• cümə axşamı, 28 mart, 14:23
  • Baku Bakı 16°C

Azərbaycan turizminin ən böyük bəlası - düzgün olmayan marketinq

28.11.13 11:19 1363
Azərbaycan turizminin ən böyük bəlası - düzgün olmayan marketinq
Azərbaycanda turizmin ən böyük bəlalarından biri də düzgün marketinqin olmamasıdır. Bunu bizimlə söhbətində turizm üzrə mütəxəssislərdən biri dedi. Həmsöhbətimiz deyir ki, turizm mahiyyətcə qlobal bir biznes olduğuna görə bu sahə sərhəd tanımır. Bu sahənin inkişafında vacib olan amillərdən biri də turizm obyektlərində düzgün marketinq siyasətinin qurulmasıdır ki, bu da “Turizm haqqında” qanunda da, turizmlə bağlı qəbul edilən dövlət proqramlarında da öz əksini tapıb: “Ümumiyyətlə, turizmin dünya miqyasında tanıdılması tədbirləri ilə yanaşı, bu sahənin həm də ölkə miqyasında tanıdılması və təbliğat, təşviqat işinin həyata keçirilməsi çox mühümdür”.
Düzgün marketinq turizm üçün nə deməkdir? Niyə bizdə turizm obyektləri marketində önəm vermirlər?
Azərbaycan Turizm İnstitutunun prorektoru Eldar Aslanov bizimlə söhbətində bildirdi ki, turizm xidmətləri göstərən bəzi müəssisələrin lazım olan marketinq siyasətləri yoxdur. Onun sözlərinə görə, çox az sayda - 5 ulduzlu hotellər, böyük şirkətlər bu məsələyə müəyyən qədər diqqət yönəldirlər: “Regionlarda yerləşən aşağı ulduzlu hotellər, xüsusilə turizm agentliklərinin bu sahədəki fəaliyyətləri isə xarici ölkələrdəki təşkil edilən sərgilərdə iştirakla məhdudlaşır. Bunu da əsasən Mədəniyyət və Turizm Nazirliyi təşkil edir və burada təbliğat ümumən Azərbaycanın üzərində qurulur. Burada iştirak edən şirkətlərin özlərinin spesifik, bazar seqmentlərinə yönəlmiş fəaliyyətləri, marketinq strategiyaları yoxdur.
İkinci bir tərəfdən, istirahət mərkəzləri qiymətlərin bahalığını, buna çox kapital qoymaları ilə izah edirlər. Amma şirkətlərin hazırladığı marketinq planları ilə mövsümün ömrünü uzatmaq olar. Müxtəlif fərqli elementlərlə yay, qış, ov və s. mövsümlərindən kifayət qədər yararlanmaq olar. Hər bir regionun spesifik xüsusiyyətlərindən istifadə etməklə, onu təbliğ etməklə müxtəlif turist qruplarının gəlişini təmin etmək mümkündür”.
Qeyd edək ki, ATİ-də ildə 20-yə yaxın tələbə marketinq ixtisası üzrə məzun olur. E.Aslanov təəssüflər bildirir ki, bunların əksəriyyəti digər biznes sahələrində çalışırlar, nəinki öz ixtisasları üzrə. Prorektorun sözlərinə görə, nə istirahət mərkəzləri, nə də turizm şirkətləri bu məsələ ilə bağlı instituta müraciət etmirlər: “Bunun özü də onu göstərir ki, Azərbaycanda rəqabət mühiti hələ o səviyyəyə çatmayıb ki, adıçəkilən məsələ onları narahat etsin. Deməli, hələ daha çox turizm obyektinin tikilməsinə ehtiyac var”.
Daha populyar olan yay turizm mövsümü gəldikdə Azərbaycan vətəndaşları səfalı bölgələrimizdə dincəlməkdən daha çox qonşu Gürcüstana və Türkiyəyə getməyə üstünlük verirlər. Səbəb kimi isə qiymətlərin bahalığını göstərirlər. İstirahət məkanlarımızın yetkililəri də qiymət bahalığını mövsüm günlərinin sayının azlığı ilə izah edirlər.
Turizm üzrə mütəxəssis, “Sevgin travel” turizm şirkətinin rəhbəri Bahadur Bilalovun sözlərinə görə, sadəcə olaraq, istirahət mərkəzlərinin rəhbərləri öz işlərini düzgün qura bilmirlər. Ekspert deyir ki, turizm yalnız yay mövsümündən ibarət deyil. Digər mövsümlərdə də insanlar istirahət etmək istəyirlər: “Bizdə Türkiyə misalını götürüb qiymətlərdə ucuzlaşma etmək lazımdır. Bizim istirahət mərkəzləri yayda təklif etdikləri qiyməti qışda, payızda da təklif edirlər. Təbii ki, bu halda turist gəlməyəcək həmin məkanlara. Burada məsələyə bir optimal yanaşma olmalıdır. Bizdə sutkası 40 manata gündə 3 dəfə yemək daxil, təklif edilən qiyməti istirahət məkanları normal hesab edirlər. Amma Türkiyədə həmin şərtlərlə 4 ulduzlu hoteldə qalmaq hazırda 25 dollardır. Qiymətləri müqayisə etsələr, görərlər ki, dedikləri sadəcə bəhanədir. Boş qalıb işçiyə öz ciblərindən pul verməyə razılaşırlar, amma xidmətlərini ucuz qiymətə təklif etmirlər. Təbii ki, bunun da səbəbləri var”.
Turizm obyektlərinin sahibləri işçilərinin qeyri-peşəkarlığını da mövsüm günlərinin azlığı ilə izah edirlər. Onlar bildirirlər ki, 3 ay işləyib 9 ay işçiyə əməkhaqqı ödəyə bilmirlər. Ona görə də işçiləri tez-tez dəyişməli və təbii ki, növbəti mövsümdə daha az bilən işçilər işlətməyə məcbur olurlar. B.Bilalovun sözlərinə görə, bunun başlıca səbəbi düzgün menecmentin qurulmamasıdır: “Əgər yay mövsümündə turizm obyektində gündə 100 faiz dolum varsa, payızda elə etmək olar ki, bu rəqəm heç olmasa, 50 faiz, qışda 30-40 faiz olsun ki, işçilərinin böyük hissəsini saxlaya bilsinlər. Bunun da müxtəlif yolları var. Dediyim kimi, düzgün aparılan menecment, qiymətlərin və endirimlərin diferensasiyası turizm obyektinin il boyu işləyə bilməsinin əsas şərtidir. Obyekt sahibi oturub hesablamalıdır ki, həftə içi nə qədər turist gəlir, həftə sonu nə qədər gəlir. Həftə sonlarında qiymətlər bir az qaldırıla bilər. Qeyri-mövsümdə həftə içi qiymətləri lap ucuzlaşdırmaq olar. İşləməyən insanlara da bu sərf edər. Bu baxımdan deyirəm ki, sahibkarlar menecmentin üsullarını düzgün tətbiq etməyi bacarmalıdır”.
“Excelsior Hotel Baku” hotelinin əməliyyatlar üzrə direktoru Kemal Diler deyir ki, təmsil etdiyi hotel hər il bir neçə yeniliyə imza atır. Bu yeniliklər isə Bakı sakinlərinin istəklərinə uyğun həyata keçirilir. Məsələn, hotel bu ilin mayından “Afurja” zalında və açıq havada hovuzun ətrafında toy mərasimlərinin keçirilməsini təşkil edir: “Bununla hotelin rəhbərliyi öz marketinq fəaliyyətində paytaxt sakinlərinin arzu və istəklərini nəzərə alıb. İndi “Excelsior Hotel Baku” hotelində toy arzusunda olanlar 200 nəfərə yaxın “Afurja” zalı və açıq havada hovuzun ətrafında 400-500 nəfərlik yerdə toy mərasimləri keçirə biləcəklər”.
Toy etmək üçün hansı mövsümün olmasının əhəmiyyəti yoxdur. İnsanlar ilin bütün fəsillərində evlənirlər. Bunun özü də hotelin, yaxud digər turizm müəssisəsinin il boyu gəlir əldə edə bilməsi üçün bir marketinq siyasətidir. Və bu siyasətin bütün hotelləri, turizm obyektlərini əhatə etməsi turizm mütəxəssislərinin əsas arzusudur.
Həbibə ABDULLA
banner

Oxşar Xəbərlər