• cümə, 29 Mart, 08:49
  • Baku Bakı 5°C

“Azərbaycan üçün önəmlisi xalqımızın iradəsi, seçimi, mövqeyidir”

08.02.18 10:00 2211
“Azərbaycan üçün önəmlisi xalqımızın iradəsi, seçimi, mövqeyidir”
Dövlət başçısı İlham Əliyev növbədənkənar prezidenti seçkilərinin elan edilməsi haqqında sərəncam imzalayıb. Həmin sərəncamla Mərkəzi Seçki Komissiyasına növbədənkənar prezident seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunmasını və Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək həvalə olunub. Sərəncam imzalandığı gündən Azərbaycan cəmiyyətində, o cümlədən media müstəvisində, sosial şəbəkələrdə geniş müzakirə olunur. Ekspertlər, dövlət rəsmiləri növbədənkənar seçkilərin keçirilməsinin səbəbləri barədə fikir və mülahizələrini səsləndirməkdədirlər. Mövzu ilə bağlı "Kaspi”nin suallarını Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ Rayon Təşkilatının sədri Aydın Hüseynov cavablandırır.
- Aydın müəllim, aprel ayının 11-ə növbədənkənar prezident seçkisinin təyin edilməsi Sizcə, hansı zərurətdən irəli gəlib?
- Xatırlayırsınızsa, 2016-cı ilin sentyabrında Azərbaycanda referendum keçirildi. Referendumda Konstitusiyanın 101-ci maddəsinə dəyişiklik edilərək prezidentlik müddəti 5 ildən 7 ilə uzadıldı, vitse-prezidentlik institutu yaradıldı və sair. İndi aprelin 11-ə növbədənkənar seçki təyin etməsi prezidentin konstitusion hüququdur. Burada qeyri-adi nə isə yoxdur. Özünü müxalifət adlandıran bəzi təşkilatlar bir sıra hallarda iddia edirlər ki, növbədənkənar seçkilərin təyin olunması guya kimlərəsə qarşı yönəlib. Bu, tamamilə əsassız bir iddiadır. Azərbaycan reallığına bələd olan hər bir kəs yaxşı bilir ki, ölkə daxilində Prezident İlham Əliyevə rəqib olacaq bir şəxs yoxdur. Prezident İlham Əliyev bütün fəaliyyəti dövründə Azərbaycan milli maraqlarını, vətəndaşlarının mənafeyini müdafiə edib, onların sosial rifah halının daha da yaxşılaşdırılması üçün siyasət həyata keçirib. Regional inkişaf proqramlarının icrasının yekunlarına dair hesabat konfranslarında ölkə üzrə görülən işlərin palitrası aydın şəkildə ortaya qoyulub. Təkcə bir neçə faktı xatırlatmaq yerinə düşər ki, cənab İlham Əliyevin Prezident kimi ölkəyə rəhbərlik etdiyi vaxtdan indiyə qədər iqtisadiyyat 3 dəfədən çox artıb, çoxsaylı istehsal müəssisələri yaradılıb. İndiyə kimi 2 milyona yaxın iş yeri yaradılıb ki, onlardan 1,4 milyonu daimidir. İqtisadiyyata 230 milyard dollardan artıq sərmayə qoyulub, valyuta ehtiyatlarımız 23 dəfə artıb. 2003-2017-ci illər ərzində iqtisadi islahatlar baxımından Azərbaycan qədər sürətli inkişaf yolu ilə gedən ikinci ölkə olmayıb. Son 14 il ərzində ölkədə 3100-dən çox məktəb, 642 tibb müəssisəsi tikilib və ya təmir edilib, 12 min 300 kilometr yol inşa edilib, 443 körpü tikilib, 43 Olimpiya İdman Kompleksi istifadəyə verilib və digər lazımi sosial infrastruktur yaradılıb. Bütün bunların sayəsində Azərbaycandakı işsizlik səviyyəsi 5 faizə enib. Müqayisə üçün bildirim ki, 2003-cü ildə Azərbaycanda işsizliyin səviyyəsi 49 faizə bərabər olub. Bundan başqa, əgər 2004-cü ildə yoxsulluğun səviyyəsi 40 faizdən artıq idisə, hazırda bu, cəmi 5,4 faizdir. Ötən 14 il ərzində sosial sahədə həyata keçirilən tədbirlər nəticəsində maaşlar beş dəfə, pensiyalar səkkiz dəfə artıb. Qeyri-neft sektorunun inkişafı, biznes mühitinin daha da yaxşılaşdırılması məqsədilə çoxsaylı fərman və sərəncamlar imzalanıb, bu vaxta qədər sahibkarlara güzəştli şərtlərlə 2 milyard manatdan çox kreditlər verilib. Bunlara əlavə kimi ölkənin hərbi, siyasi qüdrətinin dəfələrlə artmasını da söyləmək olar. 2016-cı ilin aprel döyüşləri, beynəlxalq aləmin bu hadisədən sonra Azərbaycana münasibəti söylənilənləri təsdiq edir. Bu reallıqlar ölkə ictimaiyyəti tərəfindən görülür və ona görə də hər bir vətəndaş cənab İlham Əliyevə dəstək olur, ona alternativ lider tanımır. Məhz bu siyasət nəticəsində Azərbaycanda sabitlik, əmin-amanlıq, iqtidar-xalq birliyi var. Bu reallıqlar dünyanın nüfuzlu beynəlxalq təşkilatları tərəfindən də dəfələrlə etiraf olunub. Ona görə də növbədənkənar seçkilərin təyin olunmasında hansısa başqa maraqlar axtarmağa dəyməz. Bir daha qeyd edirəm ki, belə bir sərəncamın imzalanması prezidentin konstitusion hüququdur və heç şübhəsiz ki, cənab İlham Əliyevin atdığı bu addım Azərbaycanın milli-dövlətçilik maraqlarına, xalqımızın mənafeyinə uyğundur. Dünyada baş verən prosesləri də az-çox təhlil etsək görərik ki, cənab İlham Əliyev çox düzgün, uzaqgörən addım atıb.
- Belə bir qərarın verilməsində bəzilərinin iddia etdiyi kimi guya rəqiblərin zərərsizləşdirilməsi kimi səbəblər rol oynaya bilərmi?
- Mən bir qədər əvvəl qeyd etdim ki, Azərbaycanda cənab İlham Əliyevə rəqib olacaq bir şəxs yoxdur. Lakin bu, elə başa düşülməsin ki, kimlərinsə seçkidə namizəd kimi qatılmasına hər hansı maneə var. Azərbaycan demokratik, dünyəvi, hüquqi bir dövlətdir. Hər bir kəsin hüququ Konstitusiya ilə tənzimlənir. O cümlədən seçkilərdə namizəd kimi iştirak etmək də qanunvericiliklə tənzimlənən məsələdir. Azərbaycanda onlarla siyasi partiya və təşkilat var və seçkilərdə iştirak edib-etməmək onların öz qərarıdır. Lakin burada başqa bir məqam var. Hər bir siyasi partiya ölkədə keçirilən seçkilərə hər an hazır olmalıdır. Əgər partiya siyasi proseslərə hazır deyilsə, öz liderinin seçkilərdə namizəd kimi iştirakını təmin edə bilmirsə, onda onun məqsədi, fəaliyyəti nədən ibarətdir? Misal üçün, Azərbaycanda sonuncu prezident seçkiləri 2013-cü ildə keçirilib. Həmin vaxtdan indiyə qədər 4 ildən çox müddət keçib. Azərbaycanda siyasi proseslərdə iddialı olan müxalifət, yaxud qeyriləri ötən 4 il yarım ərzində növbəti prezident seçkiləri üçün namizədini müəyyən edə bilməyibsə, ya iki ayda, ya da altı ayda qeyri-adi nə edəcəkdi ki? Bəs indiyə kimi həmin müxalifət təşkilatlarının fəaliyyəti nədən ibarət olub? Bütün bunları nəzərə alaraq, hesab edirəm ki, növbədənkənar seçkilərin aprelin 11-ə təyin olunması ilə guya müxalifətdəki rəqiblər zərərsizləşdirilib kimi fikirlər kökündən yanlışdır. Azərbaycan cəmiyyəti ölkə daxilində siyasi proseslərdə iddialı olan hər bir kəsi yaxşı tanıyır. Cəmiyyət özlərini müxalifət liderləri adlandıranların fəaliyyətinə bələddir. Əgər onlar cəmiyyətin etimadını, etibarını indiyə qədər qazana bilməyibsə, bu, müxalifətin öz günahıdır. 25 il əvvəl olduğu kimi pafosla, quru vədlərlə illüziya yaratmaq dövrü arxada qalıb. Azərbaycan cəmiyyəti artıq bu illüziyalara inanmır. 1993-cü ildə xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gətirilməsindən sonra Azərbaycan xalqı onun ətrafında sıx birləşərək dövlət quruculuğu ilə məşğul olub. Bu gün isə xalq cənab İlham Əliyevin rəhbərliyi ilə bu dövlətin, dövlətçiliyin daha da gücləndirilməsi üçün birlik nümayiş etdirir, onun liderliyini, prezidentliyini dəstəkləyir.
- Hazırda ölkədəki seçki mühitini necə dəyərləndirirsiniz?
- Hər hansı ölkədə siyasi proseslərin, yəni seçkilərin baş tutması üçün vacib olan amillərdən biri sabitlik, əmin-amanlıqdır. Azərbaycanda da bu gün sabitlik var, insanlar dinc, rahat, təhlükəsiz yaşayır, hər bir kəs sərbəst şəkildə öz fəaliyyəti ilə məşğuldur. Bayaq vurğuladığım kimi, iqtisadi, siyasi, hərbi, humanitar sahələrdə inkişaf və tərəqqi var. Bununla yanaşı, insanlar arasında birlik-bərabərlik, həmrəylik müşahidə olunur. Həmçinin, ölkədə demokratik prinsiplər bərqərardır, azad media, internet mövcuddur. Təbii olaraq, belə bir cəmiyyətdə seçki mühiti normaldır. Hazırda ölkədə istənilən seçkinin keçirilməsi üçün lazımi şərait, təcrübə var. Konstitusiyanın ona verdiyi hüquqlardan yararlanmaq istəyən, özünə, elektoratına, seçicilərinə güvənən hər bir kəs, o cümlədən özünü müxalifət hesab edənlər ölkədə keçirilən bələdiyyə, parlament, prezident seçkilərində iştirak edə bilər. Ölkənin iqtidar partiyası kimi Yeni Azərbaycan Partiyası da bu imkanlardan yararlanır, hər bir seçkidə öz namizədləri ilə iştirak edir. Qarşıdan gələn növbədənkənar prezident seçkiləri üçün də partiyamız cənab İlham Əliyevin namizədini müəyyən edib, qurultay çağırıb. Bununla bərabər, Həmkarlar İttifaqı Konfederasiyası da cənab İlham Əliyevin namizədliyini irəli sürüb. Heç şübhəsiz, sonrakı proseslərdə də Konstitusiyanın, Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq bütün lazımi addımlar atılacaq.
- Növbədənkənar prezident seçkisinin keçirilməsinə beynəlxalq reaksiya necə ola bilər?
- Azərbaycan Respublikasının Konstitusiyasını Azərbaycan xalqı qəbul edib. Ana qanunumuza edilən əlavə və dəyişikliklər də referendum yolu ilə, ümumxalq səsverməsi ilə qəbul olunub. Bu proseslərdə səsvermə hüququ olan vətəndaşlarımız iştirak edib, öz iradəsini nümayiş etdiriblər. Azərbaycan xalqının qəbul etdiyi Konstitusiyanın tələblərinə uyğun olaraq, vətəndaşlarımız prezidenti seçir. Əgər Azərbaycan xalqı öz iradəsini nümayiş etdirirsə, kənardan kiminsə nə isə söyləməsi əhəmiyyətsizdir. Onsuz da beynəlxalq ictimaiyyətdə, dünya dövlətləri arasında Azərbaycanın uğurlarını həzm etməyən, onu istəməyən bəzi dairələr, mərkəzlər var. Azərbaycanda hansı uğurlu bir iş görülsə də, həmin dairələr bunu görməzdən gələcək, ölkəmiz barədə beynəlxalq aləmdə yanlış ictimai rəy formalaşdırmağa çalışacaqlar. Yalnız seçkilərdə deyil, Azərbaycan beynəlxalq əhəmiyyətli mədəniyyət, idman tədbirlərinə, beynəlxalq forumlara ev sahibliyi edəndə də həmin dairələrdən bu münasibəti görmüşük. Belə münasibətin sərgilənməsində dünyadakı erməni diaspor təşkilatlarının, onların lobbiçiliyini edən dairələrin, yaxud erməni maraqlarının ifadəçisi kimi tanınan əcnəbi siyasətçilərin rolu böyükdür. Onlar Azərbaycanı hədəf alaraq, ölkəmizi yalnız qaralamaqla məşğuldurlar. Bu səbəbdən də beynəlxalq aləmin nə deməsi bizim üçün əsas ola bilməz. Azərbaycan üçün önəmlisi xalqımızın iradəsi, seçimi, mövqeyidir.
- Növbədənkənar prezident seçkisinin keçiriləcəyi barədə qərar qəbul edildikdən dərhal sonra AXCP və REAL hərəkatı seçkini boykot etdiklərini bildirdilər. Sizcə, müxaliflərin bu qərarı nədən qaynaqlanır?
- 2013-cü il prezident seçkilərində adlarını qeyd etdiyiniz təşkilatların hansı hoqqalardan çıxdığı hər kəsə məlumdur. Özlərini müxalifət hesab edən bu radikallar gah birləşdilər, gah ayrıldılar, sonda da siyasətə aidiyyəti olmayan, ikili vətəndaşlığı olan bir şəxsi vahid namizəd kimi irəli sürdülər. Yəni, müxalifətin gətirdiyi arqumentlər bəhanədən başqa bir şey deyil. Əgər elan edilsə ki, prezident seçkiləri 2018-ci ilin oktyabrında keçiriləcək, ona da bir bəhanə uyduracaqlar. Onların məqsədi heç də Azərbaycan xalqına, milli-dövlətçilik maraqlarımıza xidmət etmək deyil. Radikal müxalifət xarici dairələrin, ölkəmizin uğurlarını görmək istəməyən qüvvələrin təsiri altında Azərbaycan dövlətçiliyini "laxlatmaq” yolunu tutub. Digər tərəfdən, müxalifətin elektoratı, sosial bazası yoxdur. Buna ən gözəl nümunə paytaxt Bakının mərkəzində, Yasamal rayonundakı "Məhsul” stadionunda onların dəfələrlə keçirdiyi icazəli mitinqlərdir. Həmin bu icazəli mitinqlərə 300-400 nəfərdən artıq tərəfdar, dəstəkçi toplaya bilməyiblər. Məhz bu amili də nəzərə alan radikal müxalifətçilər məğlubiyyətdən, biabırçılıqdan özlərini sığortalamaq üçün indidən növbədənkənar prezident seçkilərinə qatılmayacaqlarını bildirir, ənənəvi "boykot” taktikasına üstünlük verirlər. Onların nəinki parlament və prezident seçkilərində iştirak edib qalib gəlmək, heç bələdiyyə seçkilərində də seçilmək şansları yoxdur. Xalq onlara inanıb dəstək vermir. Bunlar bələdiyyə seçkilərində iştirak etmək üçün namizəd tapa bilmirlər. Bu reallıqlar çərçivəsində onların müxtəlif səbəblər gətirərək seçkidən imtina etməsi yalnız və yalnız bəhanədir.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər