• cümə axşamı, 28 mart, 14:57
  • Baku Bakı 16°C

Azərbaycan Səudiyyə Ərəbistanı ilə əlaqələrin inkişaf etdirilməsində maraqlıdır - Fotolar

03.05.19 19:29 1343
Azərbaycan Səudiyyə Ərəbistanı ilə əlaqələrin inkişaf etdirilməsində maraqlıdır - Fotolar
Son günlər bəzi sosial şəbəkə və etibarsız kütləvi informasiya vasitələrində belə bir məlumat yayılıb ki, Səudiyyə Ərəbistanı Krallığının Amerika Birləşmiş Ştatlarındakı səfiri guya Osmanlı dövləti zamanında törədildiyi iddia edilən "erməni soyqırımı”nın tanınması ilə bağlı ABŞ Konqresindəki qətnamə layihəsinə Krallığın dəstək verdiyini bildirib. Bu barədə məlumat ictimailəşən kimi, Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı Səfirliyi dərhal açıqlama yayıb, qeyd olunanları təkzib edib.Səfirlikdən bildirilib ki, qardaş Azərbaycanı maraqlandıran məsələlərlə bağlı Krallığın mövqeyi dəyişməzdir. Səfirlik bütün bu deyilənlərin həqiqətə uyğun olmadığını və ABŞ-dakı xanım səfirin indiyə kimi Konqresin heç bir üzvü ilə görüşmədiyini, bu məsələ ilə bağlı heç bir açıqlama vermədiyini bəyan edib. Eyni zamanda vurğulanıb ki, qeyd olunan saytlar və qəzetlər Krallıq və onun mövqeyi barədə yanlış məlumat yaymaqla, Səudiyyə Ərəbistanı Krallığı ilə müsəlman dövlətləri, o cümlədən Azərbaycanın arasını vurmağa çalışır, öz şəxsi maraq və məqsədləri üçün müsəlman ölkələrini qızışdırmaq və parçalamaq niyyəti güdürlər.

Sözügedən hadisəni şərh etməzdən öncə xatırladaq ki, Azərbaycan tarixən dini və mədəni köklərlə bağlı olduğu ərəb ölkələri ilə ikitərəfli və çoxtərəfli əlaqələrə böyük əhəmiyyət verib. Bu əlaqələrdə İslam aləminin və ərəb dünyasının lider ölkələrindən biri olan Səudiyyə Ərəbistanı Krallığı xüsusi yerə malikdir. Səudiyyə Ərəbistanı yenidən müstəqilliyini əldə etmiş Azərbaycanı 30 dekabr 1991-ci ildə tanıyıb, iki ölkə arasında diplomatik əlaqələr 24 fevral 1992-ci ildə qurulub. Ölkəmizin Səudiyyə Ərəbistanı ilə əlaqələrinə verdiyi əhəmiyyətin göstəricisi kimi artıq 1994-cü ildə Azərbaycanın Krallıqda Səfirliyi fəaliyyətə başlayıb. Krallıq da ilk əvvəl Türkiyədəki səfirini, eyni zamanda Azərbaycana akkreditasiya edib, 2000-ci ildən isə bu ölkənin Bakıda Səfirliyi fəaliyyətə başlayıb. Ulu öndər Heydər Əliyevin 9-13 iyul 1994-cü il tarixlərində bu ölkəyə səfəri isə iki ölkə arasındakı əlaqələrin hərtərəfli inkişafı üçün dönüş nöqtəsi olub. Prezident İlham Əliyev də bu əlaqələrin inkişafına həmişə xüsusi diqqət yetirib, Krallığa 2 rəsmi, 3 işgüzar səfər edib. Ümumiyyətlə, iki ölkə arasındakı yüksək səviyyəli siyasi əlaqələr müxtəlif səviyyəli qarşılıqlı səfərlərin intensivliyi ilə xarakterizə olunur.

Səudiyyə Ərəbistanının Azərbaycan ərazilərinin işğal olunmasına, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibəti iki ölkə arasındakı münasibətlərin real mahiyyətini nümayiş etdirən ən mühüm məqam kimi diqqəti cəlb edir. Hərbi münaqişənin ən gərgin vaxtlarında azərbaycanlı qaçqın və məcburi köçkünlərə göstərilmiş humanitar yardımlar Azərbaycan üçün böyük məna daşımaqla yanaşı, İslam həmrəyliyinin ən ciddi nümunəsidir. Səudiyyə Ərəbistanı məhz rəsmi Yerevanın ardıcıl cəhdlərinə baxmayaraq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini əsas götürərək, işğalçı ölkə ilə diplomatik əlaqələrin qurulmasından imtina edib. Bu siyasət indi də davam edir. Nəzərə almaq lazımdır ki, bu məqam İslam aləmində, o cümlədən ərəb dövlətlərində ictimai rəyin formalaşmasına güclü təsir göstərir. Beynəlxalq təşkilatlar, xüsusilə BMT və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə bağlı qətnamələrin qəbul edilməsində (məsələn, 14 mart 2008-ci ildə BMT Baş Assambleyasında "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı qətnaməyə dair keçirilmiş səsvermə) Krallıq daim Azərbaycanın mövqeyini birmənalı dəstəkləyib, 2016-cı ilin aprel ayında İstanbulda keçirilmiş İƏT Sammiti Konfransının 13-cü sessiyası zamanı Ermənistan-Azərbaycan münaqişəsi üzrə kontakt qrupunun təsis edilməsində fəallıq nümayiş etdirib.
Azərbaycanın 2012-2013-cü illər üçün BMT TŞ-nın qeyri-daimi üzvlüyünə namizədliyinin Səudiyyə Ərəbistanı tərəfindən dəstəklənməsi, Azərbaycan Prezidentinin 20-21 may 2017-ci il tarixlərində Ər-Riyadda keçirilmiş Ərəb-İslam-Amerika Sammitində iştirakı iki ölkə arasında çoxtərəfli səviyyədə əməkdaşlığın yüksək səviyyəsinin bariz nümunəsidir.

Onu da əlavə edək ki, iki ölkə arasındakı siyasi əlaqələrin yüksək səviyyəsi digər sahələrdə əməkdaşlığın hərtərəfli inkişafına imkan yaradıb. 2000-ci ildən Azərbaycan və Səudiyyə Ərəbistanı hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclik sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiya fəaliyyət göstərir. Komissiyanın fəaliyyəti nəticəsində ikitərəfli əməkdaşlığın müxtəlif istiqamətlərini tənzimləyən hüquqi-normativ bazanın çərçivəsi daha da genişləndirilib, iqtisadiyyat, ticarət, kənd təsərrüfatı, investisiya qoyuluşu və sair sahələrdə əhəmiyyətli layihələr həyata keçirilib. Komissiyanın 2019-cu ilin martında Bakıda keçirilmiş 5-ci iclasında digər məsələlərlə yanaşı, ikitərəfli investisiya əlaqələrinin genişləndirilməsi üzrə çərçivə əməkdaşlığı proqramı da imzalanıb.


Bundan başqa, 2016-cı ilin fevral ayının 1-dən Krallıq vətəndaşlarının sadələşdirilmiş viza rejimindən istifadə etməklə Azərbaycanın istənilən hava limanından viza əldə etmələri ölkəmizin Səudiyyə Ərəbistanı ilə münasibətlərə verdiyi əhəmiyyətin göstəricisi olmaqla yanaşı, iki ölkə arasında turizm sahəsində əməkdaşlığın gücləndirilməsinə şərait yaradıb. Misal üçün, 2016-cı ildə Səudiyyə Ərəbistanından Azərbaycana gələn turistlərin sayı 7463 nəfər olduğu halda, 2017-ci ildə bu göstərici 33 min 273 nəfərə, 2018-ci ildə isə 73 min nəfərə çatıb. İki ölkə arasında yeni və mühüm əməkdaşlıq istiqamətlərindən biri də hərbi sahədə əməkdaşlıqdır. 2017-ci ilin aprelində Azərbaycan müdafiə nazirinin Səudiyyə Ərəbistanına səfəri, 2018-ci ilin fevralında Krallığın Müdafiə Nazirliyinin nümayəndə heyətinin Azərbaycana səfəri əməkdaşlıq əlaqələrinin müzakirəsi baxımından əhəmiyyətli olub.

Ən nəhayət, 2017-ci ili İslam həmrəyliyi ili elan edən, 4-cü İslam Həmrəyliyi Oyunlarına ən yüksək şəkildə ev sahibliyi edən Azərbaycan Səudiyyə Ərəbistanı ilə əlaqələrinin daha da inkişaf etdirilməsində maraqlıdır. Krallığın məscidləri, İslam mədəniyyəti abidələrini dağıdan Ermənistanla heç bir səviyyədə əlaqələrin qurulmamasına dair mövqeyi də Azərbaycanın bu məramı ilə həmahəngdir. Belə olan halda sosial şəbəkələrdə və bəzi media qurumlarında yayılan dezinformasiyanın hədəfi və məqsədi gün işığına çıxır. Heç kimdə şübhə yeri qalmır ki, bu dezinformasiya dünyadakı ermənipərəst qüvvələrin və onların yedəyində gedənlərin ölkələrimiz arasındakı münasibətlərə xələl gətirmək məqsədilə törətdikləri növbəti təxribat cəhdidir.

Millət vəkili, politoloq Hikmət Babaoğlu da "Kaspi” qəzetinə açıqlamasında Səudiyyə Ərəbistanı Krallığının beynəlxalq münasibətlər sistemində Azərbaycanın ən yaxın tərəfdaşlarından biri olduğunu, ölkəmizin haqlı davasında daima yanımızda yer aldığını söyləyib. Qeyd edib ki, istər ikitərəfli münasibətlərdə, istərsə də İslam Əməkdaşlığı Təşkilatı çərçivəsində Krallıq ilə dərin dostluq və qardaşlıq münasibətlərimiz mövcuddur: "Bu ölkə dünyadakı çox azsaylı ölkələrdən biridir ki, Azərbaycan torpaqlarını işğal edən Ermənistanı məhz işğalçı ölkə kimi tanıyır və onunla heç bir diplomatik əlaqə qurmur. Bu olduqca ciddi məsələdir. Azərbaycan dövləti və xalqı dost və qardaş ölkənin belə prinsipial mövqeyini olduqca yüksək qiymətləndirir. İƏT Ermənistanı işğalçı ölkə kimi tanıyır. Ancaq buna baxmayaraq, bəzi ölkələr İƏT çərçivəsində Ermənistanı işğalçı ölkə kimi tanısalar da, arxa planda onunla hər cür əməkdaşlıq edirlər. Görünür, Səudiyyə Ərəbistanının dini-mənəvi dəyərlərə, diplomatik etikaya və prinsipial siyasi mövqeyə malik olması bəzi mərkəzləri narahat edir. Azərbaycan ictimaiyyəti bu tip dezinformasiyaların ölkəmizin informasiya məkanına haradan və nə üçün göndərildiyini bilir və ona inanmır. Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında dostluq və tərəfdaşlıq münasibətlərinin dərin tarixi kökləri, ciddi mənəvi əsasları və olduqca yaxşı perspektivləri var. Bunu heç bir güc poza bilməz”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər