika – Moldova və Gürcüstan sazişə imza atdılar. Azərbaycan Assosiasiya Sazişini imzalamasa da, bu gün ölkəmiz üçün vacib olan bir sazişə qol qoydu. Bununla da ölkəmiz, üzünün Avropaya doğru olduğunu və bir dövlət olaraq müstəqil siyasət yürütdüyünü bütün dünyaya bəyan etdi. Bütün bunları nəzərə alıb Vilnüs sammitinin yekunlarının Azərbaycan üçün qənaətbəxş olduğunu deyə bilərəm.
- Viza sazişinin imzalanması ölkəmizə nə verəcək?

- Düşünürəm ki, bu saziş ölkəmizə çox şey verəcək. Bilirsiniz ki sənəd Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Litva xarici işlər naziri Linas Linkevicius və Avropa qonşuluq siyasəti üzrə komissarı Stefan Fule tərəfindən imzalanıb. Bu müqaviləyə görə, əsasən təhsil və biznes üçün Avropaya üz tutan azərbaycanlılar vizanı daha asan üsulla əldə edəcək. Belə ki, bura rüsum və tələb edilən sənədlərin azaldılması da aiddir. Sənədin ratifikasiya prosedurlarına isə Azərbaycan və Avropa parlamentləri və xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev imza atmalıdır. Bu anlaşma Azərbaycan vətəndaşlarına Şengen vizasını daha sadə şərtlərlə almaq imkanı verəcək. Həmçinin viza haqları 60 avrodan 30 avroyadək endiriləcək. Sənədlərin və vizanın verilməsi üçün tələb edilən günlərin sayında da azalma olacaq. Azərbaycan vətəndaşları bu anlaşmadan sonra 5 ilədək Şengen vizası almaq hüququna malik olacaqlar. Müəyyən kateqoriya, o cümlədən dövlət qulluqçuları üçün Avropaya vizasız səyahət imkanları veriləcək. Vizalar üçün yığılan sənədlərin sayı azalacaq, müəyyən kateqoriya adamlar üçün isə tamamilə pulsuz və uzunmüddətli viza veriləcək. Bu o deməkdir ki, Avropa Birliyi ilə Azərbaycan arasında gediş-gəliş xeyli sadələşir, bürokratik əngəllər aradan qaldırılır. Bir sözlə, Azərbaycan vətəndaşının, eləcə də Avropa vətəndaşının Azərbaycana gəlib-getməsi üçün əvvəlkindən xeyli fərqli şərait yaranacaq.
- Sizcə, viza sazişinin imzalanması Azərbaycanın Gömrük İttifaqı ilə Avropa İttifaqı arasında seçiminə təsir edə bilərmi?

- Təbii ki, edə bilər. Bu gün Azərbaycanın ən vacib problemi Dağlıq Qarabağ ərazisinin düşmən tapdağından xilasıdır. Ölkəmiz illərdir, bunun üçün mübarizə aparır. Hesab edirəm ki, Dağlıq Qarabağ məsələsini həll etmək üçün dövlətimiz bəlkə də, müəyyən kompromislərə getmək məcburiyyəti qarşısındadır. Əgər Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində konkret mövqe nümayiş etdirsə və bu proseslərə qarışmasa, üstəlik, Ermənistanı konstruktiv mövqe tutmağa təhrik edə bilsə, əlbəttə ki, Qarabağ problemi həllini tapar. Belə olarsa, Azərbaycan Rusiyanın atdığı bu addımı yüksək qiymətləndirər, əməkdaşlığın səviyyəsini daha yuxarı hədlərə qaldırar. Zənnimcə, Qarabağ məsələsində hər şey sırf Rusiyanın iradəsindən asılıdır. Rusiya siyasi iradə nümayiş etdirib münaqişəyə obyektiv yanaşarsa, beynəlxalq hüquq normalarına uyğun davranarsa, məsələlər öz məcrasında cərəyan edə bilər.
- Həmçinin, bəyannamədə vurğulanır ki, sammit iştirakçıları münaqişələrin dinc yolla həllinə tərəfdardırlar. Bu məqamın Dağlıq Qarabağ probleminin həllinə yardım edəcəyi nə dərəcədə realdır?
- Təbii ki, biz müharibə istəmirik. Bunu hər zaman söyləyir, hər kəsə bəyan edirik. Məncə, hamı bu münaqişənin dinc yolla həllinə tərəfdardır. Biz heç zaman deməmişik ki, sabah müharibəyə başlayacağıq. Sadəcə, bunun baş verməməsi üçün Ermənistan konstruktiv mövqe nümayiş etdirməlidir. Hətta bu, belə olmalıdır. Avropa İttifaqı da, digər dövlətlər də işğalçı ölkəyə təzyiq göstərərək düzgün yola gətirməlidirlər, konstruktiv yanaşmağa məcbur etməlidirlər. Çünki yalnız bu zaman sülh prosesi baş tuta bilər. Güman edirəm ki, bundan sonrakı sülh danışıqlarında konstruktivlik elementləri özünü büruzə verə bilər.
- Avrointeqrasiya məsələsi ilə bağlı Ukrayna və Ermənistanda baş verən qarşıdurmaların sonunu necə proqnozlaşdırırsınız?
- İrəvanda baş verən qarşıdurmanın nə iləsə nəticələnəcəyini gözləmirəm. Çünki İrəvanda kiçik miqyaslı çıxışlar özünü göstərməkdədir. Amma Ukraynadakı hadisələr, baş verən qarşıdurmalar kifayət qədər ciddi məsələdir. Bu etirazların yekunundan uzağa gedən nəticələr gözləmək olar. Hesab edirəm ki, ya Yanukoviç Vilnüsdə razılaşmadığı sazişi imzalamağa məcbur olacaq, ya da ölkə vətəndaşlarının təhriki ilə istefaya getmək məcburiyyəti ilə üz-üzə qalacaq. Göründüyü kimi, Ukraynadakı hadisələr yenə də cızığından çıxıb və bu etirazlardan “Narıncı inqilab” qoxusu gəlir.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər