“Azərbaycan-Türkiyə ədəbi əlaqələri” adlı dəyirmi masa keçirilib
Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan ədəbiyyatı kafedrası və
Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının birgə təşkilatçılığı ilə "Azərbaycan-Türkiyə
ədəbi əlaqələri” adlı dəyirmi masa keçirilib.
Azərbaycan ədəbiyyatı
kafedrasının müdiri, akademik Muxtar İmanov bildirib ki, 1839-cu ildə Osmanlı
dövlətinin "tənzimat islahatı”nı qəbul etməsi ilə həyata keçirilən islahatlar ədəbiyyata
ciddi təsir edib: "Avropa ədəbiyyatının
türk ədəbiyyatına həm formaca, həm də məzmunca təsirini özündə əks etdirən "tənzimat
ədəbiyyatı” dövrü yaranması nəticəsində Türkiyə ədəbiyyatında ənənələrə sadiq,
qəzəl və qəsidəyə əsaslanan və yeni forma və məzmuna malik ədəbiyyat
formalaşdı”.
Milli Arxiv idarəsinin rəis
müavini, professor Əsgər Rəsulov Azərbaycan və Türkiyə arasında tarixən mövcud
olan ədəbi əlaqələrin inkişafından, yanaşma tərzlərindən bəhs edib. Ə.Rəsulov
qeyd edib ki, iki ölkənin dil və mədəniyyətində mövcud olan oxşar cəhətlər ədəbi-bədii
fikirlərin də bənzər olmasında rol oynayıb.
ADU-nun Azərbaycan ədəbiyyatı
kafedrasının dosenti Nurlanə Mustafayeva "Qardaş köməyi” adlı dərgi haqqında təqdimat
edib. N. Mustafayeva adıçəkilən dərgidə XX əsrin əvvəllərində Azərbaycan ədəbiyyatının,
elminin, siyasətinin görkəmli simaları Hüseyn Cavid, Abdulla Şaiq, Ömər Faiq
Nemanzadə, Əhməd Cavad, Məhəmməd Əmin Rəsulzadə, Abbas Səhhət, Salman Mümtaz, Məmməd
Səid Ordubadinin yaradıcılığına yer verildiyini bildirib.
Dəyirmi masa iştirakçıları
maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.