Azərbaycan sərmayəsi hesabına başa gələn növbəti nəhəng layihə
Ötən illər ərzində təbii
sərvətlərdən əldə edilən gəlirlərin düzgün istifadə edilməsi, "qara qızılın”
insan kapitalına çevrilməsi, ən əsası da iqtisadiyyata iri həcmli sərmayələrin
yatırılması, sahibkarlığa dövlət dəstəyinin verilməsi iqtisadi inkişafına görə
Azərbaycanı Cənubi Qafqazın lider dövlətinə çevirib. Məhz bu siyasət
nəticəsində ölkəmizdə 3 regional inkişaf proqramı uğurla həyata keçirilib,
şəhər və kəndlər arasında fərq azalıb, iqtisadiyyatın rəqabətliliyi ilbəil
artırılıb. Azərbaycanın bu sahədə əldə etdiyi nailiyyətlər onun dünyadakı
reytinqini də ən yüksək səviyyəyə çatdırıb. Sevindirici haldır ki, indiyə qədər
Azərbaycanda qeyri-neft sektorunun inkişafı üçün çox böyük işlər görülüb,
uğurlu addımlar atılıb. Bu çərçivədə ölkə iqtisadiyyatına daxili və xarici
sərmayələrin cəlb edilməsi də diqqətçəkicidir. Misal üçün təkcə son vaxtlar
investisiya təşviqi sisteminin tətbiqindən sonra 300-dən çox investisiya
təşviqi sənədi verilib. Bu layihələrin icrası nəticəsində 20 min iş yeri
yaradılıb. İnvestisiya təşviqi mexanizminin işə düşməsindən sonra icra edilən
və nəzərdə tutulan layihələrin ümumi investisiya həcmi 2,7 milyard manat olub.
Bununla yanaşı, xarici və
daxili investisiyalar hesabına Neftçala Sənaye Parkında "Xəzər” Avtomobil
Zavodu yaradılıb. Bu zavodun illik istehsal gücü 10 min ədəd avtomaşındır. Əgər
daxili tələbat və ixrac tələbatı olarsa, zavod bu səviyyəyə qalxa bilər.
Sumqayıt Kimya Sənaye Parkı da ölkə iqtisadiyyatına yatırılan investisiyalara
gözəl nümunədir. Bu parka 2 milyard dollardan çox sərmayə yatırılması nəzərdə
tutulub və gələn il burada daha bir neçə önəmli, vacib müəssisə açılacaq.
Mingəçevir Sənaye Parkında isə 2 böyük iplik fabriki işləyir. Bu iplik
fabriklərinə 80 milyon dollar sərmayə qoyulub. Eyni zamanda, bu il dövlət
başçısı ilham Əliyevin iştirakı ilə Masallı Sənaye Parkının açılışı olub.
Hacıqabul və Sabirabad rayonlarında isə sənaye məhəllələrinin yaradılması
prosesi getməkdədir. Onu da vurğulamaq yerinə düşər ki, təkcə bu ilin doqquz
ayında ölkə iqtisadiyyatına 9 milyard dollar sərmayə qoyulub. Bu vəsaitin 5,6
milyard dolları qeyri-neft sektoruna qoyulub. Bütün bu addımlar Azərbaycanın
ixrac imkanlarını genişləndirir, iqtisadiyyatın şaxələndirilməsinə xidmət
göstərir, ölkəyə kapital axınının həcmini artırır. Konkret rəqəmlərə müraciət
etsək, görülən işlər nəticəsində təkcə ötən 9 ayda xarici ticarət dövriyyəsi
37, qeyri-neft ixracı 14 faiz artıb, ölkəmizdə 85 min daimi iş yeri açılıb.
Ötən həftə sonu Türkiyənin
İzmir şəhərində açılışı olan "Star” neft emalı zavodu da Azərbaycan sərmayəsi
hesabına başa gələn nəhəng iqtisadi layihədir. Hər iki ölkə başçısının iştirak
etdiyi açılış mərasimində səsləndirilən məlumata görə, ümumi neft emalı gücü 10
milyon ton təşkil edəcək "Star” zavodunun əsas xammal tədarükçüsü Azərbaycan
Respublikası Dövlət Neft Şirkəti – SOCAR-dır. SOCAR-ın 6,3 milyard dollar
kapitalla Türkiyənin İzmir şəhərinin Əliağa rayonunda, "Petkim” neft-kimya
kompleksinin ərazisində inşa etdiyi bu zavodda avqustdan etibarən sınaq
məqsədilə xam neft emalına başlanılıb. Zavoda ilk neft yükü məhz Azərbaycandan
olmaqla 80 min ton "Azeri Light” markalı neft çatdırılıb. Zavod 5 milyon ton
dizel yanacağı istehsal etmək imkanına malikdir və Türkiyənin idxalının 40
faizə düşməsinə səbəb olacaq. Həmçinin mayeləşdirilmiş qazın idxal səviyyəsi də
70 faizə enəcək. Zavod ildə 1,6 milyon ton təyyarə yanacağı istehsal etməklə
Türkiyənin tələbatını tam ödəyəcək. "Star” neftin qiymətindən asılı olaraq hər
il 6-8 milyard dollarlıq ticarət həcmi formalaşdıracaq.
Prezident İlham Əliyev də Azərbaycanın
Türkiyədə inşa edilən "Star” neft emalı zavoduna 6 milyard dollardan çox sərmayə
yatırdığını diqqətə çatdıraraq vurğulayıb ki, bu sərmayə müqabilində ölkəmiz
zavoddan hər il yüz milyonlarla dollar gəlir götürəcək. Onun sözlərinə görə, növbəti
mərhələdə əlavə 700 milyon dollar yatırım ediləcəkdir: "Bu, bizim xaricə
qoyduğumuz ən böyük yatırımımızdır və bu, təbiidir. Eyni zamanda, biz digər
önəmli layihələri birlikdə həyata keçirdik. Bakı-Tbilisi-Ceyhan,
Bakı-Tbilisi-Ərzurum, TANAP neft-qaz kəmərlərinin, Cənub Qaz Dəhlizinin,
Bakı-Tbilisi-Qars dəmir yolunun yaradılması – bunların hər biri özlüyündə
nəhəng bir layihədir və nəinki ölkələrimiz, xalqlarımız üçün, bölgə, dünya,
Avrasiya üçün çox böyük önəm daşıyır. Türkiyə və Azərbaycan birgə səylərlə
güclü siyasi iradə nümayiş etdirərək Avrasiyanın enerji və nəqliyyat xəritəsini
yenidən cızır. Bunu biz edirik və bu yeni xəritələrin altında bizim imzamız
var. Bütün bunları biz birgə səylərlə etdik. Bütün bu layihələr böyük maliyyə
yatırımı tələb edən layihələrdir. Təkcə Əliağaya qoyulan sərmayə 10 milyard
dollara yaxındır və gələcəkdə bu rəqəm daha da artacaq. Bir sözlə, bu gün "Star
Rafineri”nin açılışı timsalında biz birliyimizin, həmrəyliyimizin, dostluğumuzun
əlamətini görürük. Əminəm ki, bundan sonra da Türkiyə və Azərbaycan yalnız
uğurlar yolu ilə gedəcək”.
Ümumilikdə götürsək,
Azərbaycan bir qədər əvvəl sadaladığımız ölkə daxili sərmayələrdən, eləcə də
xaricdə qoyulan sərmayələrdən böyük xeyir əldə edəcək, ölkəmizin dayanıqlı
inkişafı təmin olunacaq. Milli Məclisin
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişilimövzu ilə bağlı bildirib ki, Azərbaycan "Star” neft emalı zavodu kimi
layihələrlə iqtisadi gücünü daha da artırır. Millət vəkili qeyd edib ki,
Azərbaycan iqtisadiyyatında keyfiyyət dəyişiklikləri sürətlə baş verməkdədir. Onun
fikrincə, əsasən emal sənayesi və əlavə dəyər yaradan sahələrin inkişafını
özündə ehtiva edən bu dəyişikliklər Azərbaycanın gələcəyi üçün mühüm əhəmiyyət
kəsb edir: "Türkiyədə inşası başa çatan "Star” neft email zavodu da bu cür
mühüm layihələrdən biridir. Zavodun illik istehsal gücü 4,8 milyon ton dizel,
1,6 milyon ton təyyarə yanacağı və 1,6 milyon ton nafta təşkil edir.
"Star" Türkiyənin illik 28,1 milyon tona çatan neft emalı gücünü 33%
artıracaq, ölkənin neft emalı məhsulları idxalında 1,5 milyard dollar qənaət
etməsinə səbəb olacaq. Xatırlatmaq yerinə düşər ki, Türkiyənin inkişaf etməkdə
olan nəqliyyat sektorunda dizel yanacağına olan tələbat durmadan artır. Hazırda
Türkiyədəki neft emalı zavodu dizelə olan tələbatın yalnız 43%-ni (10,4 milyon
ton) ödəyə bilir. 2017-ci ildə 24,2 milyon ton dizel istehlak edən Türkiyə
xaricdən 7 milyard dollar dəyərində dizel yanacağı idxal edib. Yalnız daxili bazar
üçün məhsul istehsal edən "Star” zavodu Türkiyənin neft məhsulları idxalını 36%
azaldacaq”.
T.Mirkişili deyib ki, "Star”ı
xammalla dayanıqlı təchiz etmək məqsədilə SOCAR-ın Rusiya və İraq neftindən də
istifadə etmək üçün müvafiq razılaşmaları var. Onun sözlərinə görə, bu
razılaşmalar "Star”ın rəqabət qabiliyyətini daha da artıracaq və fəaliyyətini
dayanıqlı edəcək: "SOCAR-ın indiyə qədər Türkiyəyə investisiyaları 14.2 milyard
dollar təşkil edib. Türkiyədə bütün layihələr başa çatdıqdan sonra SOCAR-ın Türkiyə
iqtisadiyyatına investisiyalarının həcmi 19,5 milyard dollara çatacaq. Regional
iqtisadiyyat quran Azərbaycan bu layihələrlə öz iqtisadi gücünü daha da
artırmış olur”.
Milli
Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin digər üzvü Aydın
Hüseynov da bildirib ki, Azərbaycan və Türkiyə qardaşlığı nəticəsində
beynəlxalq aləm üçün mühüm əhəmiyyət kəsb edən, dünyanın enerji və nəqliyyat
xəritəsini yenidən cızan böyük layihələr həyata keçirilir. Deputat deyib ki, Bakı-Tbilisi-Qars,
Bakı-Tbilisi-Ceyhan, TANAP və digər bu kimi iri layihələr dünyanın enerji və
nəqliyyat xəritəsini yenidən cızır. Onun sözlərinə görə, bu cür nəhəng
layihələr Türkiyə ilə Azərbaycan arasında dostluq və qardaşlıq münasibətlərinin
ən yüksək səviyyədə olması, hər iki dövlətin liderlərinin siyasi iradəsi,
bir-birilərinə böyük inam və etimadın sayəsində mümkün olub. Millət vəkili vurğulayıb
ki, yeni neft emalı zavodunun işə salınması eyni zamanda hər iki ölkənin həm
iqtisadi, həm də siyasi gücünün göstəricisidir. A.Hüseynov bildirib ki, bu
layihə hər iki ölkəyə siyasi dividentlərlə yanaşı, iqtisadiyyata dayanıqlı
gəlir gətirəcək, milli iqtisadiyyatımıza xidmət edəcək böyük bir layihədir.
Rufik
İSMAYILOV