• cümə, 19 Aprel, 13:25
  • Baku Bakı 25°C

Azərbaycan səfəvişünaslığında Oqtay Əfəndiyev mərhələsi

18.10.16 14:29 4041
Azərbaycan səfəvişünaslığında Oqtay Əfəndiyev mərhələsi
Azərbaycanda tarixi fikrin, şərqşünaslığın kökü, qaynaqları əsrlərin dərinliklərinə gedib çıxır, onun çağdaş tarixi isə keçən əsrin ilk onilliklərindən hesablanır. Tarixi düşüncədə, Vətən tarix elmində yaddaşın son yüz ili özündə xeyli təkrarsız adı, imzanı və ünvanı daşıyır. Azərbaycan şərqşünaslıq və tarix elmində gördüyü işin mahiyyəti, əhatə və təsir dairəsi, elmi fəaliyyətinin gerçək nəticələri artıq zamanın sınağından çıxmış, milli tarixi fikrin tarixini yazıb-yaratdığı qədər özü də tarixiləşmiş müstəsna adlar sırasında Oqtay Əfəndiyevin (1926-2013) xüsusi yeri vardır.
Görkəmli tarixçi-şərqşünas, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, tarix elmləri doktoru, professor Oqtay Əbdülkərim oğlu Əfəndiyev Vətən tarix elmində bənzərsiz mövqeyi olan tədqiqatçılardandır. O.Ə.Əfəndiyev respublikamızda Azərbaycanın orta əsrlər tarixi üzrə ən kamil mütəxəssislərdən biri idi. O, Azərbaycanda səfəvişünaslığın əsaslarını qoy­muş tarixçilərdəndir. Azərbaycanda tarix elminin təqribən son 60 illik dövrünün kardinal problemlərinin həllində, aktual və perspektiv təmayül­lərinin müəyyənləşməsində, çağdaş nəzəri ölçü və məna kəsb etməsində O.Ə.Əfəndiyevin elmi yaradıcılığının aparıcı mövqeyi danılmaz gerçəklikdir. Böyük alim, gözəl insan olan O.Əfəndiyev mənalı, yeni tarixçilər nəsli üçün örnək olacaq bir həyat yolunu keçmişdir.
O.Əfəndiyev 1926-cı ilin mart ayının 26-da Bakı şəhərində, tanınmış ziyalı ailəsində anadan olmuşdur. Onun atası Əbdülkərim Yusif oğlu XX əsrin əvvəllərində Qafqazın qabaqcıl maarif və elm ocağı sayılan Qori müəllimlər seminariyasını bitirmiş, bir neçə il ərzində doğma yurdu Göyçay bölgəsində müəllimlik etmiş, xalq maarifi sahəsində böyük xidmətlər göstərmişdir. Tarix elminə, Şərq dillərinə daha dərindən yiyələnmək arzusunda olan gənc müəllim tezliklə Azərbaycan Dövlət Universitetinin Şərq fakültəsinə daxil olmuş, bu ali təhsil müəssisəsini uğurla bitirmiş, Azərbaycan Pedaqoji İnstitutunda tarix və coğrafiya elmləri üzrə mühazirələr oxumuşdur. Ölkəmizin bir çox tanınmış alimləri (akademik Ə.S.Sumbatzadə, tarix elmləri doktoru, professor M.X.Şərifli və b.) vaxtilə Əbdülkərim Yusif oğlunun tələbələri olmuşlar. Əbdülkərim Yusif oğlu 38 yaşında vəfat etmişdir. Atası dünyasını dəyişərkən O.Əfəndiyevin cəmi 8 yaşı vardı. O.Əfəndiyev anası Kübra xanımın, dayısı Rəsul Rzanın böyük qayğısı sayəsində mükəmməl tərbiyə və təhsil almış, dünyadan erkən köçmüş atasının nəcib əməllərini davam etdirmişdir. O.Əfəndiyevin anası Kübra xanımın Azərbaycanda tibb elminin, səhiyyənin inkişafı prosesində mühüm rolu olmuşdur.
O.Ə.Əfəndiyev ilk təhsilini Bakı şəhərində almış, atasının yolunu seçərək 1945-ci ildə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinə daxil olmuşdur. Lakin o, burada cəmi bir il təhsil almış, sonrakı təhsilini Moskva Şərqşünaslıq İnstitutunda davam etdirmiş, bu mötəbər elm ocağındakı təhsilini uğurla başa çatdırmışdır.
O.Ə.Əfəndiyev hələ tələbə ikən Azərbaycanın zəngin qədim və orta əsrlər tarixinə böyük maraq göstərmiş, Şərq və Avropa dillərində olan əski qaynaqları diqqətlə öyrənməyə başlamışdı. Həyatını elmi fəaliyyətlə bağlamaq istəyi 1951-ci ildə onu Azərbaycan SSR Elmlər Akademiyası Tarix İnstitutunun aspiranturasına gətirdi. Aspiranturaya daxil olmuş O.Ə.Əfəndiyev tezliklə SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutuna ezam olundu. Aspiranturada təhsil aldığı müddət ərzində O.Əfəndiyevin başlıca araşdırma obyekti Şərqin (o cümlədən Azərbaycanın) feodal dövlətlərinin və dövlət birliklərinin təşəkkülü, inkişafı, tənəzzülü və süqutu problemləri ilə bağlı olmuşdur. Səfəvilər dövlətinin (1501-1736-cı illər) tarixi gənc alimin diqqətini daha çox cəlb edirdi. O.Ə.Əfəndiyev müxtəlif dillərdə olan qaynaqlar, ilk dəfə aşkara çıxarılmış nadir əlyazmalar üzərində gərgin axtarışları nəticəsində Vətən tarix elmində Səfəvilər dövləti haqqında ilk monoqrafiyanı yazaraq elmi ictimaiyyətin nəzərinə çatdırdı. O.Əfəndiyevin bu əsəri azərbaycançılığa, Azərbaycan dövlətçiliyinə, milli mənafelərə üzvi bağlılığın gözəl, orijinal nümunəsi idi. Onun həmin əsəri Səfəvilər dövləti tarixinə əski, ənənəvi baxış tərzinin sonunun başlanğıcı hesab oluna bilər. O.Əfəndiyev bu mövzuda olan dissertasiyanı hələ 1955-ci ildə Moskvada böyük uğurla müdafiə etmiş, təkzibolunmaz elmi dəlillərlə, dövrün ilkin qaynaqlarında olan faktlarla «Səfəvilər dövlətinin İrana məxsus olması» haqqında uzun müddət tarix elmində, şərqşünaslıqda hökm sürmüş müddəanın əsassızlığını sübut etmiş, bu dövlətin yaranmasında və inkişafında Azərbaycan türklərinin həlledici rolunu müəyyənləşdirmişdi.
Sabitlik, ardıcıllıq və məqsədyönlülük O.Ə.Əfəndiyevin alim fərdiyyətinin başlıca xüsusiyyətlərindən olmuşdur. Onun ömür yolu, elmi yaradıcılığı, pedaqoji fəaliyyəti Azərbaycanda tarix elminin, şərqşünaslığın inkişaf stixiyası (təbiəti) ilə üzvi şəkildə bağlanmışdı.
O.Əfəndiyev hələ gənc çağlarından Azərbaycan tarixi problemlərinin qoyuluşu tərzində və həlli təcrübəsində özünəqədərki mövcud fikir və mövqelərə baxmayaraq, köklü dəyişikliklər etmiş, yeni metodoloji prinsiplər hazırlamışdır.
O.Ə.Əfəndiyev namizədlik dissertasiyasını uğurla müdafiə etdikdən sonra taleyini Azərbaycan SSR Elmlər Akademiyasının Tarix İnstitutu ilə bağlamış, bu elm ocağında kiçik elmi işçidən şöbə müdiri vəzifəsinədək ucalmışdı. O, doktorluq dissertasiyasını 1969-cu ildə müdafiə etmiş, Azərbaycan Səfəvilər dövləti tarixinin mühüm problemlərinin daha dərindən araşdırılması faktını ortaya qoymuşdu. Keçən əsrin 70-ci illərindən 2013-cü ilədək Azərbaycan MEA A.A.Bakıxanov adına Tarix İnstitutunun «Azərbaycanın orta əsrlər tarixi» şöbəsinə rəhbərlik etmiş O.Ə.Əfəndiyevin milli ruhlu tarixçi kadrların yetişməsində həlledici rolu olmuşdur. Respublikada Azərbaycan tarixinin orta çağlarının tədqiqi ilə məşğul olan alimlərin əksəriyyəti onun xeyirxah münasibətini görmüş, zəngin elmi təcrübəsindən faydalanmışdır.
O.Ə.Əfəndiyev bir neçə monoqrafiyanın, yüzdən artıq elmi məqalənin müəllifidir. O, 1993-cü ildə professor adını almış, 2001-ci ildə isə AMEA-nın müxbir üzvü seçilmişdir.
«XVI əsrin əvvəlində Azərbaycan Səfəvilər dövlətinin yaranması» O.Ə.Əfəndiyevin ilk monoqrafiyasıdır və 1961-ci ildə rus dilində nəşr olunmuşdur. O, Səfəvilər dövlətinə yeni baxışın başlıca müddəalarını 1981-ci ildə rus dilində nəşr olunmuş «Azərbaycan Səfəvilər dövləti XVI əsrdə» adlı monoqrafiyasında daha geniş surətdə izhar etdi. 1991-ci ilin sonlarına doğru Azərbaycan xalqı yenidən siyasi müstəqillik qazandıqdan sonra ölkədə milli ruhla bağlı olan tarixi əsərlərin doğma dildə nəşri zərurəti yarandı. 1993-cü ildə O.Ə.Əfəndiyevin «Azərbaycan Səfəvilər dövləti» monoqrafiyası doğma dilimizdə işıq üzü gördü. Həmin monoqrafiya 2007-ci ildə yenidən, daha böyük tirajla nəşr edildi. Monoqrafiyada tədqiqat obyekti kimi seçilmiş problemin nəzəri əsasları nəzərdən keçirilmiş, XVI əsrin Azərbaycan gerçəkliklərini əks etdirən ilkin qaynaqlar tənqidi surətdə təhlil olunmuş, Azərbaycan Səfəvilər dövlətinin təşəkkülü, onun XVI əsr ərzində inkişafı məsələləri araşdırılmış, dövrün ictimai-iqtisadi, siyasi, dini-ideoloji mənzərəsi müəyyənləşdirilmiş, Azərbaycan Səfəvilər dövlətinin inzibati-idarə sistemi, dövrün beynəlxalq münasibətlər sisteminin Azərbaycanla bağlı olmuş məqamları diqqət mərkəzində olmuşdur. «Səfəvilər dövlətinin tarixi Azərbaycan xalqının tarixi, onun sonrakı etnik konsolidasiyası ilə üzvi şəkildə bağlıdır» müddəası O.Ə.Əfəndiyevin bu monoqrafiyasının aparıcı ideyasıdır.
Tədqiqatçı monoqrafiyanın «Giriş» qismində qeyd edir ki, «bu əsər XVI əsrdə Səfəvilər dövlətinə dair Şərq və Avropa mənbələrinin hərtərəfli tədqiqi, sistemli şəkildə şərh olunması və ümumiləşdirilməsi, göstərilən dövrdə Azərbaycanın siyasi və sosial-iqtisadi həyatının işıqlandırılması istiqamətində ilk cəhddir». Səfəvilər dövlətinin yaranması və inkişafında Azərbaycan türklərinin həlledici rolunun elmi surətdə əsaslandırılması O.Ə.Əfən­diye­vin bu tədqiqat əsərinin mühüm məqsədlərindən biri olmuşdur. Azərbay­canın Səfəvi dövrü ilə bağlı olan ilkin qaynaqların ilk dəfə elmi dövriyyəyə daxil olunması monoqrafiyanın diqqəti cəlb edən cəhətlərindəndir.
«Səfəvi sülaləsinin etnik mənşəyinin xüsusi, ətraflı tədqiqat tələb edən, yeni problem olmadığını» qeyd edən müəllif tədqiq etdiyi dövrün ilkin qaynaqlarına, mötəbər və obyektiv, elmi mövqedə olan araşdırıcıların (xüsusilə V.V.Bartoldun və J.P.Petruşevskinin) müddəalarına əsaslanaraq XVI əsrin əvvəlində Azərbay­canın ictimai-iqtisadi, siyasi, mədəni potensialına arxalanmış və yeni dövlət qurmuş sülalənin türk (Azərbaycan) mənşəli olduğunu təsdiqləmişdir. O.Əfəndiyev təkzibolunmaz dəlillərlə sübut etmişdir ki, Səfəvilər dövlətinin təşəkkülü, təka­mülü prosesində aparıcı və həlledici rol Azərbaycan türklərinə məxsus olmuşdur.
«Azərbaycan Səfəvilər dövləti» monoqrafiyası oxucuda araşdırma obyekti olmuş dövlətin əzəməti haqqında dolğun təsəvvür yaradır. Bu əsər obyektiv olan həqiqəti bir daha sübut edir: Azərbaycan həmişə türk dünyasında baş vermiş qlobal ictimai-iqtisadi, siyasi, mədəni-mənəvi, dini-ideoloji proseslərin mərkəzində olmuş, Şərqin və Qərbin diqqətindən kənarda qalmamışdır. O.Əfəndiyev ilkin qaynaqlar əsasında sübuta yetirdi ki, XVI yüzillikdə də Azərbaycan xalqı zəngin və ziddiyyətli tarixi prosesin obyekti deyil, subyekti olmuşdur. Nümunəvi azərbaycanlı kimi çıxış edən tədqiqatçı İran və əski Türkiyə tarix elmində Azərbaycanın tarixi dəyərlərini, zəngin keçmişini «ümumtürk mədəniyyəti», «İran, İslam mədəni sistemi» kontekstində «əritməyə» can atan araşdırıcıların qeyri-obyektiv müddəalarını haqlı tənqidə məruz qoymuşdur. Onun fikrincə, Azərbaycan xalqı özəl, çoxəsrlik tarixinin və zəngin mədəniyyətinin əzəmətinə arxalanmalı və şanlı tarixi, böyük mədəni potensialı ilə fəxr etməlidir. Onun bu monoqrafiyasında xeyli «təşəbbüs məqamı» vardır və həmin «məqamlar» onun məktəbini keçmiş bir çox araşdırıcılar (Ş.Fərzəlibəyli, F.Hüseyn, T.Cəfiyev, S.Əhmədov, E.Mirzəyeva, Ş.Məmmədova, X.Qasımov, T.Nəcəfli, R.Ağayev, Ə.Quliyev, N.Musalı, D.Əzimli, N.F.Axundova, N.Məmmədova, M.Ağalarlı və b.) üçün yeni tədqiqat qaynaqları rolunu oynamışdır.
