• şənbə, 20 Aprel, 10:13
  • Baku Bakı 14°C

“Azərbaycan TAP-ın yaşıl işığını yandırdı”

21.05.16 12:32 2715
“Azərbaycan TAP-ın yaşıl işığını yandırdı”
Xəbər verdiyimiz kimi, mayın 17-də TAP layihəsinin təməlqoyma mərasimi keçirilib. Layihənin gerçəkləşməsi ilə ölkəmiz yeni alternativ qaz satıcısına çevrilir və Azərbaycan qazının Avropa bazarına çıxış yolu açılır. Mövzu barədə söhbətləşdiyimiz ekspert İlham Şaban hesab edir ki, layihənin əsas əhəmiyyəti Azərbaycanın Avropaya 25 il ərzində fasiləsiz şəkildə qaz satmasıdır. Yeni ölkələrə davamlı qaz ötürülməsi isə ölkə iqtisadiyyatı üçün mühüm faktordur.
- İlham bəy, layihəni necə qiymətləndirirsiniz? Bu, Azərbaycan üçün nə deməkdir?
- Bildiyiniz kimi, layihə "Şahdəniz” qaz-kondensat yatağından qazın Avropa İttifaqı ölkələrinə nəqlini nəzərdə tutur. Cənubi Qafqaz boru kəməri, TANAP kimi layihələrin həyata keçirilməsi ona dəlalət etmirdi ki, Azərbaycan qazı Avropaya çatdırılacaq. Məhz TAP vasitəsilə Azərbaycan qazının üç ölkədə – Bolqarıstan, Yunanıstan və İtaliyada istehlakçılara 25 il müddətinə sabit şəkildə çatdırılması planlaşdırılıb. Burada bir mühüm hadisə də ondan ibarətdir ki, Avropa Komissiyası TAP-la bağlı xüsusi bir qərar qəbul etdi. Bu layihənin Avropa İttifaqı qanunları çərçivəsində olduğunu, onun özəl şirkətlər tərəfindən həyata keçiriləcəyini və Avropa İttifaqı çərçivəsində rəqabətə dəstək verəcəyini qeyd etdi. Bu, çox önəmli bir addım idi. Azərbaycan "mavi enerji” satan ölkə olsa da, böyük qaz hasilatçısı olan ölkələr qrupuna daxil deyil. Özünün qonşuları, məsələn, Rusiya və İranla müqayisədə Azərbaycan ehtiyatı dəfələrlə az, ixracı aşağı olan ölkədir. Rusiya kimi bir ölkə özünün böyük layihəsi "Cənub axını”nı həyata keçirə bilmədi. Ancaq Azərbaycan mayın 17-də keçirilən mərasimlə faktiki olaraq "Cənub Qaz Dəhlizi”nin sonuncu hissəsi olan TAP-ın yaşıl işığını yandırdı. Bununla da 2020-ci ildə bizim qazımız Avropa İttifaqındakı ölkələrə çatacaq.
- Azərbaycan qazının Avropanın ehtiyacının ödənməsində hansı rolu olacaq?
- Nəzərə alaq ki, 2020-ci ildə Avropanın qaz istehlakının təqribən 560 milyard kubmetr həcmində olacağı proqnozlaşdırılır. 2015-ci ildə bu rəqəm 545 milyard həcmində olub. Biz həmin bazara 10 milyard kubmetr qaz çıxaracağıq. Təxminən 5 il sonra, 2025-26-cı ilə qədər həmin rəqəmi iki dəfəyə qədər artıra bilərik. Həmin müddətə qədər Avropanın qaza olan ehtiyacı 600 milyard kubmetrə qədər yüksələ bilər. Bu baxımdan bizim payımız təqribən 2,7-3 faiz civarında olacaq. Ancaq məsələ heç də bu kiçik rəqəmdə deyil. Məsələ Avropanın yeni bir qaz mənbəyindən, onların öz bazarlarına alternativ mənbə çıxarmalarından gedir. Bu, çox vacib məqamdır. Necə ki, aprel ayında Avropa sıxılmış qazı Amerikadan almağa başladı, gələcəkdə Azərbaycandan da qaz alacaqlar. Bununla da yeni bir mərhələ başlayacaq.
- Rusiya mətbuatında TAP-a qarşı qərəzli yazılar oxuyuruq. Gah Yunanıstanın tranzit ödəmələrdən məhrum olduğunu yazır, gah da layihəni "Avropanın ikili standartlarının növbəti illüstrasiyası” adlandırırlar.
- Bu cür yanaşmaları təbii qarşılamaq lazımdır. Çünki müxtəlif hesablamalara görə, Rusiya təqribən 5 milyarddan 17 milyard kubmetrə qədər itki verib. Belə ki, Rusiya 2010-cu ildən başlayaraq "Cənub axını” layihəsinə böyük sərmayələr yatırırdı. Amma onu gerçəkləşdirə bilmədi. Hətta Sibirdən Qara dəniz sahillərinə qədər 1200 kilometr uzunluğunda boru kəməri çəkmişdi. Orada dünyanın ən böyük nasos stansiyası qurulmuşdu. Sonra isə o, heç kəsə lazım olmadı. İcarəyə götürdükləri borudüzən gəmi də 6 ay işsiz qaldı. Buna görə də 700 milyon avroya yaxın cərimə ödəməli oldular. İndi isə o gəmi TAP-ın sualtı hissəsinin tikintisində istifadə olunacaq. Bu, ruslara çox pis təsir edir. Onlar Avropaya 160 milyard kubmetrə yaxın qaz satan bir ölkə idilər. 1968-ci ildən Avropaya qaz satan bir ölkə üçün belə hallar xoşagələn ola bilməz. Keçmiş SSRİ-nin cənubunda yerləşən bir ölkə birdən-birə onun bazarında qaz satmağa başlayacaq. Belə demək olar ki, müştərini onun əlindən alacaq. Bunu qəbul edə bilməmələri təbiidir. Ruslar yunanların tranzit tarifsiz qaldığını deyirlər. Onlar öz ictimaiyyətləri üçün informasiyanı birtərəfli verirlər. Avropa İttifaqının qanunlarına görə, ittifaqın ərazisində özəl boru kəməri varsa, o, heç bir ölkəyə tranzit haqqı ödəmir. O, Avropa İttifaqı ərazisində hüquqi şəxs statusundadırsa, oradakı ölkələrdə törəmə şirkətləri yaradılır və hər bir ölkənin ərazisində vergi ödəyicisi kimi fəaliyyət göstərir. Mayın 17-də Salonikidə çıxış edən Yunanıstanın baş naziri belə bir cümlə işlətdi. O, qeyd etdi ki, TAP-ın tikintisi zamanı hazırda 24 faiz işsizlik səviyyəsi olan Yunanıstan 8 min iş yeri qazanacaq. Yunanıstan iqtisadiyyatına layihənin tikinti və istismarında 2,3 milyard avro investisiya cəlb ediləcək. Yunanıstanın heç bir sahədəki iqtisadiyyatında hazırda və yaxın perspektivdə bu qədər investisiya cəlb edəcək layihə yoxdur. Ona görə də orada hətta ultrasolçular belə, dildə başqa söz desələr də, ürəklərində sevinirlər.
- Layihənin reallaşması üçün gələcəkdə hansısa əngəllər törədilə bilərmi?
- Əngəllər nəyə görə olmalıdır ki? Artıq İtaliyada da müəyyən işlər başlanılıb. Ayın 17-də təməlqoyma mərasimi keçirilsə də, fiziki işlərin başlaması iyun ayında olacaq. Düşünürəm ki, əngəllər olmayacaq. Marşrutlar seçilib, torpaqlar alınıb, vəsaitlər ayrılıb. İnanmıram ki, ortaya hər hansı problemlər çıxsın.
- Qeyd etdiyiniz kimi, Azərbaycan qaz satışında Rusiyaya rəqib olur. Bu məqam gələcəkdə münasibətlərə hər hansı bir formada təsir edə bilərmi?
- Bundan öncə biz Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Supsa kəmərlərini inşa etmişik. Azərbaycanın enerji infrastruktur layihələrində kifayət qədər təcrübəsi var. Sadaladığım kimi, regional və beynəlxalq layihələrdə iştirak etmişik. Amma haqqında danışdığımız layihə miqyasına görə onlardan çox fərqlidir. Həmçinin bu layihə böyük dəstəyə malikdir. Layihə həm Avropa İttifaqı, həm ABŞ-ın dəstəyinə, ümumiyyətlə, regional səviyyədə böyük dəstəyə malikdir. Ona görə də hesab etmirəm ki, bir ölkə bu qədər böyük miqyaslı layihə ilə hansısa səviyyədə özünü baş-başa qoysun. Rusiyanın özünün maraqları ondan ibarətdir ki, Avropaya daha çox qaz sata bilsin. Bu layihəyə qarşı çıxmaqla o, özünü bu istəyindən məhrum edə bilər.
- Daha konkret desək, onların Azərbaycanla münasibətləri korlayacağını düşünmürsünüz?
- Yox, inanmıram. Çünki Rusiyanın həm siyasi, həm də iqtisadi rəhbərliyi bilir ki, ölkənin əsas qazanc mənbəyi enerji layihələridir. Bunun nəticəsində Qərbdən maliyyə alırlar. Onlar Qərb layihələrinə daha çox ümidlidirlər, nəinki Şərq layihələrinə. Əsas ticari obyektlər də, subyektlər də Qərbdir. Ona görə də hesab etmirəm ki, rəsmi Moskva Qərblə qarşıdurmaya getsin.
- Sizcə, gələcəkdə layihəyə Türkmənistan, İran kimi ölkələr qoşula bilərmi?
- Düşünürəm ki, bu, yaxın və orta perspektivin işi deyil. Amma gələcəkdə mümkün ola bilər. Biz Bakı-Tbilisi-Ceyhan kəmərini tikəndə də onun tranzit imkanlarının olacağını demişdik. Həqiqətən də sonra belə oldu. Bildiyiniz kimi, onunla Qazaxıstan, Türkmənistan nefti daşınır. Hesab edirəm ki, "Cənub Qaz Dəhlizi” sonradan başqa ölkələrin də "mavi yanacağ”ını daşımaq imkanında olacaq.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər