• cümə axşamı, 25 aprel, 00:52
  • Baku Bakı 19°C

Azərbaycan səfirliyindən “1+1“-ə etiraz

26.11.14 14:53 1259
Azərbaycan səfirliyindən “1+1“-ə etiraz
Azərbaycanın Ukraynandakı səfirliyi "1+1" televiziya kanalının efirə verdiyi "15 respublika" verilişi ilə bağlı Ukrayna Xarici İşlər Nazirliyinə müraciət edib. Səfirlikdən verilən məlumata görə, müraciətdə noyabrın 23-də Ukraynanın "1+1" televiziya kanalı Azərbaycan Respublikasının ictimai-siyasi sisteminə, müstəqillik illərində əldə etdiyi nailiyyətlərə qara yaxmağa çalışan, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini və səbəblərini təhrif edən "15 respublika" verilişinin yayımlanmasına toxunulub.
Azərbaycan torpaqlarının 20%-ni iyirmi ildən çox işğal altında saxlayan, orada etnik təmizləmə aparıb yüz minlərlə vətəndaşımızı qaçqın və məcburi köçkünə çevirən işğalçı Ermənistan və onun müdafiə etdiyi Dağlıq Qarabağdakı separatçı rejimin mədh edildiyi, Azərbaycan Respublikasının isə qərəzli şəkildə aşağılandığı vurğulanıb.
Səfirlik Ukraynanın ərazi bütövlüyünü birmənalı dəstəkləyən, BMT Baş Assambleyasında buna səs verən, dostluq və strateji əməkdaşlıq prinsiplərinə hər zaman sadiq olan Azərbaycan Respublikasına qarşı belə sifarişli və qərəzli verilişin nümayiş etdirilməsinin Ukraynada yaşayan on minlərlə soydaşımızın və Azərbaycanın Ukraynadakı Səfirliyinin haqlı narazılığına səbəb olduğunu, hal-hazırda özü separatçılığın və xarici müdaxilənin qurbanına çevrilmiş Ukrayna dövlətinin separatizmə və işğala dəstək verməyə xidmət edən cəhdlərə göz yummayacağına ümidvar olduğunu bildirib.
Müraciətdə səfirlik tərəfindən adı çəkilən televiziya kanalına etiraz məktubunun göndərildiyi, eyni zamanda həmin bədnam verilişi hazırlayıb təqdim edən, Azərbaycanı mənfi qələmə verən, Ermənistanı ancaq müsbət tərəfdən göstərən, guya Azərbaycanlıların Dağlıq Qarabağda erməni kişilərini kütləvi şəkildə qətl etdiklərinə görə bu gün orada qızların oğlanlardan dörd dəfə çox olduğu kimi cəfəng iddialar irəli sürən, Ermənistan silahlı qüvvələrinin işğalında olan və heç bir dövlətin, o cümlədən Ukraynanın da tanımadığı separatçı rejimin qanunsuz fəaliyyət göstərdiyi Azərbaycan torpaqlarına Azərbaycan dövlətinin icazəsi olmadan səfər etmiş jurnalistlər Konstantin Andriyuk və Dmitriy Volkovun Azərbaycanda arzuolunmaz şəxslər sayılacağı barədə vurğulanıb.
Səfirlik müraciətində "1+1" televiziya kanalının verilişinin ölkələrimiz arasında mövcud olan dostluq və strateji tərəfdaşlıq münasibətlərinə ciddi zərər vurduğunu qeyd etmiş, adı çəkilən televiziya kanalına müvafiq təsir göstərilməsini, Azərbaycana və onun vətəndaşlarına münasibətdə təhqir və böhtana yol vermiş jurnalistlərin tənbeh edilməsini xahiş edib.
banner

Oxşar Xəbərlər