Azərbaycan tezliklə beynəlxalq nəqliyyat layihələrində önəmli tərəfdaş qismində iştirak edəcək

Azərbaycan tezliklə beynəlxalq nəqliyyat layihələrində önəmli tərəfdaş qismində iştirak edəcək

Təfsilat
18 Oktyabr 2019, 15:30 246
Azərbaycan tezliklə beynəlxalq nəqliyyat layihələrində önəmli tərəfdaş qismində iştirak edəcək.
Bu sözləri AZƏRTAC-a Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) rəisi Həbib Həsənov deyib.
O bildirib ki, 2015-ci il mayın 26-da Beynəlxalq Nəqliyyat Forumu (BNF) tərəfindən qəbul edilən Keyfiyyət Xartiyasında nəzərdə tutulan tələblərin icrası üzrə son illər ölkəmizdə beynəlxalq avtomobil daşımaları sahəsində əhəmiyyətli işlər görülüb. Dövlətimizin başçısının "Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilməsinə dair imzaladığı Fərmanda avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yükdaşımalarını həyata keçirən operatorların işgüzar nüfuzu, maliyyə vəziyyəti və peşəkarlıq səriştəsi ilə bağlı meyarlarının, sürücülərin zəruri hazırlıq və yenidən hazırlıq keçmələri, nəticədə əldə edilən müvafiq təsdiqedici sənədin Keyfiyyət Xartiyasına uyğunlaşdırılması barədə göstəriş öz əksini tapıb. Eyni zamanda, Nazirlər Kabinetinin qərarı ilə "Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə beynəlxalq və ölkədaxili sərnişin və yükdaşımalarını yerinə yetirən sürücülərin peşə fəaliyyətinə və davranışına, iş və istirahət rejiminin xüsusiyyətlərinə, habelə avtomobil nəqliyyatı ilə sərnişin və yükdaşımalarında normativ-hüquqi aktlara dair hazırlıq üzrə Xüsusi Proqram” təsdiq edilib. Bu Proqram beynəlxalq avtomobil daşımalarında iştirak edən sürücülərin iş və istirahət rejiminə riayət edilməsini, nəqliyyat müəssisələrinin sürücülərinin və məsul mütəxəssislərinin bilik səviyyəsinin və peşə hazırlıqlarının yüksəldilməsini, hüquqi və fiziki şəxslərin, eləcə də onların məsul mütəxəssislərinin beynəlxalq daşımalara buraxılması qaydalarının təkmilləşdirilməsini, sürücülərin ixtisasının artırılması üzrə nümunəvi, peşəkar tədris proqramının və əlavə tədris proqramının təsdiq edilməsini, avtomobil daşıyıcılarına peşəkarlıq Şəhadətnamələrinin verilməsi üçün ixtisas imtahanının keçirilməsi qaydaları üzrə hüquqi normativ aktların təsdiqini əhatə edir.
"Sadaladığım sənədlər toplusu Beynəlxalq Nəqliyyat Forumunun katibliyinə göndərilib və növbəti mərhələ üçün müvafiq tövsiyələrlə bağlı forumun "Bakı sessiyası”nda geniş müzakirələr aparılıb. Hazırda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Beynəlxalq Avtomobil Daşımaları Assosiasiyasının (ABADA) və "Nəqliyyat Təlim Tədris Mərkəzi” MMC-nin əməkdaşları tərəfindən Azərbaycanın müvafiq qanunvericilik aktlarında Keyfiyyət Xartiyasında nəzərdə tutulan tələblərə münasibətdə yeni əlavə və dəyişikliklərin layihələri üzərində operativ iş aparılır. Sessiyanın plenar iclasında forumun baş katibi Young Tae Kimin və tədbir iştirakçılarının nəzərinə çatdırılıb ki, ABADA sürücülərin və menecerlərin əlavə tədrisə cəlb edilməsi və onlara Peşəkarlıq Şəhadətnamələrinin verilməsi üçün Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqı (IRU) tərəfindən akkreditə edilib. Eyni zamanda, "Nəqliyyat Təlim Tədris Mərkəzi” MMC-nin də akkreditə edilməsi üçün müraciət olunub. Qeyd etdiyim normativ-hüquqi aktların qəbulu ilə bağlı məsələlər müzakirə mərhələsindəykən, indi sadalayacağım normativ aktlar və bir sıra sənədlər artıq tərəfimizdən icra olunmaqdadır. Belə ki, 2018-ci il 23 fevral tarixli "Yol hərəkətinin təhlükəsizliyi”nə dair Azərbaycan Respublikasının Qanununa düzəlişlər, "Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşıma qaydalarına əlavə və dəyişikliklərin edilməsinə dair”, "Avtomobil nəqliyyatı ilə yüklərin daşınması qaydalarına əlavə və dəyişikliklərin edilməsinə dair” Nazirlər Kabinetinin 2018-ci il 14 sentyabr tarixli qərarları və ən nəhayət Prezident İlham Əliyevin 2019-cu il avqustun 28-də "Avtomobil Nəqliyyatı haqqında” Qanununda dəyişiklik edilməsinə dair imzaladığı Fərman avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yükdaşımaları fəaliyyətinin həyata keçirilməsi zamanı icra mexanizminin Keyfiyyət Xartiyasının tələblərinə uyğunlaşdırılması sahəsində görülən işlərə ən bariz nümunədir”, - deyə H.Həsənov vurğulayıb.
DANX-ın rəisi əlavə edib ki, BNF-nin növbəti iclasının ilk dəfə Bakıda keçirilməsi və ölkəmizin dünyanın ən iri nəqliyyat platformasına ev sahibliyi etməsi, sessiyanın gedişatında müzakirə edilən məsələlər, tədbir iştirakçıları tərəfindən sessiyanın ikinci günü Azərbaycanın ünvanına səsləndirilən müsbət fikirlər, Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə digər sahələrdə olduğu kimi, nəqliyyat sektorunun inkişafı, tranzit imkanlarının genişləndirilməsi üçün mühüm işlər görüldüyünün və tranzit daşımalarına qeyri-neft sektorunun aparıcı sahələrindən biri qismində xüsusi diqqət ayrıldığının dünyanın aparıcı nəqliyyat mütəxəssislərinin dilindən bir daha səsləndirilməsi ölkəmizin yaxın gələcəkdə beynəlxalq nəqliyyat layihələrində önəmli tərəfdaş qismində iştirakından xəbər verir.