• cümə axşamı, 25 aprel, 01:08
  • Baku Bakı 19°C

Azərbaycan şahmatının parlaq gələcəyi sayılan Xanım – Portret

09.03.19 11:00 4022
Azərbaycan şahmatının parlaq gələcəyi sayılan Xanım – Portret
Əsəd Balacayev: "Uşağa adi vurma cədvəlini öyrətmək çətindir. İndi görün, ona həm valideyn, həm də məşqçi olmaq necə qəlizdir. Fərqli məsuliyyət, yanaşma tərzi tələb edir. Əlindən gələndən də artığını etməlisən ki, nə şiş yansın, nə də kabab. Çox çətin də olsa, biz bunun öhdəsindən gəlirik".

Azərbaycana Şahmat Olimpiadasının qızıl medalını qazandıran Xanım Balacayevadan söhbət açırıq.
Həm də ananın davamçısı...
Xanım, 28 mart, 2001-ci ildə Qax şəhərində doğulub. Orta təhsilinə 2006-cı ildə şəhər 1 saylı orta məktəbdə başlayan Balacayeva, elə həmin il Qax Uşaq-Gənclər Şahmat Məktəbinə yazılıb. Atası ilə yanaşı, anası Zəminə xanım da sözügedən məktəbdə çalışsa da, şahmata meyillənməsində Azərbaycanın ilk beynəlxalq qrossmeysteri Aynur Sofiyevanın böyük təsiri olub. Belə ki, Xanım 4 yaşında olarkən, Sofiyeva doğma şəhəri Qaxa gələrək, məktəbin kollektivi ilə görüş keçirir. Valideynlərinin əlindən tutub tədbirə qatılan Balacayeva, bütün fidanlar kimi, fəxri qonağa gül dəstəsi təqdim edir. Bu məqamdan, Aynur xanıma qarşı olan münasibətdən təsirlənən qızcığaz, hər gün evdə gördüyü fiqurları daha çox sevməyə başlayır. Beləcə, anası ilə birgə tez-tez məktəbə gedib-gəlir. Oyunlara baxa-baxa gedişləri öyrənir. Günün birində isə qərarını verir: Valideynlərimin davamçısı olacağam!

Beş yaşlı uşaq üçün iki məsuliyyəti birdən daşımaq çətin görünsə də, o, şahmatda olduğu kimi, ilk günlərdən dərslərində də aktivlik göstərib. İbtidai siniflərdə yaxşı qiymətlərlə oxuyan Xanım, sonradan da təhsilini axsatmayıb. Bu arada, nəzərə çatdıraq ki, o, Respublika Olimpiya İdman Liseyinin məzunudur. Ali təhsilini isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında alır.

İkiqat dünya, səkkizqat Azərbaycan çempionu
Təkbaşına oyunun "əlifba"sını mənimsəyən qızcığaz, dərslərə başlamağından qısa müddət sonra rayon birinciliyində, ardınca da zona yarışlarında adından söz etdirir. Çox keçmir ki, respublika çempionatının da qalibləri sırasında yer alaraq, beynəlxalq yarışlara yollanır. Nəticələr də özünü gözlətmir. Belə ki, doqquz yaşlı Balacayeva, Türkiyənin Kayseri şəhərində baş tutan məktəblilər arasında dünya çempionatının qalibi olur. Bu uğurunu üç il sonra 13 yaşadək qızların yarışında da təkrarlayır. Növbəti illərdə isə o, sürətli şahmat - rapid üzrə qitə miqyaslı yarışlarda sözünü deyir. 16 yaşadək qızlar arasında Avropa çempionatının qızıl və gümüş mükafatını qazanan Xanım, 18 yaşadək qızların analoji yarışında iki dəfə ikinci nəticə göstərir. Respublikadaxili göstəricilərinə gəldikdə, o, 18 yaşına qədər 8 dəfə müxtəlif yaş kateqoriyalarında ölkənin ən güclü zəka sahibi statusuna yüksəlib, 20 yaşadək qızların Azərbaycan çempionatında iki dəfə gümüş medal qazanıb. 2017-ci ildən isə əsas yığmanın üzvüdür. Geridə qalan müddət ərzində bir dəfə qadınların ölkə çempionatının qalibi olan Balacayeva (2018), bir dəfə də gümüş mükafatı boynundan asıb(2019).

İkinci "qızıl"

2017-ci ildə klublararası Avropa çempionatında həm komanda, həm də fərdi hesabda gümüş medal qazanan Xanım, növbəti il fərdi hesabda üçüncü nəticə göstərib. Karyerasının ən böyük uğuru da elə 2018-ci ilə təsadüf edir. Belə ki, o, Batumidə təşkil olunan 43-cü Ümumdünya Şahmat Olimpiadasında üçüncü lövhədə olduqca əzmkar çıxış sərgiləyərək, doqquz oyunda yeddi xal toplayaraq Azərbaycana mötəbər yarışın sayca ikinci qızıl medalını qazandırır. Heç bir görüşdə uduzmayan Balacayeva, son tura qədər medal şansını qoruyan, yekunda doqquzuncu olan yığmamızın uğurlu çıxışında əsas pay sahibi idi.

Onu da vurğulayaq ki, bu, 17 yaşlı Xanımın ilk belə yarışı deyil. O, hələ 15 yaşında olarkən, 2016-cı ildə paytaxt Bakının ev sahibliyi etdiyi 42-ci Olimpiadada ölkəmizin üçüncü komandasının heyətində yer alıb. Sözügedən komandanın yekunda böyük sürprizə imza ataraq, ikinci komandamızı geridə qoymasında Balacayevanın da xidməti az olmayıb.

Prinsipial görüşdə gözlənilməz gediş
Nəinki Olimpiadada, Xanımın bütün şahmat karyerası ərzində ən yaddaqalan görüşü "Batumi - 2018"in onuncu turu çərçivəsində Ermənistan yığması ilə baş tutan duelə təsadüf edib. Prinsipial qarşılaşmada Anna Sarkisyanla üz-üzə gələn Balacayeva, aşkar üstünlük yaxalayan rəqibin qələbə üçün sərf etdiyi bütün çabalara baxmayaraq, partiyanı heç-heçə ilə başa vura bildi. Xanımın 51-ci gedişdə gözlənilmədən "quduz vəzir" kombinasiyasından istifadə edib, "şah"ını pat vəziyyətinə salması xeyli müddətdir ki, şahmat aləmində müzakirə olunur.

Ümumilikdə 5 qələbə və 4 heç-heçə ilə mötəbər yarışı başa vuran Xanımın, eyni zamanda, tanınmış ukraynalı şahmatçı Mariya Muzçiklə görüşdə göstərdiyi şücaət də dönə-dönə vurğulanmalıdır.

Dünya reytinqində ikinci azərbaycanlı
Qadınlar arasında beynəlxalq usta adını alan, qrossmeyster normativini də yerinə yetirib rəsmi təsdiqini gözləyən Xanımın, əsas hədəfi dünya çempionluğu və kişilərin qrossmeysteri pilləsinə yüksəlməkdir. Ona qədər isə o, komanda ilə birgə Şahmat Olimpiadasının medalını qazanmaq arzusundadır. Yığmamızın digər aparıcı üzvləri kimi, Xanım da bunun yaxın gələcəkdə reallaşacağına böyük inam bəsləyir. Azərbaycan qadın şahmatının son illər gəldiyi nöqtəyə baxsaq, görərik ki, zəriflərimizin ümidləri əbəs deyil.

Bunlara qədər isə o, cari ilin aprel ayında baş tutacaq şəxsi Avropa çempionatından qənaətbəxş nəticə ilə qayıtmağı hədəfləyib.
Fevralda baş tutan Azərbaycan çempionatında 6.5 xal toplamaqla, yalnız Günay Məmmədzadəni önə buraxan Xanım, FİDE-nin mart ayına olan reytinq siyahısında 2398 xalla 66-cı sırada qərarlaşıb. Bu da Məmmədzadədən sonra, ölkəmiz adına ikinci ən yaxşı göstəricidir.
Sakit, strateji oyunları sevməyən Balacayeva, kəskin mövqeli gedişlərə üstünlük verir. Debütünü isə adətən "şah piyadası" ilə edir. Hərçənd, son vaxtlar oyun planında müəyyən dəyişikliklər etmək məcburiyyətində qalıb. Şəxsi məşqçisi Əsəd Balacayev deyir ki, artıq nüfuzlu rəqiblər də ona qarşı xüsusi hazırlaşırlar. Odur ki, yeni gedişlər üzərində işləmək zərurəti yaranıb.

Tarixdəki "şərik"i, rəfiqəsi və müəllimi
Xanıma qədər, şahmatçılarımız arasında yalnız Gülnar Məmmədova olimpiadada ən yaxşı nəticə göstərmişdi. Maraqlıdır ki, adları tarixdə qoşa çəkilən dərin zəka ustalarını bir-birinə həm də müəllim-tələbə münasibəti bağlayır. Belə ki, hazırda ADBTİA-da məşqçi-müəllim ixtisasının ikinci kursunda oxuyan Balacayeva, Məmmədovadan dərs alır. Biz ondan ən yaxın münasibət qurduğu şahmatçının kim olduğunu soruşduqda da, cavabı "Gülnar" oldu.

Alyoxindən Useyn Bolta qədər...
Kumirlə bağlı sualımıza "Aleksandr Alyoxin" deyə, cavab verdi. Yeri gəlmişkən, qeyd edək ki, kəskin mövqeli gedişləri sevməsi, elə sözügedən əfsanəvi rusiyalı qrossmeysterin adı ilə bağlıdır. Azərbaycanlı zəka ustalarından isə qəhrəmanımız, Şəhriyar Məmmədyarovu örnək seçib.

Hobbisi kitab oxumaqdır. Detektiv əsərləri daha çox sevən Balacayevanın üstünlük verdiyi müəlliflər Aqata Kristi, Yu Nesbö və Joze Mauru Di Vaskonselosdur. Mütaliənin üstünlüklərindən danışan Xanım deyir ki, bu məşğuliyyət ona ilk növbədə məşq və yarışların səbəb olduğu stressi atmağa yardım edir.
Xanım şahmatdan başqa, qış idman növləri və yüngül atletika ilə maraqlanır. Əfsanəvi yamaykalı sprinter Useyn Bolt isə ən sevdiyi idmançılar sırasındadır.

Portret

Portretindən bizə dərin fikrə dalmış, hətta fəxri kürsüdə belə, növbəti yarış, yeni gedişlər haqqında fikirləşən, həyat və karyera yolunun başlanğıcında olsa da, kifayət qədər soyuqqanlı təsir bağışlayan gənc, eyni zamanda müdrik qız boylanır. Uşaq yaşlarından adından söz etdirən, cəmi 17 yaşında Azərbaycanın şahmat tarixinə düşməyi bacarmış Balacayeva, görünür, yerli şahmatsevərləri hələ çox zirvələrdə salamlayacaq. İnamla demək olar ki, o, ənənələrimizin ən uğurlu davamçılarından biridir.

Sahib

banner

Oxşar Xəbərlər