Azərbaycan şərabları "Prowein" sərgisində maraqla qarşılanıb - Fotolar
İqtisadiyyat Nazirliyinin
dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı
ilə Azərbaycan şərabları və spirtli içkiləri ilk dəfə olaraq "Made in
Azerbaijan” vahid ölkə stendi ilə Almaniyanın Düsseldorf şəhərində keçirilmiş
"Prowein” sərgisində nümayiş olunub.
130 ölkədən 60 minə
yaxın ziyarətçinin iştirak etdiyi "Prowein” sərgisində
Azərbaycan məhsulları böyük maraqla qarşılanıb. Təsadüfi deyildir ki, "Prowein”nin
internet kanalında Azərbaycan stendinə və şərab məhsullarımıza dair xüsusi
buraxılış yayımlanıb.
"Made in
Azerbaijan” vahid ölkə stendini ziyarət edənlərə Azərbaycanın investisiya və
biznes imkanları, rəqabətqabiliyyətli və ixracyönümlü kənd təsərrüfatı məhsullarımız
barədə məlumat verilib, Azərbaycanın tarixini və mədəniyyətini özündə əks etdirən
video çarx nümayiş olunub, ölkəmiz haqqında müxtəlif çap materialları paylanıb.
Sərgi çərçivəsində
Litvada şərab məhsullarının distributorluğu ilə məşğul olan şirkət tərəfindən
ilkin olaraq 200 litr Azərbaycan şərabı alınıb və Litvada satışı həyata keçiriləcək.
Qeyd edək ki, "Prowein” sərgisində müsabiqə əsasında
seçilmiş 9 Azərbaycan şirkəti iştirak edib. İqtisadiyyat Nazirliyinin dəstəyi və
AZPROMO-nun təşkilatçılığı ilə hazırlanmış "Made in Azerbaijan" vahid
ölkə stendinin təşkili xərcləri Azərbaycan Respublikası Prezidentinin 5 oktyabr
2016-cı il tarixli Fərmanına uyğun olaraq dövlət tərəfindən qarşılanıb