• cümə, 29 Mart, 17:51
  • Baku Bakı 14°C

Azərbaycan tarixinin inkişaf, rifah və zəfər dövrü

12.04.21 20:15 890
Azərbaycan tarixinin inkişaf, rifah və zəfər dövrü
Prezident İlham Əliyevin hakimiyyəti illəri Azərbaycan tarixinin inkişaf, rifah və zəfər dövrüdür. Ötən müddət ərzində Azərbaycan dövləti beynəlxalq münasibətlər və əməkdaşlıq sistemində özünün olduqca mühüm rolunu və nüfuzlu yerini müəyyənləşdirdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin uğurlarının əsasında ulu öndər Heydər Əliyevin ideyaları dayanır. Bu ideyalara sadiqlik, Heydər Əliyev siyasi kursunun innovativ yanaşma ilə zənginləşdirilərək davam etdirilməsi sayəsində bugünkü uğurlarımıza çatmışıq. Heydər Əliyev kimi ümummilli liderin bütün keyfiyyətlərinə malik olan Prezident İlham Əliyev hər bir azərbaycanlının layiqli Lideri və rəhbəridir.
Bu fikirləriAZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu bildirib.
Ulu Öndər, müasir və müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin misilsiz xidmətlərindən danışan deputat qeyd edib ki, sabitliyin təmin olunması, milli iqtisadi sistemin yaradılması və ordu quruculuğunu özündə birləşdirən milli inkişaf strategiyası bu gün Ümummilli Liderin layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz Heydər Əliyevin müəllifi olduğu inkişaf strategiyası ölkənin bütün istiqamətlərdə - siyasi, iqtisadi, hərbi və informasiya potensialını formalaşdıraraq və davamlı olaraq gücləndirərək ərazi bütövlüyünün təmin olunmasına imkan verdi. Təbii ki, bu strategiyasının dinamik dəyişən zamanın tələblərinə uyğun yeni elementlərlə zənginləşdirilməsi də böyük müdriklik və yaxşı idarəçilik təcrübəsi tələb edirdi. 2003-cü ildə böyük elektoral dəstəklə Azərbaycan Prezidenti seçilən İlham Əliyev idarəçiliyinin elə ilk vaxtlarından milli məsələlərə və beynəlxalq proseslərə özünün strateji baxışları ilə diqqəti cəlb edirdi. Həm xarizmatik liderin bütün keyfiyyətlərinə, həm də səmərəli dövlət idarəçiliyi bacarıqlarına və təcrübəsinə malik Prezident İlham Əliyev Ulu Öndərin ideyalarını daha da inkişaf etdirərək, milli tərəqqinin yeni modelini yaratdı. Ölkənin qarşısında duran inkişaf hədəflərinə ardıcıl və sistemli şəkildə nail olunması üçün bütün addımlar atıldı. Təbii ki, bu hədəflərin hamısı birbaşa və ya dolayısı ilə Azərbaycan vətəndaşının rifahı ilə bağlıdır.
Deputatın sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev də dediyi kimi, onun fəaliyyətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Prezident İlham Əliyevin 18 illik hakimiyyətini hər şeydən əvvəl bütün sahələrdə dərin islahatlar dövrü kimi səciyyələndirmək olar. Xüsusilə də prinsipiallıq və uzaqgörənliklə həyata keçirilmiş islahatlar Azərbaycan iqtisadiyyatını dünyanın ən dinamik inkişaf edən iqtisadiyyatlarından birinə çevirdi. Nəzərə almaq lazımdır ki, son dövrlərdə qlobal iqtisadi çağırışların milli iqtisadiyyata transformasiyasında ciddi fəallıq müşahidə olunmaqdadır. Bu çağırışlara uyğun olaraq, iqtisadi islahatların yeni istiqamətləri müəyyənləşdirilərək həyata keçirilib. Ölkədə mövcud olan ən yüksək meyarlara cavab verən sabitlik və təhlükəsizlik mühiti böyük həcmdə investisiya axınını şərtləndirib ki, bu da milli iqtisadiyyatın inkişafına əlavə dinamiklik qatıb.
Elşad Mirbəşiroğlu qeyd edib ki, dünyanın aparıcı reytinq agentliklərinin cədvəllərində davamlı olaraq ölkəmizin əldə etdiyi uğurlar əksini tapır. Azərbaycanın dünyanın inkişaf etmiş ölkələri səviyyəsinə yüksəlməsi üçün bütün ilkin komponentlər mövcuddur və bu istiqamətdə inamlı addımlar atılmaqdadır. Ölkənin ərazi bütövlüyünün təmin olunmasından sonra milli inkişafın yeni keyfiyyət mərhələsindən danışmaq üçün əsas yaranıb.
"Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun torpaqlarımızı erməni işğalından azad etdikdən sonra həmin ərazilərin də potensialının milli iqtisadi inkişaf dövriyyəsinə cəlb edilməsi sayəsində ölkəmizin sosial-iqtisadi mənzərəsi əhəmiyyətli dərəcədə dəyişəcək. Prezident İlham Əliyev tərəfindən bütün istiqamətdə atılan addımlar həm də Qarabağın işğaldan azad olunmasına hesablanmışdı. Bundan sonrakı mərhələdə isə Qarabağ Azərbaycan dövlətinin və xalqının ən güclü və səmərəli inkişaf ruporuna çevriləcək”, - deyə deputat fikirlərini yekunlaşdırıb.
banner

Oxşar Xəbərlər