Görkəmli alim Azərbaycan tarixi ilə az və ya çox dərəcədə bağlı olan bütün qaynaqlara həssaslıqla yanaşmış, bu qaynaqların tərcümə olunması sahəsində xüsusi fəallıq göstərmişdir. Fəzlullah ibn Ruzbihan Xuncinin «Tarixi-aləmarayi Əmini» əsərinin 1987-ci ildə Azərbaycan tədqiqatçılarının, oxucularının ixtiyarına verilməsində O.Ə.Əfəndiyevin böyük rolu olmuşdur. Sultan Yaqub Ağqoyunlunun (1478-1490) hakimiyyəti tarixi üzrə nadir mənbə olan bu əsərdə Şirvanda, Qarabağda, Cənubi Azərbaycanda baş vermiş tarixi hadisələr haqqında mühüm məlumatlar vardır. O.Ə.Əfəndiyev 1988-ci ildə A.Fərzəliyevlə birgə Azərbaycan türkü olan Oruc bəy Bayatın mənbə səciyyəsi daşıyan əsərini ingilis dilindən ruscaya tərcümə etmiş, onu kitab şəklində elmi ictimaiyyətə təqdim etmişdir. O, N.S.Musalı ilə birgə İsgəndər bəy Münşinin «Tarixi-aləmarayi Abbasi» («Abbasın dünyanı bəzəyən tarixi») əsərinin I cildini tərcümə, nəşr etdirmişdir. 2005-ci ildə O.Əfəndiyev «Venesiyalılar Şah I Təhmasibin sarayında» adlı daha bir kitab nəşr etdirmişdir. Bu kitabda XVI əsrdə Azərbaycanda olmuş italyan səyyahları M.Membrenin və V.Alessandrinin vətənimizlə bağlı olan məlumatları araşdırıcıların, oxucuların nəzərinə çatdırılır. O.Əfəndiyev AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu tərəfindən hazırlanaraq nəşr olunmuş 7 cildlik «Azərbaycan tarixi»nin Baş Redaksiya Şurasının üzvü, həmin nəşrin II cildinin Redaksiya Heyətinin üzvü, III cildinin isə məsul redaktorudur. O, 1993-cü və 1995-ci illərdə AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu tərəfindən nəşr olunmuş «Azərbaycan tarixi» (qədim zamanlardan XX əsrin əvvəllərinə qədər)» adlı kollektiv əsərlərin başlıca müəlliflərindəndir.
O.Əfəndiyev Azərbaycan tarixinə dair xəritələrin tərtib olunması işinə xüsusi əhəmiyyət verirdi. O, 1987-ci ildə nəşr olunmuş «Azərbaycan tarixi coğrafiyası» adlı əsərin (rus dilində) əsas müəlliflərindən biridir. 1994-cü ildə «Azərbaycan Ensiklopediyası» nəşriyyatı tərəfindən buraxılmış «Azərbaycan tarixi xəritələri» adlı xəritələr toplusunda O.Əfəndiyevin tərtib etdiyi 3 xəritə də vardır. O, yeni əsrin əvvəlində Azərbaycanın tarixi xəritələr toplusunun yenidən tərtib olunması və çapa hazırlanması işində də fəal iştirak etmişdir. 10 cilddən ibarət olan «Azərbaycan Sovet Ensiklopediyası»nda (1976-1987-ci illərdə nəşr olunmuşdur) da O.Əfəndiyevin elmi fəaliyyətinin nəticələri aydın nəzərə çarpır. Bu ensiklopedik nəşrdə mövcud olan, Azərbaycanın XV-XVII yüzilliklər tarixi ilə bağlı məqalələrin əksəriyyətinin müəllifi məhz O.Əfəndiyevdir.
təbiətcə təvazökar insan olan O.Əfəndiyev usanmadan bildirirdi ki, «Azərbaycanın Səfəvilər dövrü tarixinin bir çox problemlərinin daha dərindən araşdırılması zərurəti qalmaqdadır, aktualdır». Böyük alim elmdə inhisarçılıq hissindən çox uzaq idi. O.Əfəndiyevin qənaətinə görə, durğunluq elmi (xüsusilə tarix elmini) tənəzzülə aparan haldır, elmi dövriyyəyə daim yeni elmi əsərlər, ilkin qaynaqlar cəlb olunmalı, Azərbaycan tarixinin araşdırılmış məsələlərinə zaman-zaman yeni tədqiqat obyekti kimi yanaşılmalıdır. Alim belə hesab edirdi ki, yalnız bu halda Azərbaycanın obyektiv tarixi gerçəkliklərini anlamaq, anlatmaq və tanıtmaq mümkündür. «Əgər dünyanın bizə hörmət etməsini istəyiriksə, hər şeydən əvvəl özümüzün öz məmləkətimizə və öz millətimizə olan hörmətimizi həyatda hisslərimizlə, mənəviyyatımızla, qısası, bütün iş və hərəkətimizlə sübut edək və başa düşək ki, milli mənliyi olmayan millətlər başqa millətlərin ovudur» (Utkan Qocatürk. Atatürk. Bakı: 1991, s. 122). XX əsrin ulu türk öndərlərindən olmuş M.K.Atatürkün bu müddəaları XXI yüzilliyin əvvəllərində də aktuallığını qorumaqdadır.
Öz millətinə dərin sevgisini həyatında öz hissləri, mənəviyyatı və gərgin elmi fəaliyyəti ilə sübut etmiş, Azərbaycanın həqiqi müstəqilliyinə intellektual potensialı ilə xidmət etmiş ziyalılarımızdan biri də O.Ə.Əfəndiyevdir. Bu məqamda M.K.Atatürkün 1921-ci ildə bəyan etdiyi mühüm bir müddəa yada düşür: «Millətə əfəndilik etmək olmaz; xidmət etmək olar. Bu millətə xidmət edən, onun əfəndisi olur». Böyük elm xadimi Azərbaycan xalqını özəl, əzəmətli keçmişi ilə bağlamağa, tariximizin Səfəvi dövrünün böyük uğurlarını beynəlxalq elmi ictimaiyyətə tanıtmağa çalışmış, xalqın çağdaş problemləri ilə daim maraqlanmış O.Ə.Əfəndiyev millətin belə əfəndilərindən idi.
Daim elmi axtarışlarda olmuş O.Ə.Əfəndiyevin fəaliyyəti Azərbaycan hüdudları ilə məhdudlaşmırdı. O, ölkəmizdə və onun hüdudlarından çox uzaqlarda (ABŞ-da, İngiltərədə, Türkiyədə, keçmiş SSRİ-nin bir sıra respublikalarında) keçirilmiş elmi konqres, konfrans və simpoziumlarda maraqlı, bənzərsiz məruzələrlə çıxış etmiş, Azərbaycanı və Vətən tarix elmini ləyaqətlə təmsil etmişdir. O.Ə.Əfəndiyev yalnız tədqiqat işi ilə kifayətlənməmiş, Azərbaycan tarixinin tədrisi sahəsində də fəallıq göstərmişdir. O, uzun müddət ərzində Azərbaycan Dövlət Universitetində, ölkənin digər ali məktəblərində yüksək səviyyəli ixtisas kursları aparmış, Azərbaycanın orta əsrlər tarixinə aid maraqlı, dərin məzmunlu mühazirələr oxumuşdur. O.Əfəndiyev dəfələrlə Azərbaycan Dövlət Universitetində və Azərbaycan Pedaqoji Universitetində Dövlət İmtahan Komissiyasına rəhbərlik etmiş, diplom işlərinin müdafiəsində böyük alim olduğunu nümayiş etdirməklə yanaşı, həssas və qayğıkeş, prinsipial insan olduğunu da göstərmişdir. Onun müxtəlif vaxtlarda Türkiyə Cümhuriyyəti universitetlərində Azərbaycan tarixi üzrə oxuduğu mühazirələr də diqqət və maraqla dinlənilmişdir. O.Əfəndiyevin elmi-pedaqoji fəaliyyətinin müəyyən qismi (keçən əsrin 90-cı illəri) Xəzər Universiteti ilə bağlı olmuşdur. Alim onlarla aspirantın və dissertantın elmi rəhbəri olmuş, onların Azərbaycan tarix elminə uğurlu inteqrasiyasını təmin etmişdir.
O.Ə.Əfəndiyevin ilk aspirantı, tarix elmləri doktoru, professor, Azərbaycanın XV-XVI əsrlər tarixinin mahir araşdırıcısı, şair Şahin Fazil oğlu Fərzəlibəyli görkəmli səfəvişünasın elmi yaradıcılığını «Oqtay Əfəndinin əsərlərində» adlı bənzərsiz poeziya nümunəsi ilə bu cür ifadə etmişdir:
Nə vaxt süqut edib Ağqoyunlular?
Səfəvi dövləti yaranıb haçan?
Görən neçə məşhur Ağqoyunlu var?
Qızılbaşdan olub neçə hökmran?
Dövlətdən dövlətə söz aparan kim?
Əmir Div Sultanın nə olub adı?
Durmuş xan kim idi, Tozqoparan kim?
Təhmasib gücünü harda sınadı?
Ağzı var Sultanın ağzı yoxdumu?
Qudurmuş Sultanı nəydi qudurdan?
Öldürən çoxdumu, ölən çoxdumu?
Görən su ucuzdu, yoxsa qızıl qan?
Nəqbəçi nə təhər lağım atırdı?
Qoyub mancanağa atan daşı kim?
Şah Abbas nə üçün qızılbaş qırdı?
Təvaçı kim idi, qorçibaşı kim?
Neçin Lələ oldu Hüseyn bəy Lələ?
Məqamın bir başqa pilləsi yoxdu?
Harda öldürüldü Abdal bəy Dədə?
Neçin vuruşmağa gülləsi yoxdu?
Neçin ordubazar hərəmlə dolu?
Dürsədəf adında pəri kim idi?
Şahın nəyi idi Halvaçı oğlu?
Pərixan xanımın əri kim idi?
Rumlular kim idi, hayandaydı Rum?
Neçin türklər etdi Təbrizə hücum?
Bu qədər sualın cavabı məlum
Oqtay Əfəndinin əsərlərində.
Nə yolla qazanır xalq istiqlalı?
Zəfər təntənəsi, cəng, qeylü-qalı,
Kiçik bir ölkənin böyük amalı
Oqtay Əfəndinin əsərlərində.
Cığatay yürüşü, tatar hərbi var,
Ləzgi çarpışması, avar hərbi var,
Şirvan əsgərinin zərbə zərbi var
Oqtay Əfəndinin əsərlərində.
Qönçə diləklərin çiçəklənməsi,
İsmayıl əzminin gerçəklənməsi,
Qızılbaş harayı, qızılbaş səsi
Oqtay Əfəndinin əsərlərində.
İmkansız fəryadı, imkanlı gücü,
İmkanlı qılıncı, qalxanlı gücü,
Səfəvi qüvvəsi, Osmanlı gücü
Oqtay Əfəndinin əsərlərində.
Tayfanın üçü var, beşi, onu var,
Neçə hücumların önü, sonu var,
Qızılbaş papağı, sufi donu var
Oqtay Əfəndinin əsərlərində.
Niyyətin, diləyin gerçəkləşməsi,
Sözü düz deməyin gerçəkləşməsi,
Neçə şah inamı, əfəndi sözü
Oqtay Əfəndinin əsərlərində.
Düşünürük ki, bu şeirin səkkizinci bəndinin üçüncü misrasının «Kiçilmiş ölkənin böyük amalı» şəklində təqdimatı tarixi gerçəklikləri daha doğru əks etdirərdi...
O.Ə.Əfəndiyevin gərgin, çoxcəhətli elmi, pedaqoji fəaliyyəti Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndirilmişdir. O, bir çox medallarla, «Şöhrət» ordeni ilə təltif edilmişdir. Zəhmətkeş, prinsipial alim, qayğıkeş və həssas müəllim, gözəl insan O.Əfəndiyev Azərbaycan tarix elmində, səfəvişünaslığında və mənbəşünaslığında müstəsna mövqe qazanmış simadır. O, XX yüzilliyin ortalarında Azərbaycan tarix elminin müasir, yeni təkamül mərhələsinə yüksəldilməsində böyük rolu olmuş alimlərimizdəndir. Bu tarixi həqiqəti hələ keçən əsrin II yarısında bir çox elm xadimləri etiraf etmişlər. Məsələn, ölkədə tarix elminin tanınmış təşkilatçılarından biri olmuş akademik Ə.S.Sumbatzadə 1991-ci ildə onu «respublikanın böyük medievist alimi, öz xalqının əsil vətənpərvəri, Səfəvi dövlətçiliyinin Azərbaycana qaytarılması sahəsində elmi xidmətlər göstərmiş» şəxs kimi qiymətləndirmişdir. Beynəlxalq miqyasda da tarixçi-şərqşünaslar bu obyektiv gerçəkliklə hesablaşmaqdadırlar.
O.Əfəndiyev XXI yüzilliyin əvvəllərində siyasi müstəqillik yolunda olan Azərbaycan Respublikasında tarix elminin başlıca vəzifələrini anlamış və bu vəzifələri yeni tarixçilər nəslinə anlatmış tədqiqatçılarımızdan olmuşdur. O.Əfəndiyevin dərin mənalı alim ömrünün başlıca mərhələləri beləcə Azərbaycan xalqının, Vətən tarix elminin qədim və çağdaş tarixi ilə üzvi şəkildə bağlıdır. Bütün ziddiyyətlərinə baxmayaraq, həmin tarix daim istiqlalına doğru yönəlmiş və nəhayətdə onu yenidən tapmışdır. Müasir tariximizin, tarix elminin, o cümlədən onun ayrılmaz üzvü olan O.Əfəndiyevin elmi yaradıcılığının ən böyük əsəri yaratdığı, yarada bildiyi azadlıq, milli müstəqillik ideyalarıdır, istiqlalımızdır. «Xalqın düşüncəsində Azərbaycan məfhumu coğrafi bir mənadan ziyadə fikir və əməl şəklində təcəssüm ediyor. İstiqlal xaricində onun üçün bir Azərbaycan yoxdur» (Rəsulzadə M.Ə. Azərbaycan Cümhuriyyəti. Bakı: Elm, 1990, s. 95). O.Ə.əfəndiyev keçən əsrin 50-ci illərindən milli istiqlal yoluna yönəlmiş fikir və əməlin ən parlaq daşıyıcılarından, təbliğatçılarından olmuşdur. O, çağdaş Azərbaycan dövlətinin dünya dövlətləri sırasında fəal subyekt kimi təşəkkül tapacağına inam hissi ilə yaşamışdır. Səfəvi dövrünün əzəmətini daim xatırladan O.Ə.Əfəndiyev əmin idi ki, Azərbaycan istiqlalının gücü doğurduğundan çox, hələ doğuracaqlarındadır. Yorulmadan çalışmış, hər ilin payızında «1501-ci il» tarixinin - Azərbaycan Səfəvilər dövlətinin yaranışı məqamının, Şah İsmayıl Xətainin təvəllüd tarixinin ölkə miqyasında qeyd olunmasına can atmış O.Əfəndiyev əzm və ehtirasla fəaliyyət göstərmiş vətənpərvər alim nümunəsidir. O, Azərbaycanda səfəvişünaslığın banisidir. O.Ə.Əfəndiyev xalqın yaddaşında Vətən medievistikasının bu sahəsinin yaranması, təşəkkülü və inkişafı mərhələsində müstəsna rol oynamış elm xadimi kimi qalacaqdır…
Xeyirbəy Qasımov,
AMEA-nın Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə elmlər doktoru
banner

Oxşar Xəbərlər