• şənbə, 20 Aprel, 10:02
  • Baku Bakı 14°C

Azərbaycan tibbi sığortanın tətbiqində Estoniya təcrübəsini öyrənir

11.08.17 12:31 1657
Azərbaycan tibbi sığortanın tətbiqində Estoniya təcrübəsini öyrənir

Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Avropa İttifaqının "SOCIEUX+” proqramı çərçivəsində Estoniyanın Sosial İşlər Nazirliyinin dəvəti ilə 7-11 avqust tarixlərində Agentliyin mütəxəssisləri icbari tibbi sığortanın tətbiqi sahəsində beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə Estoniyanın Tallin şəhərində səfərdə olublar.
Agentlikdən Trend-ə verilən məlumata görə, "Avropanın qabaqcıl təcrübəsindən istifadə edilməklə səhiyyənin maliyyələşdirilməsi islahatlarının həyata keçirilməsində və icbari tibbi sığortanın tətbiqində Azərbaycan hökumətinə dəstək” əməkdaşlıq layihəsinə əsasən, Agentliyin direktorunun müavini Nigar Bayramovanın rəhbərlik etdiyi nümayəndə heyətinin Estoniyanın tibbi sığorta sisteminin iştirakçı qurum və təşkilatları, eləcə də bu sahədəki səlahiyyətli dövlət qurumları ilə bir sıra görüşləri baş tutub.
Direktorun müavini Azərbaycanda icbari tibbi sığortanın tətbiqi sahəsində görülən işlər haqqında iştirakçılara məlumat verib.
Estoniyanın Sosial İşlər Nazirliyində, Tibbi Sığorta Fondunda keçirilən görüşlərdə Estoniyada səhiyyənin maliyyələşməsi sistemləri ilə bağlı əhəmiyyət kəsb edən məsələlər, tibbi sığorta sisteminin təşkili, tətbiqi və inkişafı, tibb mütəxəssislərinin akkreditasiyası və tibb təchizatçılarının maliyyələşmə mexanizmlərinin müasir formaları, tibb müəssisələrinin lisenziya əldə etmək qaydaları, o cümlədən tibbi xidmətlərin planlaşdırılması, dərman vasitələri ilə təchizat, tibbi xidmət təminatçılarının işinə və tibbi xidmətlərin keyfiyyətinə nəzarət kimi məsələlər müzakirə olunub. Agentliyin mütəxəssisləri Şimali Estoniya Tibb Mərkəzində tibbi sığortanın tətbiqi ilə əlaqəli prosesləri izləyiblər.
Görüşün yekununda Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Estoniya Tibbi Sığorta Fondu arasında gələcək əməkdaşlıq perspektivləri araşdırılıb.
banner

Oxşar Xəbərlər