• cümə axşamı, 28 mart, 16:52
  • Baku Bakı 16°C

“Azərbaycan tarixi” fənnini yüksək səviyyədə tədris edirik”

30.07.15 12:14 3890
“Azərbaycan tarixi” fənnini yüksək səviyyədə tədris edirik”
Almaniyanın Humboldt Universitetinin “Azərbaycan tarixi” kafedrasının rəhbəri, professor Eva Mariya Aux “Kaspi”yə Azərbaycan tarixinə marağından danışıb

Berlinin dörd ən qədim universitetlərindən olan Humboldt Universitetində “Azərbaycan tarixi” kafedrası fəaliyyət göstərir. Avropanın nüfuzlu elm ocağında yerləşən kafedrada ölkəmizin tarixinin tədrisi və tədqiqatı ilə bağlı mühüm işlər görülür. Kafedranın rəhbəri, professor Eva Mariya Aux “Kaspi”yə müsahibəsində Azərbaycan tarixinə marağından və gələcək planlarından danışıb.
Siyasi sərhədlərlə mədəni sərhədlərin müqayisəsi

- Humboldt Universitetində “Azərbaycan tarixi” kafedrasını yaratmaq ideyası olduqca maraqlıdır...
- İdeya əslində çoxdan var idi. Sadəcə, onu gerçəkləşdirmək, belə bir kafedranı yaratmaq üçün vəsaitlər tapmağa cəhd edirdik. 90-cı illərdə biz bu ideyanı alman sponsorlarının köməyi və ya Almaniyanın hansısa universitetinin dəstəyi ilə həyata keçirməyə çalışırdıq. Ancaq bu istəyə münasibət birmənalı deyildi. Klassik mənada Qafqaz tarixinə, xüsusən Azərbaycan tarixinə o qədər əhəmiyyət verən yox idi. Daha çox Şərqi Avropa və Rusiya tarixi onlar üçün maraqlı idi, Qafqaz mövzusu isə Almaniyada çox aşağı səviyyədə tədqiq olunurdu. Qafqaz və ya Azərbaycan tarixi fənninin tədrisi isə mövcud deyildi. Almaniya Universitetində yalnız Qafqazşünaslıq kafedrası vardı və o yalnız Gürcüstanın tarixi ilə məşğul olurdu. Həmçinin digər institutlarda Ermənistan tarixi ilə məşğul olan kafedralar fəaliyyət göstərirdi ki, onlar da müxtəlif mənbələrdən maliyyələşirdi. Azərbaycan tarixi ilə isə heç kim məşğul olmurdu. Biz çox şadıq ki, Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Pərviz Şahbazov bu işlə məşğul oldu və Humboldt Universiteti ilə danışıqlara başladı. Uzun danışıqlardan sonra - 2009-cu ildə müsabiqə elan olundu. Nəhayət, 2010-cu ildə mən bu kafedranın müdiri seçildim.
- Bu sualı verməyə bilmərəm: Sizdə Azərbaycanın tarixinə maraq necə yaranıb?
- Bu, yaxşı sualdır... Əvvəla mən Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsində oxumuşam. Əlbəttə, 5 il o ölkədə yaşayıb onun tarixi ilə maraqlanmamaq sadəcə mümkünsüz idi. Digər tərəfdən, görkəmli alim Aida İmanquliyeva bizə ərəb ölkələri tarixindən və ədəbiyyatından dərs deyirdi. Biz onun vasitəsilə Azərbaycan haqqında çox şey öyrənirdik. Həmçinin bir çox görkəmli alimlərin, məsələn Ziya Bünyadov kimi tədqiqatçıların əhatəsinə də daxil olurduq. Biz Bakıya gələndə üç qız idik. Ziya Bünyadovdan atalıq qayğısı görürdük. Onun Almaniya ilə yaxşı əlaqələri vardı. Ziya müəllim bizi evinə dəvət edirdi və bu evdə bizim üçün süfrə açırdılar. Bütün bunlar bizim üçün çox maraqlı idi. Onun ailəsi və özü bizdə elə təəssüratlar yaradırdı ki, biz istər-istəməz bu ölkəyə maraq göstərirdik. Ona görə mən də sonradan Azərbaycan tarixi ilə məşğul olmağa başladım. Mənim üçün o zamanın siyasi sərhədləri ilə mədəni sərhədlərini müqayisə etmək maraqlı idi. O zaman siyasi sərhədlər tam fərqli idi. Mən Yaxın Şərqin intibahı ilə məşğul olurdum. Yalnız bu mövzu ilə məşğul olmağa başlayandan sonra başa düşdüm ki, siyasi sərhədlərlə mədəni sərhədlər tamamilə fərqli şeylərdir. Mən Qafqazda və məhz Azərbaycanda, həmçinin qonşu ölkələrdə intibah prosesinin necə getdiyini müqayisə etmək istəyirdim. O zaman bu, o qədər də mümkün deyildi, çünki intibah İslamla bağlı idi. İslam mövzusu ilə 70-80-ci illərdə məşğul olmaq isə o qədər də asan deyildi və bunu heç kəs dəstəkləmirdi. Ona görə də mən o zaman “Alman-Qafqaz münasibətləri” mövzusu ilə məşğul olmağa başladım. Arxivlərə daxilolma hüququ əldə etdim. Arxiv materialları mənim üçün mövzuya giriş oldu. Həm “Alman- Qafqaz münasibətləri”, həm də “Azərbaycanda islam tarixi” mövzusu ilə məşğul olmağa başladım.
- Siz Azərbaycan tarixi ilə bağlı tədqiqatlarınızda hansı yeniliklərə nail oldunuz? Bir halda ki, tariximiz müxtəlif aspektlərdən araşdırılırdı...
- Mən elmi ədəbiyyatda Azərbaycan tarixi ilə bağlı mövzuların çox az öyrənildiyinə diqqət etdim. Berlinin müxtəlif kitabxanalarında işləyərkən Azərbaycan tarixi ilə bağlı materialların Ermənistan və Gürcüstanla müqayisədə çox az öyrənildiyinin şahidi oldum. Bu vacib məqam məni gənc alim kimi düşündürdü. Çox şey öyrənmək, üzə çıxarmaq istəyirdim. Yəqin ikinci məqam Bakıdakı intellektual mühitin mənə dəstəyi oldu. Azərbaycanın inkişafının qonşu ölkələrdən nə ilə fərqləndiyini və onları nələrin birləşdirdiyini öyrənməyə can atırdım. Mən bunu düşüncələr arasında fikir şəbəkəsi kimi öyrənmək istəyirdim. Osmanlı imperiyası, fars, Rusiya tarixləri, daha sonra sovet dövrü tarixi ilə bağlı tədqiqatlar davam edirdi. Ancaq bunların fonunda demək olar ki, Azərbaycan tarixini ortaya çıxarmaq lazım idi. Mən bu mövzu ilə dərindən maraqlandım və tədqiqat apardım.
Qafqazdan Tibetə kimi

- Bizim həmçinin yeni tariximiz var. Bu gün tariximizdə “Qarabağ müharibəsi dövrü” ayrı bir mövzudur. Siz bu mühüm mövzu ilə bağlı necə, araşdırmalar apardınızmı? Bizə görə gənc nəslin bu tarixdən xəbərdar olması çox vacibdir.
- 80-ci illərdə Qarabağ problemi başlandı. Onda mən artıq Almaniyada idim. Münaqişə başlananda mən Azərbaycanla qonşu ölkənin tarixini bildiyimdən başa düşdüm ki bu, münaqişə yox, müharibədir. Almaniyada praktiki olaraq bu problemlə heç kim məşğul olmurdu. Biz o zaman informasiyanı Moskva vasitəsilə alırdıq. Təbii ki, hadisələrin baş verdiyi yerdə olmaq və material əldə etmək tamam ayrı məsələ idi. Mən bundan sonra Qarabağ problemi haqqında yazmağa başladım. Bundan sonra problemlə maraqlandılar - məni telekanallar dəvət etdi, qəzetlər yazmağa başladı. Artıq elmi nöqteyi-nəzərdən Qafqazda Azərbaycan mövzusu ilə məşğul olmalı idik.
- Qafqaz, xüsusən Azərbaycan mövzusu tələbələr üçün maraqlıdırmı?
- Gileylənə bilmərəm... Hər smesterdə tələbələrdən “Nə üçün məhz mənim məşğələlərimə gəlirsiniz?”- deyə soruşuram. Motivlər müxtəlifdir. Əksəriyyəti “Burada Şərqi Avropa tarixi haqqında dərslər keçirlər. Bizim dərslərdə gah stalinizm, gah da Rusiya haqqında tədris olunur. Ona görə bizə başqa ölkələrin də tarixini öyrənmək lazımdır. Biz Qafqaz haqqında öyrənmək istəyirik” - deyirlər. Maraqlı bir təsadüf odur ki, bizim universitetdə iranşünaslıq və türkologiya da keçilir. Filoloji fakültədə daha çox bu ölkələrin ədəbiyyatı tədris edilsə də, bu regionların tarixi keçilmir. Ona görə mənim tələbələrim ümumdünya tarixini öyrənməyə maraq göstərirlər. İranşünaslığı, türkologiyanı öyrənən tələbələr məhz Azərbaycan haqqında da məlumat əldə etmək istəyirlər. Biz Azərbaycanın müasir tarixini də tədris edirik. Mənim elmi profilim 18-ci əsrdən bugünkü günə qədərdir. Bizdə spesifika bir qədər başqadır. Biz hər smestrdə yeni mövzuya hazırlıq keçirik. Heç bir ciddi alim bir smestrdə bütün tarixi dövrləri keçmir. Ona görə biz məşğələlər müddətində öz profilimizi əhatə etməliyik. Hərdən məndən “hansı dərslik əsasında oxuyursan?” deyə soruşurlar. Bizdə dərslik yoxdur. Ümumiyyətlə, mən öz tələbələrimə dərslik təklif etsəm gülməli görünər. Hər dəfə onlara yeni elmi ədəbiyyat verməliyəm və yeni mövzuya başlamalıyam. Bu baxımdan, Qarabağ problemi hər smestrdə bütün konfliktlər kontekstində keçilir. Əgər Abxaziya və ya Osetiya münaqişəsi üzrə iki saat ayrılırsa, Qarabağ problemi ilə bağlı 4 saat ayrılır.
Bizdə “Qafqazdan Tibetə kimi” xüsusi ustad dərsləri keçilir. Qafqaz mövzusu demək olar ki, mənim çiyinlərimdədir. Artıq 3-cü ildir ki, bu ustad dərslərinə daxil olan kontingentə Azərbaycan dilini öyrənməyi təklif edirik. Bu, təkmilləşmək üçün əsas kursdur. Kursun üstünlüyü ondadır ki, türkologiyanı öyrənənlər Azərbaycan üzrə ixtisaslaşmaq istəyirlər. Bu, mənim məşğələlərimi yaxşı tamamlayır. Mən tarixi tədris edirəm və artıq Azərbaycan dili də var. Bu isə o deməkdir ki, artıq mənbələrlə işləmək və tədrisi daha yüksək səviyyədə həyata keçirmək olar.
- Öz işinizi necə qiymətləndirirsiniz? Əldə etdiyiniz nəticələrdən razısınızmı?
- Bu, çətin sualdır... Amma belə cavab verə bilərəm: əgər tələbələr razıdırlarsa, demək mən də razıyam (gülür). Əlbəttə, başlanğıcda çox çətin idi. Hansı tələbələr ki, doktorant olmaq istəyirlər təbii ki, onlar üçün 5 il ərzində öyrəndikləri kifayət deyil. Ancaq mən onlarda inam yaratmışam, əgər davam etdirmək istəyirlərsə, onlara dəstək oluram. Bu 5 il ərzində mən tələbələrin etimadını qazanmağa nail oldum, həmçinin Azərbaycan tarixi fənninin tədrisini yüksək səviyyəyə qaldıra bildim. Elə bir səviyyəyə ki, bu sayılıb-seçilən fənn oldu. Bu, çox vacib amildir. Bu fənn təkcə tədrisə yox, həmçinin elmi tədqiqata layiqdir.
- Azərbaycanın tarixinin tədqiqi və tədrisi istiqamətində daha hansı addımları atmaq fikrindəsiniz?
- Biz hazırda Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə layihə başa çatdırdıq. Layihə çərçivəsində Almaniyanın 4 qəzetində son 20 il ərzində alman cəmiyyətini Qarabağ problemi ilə bağlı necə məlumatlandırmaqları ilə bağlı monitorinq aparmışıq. Biz bütün məqalələri topladıq və alman dilində nəşr etdirdik. Hazırda toplu Azərbaycan və ingilis dilində çap olunur. Fəaliyyətimizi genişləndirmək üçün bizə dəstək lazımdır. Ümid edirik ki, QHT Fondu yenidən bu istiqamətdə layihələrimizi həyata keçirməyə bizə dəstək olacaq. Alman fondları bu cür tədqiqat işlərində daha çox Ermənistan və Gürcüstanın layihələrinə dəstək olurlar. Onlar hesab edirlər ki, Azərbaycan varlı ölkədir və onlar daha çox qonşu olan kasıb ölkələrə kömək etməlidirlər. Mən hazırda biobiblioqrafik ensiklopediyanın dərci haqqında da düşünürəm. Ümid edirəm ki, Heydər Əliyev Fondunun dəstəyi ilə AMEA ilə əməkdaşlıq çərçivəsində bu nəşri ərsəyə gətirə biləcəyik.
- Divarlardakı elanlardan, rəflərdəki ədəbiyyatdan görürəm ki, siz kafedrada Azərbaycanın şair və yazıçıları ilə bağlı ədəbi gecələr də keçirirsiniz...
- Şair və yazıçılar ədəbiyyatçı kimi maraqlıdırlar. Ancaq onlar həm də tarixin bir hissəsidirlər. Ədəbiyyatsız Azərbaycanın tarixini izah etmək çox çətindir. Bizim tədrisdə spektr təkcə tədqiqat deyil, həm də ictimai işdir. Biz bu il ərzində Məhsəti Gəncəvi, Mirzə Ələkbər Sabir, Molla Nəsrəddinçilər, Mirzə Fətəli Axundov, Nigar Rəfibəyli ilə bağlı il ərzində konfranslar keçirmişik. Biz bu tədbirlərə beynəlxalq səviyyəli alimləri və azərbaycanlı həmkarlarımızı, azərbaycanlı gənc doktorantları dəvət edirik. Onlar burda öz tədqiqatlarının nəticələrini təqdim etmək imkanı qazanırlar.
Təranə Məhərrəmova
Berlin
Bu məqalə Bakcell şirkətinin dəstəyi ilə hazırlanıb

banner

Oxşar Xəbərlər