“Azərbaycan tolerantlıq nümunəsidir” mövzusunda tədbir keçirilib
Misir Ərəb Respublikasının Azərbaycandakı
Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində "Azərbaycan tolerantlıq
nümunəsidir” mövzusunda tədbir keçirilib. Tədbirdə Azərbaycan Respublikasının
Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, Bakı Beynəlxalq
Multikulturalizm Mərkəzinin icraçı direktoru Azad Məmmədov, Bakı Dövlət
Universitetinin İlahiyyat fakültəsinindekanı,akademik Vasim Məmmədəliyev,
Mərkəzdə və Fondda təşkil olunmuş ərəb dili kurslarının təlimçiləri və dinləyiciləri,
Bilik Fondunun əməkdaşları və Könüllülər Birliyinin üzvləri iştirak ediblər. Mərkəzdən
"Kaspi”yə verilən məluymatda bildirilir ki, Mədəniyyət və
Təhsil Əlaqələri Mərkəzinin sədri Əhməd Sami Elaydi tədbir iştirakçılarını
salamlayaraq Azərbaycanda yaşadığı müddətdə qarşılaşdığı isti, mehriban münasibət,
şahidi olduğu tolerant mühitdən bəhs edib: " Azərbaycan əsrlər boyu müxtəlif mədəniyyətlərin
qovuşduğu bir məkanda yerləşməklə multikultural ənənələrə sadiqliyini nümayiş
etdirib”.
Bilik Fondunun Beynəlxalq
Tolerantlıq Günü ərəfəsində ölkənin müxtəlif bölgələrində həyata keçirdiyi tədbirlərdən
bəhs edən icraçı direktor Oktay Səmədov tolerantlığımızın həm də ölkəmizin
ideoloji, milli və ictimai təhlükəsizliyinin təminatı olduğunu diqqətə
çatdırıb. Mühazirəçi onun Azərbaycan xalqının genetik yaddaşında kök salmış dəyər
olduğunu da vurğulayıb.
Akademik Vasim Məmmədəliyev
dünyada yayılmış bütün dinlərin nümayəndələrinin Azərbaycanda yaşadığını bildirərək
ölkəmizdə onların hər birinə hörmətlə yanaşıldığını deyib: "Azərbaycan xalqının
xəmiri qonşularına məhəbbətlə, başqa xalqlara və başqa dinlərin nümayəndələrinə
hörmətlə yoğrulub. Artıq beynəlxalq ictimaiyyət də Azərbaycanın multikultural ənənələrinin
nümunə olduğunu etiraf edir”.
Multikulturalizm Mərkəzinin
icraçı direktoru Azad Məmmədov tolerantlıq ənənələrini azərbaycançılıq
ideologiyasının əsas dayağı kimi dəyərləndirib. Bildirib ki, sivilizasiyaların
qovuşduğu Azərbaycanda dini, milli, irqi tolerantlıq xalqımızın qazandığı böyük
nailiyyətdir. Multikulturalizmi başlıca siyasi prioritetlərdən birinə çevirən
Azərbaycanda yaşayan bütün xalqların nümayəndələrinə tarixən tolerant münasibət
sərgilənib.
Tədbir iştirakçıları "Azərbaycan
tolerantlıq nümunəsidir” adlı sənədli filmi izləyiblər.