• cümə axşamı, 25 aprel, 00:15
  • Baku Bakı 19°C

Azərbaycan-Türkiyə dostluğunun növbəti təzahürü

28.07.20 18:02 936
Azərbaycan-Türkiyə dostluğunun növbəti təzahürü
Ekspertlər iki qardaş ölkə hərbiçilərinin geniş miqyaslı hərbi təlimlərini bu cür qiymətləndirirlər
Azərbaycanla Türkiyə arasında digər sahələrdə olduğu kimi hərbi sahədə də əməkdaşlıq yüksək səviyyədə qurulub. İki ölkənin hərbi rəhbərliyi müvafiq plan əsasında addımlar atırlar. Ənənəvi olaraq bu günlərdə Azərbaycan və Türkiyə hərbiçilərinin geniş miqyaslı hərbi təlimləri başlayıb. Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq ölkəmizdə hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçiriləcək.
Birgə təlimlərdə iki ölkənin ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, həmçinin hərbi aviasiya və hava hücumundan müdafiə vasitələri cəlb ediləcək.
Plana əsasən, təlimlər avqustun 1-dən 5-dək quru qoşunlarının da cəlb edilməsi ilə Bakıda və Naxçıvanda, hərbi aviasiya vasitələrinin iştirakı ilə isə iyulun 29-dan avqustun 10-dək Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlax şəhərlərində keçiriləcək.
Qardaş Türkiyə ilə birgə təlimlərin indiki məqamda keçirilməsi ilə bağlı mediada, eləcə də sosial şəbəkələrdə müxtəlif yanaşmalar var. Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayon istiqamətində Ermənistan tərəfinin təxribat törədib.
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı Musa Qasımlı bildirdi ki, Azərbaycan və Türkiyə qoşun hissələrinin Naxçıvanda birgə təlimlər keçməsi iki qardaş ölkə arasında imzalanan sənədlərə tam uyğundur. Onun sözlərinə görə, iki ölkənin hərbiçilərinin bir yerdə olması eyni zamanda qardaşlığımızın göstəricisidir: "Bərabər hərəkət etmək bir çox məsələlərin həllinə kömək etmək iradəsinə də bir işarədir”.
Millət vəkili Aydın Mirzəzadə bildirdi ki, bu təlimlər ilk növbədə Azərbaycan-Türkiyə dostluğunun, müttəfiqliyinin daha bir sahədə dərinləşməsi və möhkəmlənməsidir: "Biz qardaş, dost ölkələrik, bir millət-iki dövlətik. Bu baxımdan, əməkdaşlığımız bütün sahələr üzrə genişlənib. Buna qədər də hərbi sahədə əməkdaşlıq var idi, amma Azərbaycan və Türkiyə arasında bağlanan sazişə görə birgə təlimlərin keçirilməsi də nəzərdə tutulurdu. Plan əsasında keçirilən bu təlimlər koordinasiyanın təkmilləşməsinə, yeni silahlardan istifadədə təcrübənin və peşəkarlığın artmasına kömək edəcək”.
A.Mirzəzadə vurğuladı ki, eyni zamanda bu təlimlər Ermənistanın Azərbaycan torpaqlarının işğalını qonşu, dost Türkiyənin qəbul etməməsinin yeni bir ifadəsidir: "İstənilən halda, Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq həmişə olacaq və davam edəcək. Ermənistan və onu müdafiə edən dairələr bundan nəticə çıxarmalıdır”.

Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa bildirdi ki, Azərbaycan və Türkiyə hərbçilərinin genişmiqyaslı təlimi əvvəlcədən planlaşdırılıb: "Ona görə də bu təlimlərin Tovuz hadisələri ilə bir əlaqəsi yoxdur. Daimi olaraq, Türkiyə və Azərbaycan hərbiçiləri həm Türkiyə, həm də Azərbaycan ərazisində belə hərbi təlimlər keçirirlər. Burada əlahiddə heç bir şey yoxdur. Yəni, bu ənənəvi olaraq ikitərəfli hərbi əməkdaşlıq sazişi əsasında keçirilən hərbi təlimlərdir. Bu təlimlərin Azərbaycan üçün əhəmiyyəti ondan ibarətdir ki, belə hərbi əməkdaşlıq ordumuzun təcrübəsinin artırılmasına yardımçı olur. Digər tərəfdən isə Türkiyə bizə qardaş ölkədir, müttəfiqimizdir. Türkiyə ilə birgə manevrlər etmə vərdişi əldə edirik. Bu da ölkəmizin ordu quruculuğunda olduqca faydalıdır. Eyni zamanda, Türkiyənin Naxçıvanla bağlı öhdəliyi var. Təlimlərin orada keçirilməsi həm də Ankaranın mesajıdır ki, bölgə ilə bağlı bütün proseslərdə aktiv rol almaq niyyətindədir”.
F.Mustafa qeyd etdi ki, bu təlimlər Azərbaycanın əlini möhkəmlətməkdən daha çox, əməkdaşlığa xidmət edir: "Bilirsiniz ki, əvvəlki illərdə də belə hərbi təlimlər olub. Xatırlayırsınızsa, Türkiyədə - Qarsda və başqa yerlərdə belə təlimlər keçirilib”.
Polkovnik-leytenant İ.İsmayılov AZƏRTAC-a açıqlamasında bildirib ki, illik plana uyğun olaraq ölkəmizdə hər iki ölkənin Quru Qoşunları və Hərbi Hava Qüvvələrinin iştirakı ilə genişmiqyaslı birgə döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərinin keçirilməsi Ermənistan mətbuatında və vəziyyətin gərginləşməsində maraqlı qüvvələr tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində baş verən döyüşlər və ya hazırda keçirilən Rusiya-Ermənistan birgə hərbi təlimlərinə cavab kimi təqdim edilir. Onun sözlərinə görə, Azərbaycan ilə Türkiyə arasında ilk hərbi müqavilə 1992-ci ildə imzalanıb, yəni, bu əlaqələrin artıq 28 ili tamam olur. Daha sonrakı illərdə isə Türkiyə ilə Azərbaycan arasında bu sahədə imzalanan bir çox digər müqavilələr də bir sıra normativ-hüquqi aktlara söykənir. Azərbaycan Ordusunun hərbi qulluqçularının Türkiyədə təhsil alması, birgə hərbi təlimlərin keçirilməsi, texniki və elmi sahədə əməkdaşlıq və Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclasının mütəmadi təşkil edilməsi kimi tədbirlər əməkdaşlıq barədə imzalanan müqavilələrdə əksini tapıb. Sözsüz ki, iki ölkə arasındakı hərbi əlaqələrin inkişafına təkan verən ən önəmli amillərdən biri də məhz birgə hərbi təlimlərin keçirilməsidir. Təbii ki, ermənipərəst qüvvələr vəziyyətin gərginləşməsində maraqlı olduqları üçün təlimlərin indiki vaxtda keçirilməsini guya iyulun 12-dən 17-dək Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində baş verən döyüşlər və ya hazırda Ermənistanda keçirilən Rusiya-Ermənistan birgə hərbi təlimlərinə cavab kimi təqdim edəcəklər. Ancaq tam səmimiyyətlə və məsuliyyətlə deyə bilərəm ki, kiminsə bu təlimləri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində baş verən əməliyyatlarla əlaqələndirməsi yalnız gülüş doğura bilər. Belə bir ehtimalı irəli sürmək həm siyasi savadsızlığın, həm də bir hərbçi kimi qeyri-peşəkarlığın göstəricisidir. Bu təlimlər inkişaf edən Azərbaycan-Türkiyə hərbi əlaqələrinin növbəti mərhələsidir və hər iki tərəflə razılaşdırılaraq, illik plana uyğun olaraq keçirilir.

"Təlimlərin hazırlanması və keçirilməsi barədə cüzi anlayışı olan hər kəs bilir ki, bu cür genişmiqyaslı təlimləri bir neçə gün ərzində razılaşdırıb keçirmək qeyri-mümkündür. Təlimlərin keçirilməsində əsas məqsəd hər iki ölkənin müvafiq qoşun növləri şəxsi heyətinin döyüş hazırlığı səviyyəsini artırmaq, onların birgə əməliyyatlarda iştirak etmək bacarığını yüksəltmək, həmçinin aviasiya vasitələrinin qarşılıqlı fəaliyyətinin koordinasiyasına nail olmaq və hər iki ölkənin hərbi qulluqçularının döyüş uzlaşmasını yüksək səviyyədə saxlamaqdır. Azərbaycan ilə Türkiyə arasında keçirilən birgə hərbi təlimlər həm iki ölkənin hərbi qulluqçularının peşəkarlığının artırılmasına, eyni zamanda bölgədə sülhün və təhlükəsizliyin təmin olunmasına yönəlib”, - deyə polkovnik-leytenant qeyd edib.

BƏXTİYAR
banner

Oxşar Xəbərlər