AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Azərbaycan təhlükəsiz ölkə statusunu getdikcə gücləndirir

Azərbaycan təhlükəsiz ölkə statusunu getdikcə gücləndirir

Cəmiyyət
15 Dekabr 2018, 14:15 385
Azərbaycanın dünyada etibar qazanması nəticəsində ölkəmiz bir sıra qlobal əhəmiyyətli siyasi, iqtisadi, hərbi, enerji, nəqliyyat-kommunikasiya, idman və mədəniyyət tədbirlərinin keçirildiyi məkana çevrilib. Bunu Trend-ə politoloq Nəzakət Məmmədova deyib.

Onun sözlərinə görə, bunlardan biri də NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı Körtis Skaparrotti ilə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun dekabrın 12-də Bakıda keçirilən görüşüdür.

Politoloq qeyd edib ki, Azərbaycan paytaxtı artıq dünya miqyasında strateji şəhər statusu qazanıb.

N.Məmmədova əlavə edib ki, bir neçə il əvvəl Belarus paytaxtı adətən bu cür görüşlər üçün əlverişli məkan kimi seçilirdisə, son bir neçə ildə bu status artıq Bakıya keçib.

Onun fikrincə, Azərbaycanın balanslı xarici siyasət kursu yeridən ölkə olması, NATO ölkələri ilə normal münasibətləri, həmçinin Rusiya ilə strateji tərəfdaşlığı tərəfləri bu cür mötəbər, dünyanın diqqət mərkəzində olan tədbiri ölkəmizdə keçirməyə təşviq edir:

"Rusiya Baş Qərargah rəisi ilə NATO-nun Avropadakı Baş komandanının 2018-ci ilin sonunda görüş keçirməsi diqqət çəkir. Görüş barədə məlumat verilməsə də, təxmin etmək çətin olmaz ki, tərəflər 2018-ci ilin yekunları və növbəti il üçün qarşılıqlı maraq doğuran məsələləri, o cümlədən bilavasitə bir-birilərinin maraqlarına aidiyyəti olan tədbirlər barədə məlumat mübadiləsi aparıblar, habelə gələcəkdə təmasları davam etdirmək məsələsində razılığa gələ bilərlər. Generallar Gerasimov və Skaparrotti arasında görüş olduqca ziddiyyətli dövrə, NATO-nun bilavasitə Rusiya sərhədlərində möhkəmləndiyi vaxta təsadüf edir. Baltik və Qara dənizlərdə NATO-nun möhkəmlənməsi, Polşada Alyansın himayəsi altında hərbi bazanın qurulduğu bir vaxtda qarşı-qarşıya dayanan iki hərbi-siyasi blokun generallarının görüşünün nisbətən gərgin atmosferdə keçməsini ehtimal etmək olar. Lakin yüksək səviyyədə təmasların olması faktı öz-özlüyündə problemlərin sülh yolu həllinə müəyyən qədər ümid yaradır".

N.Məmmədova bildirib ki, Qərbi və Şərqi Avropa, Yaxın Şərq, Cənubi Qafqaz regionlarında qarşıdurmaların qlobal sabitliyə təhdid olacaq bir səviyyəyədək gərginləşməsi fonunda Azərbaycan sabitlik, əmin-amanlıq məkanı, qlobal əməkdaşlıq tədbirlərinin keçirildiyi təhlükəsiz ölkə statusunu getdikcə gücləndirir.

O, hazırkı dünyada buna nail olmağın çox çətin olduğunu da söyləyib: "Biz görürük ki, böyük ərazisi və əhalisi olan, böyük cəbbəxanası, hətta nüvə silahı olan dövlətlər vətəndaş qarşıdurması, arasıkəsilməz terror aktları ilə üzləşir, sərhədlərində yaranan regional və beynəlxalq təhdidləri aradan qaldıra bilmir, davamlı sabitliyə nail ola bilmirlər. Azərbaycan isə Qarabağ münaqişəsi timsalında işğala məruz qalmasına, münaqişəyə cəlb olunmasına baxmayaraq, ən son imkanlar tükənənə qədər məsələnin sülh yolu ilə həllinə çalışır, bununla bərabər, davamlı inkişaf yolunda inamla irəliləyir".