• cümə, 19 Aprel, 04:51
  • Baku Bakı 18°C

Azərbaycan teatrının tarixi Cəfər Cəfərovun təfsirində

25.04.19 09:00 14187
Azərbaycan teatrının tarixi Cəfər Cəfərovun təfsirində
Cəfər Cəfərov Azərbaycan teatrşünaslıq elmində silinməz iz qoyan şəxsiyyətlərdəndir. Bu günə kimi bu iz üzərində addımlamağı bacaran şəxslər – alimlər, professorlar, tələbələr yetişmişdir və yetişməkdədir. C.Cəfərovun teatr sənətinə və teatrşünaslıq elminə olan sevgisi teatrşünas olmaq istəyən gənclər üçün böyük örnəkdir. 1930-cu ildən, yəni, teatrşünaslıq fəaliyyətinə başladığı dövrdən günümüzə kimi onun yazdığı məqalələr, resenziyalar, kitablar, elmi əsərlər bu elmin sirlərinə yiyələnmək istəyənlər üçün mayak olmuşdur.
C.Cəfərov Azərbaycan teatr tarixini sistemli şəkildə işləmiş ilk alimdir. İlk dəfə o, teatr tariximizin dəqiq təsnifatını vermişdir.
Cəfər Cəfərov "Azərbaycan teatrı” adlı kitabında teatr tariximizi üç hissə, doqquz fəsilə bölməklə təfsirini vermişdir. Onun teatrşünaslıq elminə bəxş etdiyi bu miras illər keçsə də, teatrşünaslar üçün öz dəyərini itirməyəcək. Onun fikirləri böyük məna kəsb edir və bu məna dərinliyində biz keçmişə qayıdır, teatr tariximizi, sanki bir tamaşa kimi izləyirik. Bu elə bir tamaşadır ki, səbr və təmkinlə axıra kimi izləməyi bacarsaq, özümüz üçün çox böyük qənaətlər əldə edə bilərik. Bəs, C.Cəfərov əsərlərində bizə hansı fikirləri çatdırmaq istəyirdi? Teatrşünas-alim yazırdı: "XIX əsrdə burjua estetikasında belə bir "nəzəriyyə” formalaşmışdı ki, guya şərqlilər dramatik ehtirasın, çarpışmanın nə olduğunu bilmirlər, fərdi mübarizə qabiliyyətindən məhrumdurlar”. Cəfər Cəfərov bu dırnaqarası nəzəriyyə ilə kəskin şəkildə razılaşmırdı və onu çürük nəzəriyyə adlandırırdı. O, qeyd edirdi ki, bu, Qərbi Avropa burjuaziyasının müstəmləkəçilik siyasətinin, Şərqə düşmənçiliyinin ifadəsindən başqa bir şey deyil. Doğrudur, bir sıra Şərq ölkələrində, o cümlədən, Azərbaycanda epik və lirik növə nisbətən dramatik sənət gec yaranmışdır. Lakin bu, o demək deyil ki, şərqlilər dramatik sənətə yabançıdırlar. Bunun tamamilə başqa obyektiv, tarixi-ictimai səbəbləri vardır. Məhz M.F.Axundovun fikirlərində bunun əsas səbəbini tapmaq mümkündür. Ta qədim dövlərdən hakim feodal və dini təbəqələr insanları dini fikirləri ilə ovsunlamış, onları axirət dünyası ilə qorxutmuşlar. Bu fikirlər insanların bütünlüklə həyatına təsir etmişdir. İnsanlara rəqs etməyin, teatra getməyin, rəsm çəkməyin, evdə heykəl saxlamağın və sairin haram olduğu bildirilmişdir. Məhz bu səbəblərdən xalq daim qorxu və təşviş içində yaşamış, irəliləyə bilməmişdir.
C.Cəfərov xalqımızın keçdiyi çətin sınaqlardan sonrakı dövrü - 1873-1905-ci illəri "Azərbaycan teatrının doğuluşu və təşəkkülü” adlandırır. 1873-cü il, mart ayının 10-da teatrımız "Lənkəran xanının vəziri” tamaşası ilə dünyaya göz açır. C.Cəfərov qeyd edir ki, M.F.Axundovun arxivindən tapılan afişa, o zaman Tiflisdə rus dilində çıxan bir müxbir yazısı, tamaşa üçün icazənin alınması ilə əlaqədar bir çox rəsmi sənədlər martın 10-da Bakıda oynanılmış ilk tamaşanın, həqiqətən, "Lənkəran xanının vəziri” olduğunu təsdiq edir.
XIX əsrin 70-ci illərində Azərbaycan şəhərlərində oynanılan tamaşalar haqqında məlumatın azlığını C.Cəfərov təəssüflə qeyd edir. Lakin 1875-ci ildə Qubada, 1879-cu ildə isə Şəkidə tamaşaların oynanıldığı barədə məlumat olduğunu vurğulayır. Teatrşünas-alim qeyd edir ki, 80-ci illərin axırları Bakıda teatr həyatının canlandığı dövrdür. Buna səbəb Azərbaycan şəhərlərində yaşayan teatr həvəskarlarının Bakıya axışması idi. Teatrşünas 90-cı illərdə, demək olar ki, hər ay tamaşaların oynanıldığını xüsusilə qeyd edir. Beləliklə, 1873-1905-ci illərin dövrü teatr tariximizin ən önəmli dönəmlərindən hesab edilir. Bunu görkəmli teatrşünasımızın bir fikrində daha aydın görürük. O, qeyd edir: "1905-ci il inqilabına qədər Azərbaycan teatrı bir sıra ciddi nailiyyətlər əldə edir. Bu nailiyyətlərin başlıcası bu idi ki, Ə.Haqverdiyevin və C.Zeynalovun rəhbərliyi ilə, Azərbaycan teatrında mübazirə aparan az-çox möhkəm bir aktyor kollektivi yaranır, ikincisi, teatrın repertuarı "Nadanlıq”, "Bəxtsiz cavan”, "Müsibəti-Fəxrəddin”, "Müfəttiş”, "Evlənmə”, "Otello” və bu kimi digər yeni orijinal və tərcümə əsərləri ilə zənginləşir, üçüncüsü, teatrın yaradıcılıq imkanlarının artması bütün yaradıcı qüvvələrin bir təşkilat içərisində birləşməsi zərurətini irəli sürür”.
Teatr tariximizin 1905-1917-ci illərini C.Cəfərov "1905-ci ilin inqilabı və Azərbaycan teatrı” adı altında təhlil etmişdir. O qeyd edir ki, inqilabdan əvvəlki Azərbaycan teatrının yaradıcılıq yolu müstəqim və asan olmamışdır. Bu yolda çətinlik, maneə və əyintilər çox olmuşdur. Teatrda iki mədəniyyət mübarizə etmişdir, bunlardan biri teatrı irtica cəbhəsinə çəkərək, repertuarı burjua-millətçi, dini, əyləndirici pyeslərlə zibilləməyə və səhnə sənətində antirealistik prinsiplər yaymağa cəhd etdiyi halda, digəri teatrı xalqın həyatı ilə bağlamağa, onu xalqa, fəhlə kütləsinə yaxınlaşdırmağa, ictimai eybəcərlikləri ifşa etmək üçün silahlandırmağa, teatrı realizm yolu ilə aparmağa çalışmışdır. C.Cəfərov bildirir ki, bu iki mədəniyyət arasındakı mübarizədə çox zaman ikinci mədəniyyət qalib gəlmişdir.
1917-1920-ci illəri "Sosialist inqilabı ərəfəsi” adı altında "Azərbaycan teatr tarixi” əsərində təhlil edən teatrşünas-alim qeyd edir ki, bu dövrdə ictimai-siyasi mühit teatra çox böyük təsir göstərmişdir. O, "Nicat” və "Səfa” mədəni-maarif cəmiyyətlərinin yaratdığı teatr truppalarını, həmçinin "Müsəlman artistləri ittifaqı”, "Hacıbəyov qardaşları” müdriyyətinin dramatik və musiqili tamaşalar göstərən yeni truppasının 1917-ci ildə də öz fəaliyyətini davam etdirdiyini bildirir.
"Azərbaycan Sovet teatrının yenidən yaradılması (1921-1925 illər)”. C.Cəfərov bu dövrü təhlil edərkən ən önəmli hadisələrdən birinin "Tənqid və Təbliğ” teatrının yaradılması olduğunu vurğulayır. O,”Bakinski raboçi” qəzetindən sitat gətirərək, bu teatrın həmin dövr üçün nə qədər önəmli olduğunu bir daha bizə çatdırır. Sitatda qeyd edilir: "Biz bu yeni təşəbbüsü təbrik edərək inanırıq ki, Azərbaycan "Tənqid və Təbliğ” teatrı Şərqin həyatında yeni bir dövrün başlanğıcı olacaqdır”.
1922-ci il mayın 9-da oynanılmış "Aydın” pyesi C.Cabbarlının səhnədə oynanılan ilk pyesi idi. Alim qeyd edir ki, tamaşa olduqca gurultulu keçdi və böyük uğur qazandı. "Aydın” pyesi, həqiqətən də, o dövrün problemlərini özündə birləşdirən ən mükəmməl səhnə əsərlərindən biridir. O dövrdə belə bir səhnə əsərinə çox böyük ehtiyac var idi. Tamaşaçı artıq reallığı görməli və dərk etməliydi. Nəticə etibarı ilə, C.Cəfərovun "Aydın” pyesi və tamaşası haqqında dolğun fikirləri bunu bir daha təsdiq edir. Dövrün təhlilinin sonunda C.Cəfərov bu dövrdə qazanılan böyük müvəfəqiyyətləri qeyd etsə də, ideya-yaradıcılıq inkişafı ilə bağlı çətinliklərin hələ də davam etdiyini bildirir.
"Yeni repertuar uğrunda (1926-1932-ci illər)” adlanan fəsildə teatrşünas-alim yazır ki, 1926-cı ildən Bakı İşçi-kəndli teatrı "Dövlət Türk Akademik teatrı” adlanmağa başlayır. Eyni zamanda bu teatrla bərabər Akademik teatrın da fəaliyyət göstərdiyini vurğulayır. Lakin teatrşünas-alim bunu da qeyd edir ki, iki teatr bir-birinə zidd olmadı, əksinə, nəticə etibarı ilə teatrların qarşılıqlı şəkildə bir-birindən öyrənməsinə və respublikada ümumi teatr mədəniyyətinin yüksəlməsinə səbəb oldu.
C.Cəfərov həmin dövrlə bağlı qənaətlərini bu sözlərlə ifadə edir: "Tamaşa sənətdə həyatilik, müasirlik və xəlqilik prinsiplərini təsdiq edirdi. Lakin bununla belə, o, 20-ci illərin sonu, 30-cu illərin əvvəllərində Azərbaycan teatrı üçün xarakterik olan tərəddüdləri də ehtiva edir və göstərirdi ki, səhnə sənətində həqiqi novatorluqla saxta yenilikçilik arasındakı sərhədi teatr tamamilə və axıra qədər müəyyən edə bilməmişdir”.
"Yüksəliş illəri (1933-1941)” dövrünü C.Cəfərov Azərbaycan teatrının yaradıcılıq kamilliyi dövrü adlandırır. Bəs mütəfəkkir alim bu dövrü niyə belə adlandırırdı? Buna səbəb kimi o, teatrın təbliğ etdiyi ideyaların respublikada bu dövrdə daha geniş yayılmasını, xalqın mənəvi inkişafına böyük təsir etdiyini bildirir. Ana teatr kimi Bakıdakı M.Əzizbəyov adına teatrı göstərir və bu teatrın böyüyüb, inkişaf etdiyini xüsusi vurğulayır. C.Cəfərov bu dövrdə inkişaf edən teatrlardan Naxçıvan, Kirovabad (Gəncə) teatrlarının da adlarını çəkir. Son olaraq isə teatrşünas-alim dövrlə bağlı fikirlərini bu sözlərlə ümumiləşdurur: "Başqa teatrlar da yaradıcılıq axtarışları yolu ilə gedir və öz professional mədəniyyətlərini yüksəltmək qayğısına qalırdı. Çətinliklərə baxmayaraq, Şəkidə, Ağdamda, Qubada da gənc yaradıcı qüvvələr yetişir və bərkiyirdi. Əzizbəyovçuların səmərəli yaradıcılıq təsirinə məruz qalan şəhər və rayon teatrları öz tamaşaları ilə geniş tamaşaçı kütlələrinə xidmət edir, böyük, xeyirli iş görürdü.”
"Böyük Vətən müharibəsi və Azərbaycan teatrı (1941-1952) bölməsində C.Cəfərov vətənpərvərlik mövzusuna xüsusilə diqqət yetirir. O qeyd edir ki, "Xalqın azadlıq uğrunda mübarizə hərəkatına həsr olunan "Vaqif”, "Xanlar”, "Qaçaq Nəbi” tamaşaları respublikanın demək olar ki, bütün teatrlarında göstərilirdi”. C.Cəfərov bu dövrdə müharibə mövzulu pyeslərin də teatr səhnələrində oynanıldığını qeyd edir. Həmin dövrdə müharibə mövzulu əsərlər yazılmadığı üçün, əsasən, tərcümə əsərlərindən istifadə olunduğunu vurğulayır.
Müasirlik yolları ilə (1953-1967). C.Cəfərov bu dövrü Azərbaycan teatrının ən mürəkkəb dövrü adlandırır və bunun obyektiv və subyektiv səbəblərinin olduğunu bildirir. Ə.Ələkbərovun, S.Vurğunun, M.Hüseynin, C.Məcnunbəyovun ölümlərinin milli səhnə sənəti üçün ağır itki olduğunu qeyd etsə də, bu itkilərlə yanaşı o, teatrın əldə etdiyi nailiyyətləri də bizə çatdırır.
"Hərə öz zəmanəsində oturub tarix yaza bilməz; bütün ruhu ilə keçmişə köçmək, dövrün ab-havasına bələd olmaq və indiyə keçmişlə birlikdə qayıtmaq lazımdır” (Əbu Turxan). Düşünürəm ki, Cəfər Cəfərov, sözün həqiqi mənasında, teatr tariximizi bizim üçün konservləşdirmiş və keçmişdən bu günə göndərmişdir. Yazılmış olan tarixi yenidən yazmaq, üzünü köçürtmək asandır. Lakin həmin tarixə bütün ruhu ilə qayıtmaq, sanki o dövrdəki aktyorların oyununa tamaşa etmiş kimi təhlil və tədqiq etmək, eyni zamanda öz dövrünün teatr mühitini mükəmməl elmi səviyyədə araşdırıb, düzgün məlumat əxz etməyi hər insan bacara bilməzdi. C.Cəfərov isə bunu bacardı. O teatrı sevdi və ona ehtiramla yanaşdı, onun müqəddəs bir məbəd olduğunu bizə çatdırmaq istədi və teatrşünaslığı bir elm səviyyəsinə yüksəldə bildi.
"Tarixə düşmək özü də bir uğur hesab edilir, amma ən böyük uğur tarixin qatarında bu günə gəlib çatmaq və gələcəyə getməkdir (Əbu Turxan).
Cəfər Cəfərov keçmişdən bir qatar göndərib ki, içərisi teatrımızın keçdiyi çətin sınaqlarla, aktyorlarla, rejissorlarla doludur. Bu qatar yalnız o zaman dayana bilər ki, Azərbaycan xalqının yaddaşından və düşüncəsindən teatr məfkurəsi tamamilə silinsin.

SƏKİNƏ HƏSƏNOVA
Tələbə-teatrşünas

banner

Oxşar Xəbərlər