Azərbaycan Tibb Universitetində Bilik günü qeyd olunub - Fotolar
Bu gün Azərbaycan Tibb
Universitetində (ATU) Bilik Gününə həsr olunmuş tədbir keçirilib.
Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayan
mərasimdə universitetin rektoru, professor Gəray Gəraybəyli çıxış edərək
tələbələri yeni tədris ili münasibətilə təbrik etdi, onlara dərslərində uğurlar
diləyib.
ATU rektoru tələbələrə universitetin tarixi, müasir inkişaf
mərhələləri barədə danışıb. O xatırladıb ki, ölkəmizdə Bilik gününün
keçirilməsi ənənəsinin əsasını prezident İlham Əliyev qoyub: "Ölkəmizdə elmi
biliklərin, təhsil sisteminin ardıcıl inkişafını prezidentin qlobal inkişafa
doğru aparan uzaqgörən siyasətinin tərkib hissəsi təşkil edir. Artıq 15 ilə
yaxındır ki, dövlət proqramı ilə hər il yüzlərlə Azərbaycan gəncləri istər
bakalavr səviyyəsində, istərsə praktik bacarıqlar səviyyəsində dünyada tanınan
təhsil ocaqlarına göndərilir. Ümummilli lider Heydər Əliyevin də təhsilimizə
diqqət və qayğısı daim yüksək səviyyədə olub. Hələ sovet illərində Heydər Əliyev
cənabları yüzlərlə Azərbaycan gəncini xarici ölkələrə, müasir və o vaxt üçün
inkişaf etmiş təhsil müəssisələrinə göndərib. Həmin tələbələrin bir çoxu məzun
olaraq Azərbaycana qayıdıb və uzun illərdir ki, ölkəmizdə çalışırlar”.
Rektor tələbələrə səslənərək onlara bu uğurlarının davamlı
olmasını diləyib: "Sizin üçün bu gündən həyatınızın tam yeni mərhələsi,
tələbəlik illəri başlayır. Hər bir insanın həyatında tələbəlik illəri xüsusi
əhəmiyyətə malikdir. Yaddaşda dərin iz qoyan illərdir. Sizin növbəti 6 iliniz
Azərbaycan Tibb Universiteti ilə bağlı olacaq. Sizin hər birinizin üzərinə
böyük məsuliyyət düşür. Tələbəlik illəri nə dərəcədə maraqlı, sevilən, emosional
olsa da, bir o qədər məsuliyyətli, vacib illərdir”.
G. Gəraybəyli ATU-nun fəaliyyəti barədə də qonaqlara
məlumat verib. Onun sözlərinə görə, bu ali təhsil ocağı 1919–cu ildə Bakı
Dövlət Universitetinin tərkibində fakültə kimi yaradılıb. 1930-cu ildən isə
müstəqil ali məktəb kimi fəaliyyət göstərməyə başlayıb: "ATU bu il
müstəqil universitet kimi 86 yaşını, fakültə kimi isə 97 yaşını qeyd
edəcək".
Daha sonra ATU-nun İnsan anatomiyası kafedrasının müdiri,
professor Vaqif Şadlinski çıxış edərək bildirib ki, prezident İlham Əliyevin
verdiyi sərəncam əsasında 15 sentyabr təhsil günü, Bilik günü kimi qeyd olunur:
"Bu gün tək siz tələbələr üçün yox, biz müəllimlər üçün də sevincli bir gündür.
Təhsilin irəliləməsi üçün Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın
təşəbbüsü ilə son 10 il ərzində respublikamızda 3000-dən yuxarı təhsil ocağı
tikilib, təmir olunub. Azərbaycan Tibb Universiteti nəinki respublikada,
ümumiyyətlə, regionda fəaliyyət göstərən universitetlər arasında seçilib”.
ATU-nun II Uşaq xəstəlikləri kafedrasının professoru
Amaliya Əyyubova çıxış edərək tələbələrə həkimlik peşəsinin çətinlikləri barədə
məlumat verib: "Çox çətin peşədir. Siz tələbələr və biz müəllimlər çalışmalıyıq
ki, bu ölkəyə yaxşı, savadlı həkimlər hazırlayaq. Bu, əsasən sizdən asılıdır. Biz
müəllimlər isə sizə daim kömək edə bilərik, kitablar var, internet var, tədris
binalarımızda çox yaxşı avadanlıqlar, yüksək şəraitli klinikalarımız var”.
Qeyd edək ki, 2016/2017-ci tədris ilində Azərbaycan
Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının əmri ilə Azərbaycan Tibb
Universitetinə 1002 nəfər tələbə qəbul olub, bunlardan – 954 həkim, hərbi həkim, 48 nəfər hərbi
feldşerdir. 700 bal toplayaraq qəbul olan – 3 nəfər, 600-dən çox bal
toplayanlar – 416 nəfər, 500-dən çox bal toplayanlar – 444 nəfərdir.
Universitetin professor-müəllim heyəti, tələbələr və valideynlərin
iştirak etdiyi tədbirin sonunda 2016-cı ildə bu ali təhsil ocağına qəbul olunan
və qəbul imtahanlarında 700 bal toplayan tələbələrə - AğalətifLətifov, Səbinəİsmayılova, Orxan Zülfüqarova rektor tərəfindən tələbə biletləri təqdim
olunub.
Müalicə-profilaktika fakültəsinə qəbul olunan tələbə Orxan Zülfüqarov
müəllimlərinin etimadını doğruldacağını bildirib.