• çərşənbə axşamı, 19 mart, 07:40
  • Baku Bakı 8°C

Azərbaycan təmsilçisi “Avroviziya”da “Sənin kimi olmaq” istəyəcək

17.10.18 20:51 865
Azərbaycan təmsilçisi “Avroviziya”da “Sənin kimi olmaq” istəyəcək
"Uşaq Avroviziya 2018” mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək iştirakçının adı məlum idi. Dünən isə İctimai Televiziya və Radio Yayımları Şirkətində (İTV) müsabiqə ilə bağlı ikinci dəfəmətbuat konfransı keçirildi və Azərbaycan təmsilçisinin ifa edəcəyi mahnı təqdim olundu.Fidan Hüseynova beynəlxalq tədbirdə"Sənin kimi olmaq” (I wanna be like you) mahnısını ifa edəcək. Mahnının bəstəkarı İsa Məlikov, Azərbaycan dili versiyasının söz yazarı isə Aytən İsmixanovadır.
Mətbuat konfransında İTV-nin Mərkəzi Aparatının rəhbəri Faiq Qürbətov, Musiqi, bədii və xüsusi layihələr departamentinin rəhbəri Leyla Quliyeva, mahnının müəllifləri - bəstəkar İsa Məlikov və Azərbaycan dili versiyasının söz yazarı Aytən İsmixanova, həmçinin klipin yaradıcı heyəti, quruluşçu rejissoru Aleksey Krupina, əlaqələndiricisi Maksim Tsurkov iştirak edirdilər.
Leyla Quliyeva qeyd etdi ki, azyaşlı ifaçının səsləndirəcəyi mahnının böyük hissəsi Azərbaycan dilində ifa olunacaq: "Bu gündən etibarən müsabiqədə xüsusi mərhələ başlayır. Bizi müsabiqədə təmsil edəcək mahnının 60 faizi Azərbaycan dilində səslənəcək. Müəyyən keçidlərdə ingilis dilindən istifadə olunacaq. Siz özünüz də promo-çarxa baxanda bunu müşahidə edəcəksiniz. Mahnının melodiyasının ərsəyə gəlməsində Fidanın da öz rolu olub. Belə ki, o özü də bu prosesdə iştirak edib. Artıq bir ay vaxtımız qalıb. Dünən klip, müsabiqənin rəsmi səhifəsində yerləşdirildi. Mahnın ərsəyə gəlməsində İsa Məlikovun misilsiz xidməti olub. Aytən xanım mahnının Azərbaycan dilində olan variantının müəllifidir. Fidanın müsabiqədə Azərbaycanı təmsil etməsi bizi qane edir. Çünki onun yaxşı musiqi duyumu var”.
Promo-çarx təqdim olunduqdan sonra Leyla xanım klipin, kanalın bazasında çəkildiyini qeyd etdi: "Büdcə barəsində açıqlama verməyəcəyəm. Bunu bizim komanda işimiz kimi qəbul edin. Qələbə heç də klipin bahalı olmasından asılı deyil”.
Azərbaycanı müsabiqədə təmsil edəcək ifaçı Fidan Hüseynova çıxışında ona dəstək olan media nümayəndələrinə minnətdarlığını bildirdi. Mahnıda öz arzularından və xəyali qəhrəmanından bəhs etdiyini dedi.
Faiq Qürbətov da, Fidana bütün media nümayəndələrinin dəstək olmasının və təmsilçimizi qalibiyyətə həvəsləndirməyin vacibliyini vurğuladı.
Mahnının Azərbaycan dili versiyasının müəllifi Aytən İsmixanova da çıxışında Fidana uğurlar arzu etdi: "Çox istərdim ki, Fidan arzusuna çatsın. Biz də onu bu yolda dəstəkləyirik”.
Mahnının bəstəkar İsa Məlikov media nümayəndələrinin suallarını cavablandırarkən, sözlərin üzərində çox dayandıqlarını və daha sonra musiqini hazırladıqlarını bildirdi.

Jurnalistlər promo-çarxın quruluşçu rejissoru Aleksey Krupinaya klipdə milli elementlərin hansı səbəbdən olmadığı barədə sual verdilər. Rejissor, beynəlxalq bir yarışma olduğunu əsas gətirərək, müasir tipli klip hazırladığını qeyd etdi. Onu da vurğuladı ki, müsabiqəyə təqdim olunacaq mahnının klipi hələ tam hazır deyil.
Daha sonra mahnı və promo-çarx media nümayəndələrinin müzakirəsinə verildi.

Məlumat üçün bildirək ki, bir çox müsabiqələrdə Azərbaycanı uğurla təmsil edən Fidan hazırda Bakıdakı "Oksford” məktəbinin 6-cı sinif şagirdidir, həmçinin o, T.Quliyev adına 12 nömrəli onbirillik musiqi məktəbində təhsil alır.

Fidanın uğurları haqqında danışan Leyla Quliyeva əlavə etdi ki, o, 2017-ci ilin mart ayında İtaliyanın "Testene Art Baku” beynəlxalq incəsənət festivalında iştirak edərək 9-12 yaş arası uşaqlar arasında vokal ifaçılığı üzrə birinci yeri qazanıb. Həmçinin "Sanremo Junior 2018” festivalında iştirak edərək üçüncü yerə layiq görülüb. O, fransalı müğənni Lara Fabianın Bakı və İstanbul konsertlərində eyni səhnəni bölüşərək, hər kəsin rəğbətini qazanıb. Fidan Hüseynovanın adı 2016-cı ildə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycanın gənc istedadlarının "Qırmızı kitab”ına salınıb və Prezident təqaüdünə layiq görülüb.
25noyabr 2018-ci ildə Belarusun paytaxtı Minskdə keçiriləcək müsabiqədə 20 ölkə mübarizə aparacaq.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər