• cümə axşamı, 28 mart, 18:32
  • Baku Bakı 13°C

Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı yeni mərhələdə

10.04.21 09:45 741
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı yeni mərhələdə
2017-ci il oktyabrın 31-də Azərbaycan ilə Türkiyə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında imzalanmış Saziş bu il aprel ayının 5-də Türkiyə Prezidenti tərəfindən təsdiqlənib. Saziş hər iki ölkənin Müdafiə Sənayesi nazirlikləri arasında qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsini nəzərdə tutur. Bu məqsədlə Sazişdə nəzərdə tutulmuş Birgə Komissiyanın yaradılmasına başlanıb.
BunuAZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib.
Deputat bildirib ki, Birgə Komissiyanın fəaliyyəti iki qardaş ölkənin müdafiə sənayeləri arasında işbirliyi ilə bağlı bütün məsələləri, o cümlədən hərbi texnika, silah və sursatların birgə istehsalı və satışı, hərbi texnologiyaların təkmilləşdirilməsi istiqamətində birgə tədqiqat işlərinin aparılması kimi əməkdaşlıq sahələrini əhatə edəcək.
Açıq və gizli hərbi əməkdaşlıq edən, qanuni və qeyri-qanuni silah ticarəti həyata keçirən bəzi ölkələrdən fərqli olaraq, Türkiyə ilə Azərbaycan arasında mövcud hərbi əməkdaşlığın bütün parametrləri hamı üçün açıqdır. Türkiyə ilə Azərbaycan arasında bütün istiqamətlərdə daim dərinləşən əməkdaşlıq dövlətlərin qəbul etdiyi birgə qərarlara və beynəlxalq qanunlara əsaslanır.
"NATO-nun ikinci ən güclü ordusu kimi tanınan Türkiyə Silahlı Qüvvələri yeni texnologiyalar əsasında hazırlanmış silahlara və müasir döyüş vasitələrinə yiyələnmiş yenilməz ordudur. Azərbaycan Ordusu isə beynəlxalq reytinq agentliklərinin açıqladığı hesabatlara görə, texniki təchizat və hərbi döyüş qabiliyyəti baxımından dünyanın ən güclü 50 ordusu sırasında yer alır. Otuz ilə yaxın işğal altında qalmış torpaqlarımızın 44 günlük müharibə nəticəsində azad olunması Milli Ordumuzun yüksək döyüş qabiliyyətini və peşəkar bacarıqlarını bütün dünyaya, xüsusilə də düşmənlərimizə və onları dəstəkləyən havadarlarına bir daha göstərdi”, - deyə deputat qeyd edib.
C.Feyziyev vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin Silahlı Qüvvələrimizin Türkiyə ordusunun modeli əsasında yenidən qurulması təşəbbüsü çağdaş dövrün çağırışlarına və Azərbaycanın müdafiə qabiliyyətinin daha da artırılmasına hədəflənən ordu quruculuğu strategiyasıdır. Bu strategiyanın uğurla həyata keçirilməsi Azərbaycan Ordusunun hərbi-texniki göstəricilərinin daha yüksək səviyyəyə qaldırılmasını təmin edəcək və ölkəmizin müdafiə qabiliyyətini daha da artıracaq. Türkiyə hərbi sənayesi ilə milli hərbi sənayemizin birgə əməkdaşlığı qarşıya qoyulan məqsədlərə nail olmağa mühüm töhfələr verəcək.
banner

Oxşar Xəbərlər