Azərbaycan tarixinə işıq salacaq film - Fotolar
Artıq rejissorların və kino mütəxəssislərinin arzusu gerçəkləşmək
üzrədir. Belə ki, uzun müddətdir mütəxəssislərin müzakirə mövzusu olan İrəvan
xanlığı ilə bağlı film çəkilir. Film "Run Group” şirkətinin media layihəsi kimi
fəaliyyət göstərən "Run Film” tərəfindən hazırlanır.
Filmin baş rejissoru Namiq Ağayev, baş prodüseri isə Rəşad Cəfərovdur.
Ssenari müəllifi isə Namiq Ağayevlə, Rəşad Cəfərovdur. Bu layihə çərçivəsində Azərbaycanda ilk dəfə olaraq xalq filmi çəkiləcək.
Belə ki, istənilən Azərbaycan vətəndaşı onun ərsəyə gəlməsinə dəstək ola
biləcək və hətta kütləvi səhnələrdə iştirak edəcək.
Filmin adı "İrəvan xanlığı” adlanır. Onun ərsəyə gəlməsinə bir sıra ölkələrin, o
cümlədən Türkiyə, İran, İsveç, İsrail və ABŞ-dan Hollivud şirkətlərinin cəlb olunması
da gözlənilir.
"İrəvan xanlığı” filmində hər hansı kiçik yanlışlıqlara belə yol
verilməməsi və ən yüksək səviyyədə hazırlanması məqsədilə "Run Film” bir sıra
dövlət qurumları, elmi təsisatlara rəy almaq üçün müraciət edib.
"Run Group” şirkətinin rəhbəri İranə Talışxanova deyir ki, şirkət
bununla Azərbaycana, milli kinomuzun 120 illik yubileyinə töhfə vermək
niyyətindədir:
"Kino sənayesi iqtisadiyyatın bir qolu olmaqla yanaşı, həm də böyük
təbliğat əhəmiyyəti daşıyır. Ona görə, biz də Azərbaycanın kino sənayesinin
inkişafına töhfə verməyə çalışırıq. Bu, həm iqtisadi, həm də ölkəmizin, onun
tarixinin, mədəniyyətinin, həqiqətlərinin dünyaya daha çox çatdırılması və düzgün
təbliğ olunması baxımından çox önəmlidir. Əgər biz dünya səviyyəsinə çıxa
biləcək, daha çox və səviyyəli filmlər istehsal edə, onları peşəkar formada
təqdim edə bilərik. Bununla da ölkəmiz daha çox tanınacaq, haqqında müsbət
fikirlər yaradacağıq. Azərbaycan hazırda müharibə şəraitində yaşayır. Media və
filmlər isə informasiya müharibəsində güclü təsir qüvvəsinə malik silahlardır.
Biz də Azərbaycanımızın informasiya müharibəsində uğur və zəfərlər qazanması
üçün əlimizdən gələni etməyə hazırıq və bu "silahlardan” maksimum dərəcədə
düzgün istifadə etməklə, dəstəyimizi bundan sonra da əsirgəməyəcəyik”.
Filmin baş rejissoru və ssenaristi Namiq Ağayev, onun həyat yoldaşı,
aktrisa, teatrşünas Vüsalə Ağayeva "Kaspi”nin qonağı oldu. Qonaqlarımızla "İrəvan
xanlığı” filmi ilə bağlı danışdıq.
Namiq Ağayev deyir ki, bu filmi lentə almaq onun uşaqlıq arzusudur: "Şah
İsmayıl, Babək, Cavanşir, Koroğlu kimi tarixi qəhrəmanlarımızın həyatını qələmə
almağı uşaq yaşlarımdan xəyal edirdim. İrəvan xanlığı ilə bağlı film çəkmək isə
mənim çoxdankı arzumdur. Qeyd edim ki, nəsil şəcərəmin bir tərəfi irəvanlılara gedib
çıxır. Anamın adı Rənadır, ona İranə deyərdilər.
Filmin baş prodüseri Rəşad Cəfərov mənim ruh qardaşımdır. "Run” qrupunun
təşəbbüsü ilə ideyaları birləşdirdik. Məlumat üçün bildirim ki, "Run group” vətənpərvər
bir təşkilatdır. Bundan əlavə, uğur qazanılmasına vasitə olmuş bir sıra reklam
videoçarxlarının, həmçinin Azərbaycanın xarici investorlar üçün maraq doğura
bilən bölgələri barədə tanıtım filmlərinin ərsəyə gəlməsi, eyni zamanda "Ol”
filminin hazırlanması "Run Film”in adı
ilə bağlıdır.
