AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Azərbaycan Türkiyə ilə aqrar sığortaya dair Niyyət Bəyannaməsi imzaladı

Azərbaycan Türkiyə ilə aqrar sığortaya dair Niyyət Bəyannaməsi imzaladı

İqtisadiyyat
27 Fevral 2020, 12:30 568
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Sığorta Fondu ilə Türkiyənin analoji qurumu - TARSİM arasında aqrar sığorta sahəsində əməkdaşlıq üzrə Niyyət Bəyannaməsi imzalanıb.
Bu barədə "Report”a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.
Məlumatda deyilir ki, Türkiyənin Kənd Təsərrüfatı və Meşə nazirinin müavini Fatih Metinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir. Səfər çərçivəsində onlar azərbaycanlı nazir İnam Kərimovla görüş keçirib. Nazir qonaqlara Azərbaycanda aqrar sahədə həyata keçirilən tədbirlər barədə məlumat verib.
O bildirib ki, 2019-cu ildə Milli Məclis "Aqrar sığorta haqqında” qanun qəbul edib, Nazirlər Kabineti Aqrar Sığorta Fondunun Nizamnaməsini və "Aqrar sığorta predmetinin tərkibini” təsdiqləyib: "Bununla da ölkəmizdə ilk dəfə aqrar sğıortanın geniş miqyaslı tətbiqi üçün hüquqi baza formalaşıb. Azərbaycanda aqrar sığorta mexanizmi Türkiyənin TARSİM modelinin təcrübəsi əsasında qurulur. Dövlət-özəl sektor əməkdaşlığına əsaslanan bu model işlək və uğurlu bir modeldir. Məhsulların Aqrar Sığorta Fondu ilə özəl sığorta şirkətləri tərəfindən birgə sığortalanması investisiya risklərini azaldacaq, fermerlərə dövlət dəstəyini gücləndirəcək, məşğulluğa müsbət təsir edəcək, ərzaq təhlükəsizliyinə töhfə vermiş olacaq və sığorta bazarını gücləndirəcək”.
Azərbaycanda iqtisadiyyatın bütün sahələrinin, o cümlədən aqrar sektorun inkişaf etdiyini deyən F.Metin qeyd edib ki, iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial var: "Azərbaycanın kənd təsərrüfatının inkişafı istiqamətində atdığı addımları yüksək dəyərləndiririk. Türkiyə Azərbaycanda aqrar sığortanın tətbiqi və inkişafı üçün təcrübə mübadiləsi və texniki dəstək göstərməyə davam edəcək. Hesab edirəm ki, Azərbaycanda tətbiq olunan aqrar sığorta modeli region ölkələri üçün nümunə olacaq”.
Görüşdə iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi, aqrar sığorta sahəsində gələcək əməkdaşlıq istiqamətləri ilə bağlı geniş fikir mübadiləsi aparılıb.
Görüşdən sonra Niyyət Bəyannaməsinin imzalanma mərasimi keçirilib. Sənədi Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov və TARSİM-in baş direktoru Serpil Günal imzalayıb.