• çərşənbə axşamı, 23 aprel, 22:02
  • Baku Bakı 20°C

Azərbaycan üçün faydalı yaxınlaşma

29.11.16 13:16 1060
Azərbaycan üçün faydalı yaxınlaşma
Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhdin qarşısı alındıqdan sonra hüquq-mühafizə orqanları tərəfindən bu işdə şübhəli bilinənlərin həbsinə başlanılıb. Paralel olaraq, rəsmi Ankara PKK terror təşkilatının siyasi qanadı kimi tanınan Xalqların Demokratiyası Partiyasının (HDP) liderləri, millət vəkilləri barədə də həbs qərarı qəbul edib. Buna səbəb kimi həmin şəxslərin separatçılarla əlaqədə olduğuna dair çoxsaylı faktların olması göstərilib. Bu proseslərin baş verdiyi dövrdə Avropa İttifaqı (Aİ) həbslərdən narahatlığını ifadə edib, hətta Avropa Parlamenti 15 iyul qiyam cəhdindən sonra ölkədə gedən kütləvi həbsləri və təqibləri əsas gətirərək, Türkiyə ilə üzvlük danışıqlarının dayandırılmasına dair tövsiyə xarakterli qətnamə qəbul edib. Nəticədə Türkiyə ilə Aİ arasında münasibətlər kritik həddə çatıb. Rəsmi Ankaranın Aİ ilə əlaqələrində soyuqluğun artması fonunda isə Türkiyə-Rusiya münasibətlərində istiləşmə diqqət çəkməyə başlayıb.

Belə ki, ötən günlər ərzində Kremlə yaxınlığı ilə tanınan Vladimir Jirinovski Türkiyəyə səfər edib. O, səfər çərçivəsində prezident Rəcəb Tayyib Ərdoğanla, xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb. Görüş çərçivəsində V.Jirinovski R.T.Ərdoğana yeni Rusiya-Türkiyə ittifaqı ilə bağlı 16 bəndlik layihə təqdim edib. Gələn həftə isə Rusiya xarici işlər naziri Sergey Lavrovun Türkiyəyə rəsmi səfəri planlaşdırılır. Bütün bu faktlar bir daha onu söyləməyə əsas verir ki, Türkiyə-Rusiya münasibətləri hər keçən gün daha da yaxşılaşır, inkişaf edir. Bəs bu yaxınlaşma Azərbaycanın da mövcud olduğu regiona nə vəd edir? Ankara-Moskva ortaqlığı və hətta müttəfiqliyi Dağlıq Qarabaş məsələsini keyfiyyətcə başqa - Azərbaycan üçün kifayət qədər əlverişli bir müstəviyə keçirə bilərmi?


Mövzu ilə bağlı fikirlərini "Kaspi”yə bölüşən Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlubildirib ki, Rusiya-Türkiyə münasibətlərində hazırda baş verənlər əvvəlcədən proqnozlaşdırılırdı. Onun fikrincə, hər iki dövlət arasında məlum təyyarə insidentindən sonra münasibətlər korlansa, bir müddət hər iki tərəf bir-birinin ünvanına qarşılıqlı ittihamlar səsləndirsə də, siyasi rəhbərliyin qətiyyətli addımı sayəsində vəziyyət yenidən əvvəlki məcrasına qayıdıb: "Türkiyə-Rusiya münasibətlərinin təyyarə insidentinə qədər olan səviyyəsi, həmçinin beynəlxalq aləmdə və regionda baş verən proseslər, vəziyyətin gec-tez əvvəlki qaydada olacağına əminlik yaradırdı. Qərbin təzyiqi, Avroparlamentin qəbul etdiyi qətnamə fonunda Rusiya və Türkiyə arasında iqtisadi-siyasi əlaqələr artır, münasibətlər daha da yaxşılaşır. Bu təbiidir, əvvəldən də proqnozlaşdırılırdı. Sadəcə, bir məsələ gözlənilməz idi. Bu, Krımla bağlı Türkiyənin mövqeyinin dəyişməsidir. Halbuki, təyyarə insidentindən əvvəl və sonra Türkiyə Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edir, Krım tatarlarının liderinə dəstək verirdi. Hətta Ərdoğan Krım tatarlarının liderini Türkiyədə qəbul da etmişdi. Amma indi biz görürük ki, Ərdoğan yaxın qohumunun rəhbərlik etdiyi nümayəndə heyətini Krıma yollayıb, yarımadaya investisiya yatırmağı düşünür. Bununla o, nəinki Ukrayna ilə münasibətləri barədə, ümumiyyətlə ABŞ və Avropanın Rusiya siyasəti ilə bağlı Qərbə kifayət qədər ciddi mesaj verdi. Hal-hazırda Qərb, ABŞ və Avropa üçün ən həlledici məsələ Ukraynadır. Təsadüfi deyil ki, Avropa İttifaqının rəhbərliyi ABŞ-ın yeni seçilmiş prezidenti ilə danışığında gündəmə gətirdiyi ilk məsələ Donald Trampın Ukraynaya dair yanaşması oldu. Tusk ABŞ-ın yeni prezidentinin Ukraynaya, Krıma dair mövqeyinin düzgün olmadığını dolayısı ilə dilə gətirdi. Belə demək mümkünsə, Qərb üçün Krım, Ukrayna ən həlledici məsələdir. Belə bir vəziyyətdə Türkiyə Krımla bağlı mövqeyində dəyişiklik etdi”.