Artıq çəkilişlərin birinci mərhələsinə başlamışıq. Hazırda tezis çəkilişlərinə
başlayacağıq. Geniş çapda tritment hazırdır və ssenari üzərində iş gedir. Bütün
tarixi arxivləri araşdırırıq. İrəvan xanlığı elə bir məsələdir ki, bütün hadisələr
dəqiq faktlara əsaslanmalıdır. Düzdür, müəllif baxışı olacaq. Ancaq tarixi faktlar
əsasında. Filmin adı şərti olaraq "İrəvan xanlığı” adlanır. Hələ adla bağlı
müəyyən müzakirələr gedir”.
Layihədə xarici aktyorların iştirakı məsələsinə gəlincə isə N.Ağayev
deyir ki, xarici aktyorların dəvət edilməsi ədabazlıq deyil. Əgər filmin dünya statusu
almasını istəyiriksə, ora xarici aktyorları da dəvət etmək məcburiyyətindəyik.
Dörd il bundan əvvəl AzTv-də İrəvan xanlığı ilə bağlı bədii-sənədli film
çəkən Namiq Ağayev üçün belə bir layihədə yer almaq heç də çətin deyil. Söhbət
əsnasında məlum oldu ki, layihə
çərçivəsində böyük bir ərazidə İrəvan xanlığının maketi qurulacaq, eyni zamanda,
müvafiq qurumlar tərəfindən təsdiqlənmiş layihə əsasında böyük pavilyonda
İrəvandakı Xan sarayının modeli inşa ediləcək. Cənubi Qafqazda baş verən tarixi
həqiqətlərin dünyaya çatdırılmasına və erməni yalanlarının ifşa edilməsinə
dəstək olmaq istəyən hər bir vətənpərvər azərbaycanlı, filmin ərsəyə gəlməsinə
yardım edəcək, kütləvi səhnələrdə könüllü olaraq çəkilə biləcək.
Layihədə yer alan Vüsalə Ağayeva da qərbi azərbaycanlıdır və uşaqlığı həmin torpaqlarda keçib: "O gözəl torpaqlar
həqiqətən bizim olub. Azərbaycanlılar bir neçə dəfə İrəvandan köçürülüb. Biz o torpaqları 1988-ci ildə
məcbur tərk etdik. İndi Namiqlə İrəvan xanlığı ilə bağlı filmin ərsəyə gəlməsi proseslərində
iştirak etdiyimiz üçün həqiqətən xoşbəxtik.
Bizi dünyaya tanıdacaq istənilən vətənpərvər layihələrdə işləməyə hazırıq.
Ancaq İrəvan xanlığı bir az həssas və siyasi məsələdir. İrəvan tarixən bizimdir. Sənin olanı çox müdafiə
edəndə, bu, insanlara şübhəli gəlir. Bu filmi çəkməklə sadəcə, bunu yada salmağa
çalışırıq. Beyinlərin pası açılsın, yada düşsün deyə. Bizim hazırlayacağımız filmdə qala uğrunda döyüş,
qəhrəmanlıq dastanı var. Belə ki, filmdə İrəvan qalasının tikilməsi, məişəti, pulu,
folkloru, xalqın özünəməxsus geyimi, kultu nümayiş olunacaq. Onların hamısı kinoda
estetik baxımdan gözoxşayan şəkildə olacaq”.
Vüsalə Ağayeva bu filmdə tarixi faktları dəqiq araşdırmağın
vacibliyindən danışdı. Qeyd etdi ki, tarixi faktların araşdırılması bədiiliyi və
faktların itməməyi üçün əsas amildir: "O dövrün tarixi faktları daha çoxdur, nəinki
məişət hadisələri. Tarixi materialların hamısını bir-bir araşdırır, daha çox
materiala və ən əsası, dəqiq faktlara əsaslanmaq istəyirik”.
Xaricdən gələn aktyorların çox qonorar tələb etdiyini xatırlatdıqda
isə rejissor bildirdi ki, filmə dünya statusu
qazandırmaq üçün heyətin müxtəlif ölkələrindən toplanması vacibdir: "Hələ ki,
kimlərin olacağı dəqiqləşməyib. Çünki aktyor seçiminə başlamamışıq. Hətta,
dünyaca tanınmış aktyora görə, o filmə baxırlar. Layihənin beynəlxalq xarakter
daşıması xarici aktyorların cəlb olunması mütləqdir. Dünya aktyorlarından 4-5
nəfər olacaq ki, onlar tamaşaçını öz ardınca aparsın. Tamaşaçı aktyora qoşulur.
İçimdə bu layihə ilə bağlı böyük bir əminlik var. Çünki işə sevərək başlamışıq.
Bu hiss məni heç zaman tərk etmir. Bir işi sevərək etdikdə, o, mütləq alınır. Azərbaycanın
potensialı bu filmi ərsəyə gətirməyə kifayət edir”.
Söhbətdən aydın olur ki, film iki ilə ərsəyə gələcək. Professional çəkim-inşaat
qrupu bu layihəni işləyəcək. Bu işə xarici mütəxəssislər də cəlb olunacaq.
Namiq Ağayev hələ kastinq prosesinə başlamadıqlarını da vurğuladı:
"Buna hələ xeyli var. Ancaq müəyyən rollar kastinq yolu ilə seçiləcək. Bu
filmdə "xətir” o qədər böyük rol oynamayacaq. İndi çəkilən filmlərin çoxunda bu
"xətir” deyilən şeydən çox istifadə olunur. Biz bir-birimizi çox istəyən
millətik. Bir də görürsən ki, birinin istedadı yoxdur, ancaq yalandan
tərifləyirik, deyirik ki, əlasan. Həmin adam da tez bir zamanda məşhurlaşır. Lakin
tamaşaçını aldatmaq olmur.
Namiq Ağayev bildirdi ki, həmin dövrdə bir çox imperiyaların İrəvan
xanlığına böyük maraqları olub. Ona görə
də, filmdə həmin dövrdə dünyada baş verən prosesləri də göstərməyə çalışacaqlar:
"Tarixi və siyasi xətlər də olacaq. Belə ki, bizə aidiyyəti olan bütün hadisələri
qeyd edəcəyik. Misal üçün, Peterburq sarayında çar ailəsini göstərməyə çalışacağıq.
Hətta çəkilişlərin bir hissəsi Peterburqda olacaq Xalqımız o dövrdə olan prosesləri
görəcək, tarixi ilə tanış olacaq. O dövrlərdə İrəvan xanlığı öz pulunu kəsirdi. Filmin girişi 15-ci əsrdə qalanın tikilməsi
ilə başlayacaq və hadisələr bu ardıcıllıqlacərəyan edəcək. Şəhərin quruculuğu, maarifçiliyi, hər bir məqamı əks
olunacaq. Film 2 saat yarım nəzərdə tutulub. Çünki bu, geniş zamanı əhatə edir
və o dövrdə çox hadisələr baş verib. Hadisələr 30 ili əhatə edəcək. İrəvan
xanlığının işğalının bir ili tamam olanda Qriboyedov qətlə yetirilir. Bunun özü
də bir əhvalatdır.
Namiq Ağayev bildirdi ki,
təcrübə qazanmaq üçün tarixi janrda çəkilən xarici filmləri də
izləyirlər: "Mənim üçün örnək film 2015-ci ildə Ridley Skotun çəkdiyi "Cənnətin krallığı”dır. Bizdə heç
bir tarixi filmin plagiatlığı, "copy paste”sı olmayacaq. Hətta bəzi tarixi filmlərdə
döyüş səhnələri oxşardır. Ancaq bizim filmimizdə siz bu oxşarlığı da görməyəcəksiniz.
Rejissor bildirdi ki, İrəvan xanlığı ilə bağlı film hamımızın işidir və bu mövzu hamımızı birləşdirir: "Bu gün Azərbaycanın
kinosunun külüng vuranları, prosesi ləngidən kommersiya xarakterli film çəkənlər
də gəlib bu filmə baxacaqlar və bunu özlərininki kimi qəbul edəcəklər. Bu məsələdə
"sənin-mənim” söhbəti yoxdur. Hər kəsi vətənpərvərlik ruhu birləşdirəcək. Ortalığa
yaradıcı bir iş qoyanda, bütün məsələlər onun yanında cılız qalacaq.
Vüsalə Ağayeva qeyd etdi ki, tarixi filmlərdə əsas problem geyimlərlə
bağlı olur: "Tarixi geyimləri tapa bildiyimiz qədər tapacağıq. Tapa bilmədiklərimizi
isə özümüz istehsal edəcəyik. Bəzən hər hansı bir geyimi axtarmaq, gedib onun parçasını
alıb tikməkdən daha uzun çəkir. Tapmasaq, çalışacağıq ki, özümüz hazırlayaq”.
Namiq Ağayev hansı məsuliyyətin altına girdiklərinin fərqində
olduğunu da etiraf etdi: "Mənim ixtiyarım yoxdur ki, pis film alınsın. Düzdür, çox
tanınmış rejissorların da hərdən uğursuz filmləri olur. Ancaq bu məsələdə başqa
şansımız yoxdur. Hər hansı bir əsər rejissorun fərdi energetikasından keçməlidir.
Bu, kollektiv sənətdir. Hətta mən bu işdə rejissor kaprizləri, şəxsiyyətimə aid
olan bəzi məsələləri arxa plana atıram. Qorxsam, ehtiyat etsəm, təbii ki, bu, məndə
alınmayacaq. Ancaq nəticə vacibdir”.
Cütlük filmdə aktyor kimi yer almaq istədiklərini də bildirdilər: " Əlbəttə ki, hər ikimiz bu layihədə yer almaq istəyərdik.
Ancaq hələ ki, rol bölgüsü olmayıb. Vüsalə xanımın anatomik mənsubiyyəti o bölgənin
insanlarını xatırladır. Yəqin ki, bu filmdə maraqlı obrazlardan birini canlandıracaq.
Biz özümüzü ən axıra saxlamışıq”.
Xəyalə Rəis