AZE | RUS | ENG |

Azərbaycan üçün OPEC+ formatında əməkdaşlığı davam etdirmək daha məqsədəuyğundur

Azərbaycan üçün OPEC+ formatında əməkdaşlığı davam etdirmək daha məqsədəuyğundur
Azərbaycanın energetika naziri Pərviz Şahbazovun Trend-ə müsahibəsi

- Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və bu təşkilata daxil olmayan, lakin neft hasilatı həcminin məhdudlaşdırılması barədə sazişin iştirakçılarından olan ölkələr arasında əməkdaşlığın səviyyəsini necə qiymətləndirirsiniz? Sizcə, bu saziş bazara necə təsir edib?
- Bildiyiniz kimi, Neft İxrac Edən Ölkələr Təşkilatına üzv və qeyri-üzv dövlətlərin ikinci görüşünün nəticəsi olaraq neft hasilatının azaldılmasına dair sazişin müddəti 2018-ci ilin birinci rübünün sonunda başa çatmalı idi. Lakin dekabrda keçirilmiş üçüncü görüşdə sazişin ilin sonuna kimi davam etdirilməsinə qərar verildi. Hazırda iştirakçı ölkələr öz öhdəliyini icra edir, görüşlər keçirilir, OPEC+ formatında əməkdaşlıq mexanizminin daha da inkişaf etdirilməsi, uzunmüddətli olması ətrafında müzakirələr aparılır. Bütün bunlar, şübhəsiz ki, OPEC çərçivəsində əməkdaşlığın gözləntiləri doğrultmasının nəticəsidir. Belə bir əməkdaşlığın təkcə OPEC-in nüfuzunun, maraqlarının qorunması üçün deyil, neft hasil və ixrac edən ölkələrlə bərabər, həm də istehlakçılar üçün vacibliyini nümayiş etdirir. Yəni bu əməkdaşlıq, OPEC ölkələri və təşkilata daxil olmayan ölkələrin mövqeyinin yekdilliyi, maraqları uzlaşdırmaları və dialoq vasitəsilə qlobal problemin həllinə çalışmaları təşkilatın fəaliyyət dövründə tarixi hadisə, böhranlı vəziyyətə yanaşma və təsirləri baxımından mütərəqqi bir prosesdir. Dünya bazarında neftin qiymətinin sabitləşdirilməsi məqsədilə qəbul edilmiş qərarın işləkliyi "Əməkdaşlıq Bəyannaməsi”nə qoşulan ölkələr tərəfindən təmin edilir. Hər bir üzv ölkə öz öhdəliyinə sadiqliyini qoruyub saxlayır. Ona görə də OPEC-in çətiri altında 2016-cı ilin sonlarından bu günə kimi davam edən əməkdaşlıq təqdirəlayiqdir. Bu əməkdaşlıq həm də yeni texnologiyaların tətbiqi, enerji sektorunda yeni çağırışların nəzərə alınması, geosiyasi faktorların təsiri ilə əlaqədar yarana biləcək risklərin gələcəkdə dünya enerji balansında neftin yanacaq növü kimi mövqeyinin hansı dərəcədə saxlanması istiqamətində neft ölkələri üçün müzakirə, həll platforması ola bilər. Sadalananlarla yanaşı, sazişin bazara konkret təsirinə gəlincə demək istərdim ki, Vyana razılaşmasınadək qlobal neft bazarında müşahidə olunan kəskin qiymət tərəddüdlərini indi artımla müşayiət olunan sabitlik əvəz edib. Tələb-təklif tarazlığı tədricən bərpa olunur. Qiymətin formalaşmasında həlledici rol oynayan kommersiya neft ehtiyatları əhəmiyyətli dərəcədə azalıb. Əlbəttə, neft bazarındakı müsbət tendensiya fonunda iqtisadi artımı, qlobal iqtisadi göstəriciləri də nəzərdən qaçırmamalıyıq. Nüfuzlu beynəlxalq qurumların proqnozlarına əsasən, 2018-ci il dünya iqtisadiyyatında iqtisadi artım gözlənilir. Bu isə, öz növbəsində, neftə tələbatın artmasına, nəticədə qiymətə təsir edən başlıca amildir. Əlbəttə, dünyada neftin qiymətindən danışırıqsa, bütün amillər nəzərə alınmalıdır.

- OPEC-in baş katibi Məhəmməd Barkindo ilə Bakıdakı danışıqları necə qiymətləndirirsiniz? OPEC-ə daxil olmaqla bağlı danışıqlar aparılırmı və hansı mərhələdədir? Təşkilata üzvlük Azərbaycana nə verəcək?
- Azərbaycan Prezidentinin dəvəti ilə Neft İxrac Edən Ölkələr Təşkilatının baş katibi Məhəmməd Sanusi Barkindo 17-19 mart 2018-ci il tarixlərində ölkəmizdə səfərdə oldu. Səfər çərçivəsində bir sıra görüşlər keçirildi, "Səngəçal” terminalına və Bibiheybətdəki ilk neft quyusuna baş çəkdi. Bildiyiniz kimi, neftin sənaye üsulu ilə hasilatı ilk dəfə Azərbaycanda XIX əsrin ortalarından başlayıb. Azərbaycan istər karbohidrogenlərin kəşfiyyatı, hasilatı və emalı sahələrində bir sıra mütərəqqi yeniliklərin ilk dəfə məhz burada tətbiq olunması, istərsə də enerji təhlükəsizliyindəki rolu, dünyanın enerji xəritəsini dəyişən layihələri ilə diqqət mərkəzində olan ölkələrdəndir. OPEC tərəfindən Azərbaycana bu maraq sözsüz ki, ölkəmizin uğurla həyata keçirdiyi transmilli layihələr, eləcə də son illər neftin qiymətinin sabitləşdirilməsi istiqamətində təşkilat çərçivəsində irəli sürülən təşəbbüslərə qoşulması və həyata keçirilən tədbirlərdə yaxından iştirakı ilə bağlıdır. Azərbaycanın bu prosesdə rolu OPEC tərəfindən yüksək qiymətləndirilir. Bu yaxınlarda, neft hasilatının azaldılmasına dair sazişin icrasına nəzarət məqsədilə yaradılmış OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində keçirilmiş iclasında da bu bir daha qeyd edildi. 2018-ci ildən sonrakı müddətdə əməkdaşlığın davam etdirilməsində maraqlar ifadə olunur və burada Azərbaycanın da yer alması arzu edilir. Azərbaycanın OPEC-ə qoşulması məsələsinə gəldikdə hesab edirəm ki, hazırkı mərhələdə bizim üçün OPEC+ formatında əməkdaşlığı davam etdirmək daha məqsədəuyğundur.
 
- İran Prezidenti Həsən Ruhaninin səfəri zamanı Xəzər dənizində müvafiq blokların birgə işlənməsi barədə tarixi saziş imzalandı. Xahiş edirik, bu sazişin şərtləri (konkret hansı bloklar, müddətlər, investisiyalar, əməkdaşlıq şərtləri, hasilat və s.) barədə ətraflı məlumat verərdiniz.
- Son illərdə Azərbaycan və İran prezidentlərinin sıx görüşləri və münasibətlərdə müsbət dinamika heç şübhəsiz ki, öz təsirini ikitərəfli əlaqələrdə, əməkdaşlıq sahələrində göstərir. İranla həm ikitərəfli, həm də üçtərəfli formatda görüşlərin nəticəsini biz artıq enerji sektorunda müşahidə edirik. Xüsusilə elektrik enerjisinin alqı-satqısı sahəsində, eləcə də Azərbaycan-İran-Rusiya enerji sistemlərinin birləşdirilməsi istiqamətində irəliləyişləri qeyd etmək olar. Xəzər dənizində müvafiq blokların birgə işlənməsi haqqında Anlaşma Memorandumunun imzalanması isə mühüm hadisədir. Bu sənədin reallaşması nəticəsində Xəzər dənizində bizim əməkdaşlığımız daha da yüksək pilləyə qalxacaq, eyni zamanda regional əməkdaşlığa töhfə verəcək.

- Energetika Nazirliyinin 2018-ci il üçün neft və qaz hasilatı üzrə proqnozları necədir? Xarici bazarlara hansı həcmdə tədarük planlaşdırılır?
- 2018-ci ildə ölkədə təxminən 38 milyon ton neft hasil ediləcəyi proqnozlaşdırılır ki, onun da 28 milyon tonu "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar kompleksinin, 7,6 milyon tonu isə SOCAR-ın payına düşür. Əlavə olaraq "Şahdəniz”dən 2,4 milyon ton kondensatın hasil ediləcəyi proqnozlaşdırılır. Həmçinin təxminən 32 milyon ton neftin ixrac edilməsi nəzərdə tutulur. Qaz hasilatına gəldikdə, proqnozlara görə 2018-ci ildə ölkədə təxminən 30 milyard kubmetr qaz hasil ediləcəyi nəzərdə tutulur. Bunun 6,4 milyard kubmetri SOCAR-dan, 12,5 milyard kub metri AÇG-dən, 11,1 milyard kubmetri isə "Şahdəniz”dən gözlənilir. Qaz ixracının 9,7 milyard kubmetrdən bir qədər artıq olacağı proqnozlaşdırılır.

- Sizin Səudiyyə Ərəbistanına səfəriniz zamanı Azərbaycanda "Saudi Aramco”nun nümayəndəliyinin açılması barədə razılaşma əldə olunmuşdu. Bu qərarın məqsədi nədir və "Saudi Aramco” Azərbaycan layihələrinə daxil olmağı planlaşdırırmı?
- Səudiyyə Ərəbistanına səfər zamanı həm energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Əl Falih, həm də "Saudi Aramco” milli neft şirkətinin baş icraçı direktoru Amin Al Nasser ilə görüşlərdə şirkətin Azərbaycanda regional ofisinin açılmasına qərar verdikləri bildirildi. Görüşlərdə şirkətin fəaliyyət istiqamətlərinə uyğun olaraq ölkəmizdə, eləcə də digər ölkələrdə Azərbaycanla birgə həyata keçirilən layihələrdə, xüsusilə neftin axtarışı, kəşfiyyatı, hasilatı və emalı sahəsində iştirakında maraqlı olduğu ifadə edildi. "Saudi Aramco” neft şirkəti Azərbaycanda nümayəndəliyini artıq qeydiyyatdan keçirib. Karbohidrogen ehtiyatlarının kəşfiyyatı, hasilatı, emalı və nəqli proseslərində böyük təcrübəyə malik "Saudi Aramco” şirkəti ilə əməkdaşlıq, əlbəttə, ölkədə "upstream" və "downstream" sektorunda yeniliklərə yol aça bilər.

- "Cənub Qaz Dəhlizi” layihəsinin reallaşdırılması necə davam edir? Layihəyə digər ölkələrin, xüsusilə də Transxəzər boru kəmərinin tikintisi yolu ilə Türkmənistanın qoşulması mümkündürmü?
- "Cənub Qaz Dəhlizi” elə bir layihədir ki, təkcə iştirakçı ölkələrin deyil, gələcəkdə qoşulacaq, yaxud qoşulmaq istəyən hər bir ölkənin maraqlarını təmin edəcək böyük imkanlara malikdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə ərsəyə gələn "Cənub Qaz Dəhlizi”nin yeni ixracatçılar, tranzit və istehlakçı ölkələr cəlb etməklə Balkanlar da daxil olmaqla, Şərqi və Mərkəzi Avropaya qədər genişlənmə perspektivi var. Adından göründüyü kimi, bu bir dəhlizdir. Bu il biz "Şahdəniz Mərhələ-2”, "Cənubi Qafqaz Boru Kəməri” və TANAP layihələrini yekunlaşdırırıq və bütün bu işlər də göstərir ki, Azərbaycan üzərinə götürdüyü öhdəliyi yerinə yetirib. "Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının 4-cü iclasında Türkmənistan və Rumıniya təmsilçilərinin iştirakı və çıxışları da təsdiqləyir ki, layihəyə maraq getdikcə daha da artır. Bu il gözlənilən daha bir əhəmiyyətli hadisə Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) ilə bağlıdır. İyun ayında birləşdirici kəmərin təməlqoyma mərasimi planlaşdırılır. Qaz resursları baxımından dəhlizin ötürücülük qabiliyyətini gələcəkdə həm ölkədə həyata keçirilən layihələr hesabına, həm də digər mənbələr, o cümlədən Türkmənistan kimi ölkələrin qazı hesabına da artırmaq mümkündür.

- İstehsalat gücünün artırılması ilə bağlı iş aparılırmı? Bu ilin sonunadək və ortamüddətli perspektivdə müvafiq gücü hansı səviyyəyədək artırmaq nəzərdə tutulur?
- Ölkənin generasiya güclərinin artırılması məqsədilə ilin sonunadək gücü 400,0 MVt "Şimal-2” İES-in, 16,5 MVt "Lerik” Modul ES-in və Naxçıvan MR-də gücü 36,0 MVt olan Ordubad SES-in istismara verilməsi nəzərdə tutulur ki, bu da ümumi generasiya gücünün 452,5 MVt artımına səbəb olacaq. "Şimal-2” İES-in tikintisinin ilin sonuna kimi başa çatdırılması ilə bağlı dövlət başçısı qarşımıza vəzifə qoyub. Bu yaxınlarda "Azərenerji” ASC-nin iştirakı ilə müzakirələr apardıq, mövcud vəziyyəti təhlil etdik. Düşünürük ki, nəzərdə tutulan vaxtda "Şimal-2” İES istismara hazır olacaq. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında verdiyi tapşırıqlara əsasən, hazırda ölkənin inkişafını, əhali artımını, sənayeləşmə prosesini nəzərə alaraq, 5-10 il sonra daxili istehlaka tələbatın proqnozlaşdırılması, xarici enerji bazarlarının təhlili nəticəsində ixrac potensialının müəyyən edilməsi, alternativ və bərpa olunan enerjinin istehsalı sahəsinin təhlili əsasında külək, günəş və su elektrik stansiyalarının tikintisi istiqamətlərində işlər görülür.
 
- Enerji sistemlərinin qonşu dövlətlərlə birləşdirilməsi və enerji dəhlizlərinin yaradılması ilə bağlı hansı işlər aparılır? Elektrik enerjisinin hansı ölkələrə və hansı həcmdə ixracı planlaşdırılır?
- Elektrik enerjisinin ixrac bazarlarının formalaşdırılması, "Şimal-Cənub” elektrik enerjisi dəhlizinin yaradılması ölkənin elektroenergetika sektorunun qarşısında duran mühüm vəzifələrdəndir. Bu məsələlər Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən elektrik enerjisinin ixrac bazarının genişləndirilməsi ilə bağlı tapşırıqlarında da əksini tapıb. Azərbaycanın geostrateji mövqeyi, Şərqlə Qərbin, Avropa ilə Asiyanın qovşağındakı rolu Şimal ilə Cənub arasında nəqliyyat dəhlizi istiqamətində görülən tədbirlər enerji dəhlizi müstəvisində də imkanları dəyərləndirməyin vacibliyini göstərdi. Hazırda elektrik enerjisinin ixrac edilməsi istiqamətində görülən işlərə nümunə kimi ölkəmizin İran və Rusiya ilə əlaqələrini qeyd etmək yerinə düşərdi. Azərbaycan, İran və Rusiya prezidentlərinin əvvəl Bakı, sonra Tehran görüşləri bu istiqamətdə əlaqələrin inkişafına daha da təkan verdi. Hazırda hər üç ölkənin müvafiq qurumları tərəfindən Azərbaycan-Rusiya, Azərbaycan-İran enerji sistemləri arasında imkanların artırılması üçün tədbirlər görülür. Bildiyiniz kimi, aprel ayı ərzində "Azərenerji” ASC ilə "TAVANİR” şirkəti arasında İrana elektrik enerjisinin ixracını nəzərdə tutan müqavilə imzalandı, ardınca energetika nazirlərinin müavinləri səviyyəsində üçtərəfli görüş keçirildi, elektroenergetika sistemlərinin birləşdirilməsi ilə bağlı görüləcək tədbirlər müəyyənləşdirildi. Bundan başqa, İran-Azərbaycan-Gürcüstan enerji dəhlizinin reallaşdırılması da prioritetlərimizdəndir. Həmçinin, Azərbaycan artıq Gürcüstan ərazisi vasitəsilə Türkiyəyə elektrik enerjisi ixrac edir. Elektrik enerjisinin ixracı "Azərbaycan-Gürcüstan-Türkiyə" enerji körpüsü vasitəsilə həyata keçirilir. Bununla Azərbaycan Avropa bazarına çıxışı üçün real imkanlar əldə edib. Bu istiqamətdə iş davam edir.

- Ölkədə alternativ enerjinin yaradılması perspektivlərini necə qiymətləndirirsiniz?
- Alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin perspektivləri böyükdür. Ölkəmiz böyük günəş və külək enerjisi, habelə bioenerji potensialına malikdir.
"Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik, istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”ndə ABOEM üzrə 420 MVt (350 MVt külək, 50 MVt günəş və 20 MVt bioenerji mənbələri üzrə ) generasiya güclərinin yaradılması üçün ərazilər və investisiyalara dair hesablamalar aparılıb. Alternativ və bərpa olunan enerji mənbələrindən istifadə sahəsində inkişafın təmin edilməsi məqsədilə mövcud vəziyyətin dərindən təhlil edilməsı qarşımızda duran əsas vəzifələrdəndir. Düşünürəm ki, bu sahənin inkişaf etdirilməsi üçün qanunvericiliyin təkmilləşdirilməsi, enerji istehsalçıları üçün şəbəkəyə qoşulma şərtlərinin və qaydalarının dəqiqləşdirilməsi və dövlət tərəfindən maliyyə dəstəyinin göstərilməsi zəruridir. Bu işlər aparılacağı təqdirdə, alternativ və bərpa olunan enerji mənbələrindən istifadə sahəsində investorlar üçün əlverişli olan investisiya mühiti yaradılacaq və öz növbəsində, bu, dövlətə vergilər və qənaət olunacaq qaz resurslarının ixracının artırılması hesabına əlavə gəlirlər əldə etməyə imkan yaradacaq.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6958
GBP 1 İngilis funt sterlinqi 2.2839
TRY 1 Türk lirəsi 0.3765
KWD 1 Küveyt dinarı 5.6280
SEK 1 İsveç kronu 0.1939
EUR 1 Avro 1.9978
CHF 1 İsveçrə frankı 1.7014
USD 1 ABŞ dolları 1.7000