• cümə, 19 Aprel, 16:08
  • Baku Bakı 25°C

Azərbaycan Türkiyənin ən önəmli strateji müttəfiqidir

18.06.20 16:40 749
Azərbaycan Türkiyənin ən önəmli strateji müttəfiqidir
Türkiyədə keçirilən sorğunun nəticələrinə görə, respondentlərin 65 faizindən çoxu bu mövqedədir

Artıq neçə ildir ki, nüfuzlu Kadir Has Universiteti Türkiyənin ən ciddi problemləri, hədəfləri, ölkələrlə münasibətlərini müəyyən edən sorğu keçirir. Ölkəmiz üçün ən önəmlisi budur ki, illər uzunudur ki, sorğu, Azərbaycanın Türkiyənin ən önəmli strateji müttəfiqi, dost və qardaş ölkə olduğunu üzə çıxarır. "Sözçü” qəzetində dərc edilən materialda respondentlərin 65 faizindən çoxu (65,3 faiz) Azərbaycanı dost, qardaş və strateji müttəfiq qismində gördüklərini bəyan edib. Beləliklə, 2020-ci il aprelin 3-dən 20-nə kimi keçirilən sorğu, ölkənin 26 əyalətində və yaşı 18-dən yuxarı insanlar arasında keçirilib. Kadir Has Universiteti 2010-cu ildən bu mövzuda sorğu keçirir. Budəfəki sorğu da universitetin beynəlxalq münasibətlər üzrə şöbəsinin professoru Mustafa Aydının rəhbərliyi ilə həyata keçirilib. Sorğudan bəlli olur ki, Azərbaycandan sonra Türkiyənin ən yaxın dostu və müttəfiqi Şimali Kipr Türk Cümhuriyyəti və Mərkəzi Asiyanın türk respublikalarıdır. Bunun ardınca ölkənin dostları kimi Gürcüstan və Rusiya gəlir. Moskvanı strateji tərəfdaş, yaxın dost kimi görənlər əvvəlki ildə 55 faiz idisə, indi bu rəqəm 37 faizə düşüb. Türkiyənin xarici siyasətini müəyyən edən ən önəmli şəxs prezident göstərilib. Əvvəlki ildə bu rəqəm 58 faiz idisə, indi bu rəqəm 62-yə yüksəlib. Xarici siyasətdə iş birliyi həyata keçirilməsi zəruri olan ölkələr sırasında 30 faizlə türk cümhuriyyətləri, 27 faizlə ABŞ, 24 faizlə müsəlman ölkələri göstərilib.
Sorğuda respondentlərə, həmçinin Türkiyə üçün təhlükə olaraq hansı ölkələri gördükləri sualı verilib. Bəlli olub ki, Birləşmiş Ştatlar Türkiyə üçün təhlükə qismində görülən ölkələr sırasında birincidir. Bu, artıq neçə ildir ki, belədir. Ekspertlər hesab edir ki, Vaşinqtonun PYD/YPG-ni açıq şəkildə dəstəkləməsi Türkiyədə anti-Amerika əhval-ruhiyyənin artmasına gətirib çıxarıb. "Sizcə, türk xarici siyasətinin ən önəmli problemi nədir” sualına respondentlərin 20 faizi ABŞ ilə münasibətləri, 18 faiz transsərhəd terrorizmini göstərib. Ötən il Suriya münaqişəsi ən ciddi problem kimi ikinci sırada idisə, bu il artıq bu problem üçüncü sıraya düşüb. Ötən il 54 faiz İsraili təhdid kimi gördüyü halda, bu il bu göstərici 71 faizə yüksəlib. Respondentlərin 44 faizi NATO-nun rahatsızlığı və ABŞ-ın investisiya təhdidlərinə baxmayaraq, raketlərin alınmasının gərəkliliyini bildirib. 24 faiz isə bu raketlərin alınmasına zərurət olmadığını deyib. Türkiyəni bir Avropa ölkəsi kimi görməyənlər 17 faiz olduğu halda, Orta Şərq ölkəsi olaraq tanımayanlar 16 faiz olub. Ötən il hökumətin xarici siyasətini uğurlu hesab edənlər 30 faiz idisə, bu il bu rəqəm 39 faizə yüksəlib. 92 səhifəlik hesabatda respondentlərin 68 faizi prezidentə xarici siyasətdə başlıca və önəmli yer verir. Türkiyənin Aİ-yə üzv olmasını istəyən əvvəlki ildə 61 faiz idisə, indi bu rəqəm 53 faizə düşüb.
Sorğuya qatılanların 60 faizi Türkiyənin NATO üzvlüyündə qalmasının zəruriliyini bildirib. Türkiyənin Yaxın Şərq siyasətinin uğursuz olduğunu bildirənlər isə 61 faizə yüksəlib. Türk xalqının 56 faizi ölkənin parçalanma təhlükəsi altında olmadığını, 29 faiz isə bölünmə riski daşıdığını bildirib. 51 faiz sərhədlərdən kənar əməliyyatları dəstəklədikləri halda, 32 faiz buna qarşı olduğunu bildirib. Avropa İttifaqı ölkələri bu il 25 faizlə Türkiyə üçün təhdid olan ölkələr içində üçüncüdür. Suriyanı təhdid olaraq görənlərin sayı 7 faiz artaraq 24 faizə yüksəlib. "Sizcə, Türkiyə ilə Yunanıstan arasında problem varmı” sualına 30 faiz "bəli” cavabı verib. Əvvəlki ildə isə bu rəqəm 13 faiz idi. Respondentlərin 55 faizi iki ölkə arasında ən önəmli problem kimi "Kipr anlaşılmazlığı”nı göstərib. 41 faiz isə Egey adalarının silahlandırılmasını qeyd edib. Sorğu zamanı respondentlərə ölkə əhalisi üçün sosial-iqtisadi məsələlərə bağlı da sual ünvanlanıb. Ən ciddi problemi işsizlik, bahalıq və türk lirəsinin taleyi ilə bağlı olub. İşsizlik problemi əvvəlki illə müqayisədə artıb. Əvvəlki ildə işsizliyi təhlükə kimi görənlər 17 faiz idisə, indi bu rəqəm 27 faizə yüksəlib. Həyat bahalılığını ən önəmli problem olaraq görənlər 13 faizdən 17-yə yüksəlib. Son bir ildə iqtisadiyyatda yaşanan çətinlikləri dəyərləndirən respondentlərin 57 faizi bu sahədəki durğunluğun geridə qaldığı qənaətində olduğunu bildirib.
Beləliklə, bir daha Azərbaycanın strateji və dost dövlət statusunun təsdiqlənməsi iki qardaş ölkə arasında münasibətlərin sözdə deyil, real həyatda da mövcud olduğunu göstərir. Azərbaycanla Türkiyə arasında son illər tək siyasi deyil, iqtisadi, mədəni, ümumiyyətlə, hərtərəfli əlaqələr yüksəlməkdə davam edir. Tək regional deyil, beynəlxalq aləmdə irimiqyaslı layihələr həyata keçirilməkdədir – Bakı-Ceyhan neft, Bakı-Ərzurum qaz, Bakı-Tbilisi-Qars dəmiryolu layihələri artıq reallaşıb. Ən əsası, TANAP kimi beynəlxalq əhəmiyyətli qaz kəməri layihəsi də həyata vəsiqə qazanıb. Bu layihənin reallaşması ilə Türkiyə enerji habına çevriləcək.Əksəriyyət, Azərbaycan-Türkiyə münasibətlərinin digər ölkələr üçün nümunə sayır.
Azər
banner

Oxşar Xəbərlər