Politoloq deyib ki, rəsmi Ankaranın mövqeyindəki bu dəyişiklik Türkiyənin Rusiya ilə uzunmüddətli strateji əməkdaşlıq yoluna qədəm qoyduğunu nümayiş etdirir. Onun fikrincə, indiyə qədər bu əməkdaşlığı rəsmi Ankaranın Krıma Qərb mövqeyindən yanaşması əngəlləyib. Lakin indi həmin yanaşma ortadan qalxıb: "Türkiyə Krımla ticari, iqtisadi, nəqliyyat əlaqələrini getdikcə artırır. Siyasi baxımdan isə Krım Rusiyanın tərkib hissəsi kimi tanınmağa başlanılır”.

M.Əhmədoğlu Türkiyə-Rusiya yaxınlaşmasının regiona, o cümlədən Azərbaycana təsirini də şərh edib. Bildirib ki, bütün hallarda bu yaxınlaşma Azərbaycan üçün faydalıdır: "Rusiya xarici işlər naziri Sergey Lavrov oktyabr ayında İrəvanda keçirilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının iclası zamanı ermənilərə Türkiyə ilə münasibətləri normallaşdırmağı məsləhət gördü. O, bu normallaşmanın açarının isə Dağlıq Qarabağ münaqişəsinin həllində olduğunu bildirdi. Bu həmin Lavrovdur ki, aprel döyüşlərindən sonra Türkiyəni şərləyir, Türkiyə və Azərbaycanın birlikdə müharibə apardığını, rəsmi Ankaranın Dağlıq Qarabağdakı müharibədə Azərbaycana dəstək verdiyini bildirirdi. Lakin 6 ay ərzində rusiyalı diplomat bu mövqeyini 180 dərəcə dəyişib. Bu faktın özü də Rusiya-Türkiyə yaxınlaşmasının Azərbaycanın xeyrinə olduğunu sübut edir. Onu da yaddan çıxarmaq olmaz ki, Moskva-Ankara münasibətlərinin yenidən yaxşılaşmasında ən vacib rolu Azərbaycan Prezidenti İlham Əliyev oynayıb. Türkiyə-Rusiya münasibətlərinin yaxşılaşması Azərbaycanın geosiyasi, iqtisadi maraqlarına tam uyğundur. Sadəcə, Dağlıq Qarabağ məsələsi bu regionda problem deyil. Burada proqnozlaşdırılması çətin olan bir sıra hadisələr baş verə bilər. Misal üçün, İŞİD kimi terror təşkilatının regionda zühur etməsi və sair. Ona görə də Ankara-Moskva münasibətlərinin istiləşməsi ölkəmizin xeyrinədir. Hesab edirəm ki, Rusiya-Azərbaycan və Türkiyə-Azərbaycan ikitərəfli münasibətləri daim qorunub saxlanmalı, Rusiya-İran-Azərbaycan formatı kimi gələcəkdə üçtərəfli Rusiya-Türkiyə-Azərbaycan formatı da qurulmalı və inkişaf etdirilməlidir”.


Sülh və Münaqişələrin Həlli Mərkəzinin rəhbəri, konfliktoloq Elxan Mehdiyev isə dünyada, o cümlədən Yaxın Şərqdə və regionda cərəyan edən hadisələri əsas gətirərək, Ankara-Moskva yaxınlaşmasının davamlı olması, yerləşdiyimiz coğrafi əraziyə müsbət təsir göstərməsi barədə müsbət fikirlər söyləməyin hələ tez olduğunu vurğulayıb. O, Rusiya-Türkiyə yaxınlaşması kimi təqdim olunan proseslərin qısamüddətli maraqlar üzərindən qurulan siyasət olduğunu qeyd edib. Bildirib ki, 15 iyul dövlət çevrilişinə cəhddən əvvəl və sonra Türkiyədə insan hüquq və azadlıqlarının məhdudlaşdırılması, kütləvi həbslərin həyata keçirilməsi istiqamətində bir sıra addımlar atılıb və bunun müqabilində də Qərb, Avropa İttifaqı rəsmi Ankaraya narahatlığını çatdırıb. Konfliktoloq deyib ki, Avropa İttifaqı Türkiyə prezidentini Qərb demokratiyasından tamamilə izolə etdiyindən, o, Rusiya ilə münasibətləri tamamilə fərqli müstəviyə daşıyıb. E.Mehdiyev deyib ki, rəsmi Ankaranın bu siyasi kursu NATO üzvlüyü, Avropa dəyərləri, həmçinin bu dəyərlərin Türkiyədə bərqərar edilməsi ilə bir araya sığmır. Konfliktoloqun sözlərinə görə, hazırda Türkiyədə Avropa İttifaqına alternativ kimi Şanxay beşliyi məsələsi gündəmə gətirilib və geniş müzakirə olunmaqdadır. E.Mehdiyev bildirib ki, Şanxay beşliyi və Şanxay iş birliyi təşkilatı kökü olmayan, deklorativ əsaslar üzərində qurulan, oradakı dövlətlərin ikitərəfli iqtisadi münasibətlərini özündə göstərən bir təşkilatdır. Onun fikrincə, heç bir halda belə bir təşkilat Avropa İttifaqına alternativ ola bilməz. Konfliktoloq vurğulayıb ki, Türkiyənin Avropa İttifaqı ilə iqtisadi münasibətləri, Avropaya ixracı bu ölkənin iqtisadiyyatının 50 faizdən artığını, Şanxay beşliyi dövlətləri ilə cəmi 3 faizini təşkil edir. Bütün bu faktları nəzərə alan E.Mehdiyev Türkiyə-Rusiya işbirliyinin perspektivinin olmadığını diqqətə çatdırıb. Bu baxımdan o, sözügedən münasibətlərin Azərbaycana hansı formada təsir edəcəyi barədə fikir yürütməyin də tez olduğunu söyləyib.

Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər