• şənbə, 20 Aprel, 14:02
  • Baku Bakı 23°C

Azərbaycan-Ukrayna iqtisadi əməkdaşlığında yeni mərhələ başlayır

01.02.20 21:15 3501
Azərbaycan-Ukrayna iqtisadi əməkdaşlığında yeni mərhələ başlayır
Ukrayna Prezidenti Vladimir Zelenski ötən ilin dekabrında Azərbaycana rəsmi səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən sonra hər iki ölkənin dövlət başçılarının səsləndirdiyi fikirlər, verilən göstərişlər iqtisadi münasibətlərdə yeni yollar açdı. Qısa müddətdə, təxminən bir aydan sonra Azərbaycanın rəsmi qurumlarının rəhbərlərinin, şirkət nümayəndələrinin böyük heyətlə Ukraynaya səfər etməsini bu ölkəyə iqtisadi marağın artmasının göstəricisi kimi qiymətləndirmək olar. Son dörd ildə Azərbaycan ilə Ukrayna arasında iqtisadi əməkdaşlıq məsələləri bu geniş tərkibdə müzakirə olunmayıb. Görünən tərəf budur ki, hər iki ölkə investisiya yatırımlarının artırılmasında maraqlıdır, regional iqtisadi layihələrdən kənarda qalmaq istəmir. Sözsüz ki, siyasi iradə olmasa, siyasi əməkdaşlıq dostluq və strateji xətt üzrə inkişaf etməsə, hər hansı iqtisadi nəticələrdən danışmaq olmaz. Demək ki, Azərbaycan və Ukrayna arasında səmimi münasibətlərə söykənən siyasi iradə mövcuddur.
Azərbaycan ilə Ukrayna arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Komissiyanın iclasında, ondan öncə keçirilən dəyirmi masada, Ukrayna Energetika Nazirliyində işçi qrupların müzakirəsində çox önəmli fikirlər səsləndi. Qısa müddətdə Azərbaycan və Ukrayna arasında ticarət dövriyyəsinin 800 milyon dollardan 2 milyard dollara qədər artırılması iddiası heç də kənardan sadə göründüyü qədər də asan deyil. Deməli, ortalıqda ciddi iqtisadi layihələr mövcuddur. Bunlardan ən birincisi Ukraynanın özəlləşməyə çıxardığı strateji obyektlərin Azərbaycanın maraq dairəsinə düşməsidir. Ukrayna bu gün xarici investisiyalara ehtiyacı olan ölkədir və dövlət rəsmiləri SOCAR-ı Qara dəniz şelfində qaz istehsalı konsorsiumuna qoşulmağa çağırır. Vladimir Zelenski SOCAR-ın prezidenti Rövnəq Abdullayevlə görüşündə birgə layihələrin işlənilməsinə təminat verdi. Azərbaycan nümayəndə heyəti Ukraynaya səfər çərçivəsində Odessa şəhərində bir sıra beynəlxalq əhəmiyyətli enerji və nəqliyyat obyektlərində, o cümlədən neftayırma zavodu, dəniz limanları, sərnişin və yük terminalları ilə yaxından tanış oldu.
Bunların əksəriyyəti özəlləşməyə çıxarılan strateji obyektlərdir. Görünən odur ki, yaxın zamanlarda SOCAR bunlarla bağlı elan edilən tenderlərə qoşulacaq, neft və qaz nəqlinin Ukraynadan Avropaya daşınmasında iştirak edəcək. Azərbaycan ilə Ukrayna arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Komissiyanın həmsədri, Energetika naziri Pərviz ŞahbazovAZƏRTAC-a açıqlamasında bütün enerji və nəqliyyat layihələrinin Azərbaycan üçün böyük maraq kəsb etdiyini söyləyib. O bildirib ki, monitorinqi aparılan obyektlərlə bağlı araşdırmalardan sonra yaxın vaxtlarda müəyyən nəticələrin şahidi olacağıq.
Qeyd edilənlər onu deməyə əsas verir ki, Azərbaycan və Ukrayna iqtisadi münasibətlərin inkişafında yeni iddialar ortalığa qoyub, əməkdaşlıq üçün imkanlar genişdir. Bunu isə iqtisadi əməkdaşlığın inkişafının yeni mərhələsi kimi dəyərləndirmək olar.

banner

Oxşar Xəbərlər